Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin nəticəsidir

 

Azərbaycan Respublikasının iqtisadi qüdrəti ilbəil artır. Bu da ölkəmizdə nəhəng tikinti-quruculuq işlərinin həyata keçirilməsinə, mühüm infrastruktur layihələrinin gerçəkləşdirilməsinə imkan yaradır. Paytaxt Bakıda, eləcə də regionlarda yol-nəqliyyat infrastrukturu təkmilləşdirilir, ən müasir standartlara cavab verən sosial obyektlər inşa olunur. Bu baxımdan yola saldığımız 2010-cu il də ölkəmiz, xalqımız üçün son dərəcə əlamətdar olmuşdur.

 

Ötən ilin son günlərində paytaxt sakinləri üçün əsl bayram töhfəsi olan Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi Azərbaycanın tarixində əlamətdar hadisələrdən biri kimi yaddaşlarda qalacaqdır. Təsadüfi deyil ki, dekabrın 28-də Azərbaycanda ən böyük infrastruktur layihələrindən biri olan Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi mərasimində iştirak edən dövlətimizin başçısı İlham Əliyev bu məsələyə toxunaraq demişdir: "Biz müstəqil Azərbaycanda şəhərimiz, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən bu layihəni həyata keçirdik. Bu, böyük nailiyyətdir, böyük qələbədir. Bu onu göstərir ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan hər şeyə qadirdir".

Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Xatırladaq ki, 2002-ci ilin dekabr ayında keçirilmiş müşavirədə ümummilli liderimiz Heydər Əliyev tərəfindən Bakı şəhərinin su təchizatını yaxşılaşdırmaq məqsədilə Oğuz və Qəbələ rayonlarının ərazisində yerləşən su mənbələrindən paytaxta içməli suyun gətirilməsi məqsədilə yeni kəmərin çəkilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

2005-ci ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə ölkəmizdə su təchizatı və meliorasiya sahəsində görülən işlər və perspektiv layihələrlə bağlı müşavirə keçirilmişdir. Müşavirədə Bakı şəhərinin su təchizatının əsaslı şəkildə yaxşılaşdırılması məqsədilə Oğuz və Qəbələ rayonlarının ərazisindən Bakı şəhərinə məhsuldarlığı saniyədə 5 kubmetr olan su kəmərinin çəkilməsinə dair tapşırıqlar verilmişdir. Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin ölkəmiz üçün xüsusi əhəmiyyətini nəzərə alaraq onun maliyyələşdirilməsinin Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilməsi qərara alınmışdır.

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin milli geoloji kəşfiyyat xidməti arasında bağlanılmış müqaviləyə əsasən Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə Oğuz və Qəbələ rayonlarının ərazisində yeraltı suların kəşfiyyatı və mərkəzləşdirilmiş yeraltı suötürücü qurğular üçün saniyədə 5 kubmetr həcmində istismar ehtiyatlarının hesablanması üzrə lazımi işlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 120-150 metr dərinliyində qazılmış müşahidə (kəşfiyyat) quyularında ekoloji cəhətdən saf, keyfiyyətinə görə beynəlxalq standartlara cavab verən yeraltı suların mövcudluğubol su ehtiyatlarının olması təsdiqlənmiş və bu barədə məlumat verilmişdir.

Oğuz və Qəbələ rayonlarının ərazisindən Bakı şəhərinə yeni su kəmərinin çəkilməsi layihəsi üzrə texniki-iqtisadi əsaslandırma, ilkin layihələndirmə sənədlərinin hazırlanması, idarəetmə və texniki nəzarət məqsədilə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti Almaniyanın "CES Consulting Engineers" şirkəti ilə müqavilə imzalamışdır. Oğuz-Qəbələ-Bakı su kəmərinin layihələndirilməsi və tikintisi üzrə keçirilmiş beynəlxalq tenderin nəticəsinə əsasən Turan Hazinedaroğlu - Tekser İnşaat Sanayi - Gəncə Körpü Tikinti" hüquqi şəxsləri birliyi qalib müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi çərçivəsində tikinti işlərinə 2007-ci ildə başlanılmışdır.

Xatırladaq ki, layihənin əsas məqsədi Oğuz və Qəbələ rayonlarının ərazisindəki yeraltı su mənbələrinin işlədilməsi nəticəsində Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində suyun nəql olunması və beləliklə də, əhalinin yüksək keyfiyyətli su ilə təmin edilməsi idi. Dəniz səviyyəsindən 420 metr yüksəklikdə yerləşən sugötürücü qovşaqda hər birinin həcmi 10 min kubmetr olan iki su anbarı, emalatxana, maşın-mexanizmlər üçün qaraj, anbarlarsair qurğular tikilmişdir.

Ümumi uzunluğu 262,5 kubmetr, diametri 2 min millimetr olan şüşə lifli poliestr borulardan quraşdırılmış kəmər vasitəsilə suyun nasoslardan istifadə edilmədən, öz axını ilə (yəni, elektrik enerjisi sərf olunmadan) Bakı şəhərinə nəql olunması həyata keçiriləcək. Boru kəmərinin çəkilişi üçün şüşə lifli poliestr boruların seçilməsi də təsadüfi deyildi. Çünki bu borular digərləri ilə müqayisədə korroziyaya qarşı yüksək davamlılığı, xüsusən də polad boruya nisbətən iqtisadi cəhətdən bir neçə dəfə sərfəli olması, qaynaqdan istifadə edilmədən asan quraşdırılması, aşınmaya qarşı daha davamlı və sürtünmə müqavimətinin xeyli az olması ilə seçilir. Su kəməri marşrutu boyunca Qəbələ, Şamaxı və Abşeron rayonlarının ərazisində təzyiqnizamlayıcı qurğular tikilmişdir. Ümumi eni 25 metr olan sanitar mühafizə zolağı nəzərdə tutulmuşdur. Su kəməri marşrutu yol boyu 12 çay məcrasını kəsərək onların altından düker tipli qurğu ilə keçirilir. 8 yerdə avtomobil, 2 yerdə isə dəmir yolu ilə kəsişir.

Bakı şəhərinin girişində dəniz səviyyəsinin 190 metr yüksəkliyində kəmərin istismarı ilə əlaqədar inzibati bina, xlorlama məntəqəsi, fiziki-kimyəvi laboratoriya, subölüşdürücü kamera tikilmişsu kəmərinin tam nəzarətdə saxlanması, baş verə biləcək fövqəladə vəziyyətlərin aradan qaldırılmasına operativ müdaxilə edilməsi məqsədilə SCADA sistemi tədbiq edilmişdir.

Oğuz-Qəbələ-Bakı su kəməri ilə şəhərə verilən suyun qəbul edilməsi və paylanması üçün Bakı şəhərində 250 kilometrdən çox su xətti, 15 ədəd nasos stansiyası, 70 min kubmetr tutumu olan yeni su anbarları tikilmiş, ümumi həcmi 100 min kubmetr olan mövcud su anbarları yenidən qurulmuş, 310 kilometrdən çox kanalizasiya xətti çəkilmiş və digər işlər görülmüşdür. Bunlardan əlavə, bir çox zəruri işlərin mərhələlərlə davam etdirilməsi nəzərdə tutulur.

Texniki tələblərə uyğun olaraq su kəməri fevral ayı ərzində tam layihə gücündə işləməyə başlayacaq və ümumilikdə şəhərə verilən suyun həcmi saniyədə 15,2 kubmetrə çatdırılacaqdır. Son illərdə aparılmış yenidənqurma işləri nəticəsində şəhərin 40 faiz fasiləsiz su alan əhalisinin sayı 75 faizə qədər artacaqdır. Eyni zamanda, 60 faiz cədvəl üzrə su alan əhalinin sayı isə 25 faizə qədər azalacaq və cədvəllərin müddətləri iki dəfədən çox uzadılacaqdır.

Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi, heç şübhəsiz, ölkəmizin iqtisadi gücünün təntənəsidir. Məlum olduğu kimi, Azərbaycanda 16 ildən artıqdır ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası uğurla həyata keçirilir. Bu strategiyanın uğurları ölkəmizi gücləndirir, onun iqtisadi qüdrətini artırır. İqtisadiyyatımızın güclənməsi isə, öz növbəsində, Azərbaycanda son dərəcə uğurlu sosial siyasət yeritməyə imkan yaradır. Təsadüfi deyil ki, son illər neft gəlirləri hesabına ölkəmizdə yeni-yeni sosial obyektlər tikilib xalqın istifadəsinə verilir. Elə Oğuz-Qəbələ-Bakı su kəməri də Azərbaycanda həyata keçirilən sosial siyasətin məntiqi nəticəsidir. Kəmərin istifadəyə verilməsi mərasimində dövlət başçısı İlham Əliyev bu barədə demişdir: "Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Bu layihə kommersiya xarakteri daşımır. Bu, sırf sosialyönümlü layihədir və böyük vəsaitin ayrılması onu göstərir ki, Azərbaycan dövləti öz əhalisinin yaxşı, keyfiyyətli içməli su ilə təmin edilməsi üçün hər şeyə qadirdir".

Yeri gəlmişkən, yaxın iki ay ərzində Oğuz-Qəbələ-Bakı su kəmərinin tam gücü ilə işə düşməsi nəticəsində paytaxtın supaylayıcı şəbəkəsi saniyədə 5 kubmetr ekoloji cəhətdən təmiz, saf su qəbul edə biləcəkdir.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2011.- 9 yanvar.- S. 2.