Laçınlı məcburi köçkünlər ölkə Prezidentinin gündəlik diqqət və qayğısını yüksək qiymətləndirirlər

 

Ağcabədi - Zərdab yolunun üstündə günbəgün, aybaay, ilbəil böyüyən, inkişaf edən, gözəlləşən bir qəsəbə var: Taxtakörpü qəsəbəsi. Müasir üslubda tikilmiş müxtəlif təyinatlı binaların, park və meydanların, ağac və gül kollarının çoxu ötən ilin yadigarlarıdır. Əvvəllər yerindən-yurdundan didərgin düşmüş insanlar kimi, rayonun idarə, müəssisə və təşkilatları da müxtəlif yerlərdə fəaliyyət göstərirdi. Bu isə, əlbəttə, bir sıra çətinliklər törədir, işin vaxtında və operativ təşkilinə mane olurdu. İndi isə onların hamısı Taxtakörpü qəsəbəsində yerləşir.

 

Onu da deyək ki, son vaxtlar dəyişən, gözəlləşən, abadlaşan təkcə Taxtakörpü qəsəbəsi deyil. Hazırda bu ərazidə - Ağcabədi və İmişli rayonlarının qış yataqlarında Laçının 86 obası var. Ötən illər ərzində elə bir oba yoxdur ki, orada abadlıq və quruculuq işləri aparılmasın, su, yol, rabitə, elektrik və başqa vacib sosial məsələlər öz müsbət həllini tapmasın. Elə isə, gəlin ötən ilin sosial-iqtisadi yekunlarına qısa da olsa nəzər salaq.

2010-cu ildə Taxtakörpü qəsəbəsində Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi üçün yeni inzibati bina tikilib istifadəyə verilmişdir. Rayon Təhsil şöbəsinin, 121 saylı Laçın dairə seçki komissiyasının, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin binalarının dam örtüyü yararsız vəziyyətdə olduğu üçün metal kirəmitlə əvəz olunmuş, binaların fasadları rənglənmişdir. Eyni zamanda, Taxtakörpü ərazisində və respublikanın digər rayonlarında fəaliyyət göstərən 20 ümumtəhsil məktəbində, 3 səhiyyə və 6 mədəniyyət müəssisəsində cari və əsaslı təmir işləri həyata keçirilmişdir. "Dünyaya baxış" Beynəlxalq Humanitar Təşkilatının maliyyə dəstəyi ilə hər biri 100 yerlik iki uşaq bağçası tikilmişdir. Taxtakörpü ərazisində yolların cari təmiri, nasos alınması, elektrik təchizatı və digər məsələlərlə bağlı 26 mikrolayihə həyata keçirilmişdir.

Taxtakörpü qəsəbəsində ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş rayon şəhidlərinin adlarının əbədiləşdirilməsi məqsədi ilə Xatirə Kompleksi ucaldılaraq ətrafı abadlaşdırılmışdır. Ərazidəki yollarda 2000 kvadratmetr səki aqlayla üzlənmiş, 400 kvadratmetr sahəyə örtük döşənmişdir. Qəsəbədə Gənclər parkı yaradılmış və həmin parkda 600-dək müxtəlif ağac və gül kolları əkilmişdir. 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə bağlı rayon sakinlərinin məskunlaşdığı ərazilərdə 7 minədək ağac əkilmiş və həmin onlara qulluq göstərilməsi ilə bağlı lazımi şərait yaradılmışdır.

Ərazidə məskunlaşmış məcburi köçkünlərin elektrik enerjisi ilə bağlı problemlərinin həll olunması məqsədilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin köməkliyi ilə 4 ədəd müxtəlif gücə malik transformator yenisi ilə əvəz edilmişdir. Daxili imkanlar hesabına 10 ədəd transformatorda, 20 kilometr uzunluğunda elektrik hava xəttində əsaslı, 60-dək müxtəlif gücə malik transformatorda, 130 kilometr uzunluğunda elektrik hava xətlərində cari təmir işləri aparılmışdır.

Taxtakörpü ərazisində təsərrüfat suyuna olan tələbatın ödənilməsi məqsədilə 40-dan çox nasos, hidrotexniki qurğu əsaslı və cari təmir edilmiş, 1,5 kilometr uzunluğunda boru kəmərində qaynaq işləri aparılmış,100 kilometr uzunluğunda kanallar lildən təmizlənmişdir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Taxtakörpü ərazisində torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə 1006 hektar sahədə 750 metr beton üzlüklü, 3500 metr açıqsuyığıcı kanal, 11786 metr qapalı dren, kanal üzərində 6 körpü tikilmişdir.

İçməli su təminatının yaxşılaşdırılması məqsədilə ərazidəki şəbəkələrdə yararsız xətlərin 2060 metrlik hissəsi yenisi ilə əvəz edilmiş, 4300 metr hissəsində isə təmir işləri aparılmışdır. "Dünyaya baxış" Beynəlxalq Humanitar Təşkilatı ilə aparılmış məqsədyönlü iş nəticəsində həmin təşkilat tərəfindən Taxtakörpü su anbarından Qarakeçdi və Şeylanlı obalarına gedən və magistral içməli su xəttinin yararsız vəziyyətdə olan 8,7 kilometr hissəsi plastik boru ilə əvəz olunmuş, 5 yerdə bulaq tikilmişdir. Su xəttinin açılışında Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe iştirak etmişdir.

Rayonun 55 saylı Yol İstismar İdarəsi tərəfindən Taxtakörpü - Mais və Taxtakörpü - Alxaslı avtomobil yolunun 60 kilometr hissəsində cari təmir işləri həyata keçirilmiş, daxili yollara və meydanlara 10000 kubmetr asfalt beton örtük çəkilmişdir.

Taxtakörpü qəsəbəsinə təbii qaz xəttinin çəkilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Dövlət Neft Şirkətinə məktubla müraciət olunmuşdur. Ölkə Prezidenti İlham Əliyevin laçınlı məcburi köçkünlərə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi olaraq artıq təbii qaz xəttinin çəkilişində işlər tamamlanmaq üzrədir.

Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 31 oktyabr 2007-ci il tarixli Əlavələrin icrası ilə əlaqədar olaraq, Laçın rayonundan olan 313 məcburi köçkün ailəsinin məskunlaşdığı Taxtakörpü, 239 laçınlı ailəsinin məskunlaşdığı "Alman" və "Yastıyol" fin tipli qəsəbələrindəki sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə cəmi 552 ailəlik bütün infrastruktura malik qəsəbənin tikintisi üçün 111 hektar torpaq sahəsi ayrılmışdır. 2009 - 2010-cu illərdə qəsəbənin tikinitisi ilə bağlı layihələndirmə işləri başa çatmış, tikintiyə vəsait ayrılmışdır. Həmin vəsaitlə qəsəbədə 49 birotaqlı, 194 ikiotaqlı, 237 uçotaqlı, 72 dördotaqlı ev, orta məktəb, 50 yerlik uşaq bağçası, klub, icma mərkəzinin tikilməsi, 110 min kilovoltluq yarımstansiyanın quraşdırılması nəzərdə tutulmuşdur.

28 dekabr 2010-cu il tarixdə Taxtakörpü ərazisində həmin qəsəbənin tikintisi ilə bağlı təməlqoyma mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rövşən Ağayev, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, Milli Məclisin deputatı Ayaz Orucov və digər qonaqlar iştirak etmişdir. Bundan başqa, Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli sərəncamı ilə Taxtakörpü ərazisində məskunlaşmış məcburi köçkünlər üçün 3400 evin tikintisi üçün 627,4 hektar torpaq sahəsi ayrılmış və hazırda layihələndirmə işləri başa çatmaq üzrədir.

Ötən ilin aprel-may aylarında respublika ərazisinə yağan aramsız güclü yağışlarla əlaqədar Kür çayının səviyyəsinin xeyli artması, Qarqar çayının daşması, Mil - Qarabağ kollektorunda suyun çoxalması və qrunt sularının yer səthinə qalxması nəticəsində Taxtakörpü ərazisində istismar müddəti başa çatmış fin evləri və çiy kərpicdən tikilmiş qamış daxalları, əkin sahələrini su basmış, ərazidəki evlərin əksəriyyəti qəzalı vəziyyətə düşmüşdür. Eyni zamanda, 1034 hektar taxıl sahəsi su altında qalmışdır. Yaranmış ağır vəziyyətlə əlaqədar rayonun bütün idarə və müəssisələri səfərbər olunaraq Kür çayının Ağcabədi rayonu ərazisindən keçən sağ sahili boyunca bəndbərkitmə işlərinə cəlb edilmiş, evlərə dolmuş qrunt sularının kənara axıdılması üçün 20-dən çox nasos alınaraq qabaqlayıcı tədbirlər görülmüşdür.

2010-cu il ərzində laçınlı məcburi köçkünlərin məskunlaşdıqları 70 yaşayış məntəqəsində rayonun idarə, müəssisə rəhbərləri ilə birgə görüşlər keçirilərək 800-dən çox məcburi köçkün səyyar qəbul edilmişdir. Qaldırılmış problemlər ciddi nəzarətə götürülmüş və həlli yerli icra hakimiyyətləri səviyyəsində olan bütün problemlər öz həllini tapmışdır.

Məcburi köçkünlərin yaşayış şəraitinin, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmsı istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, rayonun maddi cəhətdən imkansız ailələrinə diqqət artırılmışdır. Qızıl Aypara Cəmiyyətinin rayon komitəsi tərəfindən Bakı və Sumqayıt şəhərlərində məskunlaşmış 130 nəfər tənha, imkansız və şəhid ailəsinə ərzaq yardımları edilmişdir. Rayon həmkarlar təşkilatı tərəfindən 300-dən çox imkansız ailəyə maddi köməklik olunmuşdur. Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin 19 saylı zona şöbəsi tərəfindən Novruz bayramı münasibətilə və Əlillər günü ərəfəsində 60 nəfər əlilə 2400 manat məbləğində maddi yardım göstərilmişdir. 5 nəfər əlilin pansionatda müalicəsi təmin olunmuşdur. Böyük Vətən Müharibəsi veteranı İbis Abbasov minik avtomobili ilə təmin edilmişdir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Vergilər Nazirliyi tərəfindən Taxtakörpü ərazisindəki 3 mindən çox ailəyə ərzaq yardımı paylanılmışıdır. Bundan başqa, daxili imkanlar hesabına Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Tərtər rayonlarında, Naftalan və Şirvan şəhərlərində məskunlaşmış 1000-dən çox ailəyə ərzaq yardımı edilmişdir.

Ötən il kənd təsərrüfatı məhsulları istehsalı sahəsində də irəliləyiş əldə edilmişdir. Hazırda rayonda 29089 baş iri, 197093 baş xırda mal var ki, bu da ötən ilin eyni dövründəkindən müvafiq olaraq 1902 və 1231 baş çoxdur. Ötən il təbii fəlakətin vurduğu ziyana baxmayaraq 2161 hektar taxıl sahəsindən 5,6 min ton məhsul əldə olunmuşdur. Taxıl istehsalçılarının istifadə etdikləri yanacaq və yağlara görə kompensasiya ödənişi plastik kartlarla öz sahiblərinə çatdırılmışdır.

2010-cu ildə təhsil, səhiyyə, mədəniyyət məsələləri də diqqət mərkəzində olmuş, ən əsası isə odur ki, sahənin maddi-texniki bazası xeyli möhkəmləndirilmişdir.

Ən əlamətdar hadisələrdən biri 2010-cu ilin fevral ayında ölkə Prezidenti İlham Əliyevin xeyir-duası ilə rayonun qocaman təhsil ocaqlarından biri Minkənd orta məktəbinin 120 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsidir. Yubiley münasibəti ilə ölkə başçısının müvafiq sərəncamları ilə 2 müəllim "Tərəqqi" medalı ilə təltif olunmuş, 1 müəllim isə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür. Minkənd orta məktəbinin 120 illik yubileyi ilə bağlı film çəkilmiş, məktəbin tarixi və fəaliyyəti ilə əlaqədar məlumat kitabçası hazırlanmışdır.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca, şair Ənvər Əhmədlə rayon ictimaiyyətinin görüşü, respublikanın tanınmış sənət adamlarının iştirakı ilə "Qış nağılı" adlı bayram konserti, Taxtakörpü qəsəbəsində Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun iştirakı ilə "Ulu sazın sehri" adlı tədbir və s. 2010-cu ilin yaddaqalan hadisələrindəndir.

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov daha çox çevik, operativ iş üslubu ilə fərqlənir, daim adamlar arasında olur. Başçı qəbul günlərini çox hallarda bilavasitə yerlərdə keçirir, intizam və tələbkarlığı daim diqqət mərkəzində saxlayır. Bəs, işin bu cür təşkili konkret olaraq nə verir? Elə bil, icra başçısı məhz bu sualımızı gözləyirdi:

- Bilirsinizmi, - dedi, - indi bizim başqa cür işləməyə, sadəcə olaraq, ixtiyarımız yoxdur. Özünüz təsəvvür edin, laçınlılar respublikanın 58 şəhər və rayonunda məskunlaşıb. Bəs, onlarla əlaqəni necə qurmalı? Axı insanların yüz kilometrlərlə yol qət edib Taxtakörpüyə gəlmələri, görün, nə qədər vaxt tələb edir. Onları narahat edən qayğı və problemlər isə təcili olaraq öz həllini gözləyir. Deməli, adamların köməyinə vaxtında çatmaq, onları narahat edən problemlərin həllinə nail olmaq bizim təkcə vəzifə deyil, həm də insani borcumuzdur.

- Yerlərdə keçirilən belə görüş və qəbul günlərində mən də iştirak etmişəm. Daha çox adamları razı salan odur ki, onların problem və çətinlikləri elə yerindəcə, operativ həll olunur...

- Mən yerlərdə keçirilən qəbul günlərinə, əlbəttə, tək getmirəm. Əlaqədar idarə, müəssisə və təşkilat rəhbərləri də həmin görüşlərdə iştirak edirlər. Digər tərəfdən, laçınlıların məskunlaşdıqları rayonların rəhbərləri də kənarda qalmır. İşin bu cür təşkili isə qaldırılan hər hansı problemin operativ həllini təmin edir.

- Sizinlə söhbətə hazırlaşarkən ayrı-ayrı şöbələrdən arayışılar almışam. Ötən il respublikanın rəhbər təşkilatlarına, o cümlədən rayon icra hakimiyyətinə daxil olan ərizə və şikayətlərin sayı xeyli azalıb...

- Elədir. Burada əsas cəhətlərdən biri bayaq dediyimiz görüş və qəbul günləridir, əhalini narahat edən məsələnin bilavasitə yerlərdə operativ həll olunmasıdır. Bütün sahələrdə olduğu kimi, burada da bizim qarşımızda böyük nümunə, örnək olası məktəb və təcrübə var. Bu, ölkə Prezidenti İlham Əliyevin yorulmaz, qətiyyətli, çevik, uzaqgörən daxili və xarici siyasət xəttidir.

Təkcə ötən il dövlət başçısı ölkəmizin nə qədər şəhər və rayonuna səfər etmişdir. Belə görüş və söhbətlər, Prezidentin tapşırıq və tövsiyələri adamlara böyük ruh yüksəkliyi və qələbə əzmi gətirir, onların sabaha olan inam və ümidlərini artırır. Bizim borcumuz və vəzifəmiz isə bax bu zəngin təcrübədən, böyük məktəbdən mümkün qədər çox yararlanmaq, onu öz gündəlik fəaliyyətimizə tətbiq etməkdən ibarətdir.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2011.- 9 yanvar.- S. 5.