Oğuz-Qəbələ-Bakı su kəməri ölkəmizdə həyata keçirilən möhtəşəm infrastruktur layihəsidir

 

Oğuz-Qəbələ-Bakı su kəmərinin Bakı-Tbilisi-Ceyhan kimi nəhəng bir layihə ilə müqayisə olunması təsadüfi deyil. Kəmərin açılış mərasimində çıxış edən ölkə Prezidenti İlham Əliyev demişdir: "Biz indiyədək bu ölçüdə, bu həcmdə su kəmərləri tikməmişik. Ancaq bu gün biz bunu uğurla həyata keçirə bilmişik. Əsas məsələ ondan ibarətdir ki, bütün başqa sahələrdə nəzərdə tutulan buna bənzər tədbirlər görülsün. Bizim konkret proqramlarımız - regional inkişaf proqramı, ölkəmizin gələcək inkişaf proqramı vardır. Biz fəaliyyətimizi bu proqramlara uyğun şəkildə qururuq. Son illər ərzində əldə edilmiş uğurlar, artan iqtisadiyyat və gözəlləşən, abadlaşan şəhərlər, yeniləşən infrastruktur - bütün bunlar Azərbaycan reallıqlarıdır".

 

Dövlət başçımız çıxışında daha sonra bildirmişdir ki, həyata keçirilən infrastruktur layihələri ölkəmizin bundan sonra uzun müddət ərzində uğurlu inkişafına xidmət göstərəcəkdir. Ölkə Prezidenti vurğulamışdır ki, Oğuz-Qəbələ-Bakı su kəməri içməli su layihələri arasında ən böyük layihədir. Ancaq bununla bərabər hazırda Azərbaycanın bütün bölgələrində içməli su və kanalizasiya problemlərinin həlli məqsədilə praktiki işlərin görülməsi üçün hazırlıq tədbirləri aparılır. Bütün rayonlarda bu ağır və çətin problem öz həllini tapacaqdır. Bununla bərabər, hazırda çaylar boyu yerləşən kəndlərdə sutəmizləyici qurğuların quraşdırılması nəticəsində 300 mindən artıq Azərbaycan vətəndaşı Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin edilir. Bu proses davam etdirilir. Halbuki onlar vaxtilə keyfiyyətsiz çay sularından istifadə edirdilər.

Prezident İlham Əliyev eyni zamanda sözügedən su kəmərinin tikintisində xarici şirkətlərin rolunu da yüksək qiymətləndirərək demişdir: "Xarici şirkətlərlə əməkdaşlığımız uğurludur və bu layihənin icrasında xarici şirkətlər iştirak etmişlər. Bizdə artıq güclü maliyyə bazası vardır, daxili imkanlar çox böyükdür. Biz istənilən layihəni öz gücümüzlə həll edə bilərik və bunu edirik. İcra edilən bütün layihələrin məqsədi Azərbaycanı gücləndirmək, Azərbaycanda iqtisadi inkişafı sürətləndirmək, insanların yaşayış səviyyəsini və rifah halını yaxşılaşdırmaqdır. Budur bizim əsas məqsədimiz və hədəfimiz".

Yeri gəlmişkən, ulu öndər Heydər Əliyev 2002-ci ilin dekabr ayında keçirdiyi geniş müşavirədə Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı müvafiq göstəriş vermişdi. Bu tapşırığa əsasən su mənbəyi ilə bağlı araşdırmalara başlanılmış və Prezident İlham Əliyevin göstərişilə bu işlər davam etdirilmişdir.

Respublikada su təchizatı və meliorasiya sahəsində görülən işlər və perspektiv layihələrlə bağlı 2005-ci ilin sentyabrında dövlət başçımızın keçirdiyi müşavirədə verdiyi tapşırıqlardan sonra Bakı şəhərinin keyfiyyətli su ilə təmin edilməsi üçün çəkiləcək Oğuz-Qəbələ-Bakı su kəmərinin layihəsi hazırlandı və 2007-ci ilin martında Oğuz rayonunda bu layihənin təməli qoyuldu.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə layihələndirilən və tikintisi uğurla başa çatdırılan Oğuz-Qəbələ-Bakı su kəməri bu gün ölkə əhalisi, xüsusən paytaxt sakinləri üçün ən gözəl töhfədir. Çünki su həyatdır, harada su varsa, orada inkişaf vardır, haraya su gedirsə, orada həyat qaynayır... Əlamətdar haldır ki, hələ vaxtilə "Bakıya bol-bol su gətirəcəyik", - deyən ulu öndərin böyük arzularından biri olan həyati vacib bu su kəmərinin tikintisi məhz onun sadiq davamçısı, idarəçilik məktəbinin layiqli yetirməsi kimi Prezident İlham Əliyevin rəhbərliyi, böyük diqqət, qayğı, məsləhəti sayəsində reallaşmışdır.

Bu su kəməri qarşıdakı illərdə Bakı şəhərinin içməli suya olan tələbatını ödəməyə imkan verəcək, insanlar təmiz, saf, keyfiyyətli sudan doyunca bəhrələnəcəklər. Bu su kəməri Neft Fondunun vəsaiti hesabına tikilib başa çatdırılmışdır.

Oğuz-Qəbələ-Bakı su kəməri həqiqətən möhtəşəm bir tikinti, infrastrukturdur. Belə ki, su kəməri 10 yerdə çay məcrasını 8-10 metr dərinlikdə çayın altından, 2 yerdə məcranın üstündən dayaqlar üzərindən, 8 yerdə avtomobil, 2 yerdə isə dəmir yolunu kəsərək keçmişdir. Çay keçidlərində boru kəməri dəmir-beton köynəklə mühafizə olunmuşdur. Su kəmərini normal istismar etmək üçün müxtəlif ölçmə avadanlığı və qurğular tikilməklə SCADA idarəetmə sistemi yaradılmışdır. SCADA sistemi vasitəsilə quyular da daxil olmaqla su kəmərinin hidravlik iş rejimi nəzarətdə saxlanılacaq, su kəmərində baş verə biləcək sızmanın yeri və axıntının miqdarı müəyyənləşdiriləcəkdir.

Suötürücü qurğular kompleksi isə 25 kilometrə qədər ərazini əhatə edir. Bu ərazidə 2 cərgə üzrə 100 istismar və 20 müşahidə quyusu qazılmışdır. İlkin Texniki-İqtisadi Əsaslandırmaya əsasən quyuların 150 metr dərinlikdə 350 millimetr diametrdə paslanmayan polad borulardan qazılması və hər quyudan saniyədə 50 litr suyun götürülməsi nəzərdə tutulmuşdur. Dəqiqləşdirilmiş layihəyə əsasən quyular 170 metrə qədər dərinlikdə qazılmış və hər quyudan saniyədə 70-120 litr su çıxarılır.

Quyulardan çıxan suların öz axını ilə toplanması üçün ümumi uzunluğu 70 kilometr sutoplayıcı şəbəkə tikilmişdir. Quyulardan çıxan sular bu şəbəkə ilə magistral su kəmərinin başlanğıcında tikilmiş suqəbuledici kameraya daxil olur və xlorlanaraq hər birinin həcmi 10 min kubmetr olan iki su anbarına, oradan isə magistral kəmərə ötürülür.

Bu su kəmərinin ən önəmli cəhətlərindən biri də quyulardan çıxan suyun bir yerə toplanaraq özüaxımlı olmaqla Bakı şəhərinə daxil olmasıdır. Məhsuldarlığı eyni olan Kür su kəmərləri ilə müqayisədə Oğuz-Qəbələ-Bakı su kəmərinin enerji sərfiyyatı 7 dəfəyə qədər azdır. Quyu sahəsi üçün 300 metr enində sanitar-mühafizə zonası yaradılmışdır.

Bu kəmərin tikintisində ümumilikdə 285 kilometrdən çox, diametri 2000 millimetr olan borular, 65 kilometrdən çox, diametri 300-1600 millimetr olan borulardan istifadə edilmiş, 15 milyon kubmetrdən çox torpaq, borunun yanlarının kipləşdirilməsi üçün 7 milyon kubmetrdən çox qum-çınqıl işləri görülmüş və min ədəddən çox müxtəlif diametrli siyirtmə quraşdırılmışdır.

Oğuz-Qəbələ-Bakı su kəməri ilə şəhərə verilən suyun qəbul edilməsi və paylanması üçün Bakı şəhərində 250 kilometrdən çox su xətti, 15 ədəd nasos stansiyası, 70 min kubmetr tutumu olan yeni su anbarları tikilmiş, ümumi həcmi 100 min kubmetr olan mövcud su anbarları yenidən qurulmuş, 310 kilometrdən çox kanalizasiya xətti çəkilmiş və digər işlər görülmüşdür. Bunlardan əlavə, bir çox işlərin mərhələlərlə davam etdirilməsinə ehtiyac vardır.

Xatırladaq ki, su kəməri fevral ayı ərzində tam layihə gücündə işləməyə başlayacaq və ümumilikdə şəhərə saniyədə 15,2 kubmetr su veriləcəkdir. Son illərdə aparılmış yenidənqurma işləri nəticəsində şəhərin 40 faiz fasiləsiz su alan əhalisinin sayı 75 faizə qədər artacaqdır. Eyni zamanda, 60 faiz cədvəl üzrə su alan əhalinin sayı 25 faizə qədər azalacaq və cədvəllərin müddətləri 2 dəfədən çox uzadılacaqdır.

Xatırladaq ki, hələ ötən əsrin əvvəllərində ilk dəfə Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakıya su çəkilib. İkinci belə belə təşəbbüs 1970-ci illərdə ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülüb və Bakının Kür suyu ilə təchiz olunması üçün böyük işlər görülüb. Nəhayət, üçüncü dəfə ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə haqqında söhbət gedən kəmərin tikintisinə başlanılıb və bu gün artıq həmin kəmər istismardadır. Bu isə Azərbaycanda reallaşdırılan möhtəşəm infrastruktur layihələrinin daha bir real nümunəsidir.

 

 

Musa HACIYEV,

iqtisad elmləri namizədi

 

Xalq qəzeti.- 2011.- 6 yanvar.- S. 2