Oğuz-Qəbələ-Bakı su kəməri dövlətimizin iqtisadi qüdrətinin daha bir nümunəsidir

 

Yenicə yola saldığımız 2010-cu ildə həyatımızın bütün sahələri mühüm uğurlarla müşahidə edilmişdir: Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənmiş, böyük iqtisadi inkişafa nail olunmuşdur. Ölkəmizin hər bir yerində geniş abadlıq-quruculuq, yenidənqurma işləri aparılmış, yeni iş yerləri açılmışdır. Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yeridilən düzgün sosial-iqtisadi siyasətin, həyata keçirilən mühüm layihələrin məntiqi nəticəsidir.

 

Azərbaycan 2010-cu ildə sosial-iqtisadi inkişaf təmayülünü qorumağa və möhkəmləndirməyə müvəffəq olub. Başqa sözlə, ölkəmizdə ötən il həyatın bütün sahələrində qarşıya qoyulan vəzifələr uğurla reallaşıb. Dövlət başçımız cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan 2010-cu ildə böyük uğurlar, nailiyyətlər əldə edib: "Bizim iqtisadiyyatımız artmışdır, ölkədə bütün sosial proqramlar öz həllini tapmışdır, bütün infrastruktur layihələri icra edilmişdir. Bir sözlə, 2010-cu ildə ölkə qarşısında duran bütün vəzifələr şərəflə yerinə yetirilmişdir". Ümumilikdə 2010-cu ildə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşdirilməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətli inkişafına nail olunması ilə yadda qalıb. Bununla da ölkəmiz islahatçı dövlət kimi öz nüfuzunu, reytinqini bir qədər də möhkəmləndirib.

Azərbaycanın 2010-cu ildə iqtisadi və sosial sahələrdə əldə etdiyi uğurların bir qisminə diqqət yetirək. Birincidə olduğu kimi, ikinci regional inkişaf üzrə Dövlət Proqramının da uğurlu icrası nəticəsində respublikamızın şəhər və rayonlarının siması xeyli dərəcədə dəyişməklə yanaşı, əhalinin sosial durumu da yaxşılaşmışdır. Əlbəttə, bu məsələdə Preztdent İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində reallaşdırdığı tədbirlərin əhəmiyyəti danılmazdır. Fikrimizin təsdiqi kimi, bir faktı xatırlatmaq yerinə düşər. Dövlət başçımız 2010-cu il ərzində regionlara 20-dən çox səfər edib, 90-dan çox müəssisə və sosial obyektlərin açılış mərasimində iştirak edib.

2010-cu ildə ölkədə sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb - 1,4 min sahibkara 113 milyon manat güzəştli kredit verilib. Bu, özəl bölmənin tərəqqisinə, eyni zamanda, yeni iş yerlərinin yaranmasına öz müsbət təsirini göstərib. Təkcə son yeddi ildə Azərbaycanda 900 minə yaxın iş yeri açılıb ki, bunun da 600 mini daimidir.

İqtisadi islahatların uğurla icrası ölkəmizin valyuta ehtiyatlarının dinamik artımında da özünü göstərib: 2010-cu ilin sonuna Azərbaycanın valyuta ehtiyatları 24 milyard ABŞ dolları səviyyəsinə qalxıb.

2010-cu ilin 11 ayı ərzində ÜDM-in artımı 4,5 faiz təşkil edib. Bu, yeri gəlmişkən, Avropanın bir sıra ölkələrində və ABŞ-da olduğundan çoxdur. Fərəhli haldır ki, qeyri-neft sektorunda ÜDM-in artımı 5,9 faiz olduğu halda, bu artım neft sektorunda 2,6 faiz təşkil etmişdir. Belə vəziyyət, eyni zamanda, onu göstərir ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi prosesinin uğurları getdikcə artır.

Ümumiyyətlə, təkcə 2010-cu ildə deyil, ötən son 7 ilin hər birində həyatın bütün sahələrində dinamik inkişaf nəzərə çarpmışdır. Bu da yuxarıda göstərdiyimiz kimi cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk günlərindən başlayaraq ölkədə düzgün sosial-iqtisadi siyasətin yerinə yetirildiyindən xəbər verir. Belə ki, sözügedən dövrdə respublikada əmək haqları və pensiyalar orta hesabla 5-6 dəfə artmış, yoxsulluğun səviyyəsi 4 dəfə azalmış, məşğulluq səviyyəsinin artırılması dinamik xarakter almışdır. Qeyd olunanlarla yanaşı, ölkəmizdə büdcə xərcləri 12 dəfə, hərbi xərclər təxminən 20 dəfə, valyuta ehtiyatları 18 dəfə artmışdır.

Onu da xatırladaq ki, infrastruktur layihələrinə dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən-ilə yüksək templə artırılması cənab İlham Əliyevin bu məsələyə necə böyük önəm verdiyinin göstəricisidir. Əgər 2006-cı ilin dövlət büdcəsində investisiya layihələrinin maliyyələşdirilməsi 600 milyon manat təşkil edirdisə, 2007-ci ildə bu rəqəm 1,5 milyarda, 2008-ci ildə 4,3 milyarda, 2009-cu ildə 5,6 milyarda, 2010-cu ildə isə 4,1 milyard manata çatdırılmışdır. 2011-ci ildə bu məqsədlə 3 milyard 380 milyon manatın ayrılması da dövlət büdcəsinin investisiyayönümlü olduğunu bir daha təsdiqləyir.

2010-cu ilin son günlərinin ən böyük və yadda qalacaq, tarixə çevriləcək hadisəsi isə Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi oldu. Bu nəhəng layihənin reallaşdırılması bir daha göstərdi ki, artıq Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş güclü, qüdrətli bir dövlətdir. Yəni ölkəmiz istənilən belə taleyüklü ümummilli nəhəng layihələri öz gücünə, heç bir dövlətin yardımı olmadan belə həyata keçirmək qüdrətinə malikdir.

Bu yerdə bir məqamı xatırlatmamaq mümkün deyil. Belə ki, ağac əkmək, su çəkmək, yol salmaq ulularımız tərəfindən bütün dövrlərdə xeyirxah, savab iş sayılıb. Belə əməllərin sahibləri həmişə, hər zaman hörmətlə xatırlanıblar, yaddaşlarda, xatirələrdə dərin iz qoyublar... Bu gün milyonlarla insan şəxsi vəsaiti hesabına 1908-1917-ci ildə Bakıya Şollar su kəmərini çəkdirmiş böyük mesenat Hacı Zeynalabdin Tağıyevin xatirəsini ehtiramla yad edir. Bununla yanaşı, ötən əsrin 70-ci illərində Azərbaycanın su təsərrüfatını yaradan, kompleks inkişafını həyata keçirən, o cümlədən, paytaxt və rayonların içməli su ilə təminatını reallaşdıran ulu öndərimiz Heydər Əliyev böyük minnətdarlıqla anılır. Bəli, məhz bu dahi şəxsiyyətin təşəbbüsü ilə 1971-1976-cı illərdə Bakının Kür suyu ilə təchiz edilməsi layihəsi uğurla başa çatdırılmışdır.

Yeri gəlmişkən, qeyd edim ki, Bakı sürətlə genişlənən bir şəhər olduğundan paytaxt sakinlərinin içməli suya tələbatı da getdikcə artır. Bu məsələ ümummilli liderimizi daim düşündürmüşdür. Ona görə də dahi Heydər Əliyev başqa mənbədən də Bakıya su kəmərinin çəkilişinin zəruriliyi qənaətində idi. Eyni zamanda, Oğuz-Qəbələ bölgələrində təmiz və keyfiyyətli su mənbələrinin mövcudluğunu yaxşı bilirdi. Hətta həmin suyun Bakıya gətirilməsi ilə əlaqədar ulu öndərimiz mütəxəssislərlə birlikdə çoxsaylı müzakirələr də aparmışdı. Lakin uzun illər bu məsələ reallaşmadı, arzu, istək olaraq qaldı, Çünki Azərbaycanın bu arzunu kənardan kömək almadan sərbəst şəkildə gerçəkləşdirməsi üçün güclü maddi imkanı yox idi.

Yaxşı xatırlayıram, 2002-ci ilin dekabr ayında ulu öndərimiz geniş müşavirə keçirərək Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının artıq çatdığını bildirmiş, bu məqsədlə Oğuz-Qəbələ bölgəsinin yeraltı ehtiyatlarından istifadə edilməsi ilə bağlı göstərişlər vermişdi. Sonradan bu istiqamətdə işlər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi və nəticəsi də hamımıza bəllidir: Oğuz-Qəbələ-Bakı su kəməri möhtəşəm infrastruktur layihəsi kimi tarixi bir reallığa çevrildi.

Bəli, sevindirici haldır ki, ulu öndərin xeyirxah təşəbbüs olaraq irəli sürdüyü, lakin ölkəmizin maliyyə çatışmazlığı səbəbindən həyata keçirə bilmədiyi daha bir qlobal layihəni onun layiqli davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyev reallaşdırdı. Bir az əvvəl qeyd etdiyim kimi, su çəkmək kimi xeyirxah, müqəddəs bir işi başa çatdırmaqla möhtərəm dövlət başçımız xalqa layiqli xidməti yorulmaz fəaliyyətində daim rəhbər tutduğunu bir daha təsdiqlədi.

Bakı və ətraf qəsəbələrin içməli su probleminin ciddiliyini nəzərə alan cənab İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk dövrlərdən bu istiqamətdə əməli tədbirlər həyata keçirmişdir. Dövlət başçımızın "Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2004-cü il 11 iyun tarixli sərəncamı ilə "Azərsu" Səhmdar Cəmiyyəti yaradılmış, mövcud çətinliklərin aradan qaldırılması üçün dövlət büdcəsindən vəsait ayrılmışdır. 2005-ci ilin sentyabr ayının 1-də isə hökumətin iştirakı ilə geniş müşavirə keçirən Prezident İlham Əliyev paytaxtın içməli su probleminin tamamilə həlli baxımından mühüm qərarlar qəbul etmişdir. Samur-Abşeron suvarma sisteminin tikintisi və Oğuz-Qəbələ bölgəsindən su kəmərinin çəkilişi barədə strateji qərarlar Bakı sakinlərinin ekoloji cəhətdn təmiz və keyfiyyətli, eyni zamanda, fasiləsiz su ilə təminatına xidmət etmişdir.

Onu da xatırladım ki, 2007-ci ilin mart ayında ölkə Prezidenti cənab İlham Əliyevin özünün birbaşa iştirakı ilə Oğuz-Qəbələ-Bakı su kəmərinin təməlqoyma mərasimi keçirilmiş, inşaat işlərinə start verilmişdir. Dövlət başçımız möhtərəm İlham Əliyev 2007-ci il oktyabrın 23-də isə Qobustan rayonuna səfərini başa çatdırdıqdan sonra İsmayıllı rayonunun Gəraybəyli kəndi yaxınlığında Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisilə tanış olmuş, inşaatçılarla görüşmüş, lazımi tövsiyələrini, tapşırıqlarını vermişdir. Bütün bunlar möhtərəm Prezidentimizin reallaşan bu möhtəşəm layihəyə nə qədər önəm verdiyini göstərir.

Bu su kəmərinin əhəmiyyəti barədə də bir neçə kəlmə qeyd etmək istərdim. Məlumdur ki, indiyədək paytaxt əhalisinin yalnız 40 faizi fasiləsiz su ilə təmin olunur, qalan 60 faiz isə suyu müəyyən vaxtlarla alırdı. Lakin Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi mövcud problemin həlli baxımından son dərəcə mühüm əhəmiyyətə malikdir. Texniki tələblərə uyğun olaraq su kəməri fevral ayı ərzində tam layihə gücündə işləməyə başlayacaq, şəhərə saniyədə 15,2 kubmetr su veriləcəkdir. Nəticədə paytaxtın 40 faiz fasiləsiz su alan əhalisinin sayı 75 faizə qədər artacaqdır.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə layihələndirilən və tikintisi uğurla başa çatdırılan Oğuz-Qəbələ-Bakı su kəməri bu gün ölkə əhalisinin böyük çoxluğunun məskunlaşdığı paytaxt sakinləri üçün ən gözəl töhfədir. Çünki su həyatdır, harada su varsa, orada inkişaf vardır, haraya su axırsa, orada həyat qaynayır... Əlamətdar haldır ki, hələ vaxtilə "Bakıya bol-bol su gətirəcəyik", - deyən ulu öndərin böyük arzularından biri olan həyati vacib bu su kəmərinin tikintisi məhz onun sadiq davamçısı, idarəçilik məktəbinin layiqli yetirməsi kimi Prezident İlham Əliyevin rəhbərliyi, böyük diqqət, qayğı və məsləhəti sayəsində reallaşmışdır.

Oğuz-Qəbələ-Bakı su kəməri, həqiqətən, çətin və möhtəşəm bir tikinti layihəsidir. Bunun təsdiqi kimi bəzi texniki göstəricilərə diqqət yetirək. Belə ki, su kəməri 10 yerdə çay məcrasını 8-10 metr dərinlikdə çayın altından, 2 yerdə məcranın üstündən dayaqlar üzərindən, 8 yerdə avtomobil, 2 yerdə isə dəmir yolunu kəsərək keçmişdir. Çay keçidlərində boru kəməri dəmir-beton köynəklə mühafizə olunmuşdur. Su kəmərini normal istismar etmək üçün müxtəlif ölçmə avadanlığı və qurğular tikilməklə SCADA idarəetmə sistemi yaradılmışdır. SCADA sistemi vasitəsilə quyular da daxil olmaqla su kəmərinin hidravlik iş rejimi nəzarətdə saxlanılacaq, su kəmərində baş verə biləcək hər hansı sızmanın yeri və axıntının miqdarı müəyyənləşdiriləcəkdir.

Suötürücü qurğular kompleksi isə 25 kilometrə qədər ərazini əhatə edir. Bu ərazidə 2 cərgə üzrə 100 istismar və 20 müşahidə quyusu qazılmışdır. İlkin Texniki-İqtisadi Əsaslandırmaya əsasən quyuların 150 metr dərinlikdə 350 millimetr diametrdə paslanmayan polad borularla qazılması və hər quyudan saniyədə 50 litr suyun götürülməsi nəzərdə tutulmuşdur. Dəqiqləşdirilmiş layihəyə əsasən quyular 170 metrə qədər dərinlikdə qazılmış və hər quyudan saniyədə 70-120 litr su çıxarılır.

Xatırladım ki, sözügedən kəmərin çəkilişində ölkəmizdə istehsal olunan və müasir standartlara cavab verən şüşə lifli borulardan istifadə edilmişdir. Quyulardan çıxan suların öz axını ilə toplanması üçün ümumi uzunluğu 70 kilometr sutoplayıcı şəbəkə tikilmişdir. Quyulardan çıxan sular bu şəbəkə ilə magistral su kəmərinin başlanğıcında tikilmiş suqəbuledici kameraya daxil olur və kimyəvi təmizləmədən sonra hər birinin həcmi 10 min kubmetr olan iki su anbarına, oradan isə magistral kəmərə ötürülür.

Bu su kəmərinin ən önəmli cəhətlərindən biri də quyulardan çıxan suyun bir yerə toplanaraq öz axını ilə Bakı şəhərinə daxil olmasıdır. Bu da məhsuldarlığı eyni olan Kür su kəməri ilə müqayisədə Oğuz-Qəbələ-Bakı su kəmərinin istismarında enerji sərfiyyatının 7 dəfəyə qədər azaldılmasına imkan vermişdir. Quyu sahəsi üçün 300 metr enində sanitar-mühafizə zonasının yaradılması bu layihənin həyati əhəmiyyətindən irəli gəlir.

Oğuz-Qəbələ-Bakı su kəməri ilə şəhərə verilən suyun qəbul edilməsi və paylanması üçün Bakı şəhərində 250 kilometrdən çox su xətti, 15 ədəd nasos stansiyası, 70 min kubmetr tutumu olan yeni su anbarları tikilmiş, ümumi həcmi 100 min kubmetr olan mövcud su anbarları yenidən qurulmuş, 310 kilometrdən çox kanalizasiya xətti çəkilmiş və digər işlər görülmüşdür.

Azərbaycanın ən nəhəng infrastruktur layihələrindən olan bu ideyanın reallaşması bir daha dövlətimizin iqtisadi gücünün, qüdrətinin bariz nümunəsidir. Ölkə Prezidenti cənab İlham Əliyev kəmərin istifadəyə verilməsi mərasimində demişdir: "Biz bu gün müstəqil Azərbaycanda şəhərimiz, ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edən bu layihəni həyata keçirdik. Bu, böyük nailiyyətdir, böyük qələbədir. Bu, onu göstərir ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan hər şeyə qadirdir. Biz ölkəmizi gücləndirmək, ölkəmizdə iqtisadi islahatların uğurla aparılması üçün bütün tədbirləri görürük, insanların sağlamlığı, rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik".

Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi, eyni zamanda, ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və bu gün uğurla icra edilən neft strategiyasının bəhrəsidir, müsbət nəticəsidir. Çünki bu layihə Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilmişdir. Bununla bağlı möhtərəm dövlət başçımız demişdir: "Əgər vaxtilə Azərbaycanda uğurlu neft siyasəti aparılmasaydı, bu layihə elə layihə kimi qalacaqdı. Bu layihənin Dövlət Neft Fondunun vəsaiti ilə həyata keçirilməsi digər tərəfdən rəmzi xarakter daşıyır. Neft hasilatından, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismarından əldə edilmiş gəlirlər Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə yönəldilmişdir.

Bu, doğrudan da, çox rəmzi xarakter daşıyan bir məsələdir, bir daha Azərbaycanın uğurlu siyasətini göstərir. Bir də onu göstərir ki, bizim üçün ən böyük sərvət, ən böyük dəyər Azərbaycan vətəndaşıdır. Bizim təbii sərvətlərimiz vardır. Ancaq ölkəmizi gücləndirən, gələcəyə aparan və ölkəmizdə bütün prosesləri müsbət istiqamətdə inkişaf etdirən Azərbaycan vətəndaşlarıdır. Biz bu uğurlara Azərbaycan vətəndaşlarının zəhməti hesabına nail ola bilmişik".

 

 

Sadıq SALAHOV,

Elmi-Tədqiqat Kənd Təsərrüfatının

İqtisadiyyatı və Təşkili İnstitutunun

direktoru, iqtisad elmləri doktoru,

professor

 

Xalq qəzeti.- 2011.- 8 yanvar.- S. 3.