Ötən il Azərbaycanda
dayanıqlı makroiqtisadi sabitlik hökm
sürmüşdür
Ötən il Azərbaycan
iqtisadiyyatında artım və inkişaf prosesləri davam
etmiş, dayanıqlı makroiqtisadi sabitlik hökm
sürmüşdür. Ölkə iqtisadiyyatının maliyyə
dayanıqlığı daha da güclənmiş, valyuta
ehtiyatlarının əhəmiyyətli artımı baş
vermişdir. Bununla əlaqədar Mərkəzi Bankın
2011-ci il üçün pul siyasətinin əsas istiqamətləri
barədə bəyanatında bildirilir ki, ötən il bank
pul siyasətinin bəyan olunmuş başlıca istiqamətlərinə
uyğun olaraq öz fəaliyyətini inflyasiyanın məqbul
səviyyədə saxlanmasına, manatın məzənnəsinin
sabitliyinin qorunmasına, bank-maliyyə sektorunda sabit
inkişafın və dayanıqlığın təmin
olunmasına yönəltmişdir. Bu hədəflərin
reallaşdırılması çərçivəsində
Mərkəzi Bank il ərzində öz siyasətinə
çevik korreksiyalar etməklə makroiqtisadi və maliyyə
sabitliyini qorumuş, habelə iqtisadi artıma zəruri dəstək
vermişdir.
Mərkəzi Bankın 2011-cu il və strateji dövr üçün fəaliyyətinin əsas istiqamətləri son qlobal meyillərə və milli iqtisadiyyatın yeni inkişaf çağırışlarına əsaslanır. Pul siyasətinin başlıca hədəfini makroiqtisadi sabitliyin təmin olunması təşkil edəcəkdir. Bank sektorunda maliyyə sabitliyinin təmin olunması Mərkəzi Bankın digər hədəfi olacaqdır. Bu hədəflərə nail olmaq üçün Mərkəzi Bank pul siyasətinin və bank nəzarətinin strateji çərçivəsinin davamlı təkmilləşməsini həyata keçirəcəkdir. Eyni zamanda makroiqtisadi koordinasiyanın daha da güclənməsinə və bank sektorunun maliyyə dərinliyinin artırılmasına zəruri dəstək veriləcəkdir.
Bəyanatda ölkə iqtisadiyyatında ötən il baş verən proseslərə geniş yer verilmişdir. Göstərilmişdir ki, 2010-cu ildə qlobal böhranın neqativ təsirlərinin neytrallaşdırılması şəraitində iqtisadi artımın mənbələri daha da canlanmağa başlamışdır. Ötən ilin 11 ayında iqtisadi artım 4,5 faiz olmuş, o cümlədən qeyri-neft sektoru 5,9 faiz artmışdır. Sənayedə faktiki istehsal indeksinin və istehsal güclərindən istifadə səviyyəsinin yüksəlməsi müşahidə olunmuşdur.
Mikroiqtisadi monitorinqlərə görə istehsalı və dövriyyəsi çoxalan müəssisələrin sayı ötən illə müqayisədə artmışdır. Qeyri-neft sənayesində artım 5,9 faiz olmuş, sənaye, xidmət və ticarət üzrə Biznes İnam İndeksi 2009-cu ilə nəzərən yaxşılaşmışdır. Bu şəraitdə iqtisadiyyatda məşğul olanların sayı artmış, sənaye, xidmət, ticarətdə məşğulluq gözləntiləri ötən illə müqayisədə yaxşılaşmışdır.
Ötən ilin 11 ayında əhalinin nominal pul gəlirlərinin 12 faiz, ev təsərrüfatlarına bank kreditlərinin isə 14,7 faiz artımı daxili tələbin artmasına müsbət təsir etmişdir. Son aylar ticarət şəbəkəsində uzunmüddətli istifadə əşyaları üzrə yığılmış ehtiyatların azalması müşahidə olunmuşdur. Ticarətdə faktiki satış, xidmətdə isə tələb indeksinin yüksəlməsi baş vermişdir. Ötən 11 ayda investisiya qoyuluşları 15,2 faiz, o cümlədən qeyri-neft sektorunda 7,7 faiz artmışdır. Qlobal böhranın təsirlərinin sovuşması fonunda ölkənin xarici mövqeyində yaxşılaşma davam etmişdir. Cari ildə tədiyə balansına ixrac qiymətlərinin yüksəlməsi, bankların xaricdən kredit cəlb etmək imkanlarının tədricən bərpası, xarici maliyyə axınlarının artması pozitiv təsir etmişdir. 2010-cu ilin 9 ayında cari əməliyyatlar hesabının profisiti ötən ilin eyni dövrünə nəzərən 69 faiz yüksələrək 12 milyard dollara yaxınlaşmışdır ki, bu da kapital hesabının kəsirini örtərək valyuta ehtiyatlarını 9,7 milyard dollardan çox artırmışdır. Strateji valyuta ehtiyatları 2010-ci il dekabrın 1-nə 30 milyard dollara çatmış və 3 illik mal və xidmət idxalına kifayət etmişdir.
2010-cu ildə Mərkəzi Bank makroiqtisadi sabitliyə təsir edən amilləri nəzarətdə saxlayaraq adekvat siyasət həyata keçirmişdir. Pul siyasəti qarşısında qoyulmuş son və aralıq hədəflərə nail olunmuş, pul kütləsi optimal səviyyədə tənzimlənmiş, manatın məzənnəsinin sabitliyi qorunmuşdur. Nəticədə əsas hədəf olan inflyasiya təkrəqəmli səviyyədə qalmışdır.
Mərkəzi Bank məzənnə siyasətini valyuta bazarında təklif kanallarının genişlənməsi şəraitində həyata keçirmişdir. Ötən ilin 11 ayında Mərkəzi Bank valyuta bazarında 1 milyard dollardan çox xarici valyuta alışını həyata keçirmişdir. Manatın ABŞ dollarına qarşı nominal məzənnəsi sabit qalaraq 0,4 faiz möhkəmlənmişdir. Qeyri-neft sektoru üzrə real effektiv məzənnə, demək olar ki, neytral qalmış, Azərbaycanın qeyri-neft ixracının çox hissəsinin getdiyi yaxın xarici ölkələr üzrə isə ucuzlaşmışdır ki, bu da rəqabət qabiliyyətinə müsbət təsir etmişdir.
İqtisadi tsikldəki meyilləri nəzərə alaraq 2010-cu ildə Mərkəzi Bank yumşaq pul siyasətini davam etdirmiş, lakin dəqiqləşmiş proqnozları nəzərə alaraq noyabr ayında pul siyasətinin "neytrallığı" istiqamətində qərarlar qəbul etmişdir. İşgüzar aktivliyi dəstəkləmək üçün ötən ilin oktyabr ayının sonunadək Mərkəzi Bank pul siyasətini dəyişməmiş, uçot dərəcəsi 2 faiz, məcburi ehtiyat norması 0,5 faiz səviyyəsində qalmış, likvidlik pəncərəsi isə açıq saxlanmışdır. Mərkəzi Bankın əməliyyatları hesabına ötən ilin 11 ayında manatla geniş pul kütləsi 20,2 faiz artmışdır. Bu, faiz dərəcələrinə azaldıcı təsir etmişdir. Lakin, ötən ilin II yarısının sonlarında Mərkəzi Bank tərəfindən daim təhlil olunan tsikl göstəriciləri arasında pul siyasətinin korreksiyası lehinə olan göstəricilərin sayı artmağa başlamışdır. Məcmu tələbin canlanması, inflyasiya amillərini və tədiyə balansının proqnozlarını nəzərə alaraq Mərkəzi Bank ötən ilin noyabr ayının 1-dən uçot dərəcəsinin 3 faizə qaldırılmasına dair qərar qəbul etmişdir. Eyni zamanda pul kütləsinin xarici amillərini tənzimləmək məqsədilə bankların xarici öhdəliklərinə 0,5 faizə məcburi ehtiyat norması tətbiq edilmişdir.
Hesabat dövrü ərzində inflyasiya təkrəqəmli səviyyədə qalmış, ötən ilin 11 ayının yekunu üzrə orta illik inflyasiya 5,5 faiz, son bir ildə isə 7,4 faiz təşkil etmişdir. Partnyor ölkələrdə inflyasiyanın sürətlənməsi, xüsusən də ərzaq istehsalının azalması inflyasiyaya artırıcı təsir göstərən önəmli amil olmuşdur. Əlverişsiz təbii mühit kənd təsərrüfatı istehsalının azalmasına səbəb olmuş, nəticədə kənd təsərrüfatında istehsalçı qiyməti indeksi ötən ilin 11 ayında 3,7 faiz yüksəlmişdir.
Mərkəzi Bank tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın bank sistemi maliyyə dayanıqlığını qorumuşdur. Bank aktivlərinin keyfiyyət göstəriciləri dayanıqlı hədlərdə qorunaraq sabitləşmiş, real sektorun və əhalinin bank sisteminə vaxtı keçmiş borclarının xüsusi çəkisi 5 faizi keçməmişdir. Potensial risklərin çox hissəsi özəl banklar tərəfindən tanınmış və onlar üzrə zəruri ehtiyatlar yaradılmışdır. Bank sistemi optimal gəlirliyini qorumuş və investisiya cəlbediciliyini saxlamışdır. Hazırda ümumi likvidlik səviyyəsi yüksəkdir. Bank sektoru potensial risklərin örtülməsi və aktivliyin dəstəklənməsi üçün zəruri kapital səviyyəsinə malikdir. Kapitalın adekvatlıq göstəricisi 12 faizlik normaya qarşı 16,8 faiz təşkil edir. Bank sektorunun regional şəbəkəsi və regionlarda iqtisadi subyektlərin bank xidmətlərinə çıxış imkanları genişlənmişdir. Regionlara kredit qoyuluşları 12 faizdən çox artmış, bank filiallarının sayı 316-ya çatmışdır. "Azərpoçt" layihəsi uğurla başa çatdırılmış, poçt şöbələri məhdud bank əməliyyatları aparmağa başlamışlar. Poçt-bank sisteminin fəaliyyətə başlaması regionlarda maliyyə xidmətləri şəbəkəsinin genişlənməsinə və rəqabət mühitinin yaxşılaşmasına imkan yaratmışdır.
İpoteka kreditləşməsi cari ildə də iqtisadi aktivliyin dəstəklənməsində mühüm rol oynamışdır. İpoteka kreditləşməsi üçün dövr ərzində bazar resurslarının cəlb olunması praktikası davam etdirilmişdir. Ötən ilin 11 ayında İpoteka Fondu vasitəsilə müvəkkil kredit təşkilatları tərəfindən ümumilikdə 2213 nəfərə 87.3 milyon manat məbləğində ipoteka krediti, o cümlədən 453 nəfərə 15 milyon manat məbləğində sosial ipoteka verilmişdir. Eyni zamanda, son qlobal maliyyə böhranı nəzərə alınmaqla ipoteka mexanizmində adekvat təshihlər aparılmışdır. İpoteka kreditləri üzrə portfel yüksək dərəcədə sağlam olmuş və kreditlər üzrə ödənişlərdə gecikmələr müşahidə edilməmişdir.
Bəyanatda həmçinin Azərbaycan iqtisadiyyatının proqnozları da öz ifadəsini tapmışdır. Bildirilir ki, makroiqtisadi proqnozlar 2011-ci ildə Azərbaycanın xarici iqtisadi mövqeyinin əhəmiyyətli dərəcədə güclənəcəyini göstərir. Qlobal iqtisadi artım şəraitində 2011-ci ildə əsas ixrac məhsulları qiymətlərinin əlverişli qalacağı və neft gəlirlərinin artacağı, xaricdən ölkəyə maliyyə-investisiya axınının güclənəcəyi proqnozlaşdırılır. Tədiyyə balansının cari hesabında əhəmiyyətli profisitin qalacağı, strateji valyuta ehtiyatlarının isə daha da artacağı gözlənilir. Ölkənin kredit reytinqinin yüksəlməsi isə iqtisadiyyata xarici kapital axınlarının artması üçün əlverişli şərait yaradır. Bütün bunlar 2011-ci ildə manatın məzənnəsinə və pul kütləsinə təsir edəcək fundamental amillərdir.
2011-ci ildə daxili tələbin "təmkinli" artımı, xarici tələbin isə tədrici yüksəlişi şəraitində iqtisadi artımın davam edəcəyi proqnozlaşdırılır. Ölkənin sosial-iqtisadi inkişaf proqnozlarına uyğun olaraq neft sektorunun stabilləşməsi şəraitində iqtisadi artımın başlıca olaraq qeyri-neft sektoru hesabına olacağı gözlənilir. Bunun da əsasən daxili tələbdən qaynaqlanacağı ehtimal olunur. Dövlət xərclərinin və özəl tələbin təkrəqəmli templə artması, qeyri-xammal ixracının tədricən genişlənməsi qeyri-neft sektorunda artım templərini formalaşdıran başlıca amillərdir. Bu şəraitdə 2011-ci ildə ümumi daxili məhsulun potensial və faktiki səviyyəsi arasındakı fərqin azalacağı gözlənilir.
Bu il və gələcək dövrdə Mərkəzi
Bank başlıca vəzifəsini makroiqtisadi və maliyyə
sabitliyinin qorunmasında və bu məqsədlə pul və
maliyyə sabitliyi siyasəti strategiyalarının təkmilləşməsində
görür. Bu, uzunmüddətli dövrdə
dayanıqlı və dinamik iqtisadi artımın
başlıca şərtlərindən biridir. Dayanıqlı
iqtisadi artıma nail olunmasında ölkənin ixrac
potensialının tam reallaşması və diversifikasiya
başlıca vasitədir. Bunun əsas şərtləri
birbaşa xarici investisiyaların həcminin
artırılması, kapital bazarının dərinləşməsi,
institutların və insan kapitalının
inkişafıdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 7 yanvar.- S. 1.