İMRUZ ƏFƏNDİYEVA - 75.

 

Musiqi xəzinəmizin mahir tədqiqatçısı

 

Bu günlərdə musiqi ictimaiyyətimiz Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq doktoru İmruz Məmməd Sadıq qızı Əfəndiyevanın yubileyini qeyd edir. Respublikamızın əməkdar incəsənət xadimi, İmruz xanım Əfəndiyevanı geniş musiqi ictimaiyyətinə təqdim etməyə ehtiyac yoxdur. O, mədəniyyətimizin, musiqimizin ön sıralarında duran, Azərbaycan musiqi fikrinin inkişafında xidmətləri ilə sayılıb seçilən alimlərimizdəndir.

 

İmruz xanım uzun və mənalı yaradıcılıq yolu keçmişdir. Bu cəhət, şübhəsiz ki, alimin elmi irsində təzahürünü tapmış, musiqinin ayrı-ayrı sahələrində maraqlı yeni əsərlər yaratmış, elmi araşdırmalarında gəldiyi doğru qənaətlər, fikir və müddəalar musiqi ictimaiyyətinin marağına səbəb olmuşdur.

Görünür, burada İmruz xanımın boya - başa çatdığı mühit, uşaqlıqdan ətrafında eşidib - gördüyü xalq musiqi sənətinə məhəbbət müəyyən rol oynamışdır. Əvvəlcə onu qeyd edim ki, İmruz xanım görkəmli dövlət xadimi, teatrşünas - alim, maarifçi və dramaturq Məmməd Sadıq Əfəndiyevin ailəsində böyüyüb boya - başa çatmışdır. Uzun illər Moskva və Bakı Dövlət konservatoriyaları ilə əməkdaşlıq edən, Xalq Maarif Komissarlığında çalışan və dahi Üzeyir Hacıbəyli ilə sıx yaradıcı əlaqələrinə malik olan M.S. Əfəndiyevin geniş fəaliyyəti Azərbaycan elm və sənət aləmində dərin iz buraxmışdır. Odur ki, İmruz xanımın hələ uşaqlıq illərindən musiqiyə, onun tarixi inkişaf yollarına xüsusi maraq göstərməsi tamamilə təbii idi.

1955 - ci ildə İmruz Əfəndiyeva Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. 1960 - cı ildə konservatoriyanın tarix - nəzəriyyə fakültəsini uğurla bitirən İmruz xanım elə həmin ildən rektorluğun təkidi ilə musiqi tarixi və musiqi nəzəriyyəsi kafedralarında pedaqoji fəaliyyətə başlayır. Müəllimlik fəaliyyətinin ilk çağlarından etibarən İmruz xanım öz işinə böyük məsuliyyətlə yanaşır, sənətin sirlərinə daha dərindən bələd olmaq üçün Moskva, Sankt - Peterburq, Tbilisi konservatoriyaları ilə sıx əməkdaşlıq edir.

T.Əfəndiyeva sənətdə atdığı ilk addımdan başlayaraq, bir istedadlı musiqişünas kimi nəinki Azərbaycanda çap olunan jurnal və qəzetlərdə ("Qobustan", "Ulduz", "Elm və həyat", "Ədəbiyyat və İncəsənət", "Azərbaycan müəllimi", "Bakı", "Azərbaycan gəncləri" və s.), eləcə də Moskvada nəşr edilən "Sovetskaya muzıka", "Muzıkalnaya jizn", "Sovetskaya kultura" kimi aparıcı jurnallarda, məcmuələrdə və qəzetlərdə fəal çıxış edir. 1965-ci ildə İ.Əfəndiyeva Azərbaycan Elmlər Akademiyasının (hazırkı Azərbaycan Milli Elmlər Akademiyası) nəzdində olan Memarlıq və İncəsənət İnstitutunun aspiranturasını bitirir.

Tədqiqatçının ilk böyük müvəffəqiyyəti isə 1982 - ci ilə aiddir. O, əvvəlcə qələmini xalqımızın sevimli musiqi janrı olan mahnıda sınamış və bu günədək həmin janra sadiq qalmışdır. İmruz xanım hər bir mahnısı ilə milli musiqi xəzinəmizə yeni bir töhfə, yeni bir inci daxil edən Azərbaycan bəstəkarlarının yaradıcılığını uzun illər tədqiq etmiş və 1982 - ci ildə "Azərbaycan sovet mahnısı" mövzusunda sənətşünaslıq namizədi dissertasiyasını Tbilisi şəhərində uğurla müdafiə etmişdir. Qeyd edək ki, tədqiqatçının yüksək qiymətə layiq görülən elmi işinin rəhbəri Leninqrad (hazırkı Sankt - Peterburq) Konservatoriyasının professoru, sənətşünaslıq doktoru, dünya şöhrətli alim Arnold Naumoviç Soxor olmuşdur. O vaxtdan bəri mahnı janrı musiqişünasın elmi yaradıcılığında əsas yerlərdən birini tutur. İmruz xanım Əfəndiyeva Azərbaycan musiqisində bu janrın ən fəal təbliğatçılarından biridir.

Ümumiyyətlə isə, professor İmruz Əfəndiyevanın ədəbi irsi kifayət qədər əhəmiyyətlidir. Belə ki, İmruz xanım 300-dən artıq qəzet və jurnal məqaləsinin, populyar oçerklərin, tədqiqatların, kitab və monoqrafiyaların müəllifidir. "Üzeyir Hacıbəyov və xalq musiqisi", "Musiqi pedaqogikası və ifaçılıq məsələləri", "Azərbaycan milli musiqisinin tədqiqi problemləri", "Bəstəkar və zaman", "Fərhad Bədəlbəyli" (məqalələr, materiallar), "Azərbaycan musiqi pedaqogikası müasir mərhələdə : problemlər və axtarışlar" adlı məcmuələrdə İ.Əfəndiyeva redaksiya heyətinin üzvi kimi musiqi mədəniyyətində cərəyan edən ən müxtəlif təzahürlərin geniş şərhini vermişdir. Tədqiqatçının parlaq ədəbi istedadı, asan qavranılan yazı üslubu özündə musiqi tarixi və nəzəriyyəsinin müxtəlif məsələlərinə dair ifadə sərrastlığı və doğruluğunu ehtiva edir. Bütün bunlar İ.Əfəndiyevanın tədqiqatlarının danılmaz məziyyətlərindəndir. Bu mənada İmruz xanım dahi Üzeyir Hacıbəylinin ənənələrini ləyaqətlə davam etdirir və öz yaradıcılığında dünya klassik musiqi mədəniyyətinin ənənələrini, Azərbaycan bəstəkarlarının yolunu işıqlandıraraq, çağdaş musiqi dilinin zənginliklərini, tükənməz milli musiqi xəzinəmizi tədqiq edir.

Onun bəstəkarlarımız haqqında müxtəlif səpkili oçerkləri diqqəti xüsusilə cəlb edir, tədqiqatçının ayrı - ayrı bəstəkar portretlərinin səmimiyyətlə yaratması hər zaman maraq doğurur. Bu mənada İ. Əfəndiyevanın müxtəlif illərdə Azərbaycan bəstəkarlarının yaradıcılığına həsr edilmiş tədqiqat işləri, o cümlədən, "Bəstəkar Telman Hacıyev" (Bakı, 1985), "Sevda İbrahimovanın yaradıcılığında uşaq musiqisi" (Bakı, 2002), eləcə də Tofiq Quliyev, Emin Sabitoğlu, Tofiq Bakıxanov, Oqtay Rəcəbovun yaradıcılıq portretləri və 2005 - ci ildə uğurla müdafiə etdiyi "Vasif Adıgözəlovun yaradıcılığı milli ənənələr kontekstində" adlı doktorluq dissertasiyası xüsusilə diqqətəlayiqdir. Bütün bunlar İmruz xanımı həm xalq musiqimizin, xalq incilərinin, həm də bəstəkar yaradıcılığının dərin bilicisi kimi səciyyələndirir. İmruz Əfəndiyevanın sırf musiqi nəzəriyyəsi, onun aktual problemləri ilə bağlı olan tədqiqat işləri də diqqətəlayiqdir. Bu mənada alimin klassik və xalq harmoniyasının tədqiqi problemlərinə həsr olunmuş harmoniya və solfecio fənninə dair tədris proqramları, Azərbaycan milli musiqisinin müxtəlif janrları əsasında bəstələnmiş 200 sekvensiyası, bəstəkarlar və nəzəriyyəçilər üçün "Harmoniya" fənnindən proqram (həmmüəllif V.Əlixanova-Şərifova), habelə elmi məqalələri o cümlədən, "Azərbaycan milli harmoniyasının bəzi bədii qanunauyğunluqları" (Bakı, 2002) diqqəti daha çox cəlb edir.

İ. Əfəndiyeva musiqişünaslıq üzrə klassik elmi əsərlərlə yanaşı, maarifçi xarakterli çoxsaylı məqalələrin də müəllifidir. Bu səpkili yazılarında müəllif müasir musiqi elmində vacib olan yeni problemləri ortaya qoyur, cavan musiqi ifaçılarının fəaliyyətini işıqlandırır, bugünkü musiqi proseslərinə, böyük həssaslıq və qayğıkeşliklə musiqi - mədəni həyatının inkişafına fəal şəkildə qoşulur.

Göründüyü kimi, tədqiqatçının yaradıcılığı kifayət qədər geniş və çoxcəhətlidir. Alimin müraciət etmədiyi bir bəstəkar, yaxud musiqinin hər hansı bir nəzəri problemləri ilə bağlı məsələlər tapmaq çətindir. Lakin İmruz Əfəndiyeva haqqında söz açarkən onu yalnız tədqiqatçı kimi səciyyələndirmək yetərli deyil. Belə ki, İmruz xanım respublikada təkcə musiqi alimi kimi deyil, pedaqoq kimi də tanınmışdır. O, öz yaradıcılığını pedaqoji fəaliyyətlə gözəl əlaqələndirən istedadlı musiqişünas olmaqla yanaşı, həm də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının musiqi nəzəriyyəsi kafedrasının professoru, aparıcı müəllimlərindən biridir. İ.Əfəndiyeva bacarıqlı və təcrübəli müəllim kimi qırx illik səmərəli pedaqoji fəaliyyəti ilə Musiqi Akademiyasının müəllim və tələbə heyətinin dərin hörmət və rəğbətini qazanmışdır.

Bir pedaqoq kimi İmruz Əfəndiyevanın işi təqdirəlayiqdir. Uzun illərdən bəri onun pedaqoji fəaliyyəti ilə onlarca gənc musiqiçi kadrları yetişmişdir. İ. Əfəndiyeva hazırda Bakı Musiqi Akademiyasının bakalavr və magistr pillələrində təhsil alan tələbələrin diplom rəhbəri, habelə aspirantların dissertasiya işlərinə müvəffəqiyyətlə başçılıq edən səriştəli elmi rəhbərdir. İmruz xanımın yetişdirdiyi musiqişünaslar Azərbaycanın aparıcı musiqi təhsil ocaqlarında, müxtəlif şəhər və rayonlarında müəllimlik edir, həmçinin digər respublikalarda və ölkələrdə çalışırlar.

İ.Əfəndiyeva respublikanın musiqi ictimaiyyətinin həyatında fəal iştirak edir. O, həmçinin humanitar biliklərin digər sahələrində eyni dərəcədə məhsuldar fəaliyyətə malikdir. İmruz xanım uzun illər çalışdığı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında geniş ictimai fəaliyyətlə məşğuldur. O, tələbə-gənclərlə mütəmadi iş aparır, onları müxtəlif səpkili konfrans və müsabiqələrə cəlb edir, təşkilati məsələlərdə özü şəxsən yaxından iştirak edir.

İmruz xanım 1983-cü ildən bu günədək Bakı Musiqi Akademiyasının Tələbə Elmi Cəmiyyətinin sədri və elmi rəhbəridir. Məhz onun təşəbbüsü ilə Bakıda ilk dəfə musiqişünaslıq üzrə tələbə elmi işləri ilə bağlı Ümumittifaq müsabiqələr keçirilmişdir. Bu yüksək nailiyyətinə görə İ.Əfəndiyeva 1986-cı ildə Azərbaycan SSR Orta İxtisas Təhsili Nazirliyi kollegiyasının qərarı ilə fəxri fərmanla təltif olunmuşdur. Bu gün akademiyanın mədəni - estetik mühitini İmruz xanımın fəaliyyəti olmadan təsəvvür etmək qeyri - mümkündür. İ.Əfəndiyeva, həmçinin Bakı Musiqi Akademiyası daxilində fəaliyyət göstərən bir saylı elmi laboratoriyada aparıcı elmi işçi kimi fəaliyyət göstərir, seminarlarda, konfranslarda müxtəlif mövzulara dair mütəmadi çıxışlar edir.

1968 - ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan İmruz xanım, həmçinin milli televiziya radioda maraqlı verilişlər aparır, televiziya proqramının təşəbbüskarı kimi çıxış edir. Bütün bunlarla yanaşı, İ. Əfəndiyeva Elmi Şuranın, İxtisaslaşmış Müdafiə Şurasının üzvüdür.

İmruz xanımın istedadlı tədqiqatçı-publisist, müəllimlik və ictimai fəaliyyəti - musiqiçi kimi simasının üç vacib cəhətidirbu fəaliyyət istiqamətləri bir-biri ilə sıx surətdə bağlıdır. Ən əsası isə İmruz Əfəndiyeva səmimi və təvazökar bir insandır.

Musiqi ictimaiyyətimiz onu Azərbaycan musiqişünaslıq elmi sahəsində ciddi nailiyyətlər əldə etmiş bir tədqiqatçı - alim kimi tanıyır. Onun ali orta ixtisas musiqi məktəbləri üçün tədris proqramları metodiki işləri, monoqrafiya və kitabları Azərbaycan musiqi elminin nailiyyətləri kimi qiymətləndirilir. Ömrünün, yaradıcılığının müdrik bir dövrünü yaşayan İmruz Əfəndiyeva əvvəlki kimi yenə ilhamla yazıb-yaradır. Tanınmış və istedadlı musiqi xadimi İmruz Əfəndiyevanı anadan olmasının 75 və yaradıcılıq fəaliyyətinin 50 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, yorulmaq bilməyən ilhamlı yaradıcılıq arzulayırıq.

 

 

Kəmalə ƏLƏSGƏRLİ,

sənətşünaslıqnamizədi

 

Xalq qəzeti.-2011.-6 yanvar.-S.7.