Şəfa qaynağı - Naxçıvan

 

Bütün Yer üzündə ət düşkünlərinin sayı kosmik sürətlə artır. Özünü sivilizasiya beşiyi sayan ABŞ-da, rəsmi statistikanın dediyinə görə, hər iki nəfərdən biri köklükdən əzab çəkir. Köklük isə insanın xəstə olmasına dəlalət edən ən qabarıq nişanədir. Deməli, dünyanın başına ağıl qoyan Amerikanın düz 50 faizi nağdı xəstədir. Lakin bu, o demək deyil ki, qalan 50 faizi sağlamdır. Güman etmirəm ki, "kabab qanlı - igid canlı" fəlsəfəsi əziz tutulan yeyimcil məmləkətimizin vəziyyəti bundan yaxşı olsun. Hər halda, fakt budur ki, ölkəmizdə də ət narkomanları sürətlə artıb, bu da qoyun sürülərinin, mal naxırının çoxlamasına səbəb olub.

 

Torpağın yaşıl örtüyü

 

Deyə bilərsiniz : bolluğun nə ziyanı var?.. Pis olan budur ki, hər hektar otlaq sahəsinə və örüşə düşən heyvanların sayı normanı xeyli aşıb.Təbii balansın pozulması isə heç vaxt izsiz qalmır : torpağın yaşıl örtüyü sürətlə korlanır!..Alimlər həyəcan təbilini əbəs yerə çalmır.Naxçıvanda bu xoşagəlməz halın qarşısını almaq üçün ciddi iş gedir. Həyata keçirilən tədbirlərdən biri otlaqların bərpasıdır. Bu tədbiri təkcə bir elm ocağı həyata keçirirsə, digər tədbirdə Naxçıvan elliklə iştirak edir. Hər şənbə günü adamlar böyük ruh yüksəkliyi ilə yollara düzülür, boz yamaclara yayılır, körpə fidanları, gül kollarını sevə-sevə torpağa basdırır, məskunlaşmış cavan ağaclara qulluq edirlər. Yaraşıqlı lövhələr bu və ya digər sahənin hansı təşkilata mənsub olduğunu göstərir. Naxçıvanda hamı özünə ikinci peşə qazanıb - bağban!.. Qədim diyarda hamı bağban peşəsi ilə fəxr edir.

Məni sevindirən təkcə bu deyildi ki, son illər yol qıraqlarına və boz yamaclara 4 milyondan çox meyvə və bəzək ağacı əkilib, həm də bu idi ki, yerə tapşırılan fidanlardan biri də qurumayıb. Yol boyunca düzülən gümrah ağacları seyr edəndə xatırladım ki, başqa regionlarda hər il küçələrə və yol qıraqlarına milyonlarla, böyük zəhmət və vəsait hesabına yetişdirilən, tinglər əkirlər, əfsuslar olsun ki, bircəsi də bitmir, hamısı quruyur. Çəkilən zəhmət də, xərc də hədər gedir. Niyə? Çünki onların sahibi yoxdur. Naxçıvanda isə hər ağacın öz sahibi - bağbanı var. MR rəhbərləri idarənin işinə qiymət verəndə, həm də onun yaşıllıq sahəsinə bəslədiyi münasibəti əsas götürür.

MR-da bağçılığın inkişafına da xüsusi diqqət yetirirlər. Bu da təsadüfi deyil. Vaxtilə meyvə bağları ilə məşhur olan Naxçıvan torpağı 10-15 il bundan qabaq lüt qalmışdı. Bir yandan özəlləşdirmə nəticəsində yaranan özbaşınalıq, digər yandan da blokadanın törətdiyi enerji qıtlığı ağacların kütləvi şəkildə qırıl masına səbəb olmuşdu. Bu gün bağların itirilmiş şöhrətini qaytarmaq istiqamətində aparılan işlərin miqyası ürək açır.

"Badamlı" adlı kəndi olan Naxçıvanı nazik qabıqlı badamnın vətəninə çevirmək, sıradan çıxmış ərik bağlarını bərpa etmək, ən gözəl təbii yağ və zülal olan ceviz (qoz) istehsalını artırmaq, tut, şaftalı, iydə, alma, armud, üzüm, alça, heyva kimi şəfalı meyvələri həm daxili, həm də xarici bazara çıxartmaq istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verir : bu gün daxili bazarlarda yerli məhsullar hegemonluq edir. Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov bildirdi ki, daxili bazarda yerli məhsulların üstünlüyünü qorumaq, qiymətlərin qalxmasının qarşısını almaq, əhalini ekoloji cəhətdən təmiz ərzaqla təchiz etmək prioritet vəzifədir.

Əhali gərək öz artıq məhsulunu daxili bazarda hər iki tərəf üçün sərfəli qiymətə rahat sata bilsin, xaricdən gətirilən yaraşıqlı, lakin ekoloji cəhətdən natəmiz məhsulların təzyiqinə məruz qalmasın. Beləliklə də, blokada şəraitində yaşayan kənd camaatı öz məhsulunu öz qapısında satır, alıcı isə təmiz ərzaq ala bilir. Yalnız bu və ya digər məhsula ehtiyac duyulanda qapıları xarici malların üzünə gen açırıq. Bu halda da zəhərli və sintetik malların yolunda qırmızı işıq yandırırıq. Gömrük məntəqələrində olan xüsusi cihazlar bir-iki saniyə ərzində məhsulun tərkibində olan nitratın səviyyəsini müəyyən edir. Müvafiq normanı aşan məhsulu mahala buraxmırıq. Hər vəchlə çalışırıq ki, Naxçıvana süni paltarları, hətta, süni xalçaları da gətirməsinlər.

 

Sağlam bədən - sağlam ruh

 

Son illər Naxçıvan MR-da 173 səhiyyə ocağı, 33 idman mərkəzi tikilib əhalinin ixtiyarına verilib.Onların arasında İlham Əliyev adına Olimpiya İdman Kompleksinin xüsusi yeri və çəkisi var. Bura təkcə uşaqların və gənclərin sevimli yeri deyil, yaşlı nəslin nümayəndələri də onun qapısını tez-tez açırlar. Fəhlə və qulluqçular yorucu işdən sonra burada streslərdən azad olur, özlərini formada saxlayırlar. Peşəkar idmançılardan əlavə, həvəskar idmançılar da burada müntəzəm olaraq məşqlər keçirir və yarılşlara qatılırlar. Naxçıvan Gömrük Komitəsi işçilərindən ibarət olan futzal komandasının ölkə birinciliklərində hər il yüksək yer tutmasında həmin kompleksin rolu böyükdür.

İdmanın kütləviliyinə nail olmaq və cansağlığını qorumaq baxımından müasir tipli Naxçıvan Üzgüçülük mərkəzinin də xidməti böyükdür. Ölkəmizdə analoqu olmayan üç mərtəbəli Şahmat Mərkəzində hər cür beynəlxalq yarışları keçirmək üçün gözəl şərait var. Uşaqlar və yeniyetmələr boş vaxtlarını səmərəli keçirir, kamilləşir, onların pis vərdişlər qazanmağa vaxtı qalmır. Eyni sözləri Uşaq-Gənclər İdman məktəbi haqqında da demək olar.

Yetişməkdə olan nəslin fiziki sağlamlığını qorumaq, cismən və mənən sağlam, güclü vətəndaş yetişdirmək üçün təkcə Naxçıvan şəhərində deyil, kəndlərdə də genişmiqyaslı işlər görülür. Şərurda istifadəyə verilən Olimpiya İdman Kompleksi rayonda bədən tərbiyəsinin və idmanın kütləviliyinə nail olmaq yolunda geniş perspektivlər açıb.Yeni tikilən və əsaslı təmir olunan kənd və şəhər məktəblərinin hamısında müasir tələblərə cavab verən idman zalları fəaliyyət göstərir.

Bunlar hamısı çox gözəldir və bizi sevindirməyə bilməz. Lakin günümüzün bir danılmaz reallığı da var: dünyanın hər yerində idman komplekslərinin çoxalması fonunda ağır xəstəliklərin çeşidi və onların əlimizdən vaxtsız aldığı qurbanların sayı da sürətlə artır. Əfsuslar olsun ki, tədqiqatçı alimlərin "cənnət" saydığı "Allah yurdu Naxçıvan" da istisna deyil.Burda da xəstəliklərdən qorunmaq lazım gəlir. Sevindirici haldır ki, MR-da dərman-terapiya ilə yanaşı təbii üsullarla müalicəyə geniş yer verilir. Son illər bu istiqamətdə böyük işlər görülüb.Bir vaxtlar ölkəni xörək duzu ilə təchiz edən Duzdağ indi gözəl şəfa mərkəzi kimi geniş fəaliyyət göstərir. Yerin altında salınan Fizoterapiya Mərkəzində xəstələrin müalicə alması üçün hər cürə şərait yaradılıb. Əsasən astma xəstəliyindən əzab çəkən adamlar bura təkcə ölkəmizdən deyil, qonşu Türkiyədən və İrandan da pənah gətirir, çoxu da şəfa tapır.

Naxçıvan şəfalı sularının sayına, ehtiyatına və müalicəvi əhəmiyyətinə görə Yer üzünün unikal məkanlarından biridir. Ölkəmizdəki karbonlu suların 35 faizi burdadır. MR-da 5,5 min kvadratkilometr ərazidə 250-dən çox mineral su mənbəyi qeydə alınıb. Təkcə Ordubad rayonunda 29 mineral su aşkar edilib. Naxçıvandakı suların 6 tipi, 16 sinifi və 33 növü mövcuddur. Əksəriyyəti 8-22 dərəcə istiliyə malikdir. Sirab və Darıdağda buruq quyularından çıxan suların hərarəti isə 50 dərəcədir. Naxçıvan suları bir çox komponentlərinə (qələvi-metal ionlarının xüsusi çəkisinə) görə məşhur "Narzan" və "Yesentuki" tipli sulardan üstündür. Darıdağ mineral suları karbonat-mərgümüşlü olub, əzələ, oynaq, sümük və dəri xəstəliklərinin müalicəsi üçün yararlıdır. Həm keyfiyyətinə görə, həm də gündəlik debitinə görə İtaliyadakı "Cənubi Tirol", "Ronçenyo", Fransadakı "Lya-Buldul" mərgümüşlü sularından xeyli üstündür.

Əfsuslar olsun ki, mənfur qonşularımızın uzun illər blokada şəraitində saxladığı Naxçıvan bu qiymətli sulardan hələlik tam gücü ilə istifadə edə bilmir, şəfalı suların böyük qismi havayı axıb gedir. Hələlik "Badamlı" və "Sirab" sularının bir qismini insanların istifadəsinə vermək mümkün olub. "Gəmiqaya Mineral Sular" MMC Naxçıvan şəhərində müasir tipli zavod tikərək, dəniz səviyyəsindən 1274 metr hündürlükdə olan Badamlı kəndində çıxan mineral suyu 25 kilometirlik boru ilə bura gətirib. Zavodun gücü saatda 15 min, ildə 90 milyon butulka olduğu halda, məlum səbəbdən daha az məhsul istehsal edir. "Babək-Sirab" ASC-nin vəsaiti hesabına tikilən və illik istehsal gücü 35 milyon butulka olan zavod da, blokada üzündən tam gücü ilə işləyə bilmir. Lakin Naxçıvan işıqlı gələcəyinə inamla və geniş addımlarla gedir.

 

Həyat tərzi

 

Hələ eramızdan əvvəl tibb elminin banisi Hippokratın dediyi, XX əsrin qüdrətli təbibi Pol Breqqin (ABŞ) hər dəfə təkrar etdiyi "bizi öldürən qocalıq deyil, pis vərdişlərdi" və "biz nə yeyiriksə, oyuq" kəlamları bu gün zəhərli qidalar Yer üzünü basdığı bir zamanda xüsusi aktuallıq kəsb edir.Bu reallığı Naxçıvanda ən yüksək səviyyədə dərk edir və pis vərdişlərə qarşı qətiyyətlə vuruşurlar. Nadanlıq və şənbazlıq rəmzi olan, böyük maddi israfçılığa və fiziki intihara gətirib çıxaran, bu gün xalqımız üçün böyük bəlaya çevrilmiş dəbdəbəli toy və yas süfrələrinə Naxçıvanda ən yüksək səviyyədə "YOX !" deyilib.

- Mən övlad toyu edəndə qohum-əqrabadan başqa heç kəsi toya dəvət eləmədim. - Naxçıvan MR Ali Məclisin sədri Vasif Talıbov hər hansı pis vərdişə, pis ənənəyə qarşı mübarizədə şəxsi nümunəni həlledici amil sayır. - Süfrəyə də bir cür xörək qoyuldu. Özüm belə etməsəydim, başqalarına tövsiyə eləməyə haqqım olmazdı. Bu yolla yas mərasimlərini də qaydaya saldıq. Yoxsa yası əməlli-başdı toya döndərmişdilər - süfrəyə nələr düzmürdülər!.. Hətta banan da qoyurdular. Bilmək olmurdu ölüyə yas saxlayırlar, yoxsa diriyə toy edirlər... Hər bir israfçılığın kökündə şənbazlıq durur. Şənbazlıq isə milləti gücsüz edir...

Sədrin bu hərəkətinin əhəmiyyətini anlamayan tapılsa da, Naxçıvanda insanları toylarda və yas mərasimlərində "zəngin" süfrə ilə zəhərləyən, ailə büdcəsinə böyük zərbə vuran şənbazların sayı get-gedə azalır. Əlbəttə, yüzilliklərlə kök atmış pis vərdişlərin axırına çıxmaq üçün zaman, bir də güclü təbliğat maşını lazımdır. İnsanları qıran pis vərdişlərin əsiri olanlar hələlik Naxçıvanda da az deyil və onlar özlərini zəhərləməkdə davam edirlər - kimi kababxanada, kimi də elə öz ocağının başında. Camaatda belə bir yanlış inam var ki, insan nə qədər çox yesə və nə qədər qüvvətli yesə, bir o qədər sağlam və güclü olacaq.Yeyirlər, amma nə sağlam ola bilirlər, nə də güclü. Məhz çox yedikləri üçün, həm də bişmiş qidalara üstünlük verdikləri və qidaları qarışdırdıqları üçün sağlam və güclü ola bilmirlər. Bu gün MR-ın rəhbərləri, bir yandan, dar küçələri söküb yerində geniş xiyabanlar salır, köhnə binaları uçurub kalafasında möhtəşəm saraylar ucaldır, o biri yandan da, dar beyinləri, dar düşüncələri sökməklə, köhnəlmiş ənənələrin yerində körpə fidanlar əkməklə məşğul olurlar.Özü də ikinci vəzifə birincidən qat-qat ağır və çətindir (çətin olduğu qədər də şərəflidir!) . Əgər birinci vəzifənin öhdəsindən kiçik bir komanda da gələ bilərsə, ikinci vəzifəni həll etmək üçün bütün ziyalıları səfərbər etmək, ayağa qaldırmaq tələb olunur. Çünki söhbət çox güclü düşmənlə (nəfs və tamahla!) mübarizədən gedir. Əbəs yerə deməyiblər ha ən çətin və ən şərəfli cihad nəfsə qarşı edilən cihaddır. Nəfsinə üstün gələn İblisə qalib gələr.

Sağlam həyat tərzi uğrunda mübarizənin çətinliyi ondadır ki, bu gün bəşəriyyətin böyük əksəriyyəti zərərli vərdişlərin qulu, könüllü daşıyıcısı və fəal təbliğatçısıdır.Özü də pis vərdişlərin arxasında insanları planlı şəkildə korlayan, qəsdən qarınqululuq və israfçılııq bataqlığına sürükləyən qara biznesin maraqları durur.Qüdrətli biznes ordusunun əlində, hər evə qapını döymədən dəvətsiz girən efir və ekran kimi güclü rupor var və bu gün insanlar efir sözünü, az qala, Quran ayəsi kimi qəbul edirlər.

Bəli, mübarizə olduqca çətindir!..Amma güclü ruporu əks səmtə çevirmək, onun köməyi ilə əhalini maarifləndirmək, səhiyyə mədəniyyətini, xüsusilə də, qida mədəniyyətini yüksəltmək mümkündür.Bunun üçün, hər şeydən öncə, bütün bəşəriyyətin ən aktual problemi sayılan qidalanma məsələsini elliklə müzakirə etmək (hər işdə öncül saydığımız ABŞ bu məsələni 1977-ci ildə konqresdə müzakirə edib), vahid konsepsiya hazırlamaq lazım gələcək. Bu, imkan verər ki, biz pul xətrinə pozuculuq işi aparan KİV-nin qibləsini dəyişək, mətbu sözü, efir və ekran ruporunu dar beyinlərin və zərərli vərdişlərin sökülməsi kimi müqəddəs işə səfərbər edək.

Biz ən qüdrətli silah olan sözün köməyi ilə hamını başa sala bilərik ki, qidalanma qaydalarını pozduğumuz üçün həm güclü israfçılığa yol verir və ailə büdcəsinə böyük zərbə vururuq, həm də özümüz öz canımıza qəsd edirik, ömrümüzü gödəldirik.

Başa salmalıyıq ki, bu gün qidalanma qaydalarını (əfsuslar olsun ki, onu bizə nə ailədə öyrədiblər, nə də məktəbdə!) pozduğumuz üçün, orqanizm qəbul olunan qidanın yalnız 18-20 faizini mənimsəyə bilir, qalan 80 faiz ruzi şlaka (zir-zibilə) çevrilir, kristallar və çürüntülər şəkilində bədəndə qalır, virus daşıyıcısı olan mikrobların artıb-törəməsi üçün şərait yaradır, bu minvalla da ağır xəstəliklər törədir. Hər hansı xəstənin sağala bilməməsinin əsas səbəbi də məhz düzgün qidalanmamaqdır!..

Vətənimizi başdan-başa sağlam, gümrah və kamil insanlar məskəninə, uzunömürlülər diyarına çevirmək utopiya deyil, həlli mümkün olan real vəzifədir. Mən tam əminəm ki, millətimizi bütün dünyanın gözündə ucaltmağa qadir olan bu nəcib və şərəfli işi mütləq Naxçıvandan başlamaq lazımdır. Çünki 900 ildən çox ömür sürmuş Nuh peyğəmbərin cismi uyuyan bu qədim diyarda hər cürə xəstəlikdən vaz keçmək, indikindən 2-3 qat artıq yaşamaq üçün əlverişli təbii şərait var, münasib psixoloji mühit isə yavaş-yavaş formalaşır.

Muxtar Respublikanın quru havası, mineral maddələrlə zəngin olan torpağı və suyu, şəfalı Bitki Səltənəti, arıçılığı inkişaf etdirmək üçün mövcud olan gözəl şərait hər bir naxçıvanlıya imkan verir ki, öz cismini lazım olan elementlərlə bütün il boyu təmin etsin və hər növ virus daşıyıcısına müqavimət göstərməyə qadir olan sağlam cism və sağlam ruh formalaşdırsın. Çox xoşdur ki, Naxçıvanda ta dövri-qədimdən mövcud olan mübariz ruh indi daha da güclənib. Öz yurduna dərin tellərlə bağlı olan mütərəqqi fikirli ziyalı ordusuna arxalanıb, burda dağı dağ üstə qoymaq olar.

Naxçıvana bu dəfəki səfərindən sonra məndə bu müqəddəs diyara olan inam və ümid bir qədər də gücləndi. İçimdə belə bir əminlik yarandı ki, torpağına Nuh ruhu hopan Naxçıvan pis vərdişlər üzərində mütləq zəfər çalacaq, özünü bütün dünyaya sağlamlıq və xoşbəxtlik etalonu kimi tanıdacaq. Bu, gec-tez baş verəcək!..

 

 

Ərşad ƏZİMZADƏ,

"Ana Təbiət" Natural

Gigiyena Mərkəzinin rəhbəri,

yazıçı-jurnalist

 

Xalq qəzeti.- 2011.- 8 yanvar.- S. 4.