Yeni kitablar.

 

"Kinooperator Kənan Məmmədov"

 

Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadənin yeni çapdan çıxmış kitabı belə adlanır. Kitab Azərbaycan kino sənətinin inkişafında xüsusi xidmətləri olan, əməkdar incəsənət xadimi, respublika Dövlət mükafatı laureatı, tanınmış kinooperator Kənan Əzizağa oğlu Məmmədovun həyat və yaradıcılıq yoluna həsr olunmuşdur.

 

Məlumat üçün bildirək ki, son illər respublikada kinoşünaslıq, o cümlədən kino tariximizə aid kitab nəşri sahəsində mövcud olan boşluğun doldurulmasında Aydın Kazımzadənin xidmətləri olduqca böyükdür. Onun "Heydər Əliyev və kinematoqraf", "Azərbaycan kinematoqrafçıları" (I-II buraxılış), "Azərbaycan kino salnaməsi" (2 cilddə), "Rasim Ocaqov", "Kamil Nəcəfzadə", "Üzeyir Hacıbəyov və kino", "Azərbaycan kinosu və müharibə", "Əbədi ölməzlik zirvəsi", "Bizim "Azərbaycanfilm" və başqa kitabları milli tariximizin tədqiqi və təbliği baxımından çox əhəmiyyətlidir. Ümumiyyətlə, Aydın müəllimin bu sahədəki xidmətləri yüksək qiymətləndirilmiş, o, "Qızıl qələm", "Humay", "Qızıl çıraq", H.B.Zərdabi, Cəfər Cabbarlı, Y.Məmmədəliyev, Rəsul Rza adına mükafatlara layiq görülmüşdür. Hazırda Azərbaycan Dövlət Film Fondunda baş mütəxəssis kimi çalışmaqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğuldur.

Müəllifin yeni kitabı Kənan Məmmədova həsr olunsa da, bütövlükdə kinematoqrafımızın maraqlı tarixçəsi ilə də oxucuları tanış edir.

Kənan Məmmədov ömrünün 30 ildən çoxunu milli kinematoqrafiyamızın inkişafına həsr etmişdir. Onun yaradıcılıq bioqrafiyasında onlarla film var ki, bu filmlər Azərbaycan kino salnaməsinin dəyərli səhifələrini təşkil edir. Bu filmlər arasında həm bədii, həm də sənədli ekran əsərləri vardır. Kinooperator kimi onun yaradıcılığını səciyyələndirən çox amillər var. Hər şeydən əvvəl Kənan müəllim zəhmətsevər, öz sənətini ürəkdən sevən bir insandır. Kinomuzun ən çətin anlarında belə o, başqaları kimi sənətini atmamış, hətta xarici ölkələrdən olan dəvətləri belə rədd etmişdir. Aydın müəllimin kitabında Kənanın yaradıcılığının bütün tərəfləri açıqlanır. Kitabın fəsilləri onun həm həyatını, həm də yaradıcılığının ayrı-ayrı dövrlərini əks etdirir. "Həyatı" adlı birinci fəsil olduqca maraqlı faktlarla zəngindir. Bu fəslin "İçərişəhərdə keçən uşaqlıq illəri" bölməsində Kənan müəllimin həyat yolunun başlanğıcında baş verənlər oxucuya təqdim olunur. Sonrakı bölmələrdə həyatının gənclik məqamları, incəsənətə marağın yaranması, tələbəlik illəri öz əksini tapır.

Daha zəngin faktların toplandığı "Yaradıcılığı" fəslində onun fəaliyyətinin əsas məqamları əks olunur. Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasına işləməyə gələn Kənan Məmmədov burada görkəmli sənət adamları ilə qarşılaşır. 40-a yaxın sənədli və bədii film çəkir. 1977-ci ildə ilk dəfə "Ovçu, vurma məni" sənədli filmi ilə yaradıcılığa başlayan K.Məmmədov bir sıra sənədli filmlər müəllifi kimi tanınmış, sonradan bədii kinoya da öz qiymətli töhfələrini vermişdir. "Bircəciyim", "Özgə ömrü", "Kölgədə 40 dərəcə isti", "Doğma sahillər", "Gecə qatarında qətl", "Ölümündən yeddi gün sonra", "Təhminə", "Fəryad", "Otel otağı", "Ovsunçu", "Küçələrə su səpmişəm", "Qala", "İstanbul reysi" kimi bədii filmlər yaradan operator bu gün də kamera arxasındadır. Hələlik isə son işi rejissor Ənvər Əblucun "Tərsinə çevrilmiş dünya" (filmin çəkiliş adı belədir) filmidir.

Aydın Kazımzadə qeyd edir ki, Kənan istedadlı yaradıcı sənətkar olmaqla yanaşı, həm də gözəl ailə başçısı, səmimi dostdur. Kitabda Kənan müəllimin sənət dostlarının onun haqqında xatirələri, çəkiliş meydançasından reportaj xarakterli materiallar da öz əksini tapmışdır. Kinorejissor Xamiz Muradov, yazıçı Çingiz Abdullayev, kinoşünas Rəhman Bədəlov, şair Ramiz Rövşən, kinorejissorlardan Cahangir Zeynallı, Şamil Nəcəfzadə və başqaları onun sənətini yüksək qiymətləndirir, əsərləri haqqında xoş fikirlərini bildirirlər.

Kitabın maraqlı bölmələrindən biri də Kənan Məmmədovun sənət haqqında düşüncələridir. Onlardan birini təqdim edirik: "Kinooperator çətin sənətdir. O mənada ki, gördüklərinin heç də hamısını ekrana çıxara bilmir. Yəni bu ondan asılı deyil. Şair, yazıçı, bəstəkar, rəssam bir guşəyə çəkilib yaradıcılıqla məşğul ola bilir. İstədiyini yaradır. Kino-operator isə rejissordan asılıdır. Çünki çəkiliş meydançasında son sözü rejissor deyir".

Kinoşünas Aydın Kazımzadə yeni kitabında bu çətin sənətin məsuliyyətini 30 ildən artıq çiyinlərində daşıyan istedadlı sənətkar haqqında çox həqiqətləri araşdırıb ərsəyə gətirmişdir.

Bu kitabın kinosevərlər, tələbələr, eləcə də kütləvi oxucular üçün böyük maraq doğuracağı şübhəsizdir.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 6 yanvar.- S. 7.