Azərbaycan
dövlətinin daha qüdrətli,
soydaşlarımızın daha mütəşəkkil olduğu
il
Ölkə əhalisi tariximizə
çoxsaylı uğurlarla düşən 2010-cu ili belə
qiymətləndirir
Ölkəmizə
15 milyard dollar sərmayə qoyulmuşdur, bizim valyuta
ehtiyatlarımız 29 milyard dollara qalxmışdır. Bütün
bunlar, bu nəticələr onu göstərir ki, Azərbaycanın
seçdiyi yol düzgün yoldur, Azərbaycanın
seçdiyi yol tərəqqi və inkişaf yoludur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Üçüncü minilliyin ilk əsrinin
birinci onilliyi geridə qaldı. Çoxsaylı ictimai-siyasi
hadisələrlə və genişmiqyaslı sosial-iqtisadi
layihələrin icrası ilə yadda qalan daha bir inkişaf
ilimiz tarixə çevrildi. Bəzi tarixçilər bu qənaətdədirlər
ki, 20-25 ildən sonra əsrin ilk onilliyi barədə söz
açan mütəxəssislər bu 10 ilin hər birində
bir neçə mühüm tarixi hadisənin olduğunu qeyd
edəcəklər. Məsələn, qeyd olunacaq ki, əsrin
ilk ilində - 2001-ci ildə Azərbaycan Avropa
Şurasının üzvlüyünə qəbul
edilmişdir. 2002-ci ildə Azərbaycan Milli Məclisinin daimi
nümayəndəliyi deputat İlham Əliyevin rəhbərliyi
altında Avropa Şurası Parlament Assambleyasının
iclaslarında iştirak etmiş və ardıcıl səylər
nəticəsində AŞPA-nın Ermənistanı
işğalçı dövlət kimi tanıyan ilk rəsmi
sənədinin qəbul edilməsinə nail olmuşdur.
2003-cü
ildə ölkə əhalisi Heydər Əliyev siyasi kursunun
davam etdirilməsi və dövlət müstəqilliyimizin əbədiləşdirilməsindən
ötrü Baş nazir İlham Əliyevin ölkə
Prezidenti seçilməsində yüksək mütəşəkkillik
nümayiş etdirmişdir. 2004-cü ildə postsovet məkanının
ən geniş sosial-iqtisadi layihələrindən olan "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı (2004-2008-ci illər)" təsdiqlənmiş
və icra olunmağa başlamışdır.
Bu qəbildən olan hadisələr çoxdur və ilk onilliyin geridə qalan istənilən ilində dövlətimizə üzağlığı, xalqımıza baş ucalığı gətirən bütün hadisələrin müəllifi Prezident İlham Əliyev olsa da, istənilən uğurumuzun təməlində Heydər Əliyev siyasi kursunun dayandığı tarixi bir həqiqətdir. Maraqlı və qürurverici haldır ki, bu faktı artıq bizimlə birlikdə dünyanın əksər ölkələrini təmsil edən siyasətçilər və tarixçilər də birmənalı şəkildə etiraf edirlər. Beynəlxalq mütəxəssislərin böyük səmimiyyətlə etiraf etdikləri daha bir fakt isə ondan ibarətdir ki, Azərbaycanda istənilən il əvvəlki ilə nisbətən daha böyük uğurlarla yadda qalır. Bu isə o deməkdir ki, 2010-cu il ölkəmiz üçün özündən əvvəlki illərə nisbətən daha uğurlu olmuşdur. Nə üçün dünya mütəxəssisləri belə düşünürlər?
Əvvəla, 2010-cu ildə Azərbaycanın əldə etdiyi irimiqyaslı nailiyyətlər bir və ya iki deyil, onlarladır. Məsələn, SSRİ dağıldıqdan sonra hər il, ardıcıl olaraq müzakirə edilən Xəzərin hüquqi statusu məsələsində beş Xəzəryanı ölkənin dövlət başçısı 18 ildə ilk dəfə məhz Azərbaycanın təşəbbüsü ilə, Bakıda keçirilən sammitdə ilk rəsmi sənədi imzalamağa nail oldular. Yuxarıda adını çəkdiyimiz tarixi sənəddən - Avropa Şurası Parlament Assambleyasının 2002-ci ilin payızında qəbul etdiyi qərardan 8 il sonra - 2010-cu ildə Avropa Parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair çox əhəmiyyətli və ədalətli qətnamə qəbul etmişdir. Bu sənəd münaqişənin həlli üçün gedən danışıqlarda bizim siyasi və diplomatik mövqelərimizi daha da möhkəmləndirmişdir. Azərbaycan müstəqillik dövründə özünün ən ədalətli, şəffaf və demokratik, beynəlxalq aləmdə böyük əks-səda yaratmış parlament seçkilərini məhz 2000-ci ildə reallaşdırmışdır. Ölkəmiz müstəqillik dövrünün sosial-iqtisadi və strateji mənada ən böyük əhəmiyyətə malik, nəhəng layihələrindən birini - Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisini məhz 2010-cu ildə başa çatdırmışdır. Ötən əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyevin ölkəmizin şimal bölgəsindən, 70-ci illərdə ulu öndər Heydər Əliyevin Kür çayından Bakıya çəkdirdikləri böyük su kəmərlərindən sonra üçüncü anoloji layihə olan Oğuz-Qəbələ-Bakı su kəmərini ekspertlər yatırılan sərmayənin həcmi baxımından hətta, Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin tikintisi ilə müqayisə edirlər. Ancaq Bakı-Tbilisi-Ceyhan kəmərini beynəlxalq konsorsium maliyyələşdirmişdisə, Oğuz-Qəbələ-Bakı kəmərini bilavasitə öz dövlətimiz maliyyələşdirdi. Üstəlik, bu kəmər qazanc əldə edilməsi üçün deyil, paytaxt əhalisinin ekoloji baxımdan təmiz su ilə təchiz olunması üçün çəkilmişdir. 2010-cu ildə Azərbaycan postsovet məkanında yeganə ölkə olmuşdur ki, ekoloji problemlərin aradan qaldırılması məqsədiylə məxsusi olaraq "Ekologiya ili" elan edilmiş, silsilə tədbirlər həyata keçirilmiş, 6 milyondan çox ağac əkilmişdir.
İkinci, həm yuxarıda sadaladığımız irimiqyaslı layihələrin, həm də adını çəkmədiyimiz onlarla böyük nailiyyətlərin əksəriyyəti Azərbaycan dövlətinin qüdrətləndirilməsi, xalqın sosial-rifah halının yaxşılaşdırılması məqsədiylə reallaşdırılsa da, burada beynəlxalq əhəmiyyətli məsələlər də yetərincədir. Məsələn, Xəzərin hüquqi statusunun müəyyən edilməsi üçün aparılan danışıqlarda müəyyən irəliləyişlər əldə olunursa, bu, Xəzəryanı ölkələrin hərtərəfli əməkdaşlığının genişləndirilməsinə təkan verir. Türkdilli ölkələrin əməkdaşlığını genişləndirəcək layihələrə rəsmi Bakının verdiyi töhfələr bu məkanın gələcək işbirliyinin daha səmərəli olması üçün zəmin yaradır. İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində yaradılan Əməkdaşlıq və İnkişaf Bankının səhmdarlarından biri Azərbaycan olursa, bu adıçəkilən quruma üzv olan ölkələrin daha yaxın əməkdaşlığını təmin edəcək bir nümunə kimi qiymətləndirilir. Yaxud, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar prosesində rəsmi Bakı sülh yolu variantına sadiqlik nümayiş etdirməklə, Avropadakı və bütün dünyadakı tərəfdaşlarımızın iqtisadi maraqlarına ehtiramla yanaşmış olur. Belə ki, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynayır və eyni zamanda, öz ərazisini işğalçı dövlətin silahlı birləşmələrindən azad etmək hüququ var. Əgər Azərbaycan bu məqsədlə hərb variantını seçərsə, regionda yenidən başlanan hərbi əməliyyatlar Avropanın enerji təhlükəsizliyinə kifayət qədər zərbə ola bilər. Bütün bunları nəzərə alan rəsmi Bakı, hələlik öz tərəfdaşlarının iqtisadi maraqlarına hörmət və ehtiramla yanaşır.
Üçüncü, bu gün dünyanın əksər ekspertləri sosialyönümlü daxili siyasət yeridən ölkələrin adını sıralayanda öncə Türkiyə, Azərbaycan və Qazaxıstanın adını çəkirlər. Qeyd olunur ki, bu ölkələrin daxili siyasətini müəyyən edən şəxslər əhalinin sosial-rifah halının yaxşılaşdırılmasını hansısa kampaniya xatirinə - tutaq ki, seçki, referendum və sairə - deyil, dövlətin əsas siyasətinin bir hissəsi kimi reallaşdırırlar. Bu məqamı Prezident İlham Əliyev Yeni il təbrikində xüsusilə vurğulamışdır: "2010-cu ildə sosial sahədə böyük işlər görülmüşdür. 45 səhiyyə müəssisəsi, 70-dən çox məktəb tikilmiş və təmir edilmişdir, 5 Olimpiya-İdman Mərkəzi tikilmişdir. Minimum əməkhaqqı və pensiyanın baza hissəsi qaldırılmışdır, ünvanlı sosial-yardım proqramı uğurla icra edilir. Bu, onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və iqtisadiyyatımız tam şəkildə bazar iqtisadiyyatı prinsipləri üzərində qurulubdur. Ancaq bununla bərabər, güclü sosial siyasət bizim əsas vəzifəmizdir".
Yuxarıda qeyd etdik ki, 2010-cu il müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi və taleyin hökmü ilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın müstəqil Azərbaycan ətrafında daha mütəşəkkil şəkildə birləşməsi baxımından çox əhəmiyyətli il olmuşdur. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımıza ünvanladığı təbrikdə həmin məsələni daha qabarıq şəkildə dilə gətirir: "Mən dünyada yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik etmək istəyirəm. Onlar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü, qüdrətli, müasir, azad Azərbaycan dövləti dayanır. Azərbaycan onların dayağıdır, onların arxasıdır. Onlar da yaşadıqları ölkələrdə Azərbaycanı təmsil edirlər və ölkəmizin maraqlarının təmin edilməsinə gündəlik fəaliyyətləri ilə öz töhfələrini verirlər".
Qeyd edək ki, 2010-cu ildə qəbul edilmiş qərara əsasən, bu ilin mart ayında Bakıda dünya azərbaycanlılarının növbəti qurultayı keçiriləcək.
Bir sözlə, Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə daha bir ili yaddaqalan uğurlarla başa vurdu.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 6 yanvar.- S. 1.