Milli birlik milli qurtuluşun özülüdür

 

Dünyanın insan yaşayan bütün qitələrində azərbaycanlılar da məskunlaşıb. Azərbaycanlının azərbaycanlı olduğunu nə ilə təyin etmək mümkündür? Şübhəsiz ki, ruhu, əxlaqı, dünyagörüşü, dini etiqadı, dili və insani xarakteri ilə. Əlbəttə ki, Azərbaycan sevgisi ilə. Deyirlər ki, insan Vətəndən uzaqda yaşasa da, milli adət-ənənəsini, soy-kökünü, dilini və dinini unutmalı deyil. Unudulması yasaq olan bir dəyər də Vətən sevgisidir. Bu hiss insanın qəlbində varsa, bir dünyaya yetər. Dahilərdən biri deyib ki, bəşəriyyət sevginin enerjisini kəşf edəcək, onda insanlıq odu ikinci dəfə kəşf etmiş olacaq.

 

Dünyada yaşayan 50 milyondan artıq azərbaycanlıya güclü diasporu olmaq üçün nə lazımdır? - Birləşmək, təşkilatlanmaq, mütəşəkkil qüvvəyə çevrilmək. Bir də milli ideologiya. Bu ideologiya var: azərbaycançılıq ideologiyası! Onun ətrafında birləşən xalqımız milli birliyə nail ola bilər.

Dünyaya səpələnən azərbaycanlıların qürbətə getmə səbəbləri müxtəlifdir: 1918- ci ildə Şərqin ilk Demokratik Respublikasının süqut etməsi nəticəsində mühacirət edənlər, II Dünya müharibəsində əsir düşənlər, Güney Azərbaycandan gedənlər, sovetlər dönəmində və ondan sonrakı müstəqillik illərində xaricə təhsil almağa gedən, sonradan iş tapıb orada işləyən, müəyyən mövqe tutan insanlar. Bu böyük qüvvənin hansı səbəbdən xaricdə yaşaması əsas deyil. Əsas odur ki, Azərbaycan insanı xaricdə özünə karyera qura bilsin, münasib mövqe tutsun, iqtisadi- sosial cəhətdən yaxşı təminat əldə edə bilsin, yaşadığı ölkədə tanınmağa, nüfuz sahibi olmağa çalışsın. İnsanın qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər, tutduğu mövqe yaşadığı ölkədə və mənsub olduğu vətəndə görünsün, qiymətləndirilsin. Şəxsi nüfuz ictimai nüfuza çevriləndən sonra müəyyən işlər görməyə qadirdir. Azərbaycan diasporunun görəcəyi işlər bu mənada çoxdur.

Azərbaycan və dünya azərbaycanlıları haqqında düşünərkən Amerika Prezidenti olmuş Con Kennedinin amerikalılara dediyi sözlər yada düşür: "Siz düşünməyin ki, Amerika sizin üçün nə etməlidir. Düşünün ki, siz Amerika üçün nə etməlisiniz?" Dünyada yaşayan azərbaycanlılar Azərbaycan üçün nə edə bilər? Əvvəla, Azərbaycanın milli maraqlarının qorunmasında yaxından iştirak etmək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında davamlı olmaq. İkincisi, mədəniyyətin yayılmasında iştirakçıya çevrilmək, yaşadıqları ölkədə Azərbaycan dərnəkləri, birlikləri yaratmaq, qəzet və jurnal nümunələri nəşr etmək, radio, televiziya proqramları hazırlamaq, bu gün Azərbaycana qarşı dünyanın hər yerində həyata keçirilən erməni təbliğatının vaxtında ifşa edilməsi üçün köməkçi olmaq. Nəhayət, azərbaycandilli məktəblərin, kursların, universitet fakültələrinin açılmasında, maliyyələşdirilməsində yardımçıya çevrilmək. Diasporumuzun Vətən üçün edəcəyi işlərin siyahısını genişləndirmək də olar.

Yaşadıqları ölkədə təşkilatlanma, milli birlik, Vətənlə sıx əlaqələr onların çətin işlərini asanlaşdırar.

Dünyada yaşayan azərbaycanlılar milli şüurun və əxlaqın dünyəviləşmiş, müasirləşmiş şəkildə yaşamasına nail olmaqla bərabər, ana dilinin imkan daxilində qorunmasına, öz övladları, nəvə-nəticələri arasında yaşamasına, yayılmasına çalışa bilərlər. Azərbaycan dili dünyanın zəngin dillərindən biridir. Bu dil ən incə fikirləri, dəqiq anlayışları, elmi, texniki, fəlsəfi düşüncələri, informasiya - texnologiyalarına aid istilahları ifadə etməyə, bildirməyə qadirdir.

Vətən və diaspor əlaqələrini Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına, dünyanın Azərbaycanın haqlarını müdafiə etməsinə yönəltmək olar. Diasporu təşkilatlandırmaq, lobbini formalaşdırmaq, Azərbaycana qarşı dünyanın ictimai rəyini düzgün məcraya salmaq zəhmət, maliyyə, diplomatik və işgüzar əlaqələr tələb edən məsələlərdir.

Milli şüuru formalaşdıran amillərdən biri də vahid əlifba məsələsidir. Dünyanın elmə bəlli olan ilk əlifba yazılarından biri, bəlkə də birincisi qədim türk - Orxon-Yenisey əlifbasıdır. İslam dininin qəbul edilməsindən sonra dünya türkləri ərəb əlifbasına keçiblər. Təxminən min il bu əlifba işləyib. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultay bütün dünya türklərinin latın əlifbasına keçməsi məsələsini qaldırıb. cəmi bir neçə il ərzində bu hərəkat uğurlu nəticələr verib. 1928-ci ildə Türkiyə, 1929-cu ildə Azərbaycan və sonra digər türk xalqları latın qrafikalı əlifbanı qəbul edib. Lakin sovet imperiya siyasəti 1939-cu ildə Azərbaycanı və sovet ərazisində yaşayan digər türk xalqlarını kril əlifbasına keçməyə məcbur edib.

Azərbaycanda müstəqillikdən sonra əlifba məsələsi yenidən gündəmə gəldi və ulu öndər Heydər Əliyevin qətiyyəti nəticəsində tam həllini tapdı. Hazırda Azərbaycan bütövlükdə Latın qrafikası ilə işləyir. Lakin 50 milyondan çox dünya Azərbaycan türkləri ərəb, kril və latın əlifbasından istifadə edir. Razılaşaq ki, əlifba məsələsi təkcə mədəniyyət hadisəsi deyil, eyni zamanda, siyasi, ideoloji və strateji məsələdir.

XXI yüzillik bilgisayar texnologiyası əsridir. Dünyanın latın əlifbalı ölkələri bilgisayar texnologiyalarından asanlıqla istifadə edir. İranda yaşayan azərbaycanlılar ərəb əlifbasında yazsalar da, xarici dil vasitəsilə latın qrafikasından asanlıqla istifadə edirlər. Üstəlik, bilgisayar vərdişləri bu məsələyə yardımçıdır. Bu baxımdan latın əlifbası bütün azərbaycanlıların ortaq əlifbası rolundadır və bu ortaqlıq azərbaycanlıların yaxınlaşmasına, anlaşmasına şərait yaradır.

Dünya azərbaycanlılarının mənəvi birliyi bu gün iyirmi il bundan əvvəlki vaxta nisbətən vahid əlifba vaxtından daha asan yaranır. Ulu öndər Heydər Əliyev əlifba məsələsində qətiyyət göstərməklə, görünür, həm də azərbaycanlıların mənəvi birliyini asanlaşdırmaq məsələsini hədəfə götürmüşdü.

Latın əlifbasına tam şəkildə keçid xalqımız üçün ən azı üç sahədə asanlıq yaratdı: bilgisayar texnologiyalarından istifadə, Avropaya inteqrasiya və dünya azərbaycanlılarının vahid mədəni müstəviyə gətirilməsi.

Bu gün müstəqil Azərbaycan azad, dünyəvi dövlətdir. Yer kürəsinin harasında yaşamasından asılı olmayaraq Azərbaycan, soy-kökü azərbaycanlı olanların Vətənidir. Bu haqqı Azərbaycanın ümummilli lideri Heydər Əliyev təsdiqləmişdir: "Bizim hamımızın bir Vətəni var - Azərbaycan! Ancaq azərbaycanlı heç yerdə azərbaycanlılığını unutmamalıdır. Onun qəlbi, adı doğma Vətənlə bir olmalıdır".

Bəzən mühacir, diaspor və lobbi anlayışlarını bir-birinə qarışdırırlar. Hər hansı bir şəxs ölkədən kənarda müvəqqəti, şəxsi maraqları ilə bağlı yaşayırsa, bu mühacirlikdir, nisbətən zəif qüvvədir. Bununla belə, ölkədən kənarda vətəni və xalqı üçün hansısa xeyirli işlər görə bilər. Əgər şəxs yaşadığı ölkənin vətəndaşlığını qəbul edibsə, artıq bu diaspor nümayəndəsidir. Həmin yerdə bütün vətəndaşlıq hüquqlarına malikdir və o dövlətin ərazisində öz xalqına, millətinə, dövlətinə lazımi kömək göstərə bilər. Bunun üçün onların orada birləşməsi, təşkilatlanması vacibdir. Lobbi isə xeyli fərqli, güclü bir qüvvədir. Dünyada söz, nüfuz, imkan sahibidir. Milli haqların qorunmasında, istənilən milli məsələdə sözü keçərlidir. Dövlətin diasporla əlaqələri lobbinin də formalaşdırılmasında müsbət rol oynaya bilər.

Azərbaycan dövləti təkcə diaspordan Vətən üçün edəcəklərini gözləmir. Bir dövlət olaraq özü də diasporun arxasında dayanır. Hələ illər öncə, 1997-ci il, 27 avqustda ulu öndər Heydər Əliyev Polşada, Varşava şəhərində Azərbaycan icması ilə görüşdə demişdi: "Mən çox məmnunam ki, azərbaycanlılar başqa ölkələrdə yaşayarkən artıq öz Vətənləri haqqında düşünürlər və ona xidmət etməyə çalışırlar. Öz Vətəninə, yəni müstəqil Azərbaycan Respublikasına kiçik bir xidmət edən hər bir soydaşımızı biz Azərbaycanda çox böyük hörmətlə qarşılamağa hazırıq".

Heydər Əliyevin diaspor quruculuğu sahəsində fəaliyyəti böyük örnəkdir. Müasir diaspor quruculuğu fonunda ulu öndərin 1996-cı il aprelin 24-də Norveçdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşdə söylədiyi fikirləri xatırlamağa ehtiyac var: "Bir şey məni narahat edir ki, ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar bəzən parçalanırlar. Burada dediniz ki, iki təşkilat yaratmısınız. ...Bu ola bilər, şübhəsiz, mən demirəm ki, hamı bir təşkilatda olsun. Ancaq bu təşkilatlar eyni istiqamətdə işləyirlərsə, bir-biri ilə dostdursa, qoy olsun. Yaxud kiçik bir yerdə bir təşkilat digəri ilə rəqabət aparırsa, ya da bir-birinə zidd gedirsə, bu lazım deyildir. Kənardan bizə olan mənfi hərəkətlər kifayətdir. Öz aramızda səmimi, dost, mehriban olmalıyıq. Bir-birimizə kömək etməliyik. ... Bu xalqımızın, millətimizin əsrlər boyu, tarixdən gələn ənənələridir. Azərbaycanlıların ən yüksək keyfiyyəti, xüsusiyyətidir. Bunları itirmək lazım deyildir. Əksinə, hər kəs özündə toplamalı və başqasına da çatdırmalıdır ki, hamımız bir olaq".

Diaspor quruculuğunun inkişafına təsir edən mühüm amillərdən biri də bu işlə məşğul olan aidiyyəti təşkilatların işinin vahid bir mərkəzdən idarə edilməsidir. Milli birlik milli qurtuluşun özülüdür.

 

 

Natəvan DƏMİRÇİOĞLU,

yazıçı-jurnalist, Prezident təqaüdçüsü

 

Xalq qəzeti.- 2011.- 6 yanvar.-  S. 3.