Azərbaycan mədəniyyəti hərtərəfli inkişaf yolundadır

 

2010-cu ildə milli mədəniyyətimizin inkişafında əsaslı nailiyyətlər əldə olunmuşdur. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclasında ətraflı söhbət açılmışdır.

 

İclasdan əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında ilin mühüm yekunları barədə fikirlərini bildirmişdir: "Başa vurduğumuz il çox uğurlu oldu. Azərbaycanda çox vacib beynəlxalq və respublika miqyaslı hadisələr baş verdi. Mədəniyyət sahəsində böyük nailiyyətlər əldə etdik. İl ərzində Azərbaycanda mədəniyyət sahəsində 150 dövlət əhəmiyyətli tədbir keçirildi. İncəsənət nümayəndələrimiz nəinki Azərbaycanda, eyni zamanda bütün dünya ölkələrində keçirilən mühüm tədbirlərdə fəal iştirak edərək ölkəmizi layiqincə təmsil etdilər. Respublika daxilində də uğurlu layihələr reallaşdırıldı. Kitabxana şəbəkəsi təkmilləşdirildi, muzey, teatr işinin maddi-texniki bazası möhkəmləndi. Bu il Azərbaycanda turizmin inkişafına dair yeni Dövlət Proqramı qəbul edildi. Bu, bizi sevindirməyə bilməz. Bütün bunların əsasında isə dövlətin, şəxsən ölkə Prezidentinin Azərbaycan mədəniyyətinə və turizmin inkişafına göstərdiyi diqqət və qayğı dayanır. Amma həmişə olduğu kimi, biz daha böyük zirvələrə üzümüzü tuturuq. Bu il bizim üçün olduqca məsuliyyətli bir il olacaq. Aprel ayında ilk dəfə olaraq Azərbaycan paytaxtında mədəniyyətlərarası dialoqa həsr olunan beynəlxalq forum keçiriləcək. Bu foruma nəinki Avropaİslam dünyası, bütün qitələrin nümayəndələri qatılacaqlar. Forum bu sahədə Azərbaycanın yeni imicinin formalaşması üçün mühüm başlanğıc olacaqyeni layihələrə təkan verəcək".

Azərbaycanda teatr sahəsində aparılan islahatlardan danışan nazir Əbülfəs Qarayev bildirdi ki, islahatların nəticəsini tezliklə görmək mümkün deyil: "Bu islahatlar bu günün deyil, Azərbaycan teatrının gələcəyi naminədir. İslahatların nəticəsini başladığı ildən gözləmək düzgün deyil. İslahat ona yönəlib ki, tədricən - bir, iki, üç il müddətində teatr özünə yeni bir qüvvə tapsın, yeni axına düşsün və axın onu daha yüksək səviyyəyə gətirib çıxarsın. Bütün islahatların məqsədi bundan ibarətdir".

Nazir Gənc Tamaşaçılar və Rus Dram teatrlarında aparılan və uğurla başa çatan islahatları buna misal gətirdi: "Gənc Tamaşaçılar Teatrında da islahatlara başlayanda çox danışdılar ki, kollektivlər birləşdi-ayrıldı, bu necə olacaqs. Halbuki bu gün həmin teatr dolğun sənət həyatı yaşayır. Beynəlxalq tədbirlər keçirilir, teatrın kollektivi müxtəlif tədbirlərdə iştirak edir, bütün bunların hamısı islahatların nəticəsidir. Eləcə də Dövlət Rus Dram Teatrında həyata keçirilmiş islahatlar uğurla nəticələndi. Həmin teatrda da islahatlar aparıldı, yeniliklər həyata keçirildibu gün çox gözəl sistemi qurulub. Yeni tamaşalar qoyulur, xaricdən rejissorlar dəvət edilir. İslahatın real nəticəsi budur. Ölkə başçısının təsdiq etdiyi Dövlət Proqramına uyğun olaraq bu il ilk dəfə ölkəmizdə keçirilən beynəlxalq teatr konfransı artıq növbəti ildə də müxtəlif beynəlxalq səviyyəli tədbirlərin və layihələrin həyata keçirilməsinə təkan verəcək. Bu da teatrımızın beynəlxalq səviyyəyə çıxması istiqamətində atılan addımlardandır. Əgər teatr sahəsində islahatlar aparırıqsa, deməli, bu, uzunmüddətli, növbəti mərhələlərdə öz nəticəsini verə biləcək islahatlardır".

Azərbaycan turizmi sürətlə inkişaf edir. "Şahdağ" Qış-Yay Turizm Kompleksi barədə danışan nazir bildirdi ki, kompleksin tikintisi davam edir: "Bu qışın sonuna qədər artıq süni qarlaşdırma sisteminin tamamlanması nəzərdə tutulur. Yay müddətində isə biz artıq ilk mehmanxananı istifadəyə verməyə hazır olacağıq. Eksperiment olaraq bu il ümumi vəziyyətə baxacağıq. Amma gələn qış üçün artıq ilk turistlər orada öz vaxtlarını keçirə biləcəklər. Bu, "Şahdağ" Qış-Yay Turizm Kompleksinin tikintisi ilə bağlı həyata keçirilən layihənin ilk mərhələsidir. Ümumilikdə 10 il üçün nəzərdə tutulan bir layihədir. Dövlətin üzərinə düşən pay artıq yarıya qədər tamamlanıb".

Nazir il ərzində turizm sahəsində ən mühüm hadisə kimi ölkə Prezidenti tərəfindən turizmin inkişafı ilə bağlı Dövlət Proqramının imzalanmasını qeyd etmişdir: "Bununla yanaşı, dövlət başçısının aprel ayında Bakıda keçirilən beynəlxalq turizm sərgisini birinci dəfə təşkil olunan daxili turizm sərgisini ziyarət etməsi mühüm hadisə idi. Bu tədbirlər növbəti illərdə Azərbaycanın turizm sənayesinin inkişafına təkan verəcək".

Nazir 2010-cu il ərzində Azərbaycana gələn turistlərlə bağlı da məlumat verdi. Bildirdi ki, Azərbaycan turizmi son üç il ərzində çox davamlı və böyük sürətlə inkişaf edir: "Sözsüz ki, ildən-ilə fərqlər olur. Amma əsas odur ki, nəzərdə tutduğumuz inkişaf tempindən geri qalmırıq".

Nazir Azərbaycanın işğal altındakı ərazilərində olan abidələrlə bağlı danışaraq bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu abidələrin hesabatı hazırlanıb və beynəlxalq təşkilatlara təqdim edilib. Onun sözlərinə görə, bu məsələ daima prioritet istiqamət kimi gündəmdədir: "Bütün beynəlxalq tədbirlərdə Azərbaycanın işğal altında olan torpaqlarında nəinki İslam mədəniyyətinə, bütün bəşər mədəniyyətinə aid olan tarixi abidələrin qorunması, onların məhv edilməsinin qarşısının alınması ilə bağlı məsələ gündəmdə olur. Biz bu istiqamətdə daim işləyirik. Hesab edirəm ki, sonuncu gözəl bir nümunə Keniyada keçirilən YUNESKO-nun Qeyri Maddi-Mədəni İrs Komitəsinin iclasında Azərbaycanın mövqeyinin qəbul olunmasıdır".

Əbülfəs Qarayev bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və "Sweet production"in təşkilatçılığı ilə keçən ilin oktyabrında keçirilən Bakı Beynəlxalq Caz Festivalı Avropanın ən mühüm mədəniyyət hadisələri sırasına daxil edilib. Onun sözlərinə görə, bu statistika "Euronews" kanalı tərəfindən aparılıb və Bakı Caz Festivalı siyahıda yaddaqalan tədbirlər sırasında yer alıb. Əbülfəs Qarayev bu faktı Azərbaycan mədəniyyəti üçün çox böyük hadisə kimi dəyərləndirdi.

Nazir Əbülfəs Qarayev il ərzində Prezident İlham Əliyevin sərəncamları ilə fəxri adlara layiq görülmüş mədəniyyət işçilərinə yüksək təltiflərin, orden, medal və vəsiqələrini təqdim etdi. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin Ümumi şöbəsinin müdir müavini Şərqiyyə Hüseynova 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 9 yanvar.- S. 3.