Ordumuz yeni tədris ilinə yeni uğurlarla başladı

 

Ölkədə ordu quruculuğu işinin dövlət rəhbərliyi səviyyəsində prioritet elan olunması bu sahədə kompleks tədbirlərin həyata keçirilməsi ilə müşahidə olunur. Dövlət büdcəsindən orduya ayrılan xərclərin ilbəil artırılması, şəxsi heyətin ixtiyarında olan silah-sursatın və hərbi texnikaların modernləşdirilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində imzalananan qərar və sərəncamlar ölkənin xüsusilə müdafiə qüdrətini artırmış, Silahlı Qüvvələrin döyüş hazırlığında yeni keyfiyyət göstəricilərinin əldə olunması ilə nəticələnmişdir. Ötən il Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iştirakı ilə həyata keçirilən bir sıra mühüm tədbirlər, o cümlədən, müxtəlif güc strukturlarını təmsil edən qoşun növlərinin birgə təlimi ölkədə ordu quruculuğu sahəsində ciddi irəliləyişlərin qeydə alındığını tutarlı şəkildə sübuta yetirdi.

 

Təsadüfi deyil ki, Silahlı Qüvvələrimizin bütün qoşun növlərində yeni tədris ilinə maddi-texniki bazanın yeniləşdirilməsi, dərs və jurnal cədvəllərinin tam tərtib olunması, bir sözlə, təlim-tədris prosesinin dolğun təşkili ilə start verildi. Bu işin Müdafiə Nazirliyi rəhbərliyi tərəfindən birbaşa olaraq yerlərdə, xüsusilə ön xətdə yerləşən hərbi hissələrdə davamlı şəkildə ciddi nəzarətə götürülməsi həyata keçirilən və yüksək döyüş hazırlığını təmin edən kompleks tədbirlərdəndir. Səhra tədris mərkəzlərindəki təlim məntəqələrində bütün zəruri və vacib hazırlıq işlərinin, əyani vəsaitlərin və sxem-planşetlərin vaxtında hazırlanıb yekunlaşdırılması, zabit və əsgərlərin xidməti vəzifələrinə bir qayda olaraq şərəf məsələsi kimi ciddi yanaşması ordumuzun hər bir bölməsində polad nizam-intizama və hərb sənətini şərtləndirən digər mühüm cəhətlərə zəmanət verir. Qış fəslinə keçidlə bağlı şəxsi heyətin və texnikanın mövcud durumu da bu gün komandanlıq tərəfindən nəzarətdə saxlanılan ümdə məsələlərdəndir.

Yeni ilin ilk günlərində ezam olunduğumuz müxtəlif hərbi hissələrdə gördüklərimiz, ilk növbədə, şəxsi heyət arasında əsl ruh yüksəkliyindən xəbər verirdi. Ümumi xidmətin günün tələbləri səviyyəsində qurulması qarşıya çıxan hər hansı çətinliyin vaxtında aradan qaldırılması deməkdir. Ünsiyyətdə olduğumuz əsgər və zabitləri ordu quruculuğu sahəsində əldə olunan uğurların əsl təminatçısı kimi gördük və tanıdıq. Hərbçilərimiz öz üzərlərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirməklə, əslində, dövlətin və xalqın etimadını doğruldur, Vətənə sədaqət andına sadiq olduqlarını sübuta edirdilər. Bu onlar üçün, etiraf edək ki, adi həyat normasıdır. Bu işdə hərbçilərimizin ən böyük dayağı, ilk növbədə, geniş dünyagörüşü və peşəkarlıqdır . Xidməti işə yaradıcı yanaşmaq isə ordu həyatının ümumi və normal ahəngini şərtləndirən faktlardandır. Gərək yiyələndiyin sahənin bütün incəliklərinə dərindən bələd olasan.

Rabitəçi zabit Aydın Mehdiyev də belələrindəndir. Hələ gənc olmasına baxmayaraq, komandanlığın etimadını doğruldur, tabeliyindəki şəxsi heyətin döyüş hazırlığı sahəsində yüksək göstəricilərə nail olmasından ötrü əlindən gələni əsirgəmir. Söhbətimizin ilk anlarından bizdə onun haqqında xoş təəssüratlar oyandı. Müsahibimizin sayılıb-seçilən perspektivli zabitlərdən olduğuna inandıq. Baş leytenant A.Mehdiyevlə söhbətimiz yeni tədris ili və əlbəttə ki, şəxsi heyətin döyüş hazırlığı ilə bağlı oldu. Gənc zabit bizi maraqlandıran suallara özünəxas tərzdə cavab verdi: - Elektrotexnikanın, rabitə və kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi bir dövrdə yeni qurğuları çalışdırmaq hər bir mütəxəssisdən savad və peşəkarlıq tələb edir. Manqalarla apardığımız praktik dərslər nəticəsiz ötüşmür. Hər bir əsgər ixtiyarında olduğu qurğu haqqında mükəmməl anlayışa yiyələnir. Qarşımızda dayanan ən böyük vəzifə muasir naqilli və radioəlaqəli retranslasiya məntəqəsini yaratmaqdır. Şəxsi heyət bu mühüm vəzifənin öhdəsindən uğurla gəlir. Birgə səylərlə yüksək nəticələr əldə edəcəyimizə inanıram. Bunu deməyə komandiri olduğum kollektivin mövcud durumu əsas verir.

Gənc zabitin yüksək intellektual imkanları və geniş dünyagörüşü, o cümlədən tabeliyindəki əsgərlərə diqqət və qayğı ilə yanaşması kollektivin ümumi həyatında mühüm rol oynayıb: hər bir əsgər etibar edilən ixtisasın bütün incəliklərinə mükəmməl yiyələnməyə çalışır, döyüşdə rabitənin və rabitəçinin nə qədər mühüm rol oynadığını dərindər dərk edir. Məsələn, əsgər Rövşən Bağırov bizimlə söhbət zamanı rabitəni döyüş əməliyyatının ən mühüm komponentlərindən biri kimi xarakterizə etdi: Rabitə, komanda anında çevik və dolğun reaksiya deməkdir. O da etibarlı əllərdədir.

Tanış olduğumuz digər əsgərlər də Vətənin sədaqətli müdafiəçiləridir. Onlar qarda,yağışda, gecə-gündüz bilmədən davamlı rabitə əlaqəsi üçün əllərindən gələni əsirgəmir, verilən bütün tapşırıqları yerinə yetirirlər. Elektrik-akkumlyatorçu əsgər Elmi Dövlətov cəmi altı aylıq xidmətinin ancaq yarısını rabitəçi kimi keçirsə də, hərbi hissədə etimad göstərilən nümunəvi mütəxəssislərdəndir. Tez-tez döyüş tapşırığını yerinə yetirmək haqqında əmrlər alır, postlara qalxır. Bölmənin döyuş hazırlığına xələl gətirməməkdən ötrü üzərinə düşən vəzifəni layiqincə yerinə yetirən, göstərilən etimadı doğrultmağa çalışan Elmi Dövlətov çalışqanlığı ilə, həm də digər silahdaşlarına nümunəvi və bacarıqlı olmağı təlqin edir.

Kollektivin mənəvi və psixoloji cəhətdən hazılığı da komandanlığın daim diqqət mərkəzində dayanan məsələlərdəndir. Əsgərlərə vaxtaşırı ölkənin ümumi həyatı ilə bağlı müxtəlif sahələri əhatə edən dərslər keçirilir, xüsusilə, respublikamızın son illər əldə etdiyi uğurlar və ordu quruculuğu haqqında bilgilər verilir. Dövlətin bu mühüm sahəyə göstərdiyi davamlı diqqət və qayğı barədə ətraflı danışılır. Müharibə şəraitində yaşayan respublikamızın həyatında strateji rol oynayan Silahlı Qüvvələrimizə göstərilən etimadın əsas məqsədi və mahiyyəti açıqlanır. Bu isə öz növbəsində şəxsi heyətin ruh yüksəkliyini daim artırmağa imkan yaradır. Haqqında danışılan kollektivdə biz buna bir daha əmin olduq. Azərbaycan ordusunun Cənubi Qafqazın ən güclü, ən qüdrətli bir silahlı qurumu olduğuna şahidlik etdik. Yeni tədris ilinin ilk gunlərindən ordu ailəsinin sərgilədiyi yüksək döyüş hazırlığı, iş və əməl birliyi bu irəliləyişin uzunömürlülüyünə zəmanət verir.

 

 

İbrahim RÜSTƏMOV,

əməkdar jurnalist

 

Xalq qəzeti.- 2011.- 7 yanvar.- S. 3.