"Jurnalistlərin
dostu" mükafatı
mətbuata qayğıya, 2010-cu ildə
qazanılmış uğurlara və gərgin zəhmətə
verilən obyektiv qiymətdir
Jurnalistika çətin sənətdir. Bunu etiraf etmək lazımdır, asan sənət deyildir. Jurnalist gərək daim cəmiyyətlə əlaqədə olsun, insanlarla əlaqədə olsun, cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqədə olsun və müxtəlif yerlərlə təmasda olsun ki, istədiyi məlumatları ala bilsin və onların əsasında istədiyi sahədə öz məqalələrini, öz əsərlərini yaza bilsin. Bu asan iş deyildir. Mən bunu bilirəm və öz fikrimi başqalarına da bildirmək istəyirəm. Ona görə də gərək biz jurnalistlərə kömək edək.
Heydər ƏLİYEV,
Ümummilli lider
Hələ eramızdan əvvəl
yaşamış siyasətçilər müdrikliklə
yazırdılar ki, güclü
ordu, zəngin xəzinə və sədaqətli
saray adamları dövlətin qüdrətini artıran əsas
amillərdir. Ancaq dövləti
qüdrətli, dövlət başçısını nüfuzlu edən ən əsas amil xalqın dövlətə
və dövlət başçısına olan
inamı, etimadıdır. Qədim romalılar etiraf
edirdilər ki,
dövlət başçısının qazana
biləcəyi ən
dəyərli sərvət məhz xalqın inamıdır.
İncədən də incə olan bu həqiqəti biz kitablardan oxumuşduq. Ancaq sonralar həyatda da həmin məqamların
şahidinə çevrildik.
Azərbaycan
ötən əsrin 90-cı illərində öz dövlət
müstəqilliyini bərpa edəndən sonra ölkəyə
rəhbərlik edən şəxslərin xalqın inam və
etimadından məhrum olmasının acı nəticələrinin
şahidinə çevrildikcə 1993-cü ilin yayından
sonra xalqın öz liderinə sevgi və
sayğısının yaratdığı xarüqələrin
məmnunluğunu yaşadıq. Ölkənin ilk prezidenti
qüdrətli sovet güc strukturlarının verdiyi imkanlara
arxayın olsa da, xalqın inamını qazana bilmədiyinə
görə çıxış yolunu qaçmaqda
gördü. Onu əvəz eləmiş, hakimiyyətə
tankla, topla gəlmiş AXC-Müsavat iqtidarı da xalqın
dövlətə inamını bərpa edə bilmədiyinə
görə ölkəmizin şəhər və rayonlarının
işğalının qarşısını ala bilmədi və
əksinə, ölkə daxilində qardaş qanının
tökülməsinə rəvac verildi. Ulu öndər Heydər
Əliyevin siyasi hakimiyyətə qayıdışından
sonra isə xalqla dövlət arasındakı uçurum yox
edildi, ölkə əhalisi müstəqil Azərbaycan dövlətinin
ən qüdrətli dayağına, dəstəyinə
çevrildi. Bu gün - Heydər Əliyev siyasi kursunun
böyük uğur və nailiyyətlərlə davam
etdirildiyi dövrdə isə Azərbaycan dövləti öz
xalqının, Azərbaycan xalqı öz dövlətinin
misilsiz himayədarı kimi çıxış edir. Bunu Prezident
İlham Əliyevin yeritdiyi sosial siyasətlə əlaqələndirənlər
də tamamilə haqlıdırlar. Onların fikrincə
ölkənin bütün regionlarının bərabər
şəkildə inkişaf etdirilməsi, bütün vətəndaşlara
yaşamaq, işləmək, siyasi, elmi, texniki, bədii
yaradıcılıqla məşğul olmaq üçün
bərabər şəraitin yaradılması, özəl
bölmənin qarşısında yaşıl işıq
yandırılması, söz, mətbuat
azadlığının yüksək səviyyədə təmin
edilməsi, istənilən seçkinin özündən əvvəlki
seçkiyə nisbətən daha ədalətli və şəffaf
keçirilməsi, təhsil, səhiyyə, mədəniyyət,
idman sahələrində görünməmiş
uğurların əldə edilməsi və digər amillər
xalqın dövlətə və dövlət
başçısına olan inamını gündən-günə
artırır.
Ancaq
bir çox ekspertlər məsələyə bir qədər
fərqli prizmadan yanaşırlar. Onların fikrincə bu
inamın təməlində Prezident İlham Əliyevin həyata
keçirdiyi konkret tədbirlər və ya
reallaşdırılan proqramlardan öncə dövlət
başçısının şəxsi keyfiyyətləri,
liderlik xarizması dayanır. 2003-cü ilin payızından
ötən dövr sübut etdi ki, İlham Əliyev təkcə
nüfuzlu siyasətçi və ya möhtəşəm idarəetmə
qabiliyyətinə malik dövlət başçısı
deyil, həm də qüdrətli bir liderdir. Onun liderlik keyfiyyətləri
özünü Milli Olimpiya Komitəsinin prezidenti, Dövlət
Neft Şirkətinin birinci vitse-prezidenti və ölkənin
Baş naziri olduğu illərdə aydın şəkildə
göstərmişdi. Dövlət başçısı
seçiləndən sonra Azərbaycan Prezidentinin həmin
liderlik məharətini bütün dünya da gördü və
etiraf etdi. Xüsusən, Prezident İlham Əliyevin həyata
keçirdiyi tədbirlər, atdığı addımlar onu
regionun lider siyasətçisinə çevirdi. Bütün
bunlar 2010-cu ildə daha geniş miqyasda dünya ictimaiyyəti
qarşısında canlandı. Təsadüfi deyil ki, politoloq
və ekspertlər Azərbaycanın 2010-cu ildə əldə
etdiyi uğurlar barədə söz açarkən dövlət
başçımızın "Jurnalistlərin dostu"
mükafatına layiq görülməsini də xüsusi
vurğulayırlar.
Xüsusi
qeyd edilməli məqamlardan biri də odur ki, Avropada və
dünyanın inkişaf etmiş bir çox ölkələrində
siyasətçilərin nüfuzunu onun mətbuata münasibəti
ilə müəyyən edirlər. Əksər sorğu mərkəzləri
dövlət başçılarının reytinqini öyrənmək
məqsədilə respondentlərə
ünvanladığı suallar sırasında kütləvi
informasiya vasitələrinə münasibət məsələsini
də önə çəkirlər. Mətbuat vasitələrinə
fəaliyyət sərbəstliyi verilməyən ölkədə
dövlət başçısının reytinqi həmişə
aşağı olub. Azərbaycanda isə nəinki dövlət
başçısının reytinqi ildən-ilə yüksəlir,
üstəlik, o, 2010-cu ilin yekunlarına görə
"Jurnalistlərin dostu" mükafatına layiq
görülmüşdür. Qalibi müəyyən etmək
üçün ötən il dekabrın 1-dən 20-dək
keçirilən sorğuda rəyi soruşulanların 81 faizi
bu nominasiyaya məhz Prezident İlham Əliyevin layiq
olduğunu bildirib. Nəyə görə?
Həmin
sualın cavabını "RUH" Azərbaycan Jurnalistləri
Müdafiə Komitəsi idarə heyətinin üzvü, Mətbuat
Şurasının sədri Əflatun Amaşov dekabrın
29-da "Gülüstan" sarayında mükafatın
Prezident İlham Əliyevə təqdim edilməsi mərasimindəki
çıxışında vermişdi: "2010-cu ildə
jurnalistikamızın həyatı əlamətdar hadisələrlə
zəngin olub. Cənab Prezident, mətbuatımızın 135
illik yubileyi münasibətiylə imzaladığınız sərəncama
əsasən Bakıda və bölgələrdə
çoxsaylı tədbirlər keçirilmişdir. Təqribən
40 KİV-in hər birinə birdəfəlik yardımlar edilib
ki, bunun da ümumi məbləği 1 milyon manata
yaxındır. Dövlətimizin
başçısının sərəncamları ilə
100-dən çox media təmsilçisi "Əməkdar
jurnalist", "Əməkdar mədəniyyət
işçisi" fəxri adlarına layiq
görülmüş, "Tərəqqi" medalı ilə
təltif edilmişdir. İki məsələnin üstündə
xüsusilə dayanmaq istərdim. Azərbaycan Mətbuat
Şurası müasir tələblərə cavab verən
inzibati bina ilə təmin edilmişdir. Jurnalistlərimizin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması məqsədi
ilə Prezident sərəncam imzalamışdır. Bunun sayəsində
çoxsaylı media təmsilçiləri yeni mənzillərlə
təmin olunacaqlar. Təbiidir ki, bütün bunlar 2010-cu ilin
qalibinin seçiminə təsirsiz ötüşə bilməzdi".
Mükafatın
təqdimetmə mərasimində geniş nitqlə
çıxış edən Prezident İlham Əliyevin
söylədiyi bütün fikirlər ölkə ictimaiyyəti,
xüsusən, mətbuat təmsilçiləri tərəfindən
böyük maraq və minnətdarlıqla
qarşılandı. Ancaq dövlət
başçımızın səsləndirdiyi iki məqamı
xüsusilə qeyd etmək zərurəti var. Birinci məqam mətbuat
işçilərinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində
atılan addımlarla bağlı idi: "Bu il
imzaladığım sərəncam və Prezidentin Ehtiyat
Fondundan ayrılmış vəsait sadəcə olaraq birinci
addımdır. Mən bu gün demək istəyirəm ki,
bununla biz işimizi bitmiş hesab etmirik. Gələcəkdə
buna bənzər addımlar atılacaq və yenə də
deyirəm, tamamilə təmənnasız
atılacaqdır". Dövlət başçısı
jurnalistlərin problemlərinin təmənnasız olaraq daim diqqət
mərkəzində olacağını söyləyir:
"Bir daha demək istəyirəm ki, aldığım bu
mükafatdan asılı olmayaraq, mən bundan sonra da
çalışacağam ki, Azərbaycanda bu sahədə
daha da böyük addımlar atılsın... Ölkədə
müasir jurnalistikanın formalaşması işində Azərbaycan
dövləti və Prezident kimi mən səylərimi əsirgəməyəcəyəm".
Beləliklə,
ölkədə cəmiyyət həyatının
bütün sahələrində müasirləşməyə,
yeniliyə, tərəqqiyə yollar açan Prezident İlham
Əliyev qarşıya başqa bir vəzifə də qoyur:
Müasir jurnalistikanın formalaşdırılması. Əminik
ki, son 7 ildə irəli sürülən bütün ideyalar,
təsdiq olunan proqramlar kimi bu məsələ də öz
müsbət həllini tapacaq. Təbii ki, hamının,
xüsusən, biz mətbuat işçilərinin fəal
iştirakı ilə.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 7 yanvar.- S. 2.