2010-cu ildə Azərbaycan böyük iqtisadi inkişafa nail olmuşdur

 

2010-cu il həyatımızın bütün sahələri üçün uğurlu il kimi tarixdə qalacaqdır. Bu il Azərbaycan öz beynəlxalq mövqelərini daha da möhkəmləndirmiş, böyük iqtisadi inkişafa nail ola bilmişdir.

 

2010-cu ildə iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Bu məsələ prioritet vəzifə kimi daim diqqət mərkəzində saxlanılır. Bununla bağlı dövlət başçımız demişdir: "Biz neft-qaz amilindən asılılığımızı azaldırıq, ölkə iqtisadiyyatı çoxşaxəli olmalıdır və biz buna nail olacağıq... Bu sahəyə böyük investisiyalar qoyulur və bizim büdcəmizin sosialyönümlülüyü qorunub saxlanılır. Çünki biz xalq üçün çalışırıq və işləyirik. Bizim başlıca amalımız Azərbaycan xalqının firavan yaşamasıdır.

Azərbaycanın 2010-cu ildə iqtisadi və sosial sahələrdə əldə etdiyi uğurların bir qisminə diqqət yetirək. Əvvəlcə regionların inkişafı ilə bağlı bəzi məqamlara nəzər salaq. Birincidə olduğu kimi, ikinci regional Dövlət Proqramının da uğurlu icrası nəticəsində respublikamızın şəhər və rayonlarının siması xeyli dərəcədə dəyişmiş, əhalinin sosial durumu yaxşılaşmışdır. Əlbəttə, bu məsələdə Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti, reallaşdırdığı tədbirlərin əhəmiyyəti danılmazdır. Fikrimizin təsdiqi kimi, bir faktı xatırlatmaq yerinə düşər. Dövlət başçımız 2010-cu il ərzində regionlara 20-dən çox səfər edib. Arasında müəssisə və infrastruktur obyektlərinin də olduğu 90-dan çox açılış mərasimində iştirak edib.

2010-cu ildə ölkədə sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb - 1,4 min sahibkara 113 milyon manat güzəştli kredit verilib. Bu, özəl bölmənin tərəqqisinə, eyni zamanda yeni iş yerlərinin yaranmasına öz müsbət təsirini göstərib. Təkcə son yeddi ildə Azərbaycanda 900 minə yaxın iş yeri açılıb ki, bunun da 600 mini daimidir.

İqtisadi islahatların uğurla icrası ölkəmizin valyuta ehtiyatlarının dinamik artımında da özünü göstərib: 2010-cu ilin sonuna Azərbaycanın valyuta ehtiyatları 29 milyard dollardan çox olub.

Azərbaycanın sosial-iqtisadi inkişaf mənzərəsini xarakterizə edən digər göstəricilərə də nəzər salaq:

- 1995-ci ildən etibarən ölkə iqtisadiyyatına 82 milyard dollar investisiya yatırılıb;

- 2010-cu ilin 11 ayı ərzində ÜDM-in artımı, 4,3 faiz təşkil edib. Bu, yeri gəlmişkən, Avropanın bir sıra ölkələrində ABŞ-da olduğundan çoxdur. Qeyri-neft sektorunda ÜDM-in artımı 5,9 faiz, neft sektorunda isə 2,6 faiz olub. Bu, eyni zamanda onu da göstərir ki, Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş iqtisadiyyatdır;

- 2010-cu ilin sonuna kimi, Azərbaycanda 50 milyon tondan çox neft, 27 milyard kubmetrdən artıq qaz hasil edilməsi gözlənilir;

- 2010-cu ildə Azərbaycanda "Ümid" qaz yatağı kəşf edildi. Mütəxəssislərin hesablamalarına görə, bu yataqda 200 milyard kubmetr qaz, 30-40 milyon ton kondensat var. Hələlik, bir quyudan alınan məlumatlara əsasən, ümumi ehtiyatlar 250 milyard kubmetr qaz təşkil edir;

- Dünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan iqtisadi rəqabət qabiliyyətliliyinə görə, MDB məkanında birinci yerdə qərarlaşıb;

- BMT-nin insan inkişafına görə, son hesabatında Azərbaycan 2005-ci illə müqayisədə 101-ci yerdən 67-ci yerə yüksəldi postsovet məkanı ölkələri arasında insan inkişafı indeksinə görə ən yüksək göstəriciyə malik olub;

- Son yeddi ildə Azərbaycanda dövlət proqramlarının uğurlu icrası nəticəsində 35 mindən çox yeni müəssisə yaradılıb;

- Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan 2010-cu ilin sonunadək 40 milyon tondan artıq neft hasil olunacaq;

- Bu gün Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatındakı payı 77 faizə yaxındır;

- 2010-cu ildə Azərbaycanın uzaq xarici ölkələrlə ticarət dövriyyəsi 40 faiz artıb.

Ümumiyyətlə, təkcə 2010-cu ildə deyil, ötən son 7 ilin hər birində həyatın bütün sahələrində dinamik inkişaf nəzərə çarpmışdır. Bu da yuxarıda göstərdiyimiz kimi cənab İlham Əliyevin Prezidentlik fəaliyyətinin ilk günlərindən başlayaraq ölkədə düzgün sosial-iqtisadi siyasətin yerinə yetirildiyindən xəbər verir. Belə ki, sözügedən dövrdə respublikada maaşlar və pensiyalar orta hesabla 5-6 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi 4 dəfə azalmış, 900 minə qədər yeni iş yeri açılmışdır. Büdcə xərcləri 12 dəfə, hərbi xərclər təxminən 20 dəfə, valyuta ehtiyatları 18 dəfə artmışdır.

Onu da xatırladaq ki, infrastruktur layihələrinə dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən-ilə yüksək templə artması cənab İlham Əliyevin bu məsələyə necə böyük önəm verdiyini göstərir. Əgər 2006-cı ilin dövlət büdcəsində investisiya layihələrinin müəyyənləşdirilməsinə 600 milyon manat ayrılmışdırsa, 2007-ci ildə bu rəqəm 1,5 milyard, 2008-ci ildə 4,3 milyard, 2009-cu ildə 5,6 milyard, 2010-cu ildə isə 4,1 milyard manat təşkil etmişdir. 2011-ci ildə bu məqsədlə 3 milyard 380 milyon manatın ayrılması da dövlət büdcəsinin investisiyayönümlü olduğunu göstərir.

2010-cu ilin son günlərinin ən böyük və yadda qalaraq, tarixə çevriləcək hadisəsi isə Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi oldu. Bu nəhəng layihənin reallaşdırılması bir daha göstərdi ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş güclü, qüdrətli bir dövlətə çevrilib. Artıq ölkəmiz istənilən nəhəng belə layihəni öz gücünə, heç bir dövlətin yardımı olmadan belə həyata keçirə bilər...

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 1 yanvar.- S. 2.