Azərbaycan dövləti mətbuatın inkişafına xüsusi diqqət yetirir

 

Prezident İlham Əliyevin "Jurnalistlərin dostu" seçilməsi həm də bu həqiqətin səmimi etirafıdır

 

Müasir dünyada mətbuata göstərilən diqqət və qayğı demokratiyanın təcəssümü kimi dəyərləndirilir. Bu mənada demokratik inkişaf yolunu seçmiş ölkələr sözfikir azadlığının bayraqdarı olan mətbuatın cəmiyyət həyatındakı rolunu yüksək qiymətləndirir, onun problemlərinin həllinə xüsusi önəm verirlər. Azərbaycanda bu sahəyə dövlət qayğısı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

 

1993-cü ilin iyun ayında ikinci dəfə siyasi hakimiyyətə gələn ulu öndər mətbuata böyük diqqət və qayğı ilə yanaşırdı. Azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, mətbuat işçiləri ilə mütəmadi görüşlər keçirilməsi, KİV-lə bağlı problemlərə operativprinsipial müdaxilə Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirirdi. 2000-ci ildə məhz onun imzaladığı sərəncamla Azərbaycan milli mətbuatının yubileyinin ölkə səviyyəsində qeyd edilməsi mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdu. 2002-ci ilin martında Prezident Heydər Əliyevin "Jurnalistlərin dostu" seçilməsi ümummilli liderin demokratiyanın mühüm prinsiplərindən olan kütləvi informasiya vasitələrinin inkişafına diqqət və qayğısının məntiqi nəticəsi idi.

"RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin 2010-cu il dekabrın 1-dən 20-dək 30 gündəlik, 19 həftəlik qəzetin, 13 jurnalist təşkilatının, 11 informasiya agentliyinin, 8 xəbər portalının, 7 telekanalın, 3 radio və 2 jurnalın əməkdaşlarının iştirakı ilə keçirdiyi sorğuda Azərbaycan Prezidenti İlham Əliyevin "Jurnalistlərin dostu" seçilməsi də təsadüfi deyil. Dövlət başçısı ulu öndər Heydər Əliyevin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirir, cəmiyyət həyatında kütləvi informasiya vasitələrinin rolunu yüksək qiymətləndirərək demokratik, müstəqil KİV-lərin inkişafına əlverişli şərait yaradılmasını öz siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. O, 2003-cü ildə prezident seçildikdən sonra KİV qanunvericiliyinin təkmilləşdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə çoxsaylı fərman və sərəncamlar imzalayıb. 2003-cü ildə Avropa Şurası ilə əməkdaşlıq şəraitində "Televiziyaradio yayımı haqqında" Qanunun qəbul edilməsi elektron KİV sahəsində qanunvericiliyə nəzarət funksiyasını həyata keçirən müstəqil dövlət orqanı kimi Milli TeleviziyaRadio Şurasının yaradılması, Azərbaycan Dövlət Televiziyası və Radiosunun QSC-yə çevrilməsi, 2004-cü ildə "İctimai Televiziyaradio yayımı haqqında" Qanunun qəbul edilməsi, 2005-ci ildə isə AzTV- 2-nin bazasında İctimai TeleviziyaRadio Yayımları Şirkətinin fəaliyyətə başlaması Azərbaycanda mətbuata qayğını aydın göstərir.

Jurnalistlərin müvafiq strukturlardan informasiya almaq hüquqlarını rəsmiləşdirən "İnformasiya əldə etmək haqqında" Qanun da İlham Əliyevin prezidentliyi dövründə qəbul edilib. Dövlət başçısı 2005-ci il sentyabrın 30-da bu qanunu təsdiq edib. Jurnalist təşkilatları, ATƏT və Avropa Şurasının ekspertlərinin iştirakı ilə hazırlanmış həmin sənəd bu günAvropa məkanında ən mütərəqqi qanunvericilik aktlarından hesab olunur.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2005-ci ildən başlayaraq mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalist əməyinin qiymətləndirilməsi məqsədilə tədbirlərin miqyası genişləndirildi. Həmin ilin iyulunda milli mətbuatın 130 illik yubileyi ilə əlaqədar mətbuat işçilərinin mükafatlandırılması haqqında Prezident sərəncamları imzalandı, 140-dan artıq jurnalist prezident təqaüdünə, "Tərəqqi" medalına və fəxri adlara layiq görüldü, 35 redaksiyaya birdəfəlik maliyyə yardımı göstərildi.

Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 2006-cı il fevralın 8-də imzalanmış "Qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının ödənilməsi barədə" sərəncama əsasən redaksiyaların 450 min ABŞ dolları həcmində borcu dövlət büdcəsindən ödənildi. 2005-ci ildən bu günə kimi Azərbaycanda 300-ə yaxın KİV əməkdaşı dövlət mükafatlarına və fəxri adlara layiq görülüb. 2008-ci ildə 38 redaksiyaya 5 min manat, 2009-cu ildə isə 39 redaksiyaya 10 min manat məbləğində yardım ayrılıb.

Ötən il milli mətbuatın 135 illiyində aparıcı KİV-lərə dövlət tərəfindən edilən birdəfəlik yardımların məbləği daha da artırıldı. Dövlət başçısının imzaladığı "Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında" sərəncama əsasən Prezidentin Ehtiyat Fondundan bir milyon manat məbləğində vəsait ayrıldı, 32 qəzet redaksiyasının hər birinə 20 min manat, 8 informasiya agentliyinin hər birinə isə 10 min manat birdəfəlik yardım göstərildi. Xüsusilə qeyd etmək lazımdır ki, maddi yardımın göstərilməsində mətbuat orqanları arasında heç bir ayrı-seçkiliyə yol verilmədi. Yardımlardan həm müstəqil, həm də müxalifəti təmsil edən KİV-lər yararlandılar. Yeri gəlmişkən, "Səs" qəzeti də bu siyahıda idi.

Prezident İlham Əliyevin keçən il iyulun 22-də imzaladığı "Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında" sərəncamına əsasən, milli mətbuatın inkişafındakı xidmətlərinə görə 38 nəfərə "Əməkdar jurnalist", 15 nəfərə "Əməkdar mədəniyyət işçisi" və 1 nəfərə "Əməkdar mühəndis" fəxri adları verildi. Eyni zamanda, 38 nəfər "Tərəqqi" medalı ilə təltif edildiçox xoşdur ki, mən də o sırada idim.

2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərini nəzərdə tutan başqa bir sərəncam da imzaladı. Sərəncamla mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Beləliklə, dövlət başçısı jurnalistlərin daha bir köklü probleminin həlli istiqamətində növbəti addım atmış oldu. Artıq bu vəsait hesabına tikiləcək bina üçün torpaq sahəsi də ayrılıb. Yaxın vaxtlarda binanın təməlqoyma mərasimi keçiriləcək.

Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata qayğısı sistemli xarakter daşıyır. Hələ 2008-ci ildə ölkə rəhbəri tərəfindən "KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası" təsdiqlənib. Konsepsiyanın hazırlanmasında əsas məqsəd mətbuatın digər sahələrdə gedən sürətli inkişaf tempindən geri qalmaması və eyni zamanda, əldə edilən gəlirlərdən bəhrələnməsini təmin etməkdir. Bununla da dövlət yazılı medianın iqtisadi azadlığının təmin edilməsinə, qəzetlərin maddi-texniki bazasının, maddi imkanlarının yaxşılaşdırılmasına ardıcıl dəstək verməyə başladı.

Konsepsiyanın əsas məqsədi ondan ibarətdir ki, vətəndaş cəmiyyəti quruculuğu prosesində getdikcə rolu artan media, söz və mətbuat azadlığı inkişaf etsin, KİV-in müstəqilliyi dəstəklənsin, redaksiyalara yardım mexanizmləri təkmilləşsin, jurnalistlərin peşəkarlığının artırılması üçün tədbirlər görülsün, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılsın. Artıq konsepsiyada nəzərdə tutulan təşkilati, texniki, maliyyə, metodoloji yardımların həyata keçirilməsinə başlanılıb.

Ölkə rəhbərinin sərəncamı ilə Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Hər il fonda dövlət büdcəsindən vəsaitlər ayrılır. Bu vəsaitlər hesabına fond ildə azı 2 dəfə ölkənin aparıcı qəzet və jurnallarının, jurnalist təşkilatlarının təqdim etdikləri layihələrin maliyyələşdirilməsinə vəsait ayırır. Bu cür yardımlar həm yazılı mətbuatın inkişafına yol açır, həm də yeni-yeni təkliflərin gündəmə gəlməsinə əsas yaradır.

Jurnalistlər uzun illərdir maliyyə çatışmazlığı ucbatından icra edə bilmədikləri ideyaları reallaşdırmağa başlayırlar. Fondun xətti ilə sıravi jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən addımlar da atılır. İldə bir neçə dəfə fərdi jurnalist müsabiqələri keçirilir. Fond eyni zamanda, müxtəlif nazirliklərlə birgə də yazı müsabiqələri elan edirbütün bunlar təbii ki, sıravi jurnalistlərə stimul verir. Biz ildən-ilə dövlətin bu sahəyə diqqətinin artdığını görürük. Belə ki, hər il dövlət büdcəsindən bu sektor üçün nəzərdə tutulan vəsait artırılır.

Keçən il dövlət başçısının birbaşa himayəsi ilə Mətbuat Şurasının yeni binası istifadəyə verildi. Binanın açılış mərasimində Prezident iştirak etdi və Şuranın İdarə Heyətinin üzvləri ilə görüşdü. Həmin görüşdə Prezident İlham Əliyev mətbuatımızın bu günü, gələcəyi və həllini gözləyən problemlərlə bağlı proqram xarakterli çıxış etdi. Ötən il dekabrın 29-da "Gülüstan" sarayında Azərbaycan Prezidentinə "Jurnalistlərin dostu" mükafatı təqdim olundu. Mərasimdə çıxış edən dövlət başçısı dedi: "...Mən bundan sonra da çalışacağam ki, Azərbaycanda bu sahədə daha da böyük addımlar atılsın. Azərbaycan dövləti öz dəstəyini göstərsin. Ölkədə müasir jurnalistikanın formalaşması işində Azərbaycan dövləti və Prezident kimi mən səylərimi əsirgəməyəcəyəm".

Bütün bunlar onu göstərir ki, jurnalistlər dövlət başçısı İlham Əliyevi "Jurnalistlərin dostu" seçməkdə heç də yanılmayıblar. Biz jurnalistlər cənab Prezidenti özümüzə əsl dost sayırıq və onunla fəxr edirik.

 

 

Bəhruz QULİYEV

 

Xalq qəzeti.- 2011.- 9 yanvar.- S. 4.