2010-cu ildə Azərbaycanın
xarici siyasəti dövlətimizin strateji maraqlarının təmin
olunmasına xidmət etmişdir
Prezident İlham Əliyev: 5 ildən, 10 ildən
sonra və ondan sonrakı illərdə Azərbaycan yalnız
inkişaf yolu ilə gedəcəkdir
Müstəqil Azərbaycanın
beynəlxalq aləmə inteqrasiyası artıq
xalqımızın maraqları, dövlətimizin mənafeyi
baxımından təmin edilmişdir. Ulu öndər Heydər
Əliyevin düşünüb yaratdığı siyasi kurs
bu inteqrasiyanı bizim üçün gərəkli olan bir məcraya
yönəltmiş, Prezident İlham Əliyev isə dövlətimizin
beynəlxalq aləmlə əməkdaşlıqdan gözlədiyi
nəticələri reallığa çevirmişdir. Üstəlik,
həmin proses bu gün də səbr və təmkinlə,
beynəlxalq təcrübə əsasında, ümummilli
liderimizin arzuladığı səviyyədə davam etdirilir.
Yəni xarici siyasətdə dünyanın istənilən
ölkəsi və bütün beynəlxalq təşkilatlarla
müxtəlif formatlı əməkdaşlığımız
hələ bir neçə il əvvəl öz müsbət
nəticələrini verirdi. İndi əsas vəzifə
yaranmış vəziyyətdən və
diplomatiyamızın qazandığı uğurlardan bəhrələnərək
dövlətimizin strateji maraqlarının təmin
olunmasıdır. 2010-cu il məhz həmin baxımdan dəyərli
və uğurlu olmuşdur.
Ötən il Azərbaycan diplomatiyasının qarşısında duran vəzifələr çox olsa da, əsasən bir sıra mühüm istiqamətlər diqqət mərkəzində saxlanılırdı;
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, Azərbaycanın ərazi bütövlüyünün bərpası çərçivəsində həlli üçün aparılan sülh danışıqlarında müsbət nəticəyə nail olunması.;
Avropa və dünya miqyaslı beynəlxalq təşkilatlarla müxtəlif formatlı əməkdaşlığın nəticələrinin Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldilməsi;
Xəzəryanı ölkələrin (həmin ölkələrlə bir çox beynəlxalq təşkilatlar çərçivəsində genişmiqyaslı əməkdaşlığımız mövcud olsa da Xəzərin statusu məsələsində ümumi razılığa gələ bilməməyimiz rəsmi Bakının daimi diqqət mərkəzindədir) dövlət başçılarının Bakıda keçiriləcək sammitində maksimum nəticələrə nail olma;
Tarixi qonşularımız olan Rusiya, Türkiyə, Gürcüstan və İranla hərtərəfli əməkdaşlığın yeni üfüqlərinin açılması üçün yollar aramaq;
Avropa Birliyi və Qərb ölkələri ilə tərəfdaşlığımızın çoxdan bəri gözlənilən nəticələrinə çatmaq üçün siyasi-diplomatik gedişləri intensivləşdirmək.
Qətiyyətlə deyə bilərik ki, dövlətimiz xarici siyasət sahəsində yetərincə uğurlara imza atmışdır. Bəzi məqamlara konkret şəkildə nəzər salaq.
Birinci: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə - Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi şərti ilə həll olunması üçün apardığımız diplomatik danışıqlar və çoxsaylı görüşlər nəticəsində ötən il dünyanın bütün beynəlxalq təşkilatları Ermənistanın işğalçı dövlət olduğunu etiraf etmiş, Azərbaycanın haqq işini dəstəkləyən bəyanatlar vermişlər. İlin sonunda - dekabrın 12-də Qazaxıstanın paytaxtında keçirilmiş ATƏT-in 7-ci sammiti çərçivəsində qəbul edilmiş Astana Bəyannaməsi bir daha sübut etmişdir ki, dünyanın bütün təşkilatları Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edir. Sammit çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin imzaladığı birgə bəyanatda göstərilirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin dövlət başçılarının 2009-cu ildə İtaliya və 2010-cu ildə Kanadada keçirilmiş G-8 zirvə toplantıları çərçivəsində qəbul edilmiş prinsiplər əsasında həlli vacibdir. Bir daha qeyd edilmişdir ki, 2008-ci ildə Moskvada Rusiya, Azərbaycan və Ermənistan prezidentləri tərəfindən imzalanan bəyanatın əsas müddəalarına - beynəlxalq hüququn norma və prinsiplərinə, bu çərçivədə qəbul edilmiş sənəd və qərarlara əməl edilməsi çağırışına riayət olunmalıdır. Eyni zamanda ötən il Avropa Parlamenti tərəfindən qəbul edilmiş "Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı" adlı qətnamədə Dağlıq Qarabağın və onun ətrafındakı işğal olunmuş rayonların Azərbaycan ərazisi olduğu növbəti dəfə təsdiqlənmiş və Ermənistan silahlı birləşmələrinin işğal edilmiş bütün ərazilərdən çıxarılması, doğma yurd-yuvalarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb olunur.
İkinci: 2010-cu ildə Azərbaycan mötəbər qlobal və regional təşkilatların işində fəal iştirak etmişdir. Ölkəmiz beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığın təminatında ən nüfuzlu beynəlxalq təşkilat olan BMT ilə əldə etdiyi yüksək əməkdaşlıq münasibətlərinin daha səmərəli irəliləyişi istiqamətində səylərini artırmışdır. Ötən il respublikamız YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinə və BMT-nin Avropa İqtisadi Komissiyası nəzdində Ətraf Mühit və Səhiyyə Nazirləri Şurasına üzv seçilmişdir. İslam Konfransı Təşkilatı ilə əməkdaşlığımızın yüksək səviyyəyə qaldırılması da ötənilki uğurlarımızdandır.
Üçüncü: Xəzərin statusunun müəyyən edilməsi üçün uzun illərdən bəri aparılan gərgin danışıqlar, keçirilən çoxsaylı görüşlər, təşkil edilən səfərlər nəhayət ki, ötən il ilk nəticəsini verdi. Bu nəticənin Bakıda - müstəqil Azərbaycanın paytaxtında əldə edilməsi isə dövlətimizin 2010-cu ildə əldə etdiyi çoxsaylı diplomatik uğurlardan biri kimi dəyərləndirilir. Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan prezidentləri Bakıda keçirilmiş III Xəzər zirvə görüşündə ilk dəfə olaraq təhlükəsizlik sahəsində müvafiq sənəd imzaladılar. Zirvə görüşü sənədlərinin arasında həm birgə bəyanatın, həm də protokol qərarının qəbul edilməsi tədbirin yüksək əhəmiyyətinin və məhsuldarlığının göstəricisi idi.
Dördüncü: Azərbaycan Respublikası ötən il özünün tarixi qonşuları olan Rusiya, Türkiyə, İran və Gürcüstanla əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm vermişdir. Prezident İlham Əliyevin bir ildə üç dəfə Rusiyaya (Soçi, Sankt-Peterburq və Həştərxan) rəsmi və işgüzar səfərlər etməsi Azərbaycan-Rusiya münasibətlərinin səviyyəsindən xəbər verirdi. Bu görüş və danışıqlar təkcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün zəmin yaratmır, eyni zamanda başqa məsələlərin həllinə də öz müsbət təsirini göstərirdi. Məsələn, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında müqavilə"nin imzalanması 2010-cu ilin siyasi-diplomatik uğurlarındandır.
Türkiyə Cümhuriyyəti ilə bir neçə beynəlxalq təşkilat çərçivəsində etdiyimiz əməkdaşlıq ötən il İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən X sammitində özünün ən yüksək səviyyəsinə qalxdı. Belə ki, Türkiyə Prezidenti Abdullah Gülün təşəbbüsü ilə yaradılan Əməkdaşlıq və İnkişaf Bankının səhmdarlarından birinin Azərbaycan olması qurumda yüksək qiymətləndirildi. Cənub qonşumuz İranla tərəfdaşlığımız da həm qeyd etdiyimiz Xəzər sammitində, həm İƏT-in İstanbul sammitində, həm də ikitərəfli əməkdaşlığın gündən-günə genişlənməsində öz əksini tapır. Qonşu Gürcüstan isə Azərbaycan neftinin və qazının dünya bazarına çıxarılması işində rəsmi Bakının ən yaxın tərəfdaşlarındandır və 2010-cu ildə bu ölkə ilə əməkdaşlığımız da yüksək səviyyədə öz müsbət nəticələrini vermişdir.
Nəhayət, beşinci: Ötən il Azərbaycan Avropa Şurası, Avropa Birliyi, ATƏT, Avropa Parlamenti, MDB, GUAM, QİƏT və başqa ölkələrlə əməkdaşlıq nəticəsində bir sıra yeni sənədlərin imzalanmasına nail olmuşdur. Ötən il Avropa İttifaqı ilə Azərbaycan arasında "Müasirləşmə üçün tərəfdaşlıq" sənədinin hazırlanmasına dair razılığın əldə edilməsi isə müstəqil Azərbaycanın Avropaya inteqrasiya zamanı qazanacağı çoxsaylı uğurlardan xəbər verirdi.
Bir sözlə, 2010-cu ildə Azərbaycanın xarici siyasəti xalqımızın və dövlətimizin strateji maraqlarının təmin edilməsi üçün reallaşdırılmış və kifayət qədər uğurlu nəticələr əldə edilmişdir.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 9 yanvar.- S. 1.