Azərbaycanın
enerji siyasətində mühüm
uğurlar əldə edilmişdir
Azərbaycan
2010-cu ildə bölgənin bir çox ölkəsinə yanacaq
ehtiyatlarının nəqlini həyata keçirməklə diversifikasiya siyasətini gücləndirib.
Ölkəmiz yola saldığımız
ildə dünyanın 30-a yaxın ölkəsinin enerji təminatında mühüm
rol oynamaqla qlobal iqtisadiyyatda xüsusi çəkiyə malik
dövlət olduğunu təsdiqləyib.
Yola
saldığımız ildə Azərbaycan yanacaq-enerji
sektorunda böyük nailiyyətlər əldə edib. Rusiya
istiqamətində Şimal marşrutunun nəql
gücünün artırılması, İrana qaz ixracına
başlanılması, qardaş Türkiyə ilə yeni əsrin
ən mühüm iqtisadi hadisələrindən biri olan
tranzit sazişinin imzalanması, AGRİ layihəsinin əsasının
qoyulması, digər dövlətlərlə yanacaq nəqlinə
dair razılaşmaların əldə olunması, karbohidrogen
ehtiyatlarının axtarış-kəşfiyyat işlərinin
uğurla aparılması və yeni enerji bloklarının kəşf
edilməsi 2010-cu ilin uğurlarını şərtləndirən
amillər kimi dəyərləndirilə bilər.
Ötən
ilin ən zəngin iqtisadi yeniliklərindən biri iyun
ayında Azərbaycanla Türkiyə arasında təbii
qazın satışı və nəqli üzrə sazişin
imzalanmasıdır. Yeni sazişi imzalamaqla Azərbaycan və
Türkiyə regionda əməkdaşlıq və təhlükəsizlik
dəhlizinin möhkəmlənməsi üçün yeni təməllər
yaradıb.
Ötən
il Azərbaycan, Gürcüstan və Rumıniyanın dövlət
başçılarının, Macarıstanın isə
baş nazirinin iştirakı ilə AGRİ layihəsinə
dair imzalanan saziş geoiqtisadi əhəmiyyətinə görə,
böyük strateji məzmun kəsb edir. Bu layihə Xəzər-Qara-Aralıq
dənizlərinin əhatə olunduğu hövzənin enerji
təhlükəsizliyinin təmin olunmasına mühüm
töhfələr verməklə yanaşı, yeni strateji əməkdaşlıq
platformalarının formalaşmasına və uzunmüddətli
perspektivdə davam etdirilməsinə əlverişli zəmin
yaradır. Ötən il "Çıraq" neft layihəsinə
dair imzalanmış sazişin xüsusi əhəmiyyətini
də qeyd edə bilərik. Belə ki, Dövlət Neft
Şirkəti ötən ilin mart ayında bp şirkəti ilə
dəyəri 6 milyard dollar olan "Çıraq" neft layihəsinə
sanksiya verib. Bundan bir müddət sonra isə bp ilə Azərbaycan
arasında ən zəngin neft-qaz bloklarından biri sayılan
"Şəfəq-Asiman" yatağının işlənməsinə
dair saziş imzalanıb. Hazırda isə "Ümid"
yatağının kəşfi davamlı uğurların daha
bir komponenti kimi ölkəmizin iqtisadi qüdrətini
artırır və respublikamızın enerji siyasətini daha
da zənginləşdirir.
Ötən
ilin ən mühüm hadisələrindən biri Oğuz-Qəbələ-Bakı
su kəmərinin istifadəyə verilməsi olmuşdur. Bu
layihə infrastruktur bölməsində ən böyük və
ölkəmiz üçün strateji əhəmiyyəti ilə
diqqəti cəlb edir. Ümumiyyətlə, ötən il
ölkəmizdə iri infrastruktur layihələrinin icrası,
yeni sosial və iqtisadi obyektlərin açılması
baxımından mühüm əhəmiyyət kəsb edir.
2010-cu ildə ölkənin regionlarında mövcud olan
iqtisadi potensialdan səmərəli istifadə olunması,
sosial-iqtisadi vəziyyətin
yaxşılaşdırılması və iqtisadiyyatın
tarazlı inkişafının təmin edilməsi infrastruktur
sahələrinin bərpası və genişləndirilməsinə,
yeni istehsal və emal müəssisələrinin, təhsil, səhiyyə,
idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə
verilməsinə səbəb olub. Regionların iqtisadi
inkişafına dair ilk proqramın uğurla başa
çatmasından sonra qəbul olunmuş ikinci Dövlət
Proqramının 2010-cu ildə icrasının sürətlənməsi
qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin və
müəssisələrin yaradılmasına, bununla əhalinin
məşğulluğunun artırılmasına və yoxsulluğun
azaldılmasına, regionlarda kommunal, xidmət və sosial
infrastruktur təminatının həcmi və keyfiyyətinin
yüksəldilməsinə, iqtisadiyyata investisiya qoyuluşunun
artmasına mühüm təkan verib, bu istiqamətdə
geniş imkanlar açıb.
Əvvəlki
illərdə olduğu kimi, 2010-cu ildə Prezident İlham Əliyevin
bölgələrə müntəzəm səfərlərinin
və rayonlarda əhali ilə keçirilən
görüşlərinin intensiv xarakter alması, eləcə
də, yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtərəfli
tanış olması, regionların inkişafı,
yoxsulluğun azaldılması ilə bağlı müəyyən
edilmiş strateji proqramlar üzrə konkret
tapşırıqlar və göstərişlər verməsi
proqramın icrasının və əhatəliliyinin daha da
sürətlənməsinə səbəb olub.
2010-cu
ildə sahibkarlığın davamlı inkişafı, biznes
və investisiya mühitinin
yaxşılaşdırılması, daxili və xarici
investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun dinamik
inkişafı nəticəsində özəl sektorun ölkə
iqtisadiyyatında payı 80 faizdən çox olub.
Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə
investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin
daha effektiv mexanizminin yaradılması sahibkarların maliyyə
mənbələrinə çıxış
imkanlarını asanlaşdırıb. Ötən dövr ərzində
minlərlə sahibkara kreditlərin verilməsi təmin edilib.
Bu müddət ərzində vergi yükünün
azaldılması və vergi prosedurlarının
asanlaşdırılması, dövlət qeydiyyatında və
sərhəd-buraxılış məntəqələrində
"bir pəncərə" prinsipinin tədbiqi,
sahibkarların investisiya layihələrinin güzəştli
qaydada kreditləşdirilməsi özəl sektorun
inkişafını daha da sürətləndirib.
Azərbaycan
iqtisadiyyatının uğurlu inkişafı, onun davamlı
artımı, maliyyə ehtiyatlarımızın
çoxalması, konstruktiv borclanma siyasəti, habelə onun
böhrana qarşı nümayiş etdirdiyi
dayanıqlılıq beynəlxalq təşkilatlar tərəfindən
yüksək qiymətləndirilməkdədir. Dünyanın
nüfuzlu reytinq agentlikləri və maliyyə institutları
2010-cu ildə də ölkəmizin makroiqtisadi vəziyyəti
barədə qənaətbəxş qiymət verib, nikbin
proqnozlarını açıqlayıb. "Fitch" Beynəlxalq
Reytinq Agentliyi 2010-cu ildə ölkəmizə ilk dəfə
olaraq "sabit" investisiya reytinqini verib. Dünya Bankı və
Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən
hazırlanan "Doing Business 2010" hesabatında isə Azərbaycanın
biznes mühitinin yaxşılaşdırılması sahəsində
islahatçı ölkə mövqeyi yüksək dəyərləndirilib,
həmin hesabatda ölkəmiz öz mövqelərini qoruyub
saxlayıb. Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik
Hesabatı"nda Azərbaycan ötən il olduğu kimi, bu
il də MDB ölkələri arasında liderdir. "Standard
and Poor's" Beynəlxalq Reytinq Agentliyi isə ölkə
iqtisadiyyatını əks etdirən göstəricini
"stabil"dən "pozitiv"ə yüksəldib.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 9 yanvar.- S. 1.