2010-cu il Azərbaycan
diasporu üçün uğurlu olmuşdur.
(əvvəli qəzetin
6 yanvar 2011-ci il tarixli sayında)
Buxarestdəki
Avropa Nikolae Titulesku Fondunda Rumıniyada təhsil almış
azərbaycanlı tədqiqatçıların doktorluq elmi
işlərindən ibarət kitabların təqdimat mərasimi
keçirilmişdir. Tədbir Heydər Əliyev Fondunun
Rumıniya nümayəndəliyi və Rumıniya-Azərbaycan
Gənclər və Mədəniyyət Assosiasiyasının
dəstəyi ilə həyata keçirilmişdir. Belə
faktlar onlarladır. Artıq Azərbaycan diasporu öz fəaliyyətini
xeyli gücləndirmiş, ölkəmiz haqqında əsl həqiqətlərin
çatdırılmasında fəallıqlarını xeyli
artırmışdır.
Riqada
"Ocaq" Latviya-Azərbaycan Mədəniyyət Mərkəzi
və Diasporla İş üzrə Dövlət Komitəsinin
birgə təşkilatçılığı ilə
keçirilən "Latviyada yaşayan azərbaycanlıların
cəmiyyətə inteqrasiyasında diasporun rolu" adlı
konfrans da bunu təsdiqləyir. Konfransda Latviya parlamentinin
deputatları, Azərbaycan və Latviyanın müvafiq
dövlət orqanlarının nümayəndələri,
diasporumuzun fəalları iştirak etmişlər. Tədbirdə
azərbaycanlıların yerli cəmiyyətə
inteqrasiyası sahəsində qazanılmış uğurlar,
bu prosesə Latviya dövlətinin verdiyi dəstək, iki
ölkə arasında əməkdaşlığın
müasir durumu və perspektivləri müzakirə
olunmuşdur.
Xaricdə
yaşayan azərbaycanlı gənclərin milli-mənəvi
dəyərlərimizə sədaqətinin qorunub
saxlanılması, onların ökəmizin maraqlarının
qorunmasında fəal iştirakının təmin edilməsi
dövlət gənclər siyasətinin prioritet istiqamətlərindəndir.
Diaspor quruculuğunda və Azərbaycan lobbisinin
yaradılmasında gənclərin fəal iştirakı daha
ciddi nailiyyətlər qazanmağa imkan yaradır. Bu
mühüm amili nəzərə almaq və onun real həyatda
öz təsdiqini tapmasına stimul yaratmaq məqsədilə
ötən dövrdə bir sıra əhəmiyyətli tədbirlər
həyata keçirilmişdir. Rusiya Azərbaycan Gəncləri
Təşkilatı (RAGT) artıq 3 ildir ki, "Qanın milləti
yoxdur" şüarı altında geniş xeyriyyə
aksiyası keçirir. Aksiyanın təşəbbüskarı
RAGT-nin başçısı, Heydər Əliyev Fondunun Rusiya
nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevadır.
Xeyriyyə aksiyasında məqsəd onkoloji xəstəliklərdən
əziyyət çəkən uşaqlara yardım göstərməkdir.
Rusiya qanunlarına əsasən xeyriyyəçilik məqsədilə
verilən qana görə pul ödənildiyi üçün
əldə olunan vəsait N.Bloxin adına Rusiya Elmi Uşaq
Onkologiyası və Gematologiyası Mərkəzinin
hesabına köçürülür və xəstə
uşaqların müalicəsinə sərf olunur. Qeyd edək
ki, RAGT Moskvada mütəşəkkil qanvermə aksiyası
keçirən ilk təşkilatdır. Bu aksiya müntəzəm
olaraq hər ay keçiriləcək. Moskvada təhsil alan azərbaycanlı
tələbələr, İ.M.Seçenov adına Moskva Tibb
Akademiyasının həkimləri, habelə Azərbaycan gənclərinin
nümayəndələri könüllü qan vermişlər.
Gənclərimizin
fəallığının artırılması istiqamətində
digər ölkələrdə də mühüm işlər
görülmüşdür. 2010-cü il aprelin 24-də
Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət
təşkilatının təşəbbüsü ilə bu
şəhərdə Ukraynada yaşayan azərbaycanlı gənclərin
I forumu keçirilmişdir. Forumda Ukraynada yaşayan azərbaycanlı
gənclərin əlaqələndirmə şurası
yaradılmışdır. Forum aprelin 24-nün Ukraynada
yaşayan azərbaycanlı gənclərin həmrəylik
günü kimi qeyd olunması ilə bağlı qərar qəbul
etmişdir.
2010-cu ildə
Koreya Respublikasının Xarici Dillər Universitetinin
Türk-Azərbaycan dilləri fakültəsində "BUTA
Azərbaycan mədəniyyət dərnəyi" fəaliyyətə
başlamışdır. Dərnəkdə BUTA Azərbaycan-Koreya
Tələbə Təşkilatının üzvləri Zaur Səfərov
və Çinarə Ağacanova koreyalı tələbələrə
Azərbaycanın milli rəqslərini öyrədəcək,
həmçinin ölkəmizin tarixi, mədəniyyəti,
incəsənəti barədə məlumatları müxtəlif
formatlı tədbirlər keçirməklə koreyalı tələbələrə
aşılayacaq. Azərbaycan dilini öyrənən
koreyalı tələbələr üçün dərnəkdə
"danışıq dərsləri"nin təşkil
olunması da nəzərdə tutulmuşdur.
2010-cu il
may ayının 22-də Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının
(RAGT) II konfransı keçirilmişdir. Konfrans təşkilatın
birillik fəaliyyətinə yekun vurmuş, onun inkişaf
perspektivlərini müəyyən etmişdir. Təşkilatın
sədri Leyla xanım Əliyeva tədbiri giriş sözü
ilə açaraq demişdir ki, real işlər, gerçəkləşdirilmiş
ideyalar, əldə edilmiş məqsədlər bunu inamla
söyləməyə əsas verir ki, RAGT uğurlu qurumdur. O,
qeyd etmişdir ki, təşkilatın bölmələrinin
sayı artıq 60-dan çoxdur və regional bölmələr
fəallıq baxımından mərkəzdən geri
qalmır. Konfransın yekun hissəsində RAGT sədri Leyla Əliyevanın
hesabatı əsasında hazırlanmış qətnamə
seksiyalarda müzakirə olunmuş və yekdilliklə qəbul
edilmişdir.
Həmçinin
2010-cu il oktyabrın 16-da Moskvadakı "Bakı"
kinoteatrında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin
rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının
(RAGT) sədri Leyla Əliyevanın və Ümumrusiya Azərbaycanlıları
Konqresinin (ÜAK) rəhbərlərinin Rusiya ali məktəblərində
təhsil alan azərbaycanlı tələbələrlə
görüşü keçirilmişdir. Görüşdə
Azərbaycan gənclərinin xaricdə təhsili üzrə
Dövlət Proqramı, habelə ÜAK xətti ilə
Moskvanın və Rusiya regionlarının ali məktəblərinə
daxil olmuş azərbaycanlı tələbələr
iştirak etmişlər. 2010-cu ildə RAGT-nin regional bölməsi
tərəfindən Udmurtiyanın İjevsk şəhərindəki
66 nömrəli ümumtəhsil məktəbi bazasında Azərbaycan
həftəsonu məktəbi açılmışdır. Bu
məktəbdə Azərbaycan dili və Azərbaycan tarixi fənləri
tədris edilir.
Prezident
İlham Əliyevin sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Gəncliyi Dövlət
Proqramı"na uyğun olaraq, 2010-cu il noyabrın 27-28-də
Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı
Gənclərinin I Konqresi keçirilmişdir. Azərbaycanın
Diasporla İş üzrə Dövlət Komitəsinin Gənclər
və İdman Nazirliyi ilə birgə təşkil etdiyi tədbirdə
Azərbaycan Respublikasınının dövlət və
hökumət nümayəndələri, bir sıra xarici
ölkələrdəki fövqəladə və səlahiyyətli
səfirləri qonaq qismində iştirak etmişlər. Tədbirdə
Azərbaycandan 41, dünyanın 23 ölkəsindən 131 gənclər
təşkilatının nümayəndəsi, 25 ölkədən
41 diaspor təşkilatının rəhbəri iştirak
etmişdir. Toplantıya fəaliyyət göstərdiyi
qısa müddət ərzində kifayət qədər
böyük işlər görməyə müvəffəq
olmuş Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı-RAGT
23 nəfərlik nümayəndə heyəti ilə
qatılmışdır. Sədrin sözlərinə görə,
4 paneldən ibarət olan Konqresdə xarici ölkələrdə
yaşayan azərbaycanlı həmvətənlərin diaspor
quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının
artırılması, milli-mənəvi dəyərlərimizin
qorunması və mədəni irsimizin təbliğində,
habelə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında gənclərin daha fəal
iştirakı ilə bağlı bir sıra məsələlər
müzakirə olunmuşdur.
Toplantıda
aparılmış müzakirələr və irəli
sürülmüş təkliflər əsasında
üç mühüm sənəd - "Dünya azərbaycanlı
gəncləri I Konqresinin qətnaməsi", "Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə müraciət"
və "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə,
beynəlxalq təşkilatlara, xarici ölkələrin
parlamentlərinə, dövlət və hökumət
başçılarına müraciət qəbul
olunmuşdur.
2010-cu il ərzində
xarici ölkələrdə yaşayan azərbaycanlıların
təşkilatlanması istiqamətində bir sıra
mühüm tədbirlər həyata keçirilmişdir. Bu
dövrdə dünyanın bir neçə ölkəsində,
o cümlədən Almaniya, İsveç, Polşa, Ukrayna,
Rusiya, Türkiyə, Qazaxıstan, Cənubi Koreya və
Gürcüstanda ümumilikdə 15 yeni diaspor təşkilatı
təsis edilmişdir. Ümumiyyətlə, dünyanın
müxtəlif ölkələrində 370-dən çox
diaspor təşkilatı fəaliyyət göstərir.
Bütün bunlara əsasən qətiyyətlə deyə
bilərik ki, indiyədək əldə olunan təcrübə
diaspor təşkilatlarımızın daha yetkin və nəzərəçarpacaq
fəaliyyət göstərməsınə imkan verir.
Diasporumuzun gördüyü işlər yaşadıqları
ölkələrin siyasi həyatına təsir edəcək
səviyyəyə yüksəlir. 2011-ci ildə Azərbaycan
diasporunu gərgin iş gözləyir və bu il diasporumuzun həyatında
çox mühüm hadisələr gözlənilir. Bunlardan ən
vacibi Dünya Azərbaycanlılarının III
Qurultayıdır. Dünya azərbaycanlılarının II
Qurultayının qətnaməsində növbəti
qurultayların hər beş ildən bir keçirilməsi nəzərdə
tutulub. II Qurultaydan keçən dövr ərzində Azərbaycan
diasporunun həyatında kifayət qədər böyük dəyişikliklər
baş verib. 2006-cı il martın 16-da keçirilmiş II
Qurultayda qəbul olunmuş qərarlar diasporumuzun tarixində
yeni mərhələnin əsasını qoyub. Tədbir azərbaycançılıq
ideologiyasının ictimai statusundan, siyasi
baxışlarından, əqidə və
dünyagörüşündən asılı olmayaraq,
bütün azərbaycanlıları öz ətrafında
birləşdirən ümummilli konsepsiya kimi böyük təsir
gücünə malik olduğunu təsdiqləyib. Qurultay
diasporumuzun həyatında ən vacib, ali hadisələrdən
biridir. Çünki bu tədbir dünyada yaşayan azərbaycanlıların
növbəti 5 il üçün fəaliyyətinin əsas
istiqamətlərini, strategiyasını, iş prinsiplərini
və perspektivlərini müəyyən edəcək.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 7 yanvar.- S. 3.