Sumqayıt həqiqətləri ingilis dilində

 

Gənclik şəhərində yaşayıb-yaradan əməkdar jurnalist Eyruz Məmmədov 1988-ci ilin fevralında burada törədilmiş faciənin kökünü ətraflı araşdıran cəfakeş müəlliflərdəndir.

 

İyirmi ildən çoxdur ki, həmkarımız yorulmadan həmin planlı təxribatın görünən və görünməyən tərəflərinə "işıq" tutur, keçmiş SSRİ rəhbərliyinin bu məsələdəki subyektiv mövqeyini, Dağlıq Qarabağı Azərbaycandan qoparmağa çalışan ermənilərin xain və fitnəkar simasını konkret faktlar və şahid ifadələri əsasında bacarıqla ifşa edir. "Sumqayıtın əks-sədası" adlı tammetrajlı və beşseriyalı sənədli filmlərin, "28-dən 29-a keçən gecə", "Sumqayıtım mənim", "Bir, iki, üç...", "Gecə... incə gecə" və sair kitabların müəllifi olan Eyruz Məmmədovun bu yaxınlarda həmin mövzuda, özüdünyada başlıca ünsiyyət dili sayılan ingilis dilində daha bir kitabı çap edilib. "Secrets of Sumgait tragedy in 1988..." ("1988-ci il Sumqayıt faciəsinin sirləri...") adlanan bu sanballı nəşrdə əsas diqqət o vaxtkı SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Azərbaycanda etnik münaqişəyə necə başlamasına yönəldilib.

Çeşidli oxucu təbəqəsi üçün nəzərdə tutulmuş kitab "Sumqayıt Professionallarının Potensial İttifaqı" ilə birgə həyata keçirilən "Dünya Birliyinə Sumqayıt hadisələri haqqında həqiqətin çatdırılması" layihəsi üzrə hazırlanıb. Nəşrə Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası köməklik göstərib. Kitabı ingilis dilinə Adilə Ağabəyli tərcümə edib. Redaktor ABŞ-da yaşayan həmyerlimiz Kəmalə Nəcəfovadır.

Yeri gəlmişkən xatırladım ki, sumqayıtlı müəlliflərin hadisələr barədə xarici dillərdə bundan əvvəl də bəzi çap materialları işıq üzü görüb. Məsələn, iki il öncə Musa Həsənovun rəhbərliyi ilə bir qrup müəllif ingilis, alman, fransız və rus dillərində "Erməni fitnəsi-Sumqayıt hadisələri" adlı kitab çap etdirərək yaymışdı. Əlbəttə, bu yöndə göstərilən hər bir təşəbbüs təqdirəlayiqdir.

Eyruz Məmmədov özünün girişdən və 32 fəsildən ibarət sanballı əsərində problemə daha geniş aspektdə yanaşaraq Azərbaycanın qədim torpaqlarından olan Qarabağın tarixi, ermənilərin buraya necə köçürülməsi və yerləşməsi, onlara sığınacaq və çörək verən qonşularına zaman-zaman xəyanət etməsi, tarixi öz xeyirlərinə saxtalaşdırmaq cəhdləri, həmçinin Mixail Qorbaçovun bədnam "yenidənqurma" siyasətindən istifadə edərək DQMV-ni Azərbaycandan ayırıb Ermənistanın tərkibinə qatmaq planları barədə ətraflı məlumatlar verir. Tutarlı dəlillərlə sübut edir ki, Sumqayıtda törədilmiş qırğın da məhz azərbaycanlılarla birgə yaşamağın mümkünsüzlüyü görüntüsünü yaratmaq və beləliklə də Qarabağı Azərbaycandan qoparmaq məqsədi güdürdü. Başqa sözlə, işğalçılıq siyasətinin Sumqayıt "teatrı" mənfur niyyətə çatmaq üçün dünya ictimaiyyətinin çaşdırılmasına, onun gözündə "vəhşi azərbaycanlı" obrazı yaranmasına xidmət edirdi. Ssenari isə Qorbaçovun tapşırığı ilə DTK kabinetlərində yazılıb.

Sumqayıt fətnəkarlığından sonra törədilmiş 20 yanvar hadisələri, Xocalı soyqırımı və Azərbaycanda müharibə alovunun qızışdırılması nəticəsində əzəli torpaqlarımızın, o cümlədən Dağlıq Qarabağa aid olmayan digər rayonlarımızın da işğalı millətimizə düşmən kəsilənlərin və onların havadarlarının əsl xəyanətkar xislətini göstərdi. Dünya ictimaiyyəti bu həqiqəti məhz olduğu kimi görüb dəyərləndirməli və sırf obyektiv qənaətə gəlməlidir. Elə "1988-ci il Sumqayıt faciəsinin sirləri..." kitabı da münaqişədə hansı tərəfin günahkar olması ilə bağlı müəyyən dairələrdə hələ də rast gəlinən tərəddüdlərə son qoymaq, "forpost" Ermənistanın işğalçı bir dövlət olduğunu danılmaz faktlarla bir daha təsdiqləmək baxımından çox dəyərli bir vəsaitdir.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 9 yanvar.- S. 5.