2010-cu il Azərbaycan
diasporu üçün uğurlu olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyevin
yeritdiyi diaspor siyasəti 2010-cu ildə də uğurlu
olmuşdur. Yola saldığımız il ərzində xarici
ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması,
cəmiyyətə inteqrasiyası,
soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin
artırılması, tarixi Vətənlə əlaqələrinin
genişləndirilməsi, habelə diaspor təşkilatları
arasında səmimi əməkdaşlıq münasibətlərinin
yaradılması istiqamətində bir sıra tədbirlər
həyata keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə bu il ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. 2010-cu il aprelin 4-də Ankarada Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının qurultayı keçirilmişdir. Qurultayda təşkilatın ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabatlar dinlənilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Qurultayda təşkilatın rəhbər orqanlarına seçkilər keçirilmişdir. İyunun 5-də isə Stokholmda 15 Azərbaycan diaspor təşkilatının iştirakı ilə İsveç Azərbaycanlıları Konqresinin təsis qurultayı keçirilmişdir. Bu qurumu yaratmaqda məqsəd Azərbaycan həqiqətlərini, tarixini, mədəniyyətini yerli ictimaiyyətə çatdırmaq, Azərbaycan icmaları, cəmiyyətləri arasında əlaqələri inkişaf etdirmək, onların imkanlarını və güclərini səfərbər etmək, bu qurumların fəaliyyətini koordinasiya etmək, mövcud problemləri birlikdə çözməkdir. Oktyabr ayında keçirilən Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının birinci qurultayında da quruma üzv olan vilayət, şəhər, rayon təşkilatları sədrlərinin və təftiş komissiyası rəhbərlərinin hesabatları dinlənilmiş, görülmüş işlər və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılmış, assosiasiya rəhbərliyinə seçkilər keçirilmişdir. 2010-cu il dekabr ayının 4-5-də Almaniyanın Bonn şəhərində Dünya Azərbaycanlıları Konqresinin (DAK) XI Qurultayı keçirilmişdir. Qurultayda Dünya Azərbaycanlıları Konqresinin hesabatı dinlənilmiş və gələcək iş planı müəyyən olunmuş, DAK-ın rəhbərliyinə seçkilər keçirilmiş və qətnamə qəbul olunmuşdur.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının təbliğat sahəsində fəaliyyətinin daha da gücləndirilməsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması dövlət komitəsinin diqqət yetirdiyi əsas məsələlərdən olmuşdur. Bu il ərzində "20 Yanvar" faciəsinin 20-ci ildönümü, Xocalı soyqırımının 18-ci ildönümü, 31 Mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar İsveç, İsveçrə, Finlandiya, Norveç, Niderland Krallığı, Böyük Britaniya, Belçika, Latviya, Litva, Estoniya, Rusiya Federasiyası, Ukrayna, Belarus, Bolqarıstan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Gürcüstan, ABŞ, Kanada, Yaponiya, Yeni Zelandiya, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Cənubi Koreya, Almaniya, Fransa, Çexiya, Macarıstan, Rumıniya və digər ölkələrdə müxtəlif tədbirlər təşkil edilmişdir. Ölkəmizin taleyüklü problemlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində mühüm işlər görən Heydər Əliyev Fondu Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar xarici ölkələrdəki Azərbaycan icma və birliklərini müvafiq məlumatlar və sənədlərlə təmin etmişdir.
İslam Konfransı Təşkilatının (İKT) üzvü olan Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin may ayında elan edilmiş "Xocalıya Ədalət" (Custice for Khodcaly) beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində 2010-cu il ərzində dünyanın bir çox ölkələrində etiraz aksiyaları, elmi-praktik konfranslar və digər tədbirlər həyata keçirilmişdir. Kampaniyada Azərbaycan diaspor təşkilatları da fəal iştirak edir.
Avropa Azərbaycan Cəmiyyəti (AAC) Böyük Britaniyanın Baş naziri Qordon Braunun rəsmi internet saytında Böyük Britaniya vətəndaşlarının da imzalamağa çağırıldığı müraciətdə Xocalı qətliamının qınanılmasına çağırışla çıxışı da yola saldığımız ilə təsadüf edir. Müraciətdə həmçinin Ermənistan hökumətindən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə uyğun olaraq suveren Azərbaycan ərazisindən öz ordusunu çıxartmaq tələb edilmişdir. Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə Böyük Britaniyanın parlamentlərinin klubu olan Erkən Gün Hərəkatı da (EGH) Xocalı faciəsi ilə bağlı müzakirələr aparmışdır. Təşkilat Böyük Britaniya hökumətini Xocalı soyqırımını tanımağa, yeni beynəlxalq sülh səylərinə başlamağa çağırmışdır. Müraciəti Böyük Britaniya parlamentinin və Erkən Gün Hərəkatının üzvü olan 32 parlamentari imzalamışdır.
Bundan başqa, 2010-cu il fevralın 2-də Çexiyanın Lidise İcra Hakimiyyəti Lidise qəsəbəsində yeni salınan küçələrin birinə Xocalı adının verilməsi barədə qərar qəbul etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, habelə regiondakı digər münaqişələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması prioriet vəzifə kimi qarşıya qoyulmuşdu. Ötən illərdə olduğu kimi, 2010-cu ildə də bu zəruri vəzifə layiqincə yerinə yetirilmişdir.
Ermənistan prezidenti Serj Sarkisyanın iyunun 21-23-də Almaniyaya rəsmi səfəri çərçivəsində Konrad Adenauer Fondunda "Cənubi Qafqazda təhlükəsizlik və inkişaf haqqında: Ermənistanın bu proseslərdə rolu" mövzusunda məruzə ilə çıxışına etiraz olaraq Azərbaycan diasporu piket təşkil etmişdir.
2010-cu ildə İsveç parlamentində qondarma erməni soyqırımının tanınmasına dair qətnamənin qəbulu ilə əlaqədar bu ölkədə yaşayan Azərbaycan və türk icmalarının nümayəndələri Stokholm şəhərinin mərkəzi meydanında etiraz aksiyası keçirmişlər. Tədbirdə ermənilərin törətdikləri cinayətlər, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması, o cümlədən Xocalı soyqırımının tanınması ilə bağlı şüarlar səsləndirilmişdir.
Azərbaycan diaspor təşkilatları ölkəmizin qədim mədəniyyətini, zəngin irsini uğurla təbliğ edir, xalqımızın zəngin mədəniyyətini tanıtmaq məqsədilə müxtəlif tədbirlər keçirir, Türk dünyasının lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar dünyanın müxtəlif ölkələrində Azərbaycan diaspor təşkilatları tərəfindən elmi-praktik konfranslar, simpoziumlar, sərgilər təşkil edilmiş, filmlər nümayiş etdirilmiş, yubiley mərasimləri keçirilmişdir. Respublika Günü ilə əlaqədar Azərbaycan diaspor təşkilatlarının fəaliyyət göstərdiyi bütün ölkələrdə bayram tədbirləri, elmi-praktik konfranslar, konsert proqramları təşkil olunmuşdur. Bu tədbirlərdə diplomatlar, ictimaiyyət nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri də fəal iştirak etmişlər.
Bu il dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi, görkəmli ictimai xadim, musiqişünas, alim və pedaqoq Üzeyir Hacıbəyovun anadan olmasının 125 illik yubileyi də xarici ölkələrdəki soydaşlarımızın diqqətindən kənarda qalmamış, Şərqdə operanın banisi kimi onun özünün və əsərlərinin dünyada daha da geniş tanıdılması məqsədilə bir sıra tədbirlər təşkil edilmişdir.
2010-cu ildə Niderland Krallığının Rotterdam şəhərində fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) fəxri sədri Sahil Qasımovun təşəbbüsü ilə qurumun sifarişi əsasında ölkənin Rabitə Nazirliyi rəsmi olaraq üzərində Heydər Əliyev Fondunun embleminin təsvir olunduğu poçt markalarını dövriyyəyə buraxmışdır. Qeyd edək ki, Azərbaycanla bağlı həqiqətləri Avropada yaymaqda xüsusi rolu olan Heydər Əliyev Fondu ilə BAK arasında sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşıq fondun Hollandiyada yaşayan azərbaycanlı uşaqların ana dilində təhsil alması məqsədilə Amsterdam və Rotterdam şəhərlərində açılmış həftəsonu məktəblərini dərslik və dərs ləvazimatları ilə təmin etməsindən, onlara hərtərəfli qayğı göstərməsindən başlayıb.
İl ərzində Azərbaycan icmalarının məqsədyönlü fəaliyyəti ölkəmizin beynəlxalq aləmdə əlaqələrinin daha da möhkəmləndirilməsində önəmli rol oynamışdır.
İstanbulda Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı, Türkiyə Cümhuriyyətinin Başbakanlığı və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinın dəstəyi ilə "Türk Şurası, türk diasporu və sosial-iqtisadi əməkdaşlıq" mövzusunda Dünya Türk Forumu keçirilmişdir. 60 ölkədən türk dünyası və diaspor nümayəndələrinin iştirak etdiyi tədbirə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, Azərbaycanın millət vəkilləri, alimləri və bir neçə ictimai təşkilatın rəhbəri, həmçinin fəal diaspor təşkilatlarımızın rəhbərləri qatılmışlar. Forumda qəbul olunmuş yekun qətnaməyə görə, Azərbaycan, türk, ingilis, özbək, qırğız, türkmən dil və ləhcələrində ortaq internet portalının yaradılması nəzərdə tutulmuşdur.
İl ərzində azərbaycanlıların hüquq və azadlıqlarının və ictimai-siyasi fəallığın artırılması işinə də xüsusi önəm verilmişdir. 2010-cu ildə azərbaycanlı alim Natiq Atakişiyev Meksikanın inkişafına töhfə vermiş şəxsiyyətlərin sırasına daxil edilmişdir. Belə ki, Meksikanın Milli Miqrasiya İnstitutunun dərc etdiyi "Dünyanın bizə hədiyyə etdiyi 200 meksikalı" adlı kitabda azərbaycanlı fizik, 1994-cü ildən Meksikada yaşayan və çalışan Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının sədri Natiq Atakişiyevin həyatı və mühacirət tarixçəsi barədə də məlumat əksini tapmışdır. Xatırladaq ki, Natiq Atakişiyevin rəhbərlik etdiyi Latın Amerikası Azərbaycanlıları Assosiasiyası 2008-ci ilin sonunda fəaliyyətə başlamışdır.
Moldova Azərbaycanlıları Konqresinin sədri
Vüqar Novruzov millətlərarası dostluq münasibətlərinin
möhkəmləndirilməsi, inkişafı və milli mədəniyyətlərin
qarşılıqlı zənginləşməsi işində,
həmçinin məhsuldar təşkilati və ictimai fəaliyyətinə
görə Moldova Respublikasının Dövlət
mükafatı olan "Gloria Muncii" ordeni ilə təltif
edilmişdir.
(ardı gələn
sayımızda)
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 6 yanvar.- S. 3.