Azərbaycanın ildən-ilə artan diplomatik uğurları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında həlledici rol oynayacaq

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir, ən böyük problemdir. Biz çalışırıq ki, məsələni sülh yolu ilə, danışıqlar yolu ilə həll edək. Azərbaycan öz tərəfindən bütün səyləri göstərir ki, bu məsələ tezliklə həll olunsun. Beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüzün bərpası mütləq baş verməlidir. Azərbaycan heç vaxt bizim əzəli torpaqlarımız olan Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcəkdir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Artıq 2010-cu il arxada qaldı. Yola saldığımız ilə bir daha nəzər yetirdikdə Azərbaycanın daxili və xarici siyasətində əsaslı irəliləyişin, beynəlxalq aləmdə əlaqələrin daha da genişlənməsinin, mövqelərimizin möhkəmlənməsinin, ölkəmizin nüfuzunun artmasının şahidi oluruq.

 

Ötən ilin yaddaqalan hadisələri sırasına ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayının artmasını da əlavə etmək vacibdir. Çünki bu, Azərbaycanın ikitərəfli müstəvidə, regional formatda və qarşılıqlı apardığı uğurlu diplomatik fəaliyyətin nəticəsidir. Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri də diqqətçəkən məqamlardandır. Ötən il bu əlaqələr qarşılıqlı hörmət, inam və hərtərəfli maraqlar üzərində qurulmuşdur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində dövlət başçısının həyata keçirdiyi siyasət dünyanın əksər dövlətləri və beynəlxalq təşkilatları tərəfindən dəstəklənmişdir. Dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın birmənalı mövqeyini diqqətə çatdıran Prezident İlham Əliyev qətiyyətlə bəyan edib ki, nə bu gün, nə sabah, nə də gələcəkdə Dağlıq Qarabağı Azərbaycandan ayrı təsəvvür etmək mümkün deyil və bu barədə hər hansı bir mexanizm olmayacaq.

Ötən illərdə olduğu kimi, 2010-cu ildə də Azərbaycanın ərazi bütövlüyü beynəlxalq aləmdə ən yüksək səviyyədə dəstəklənmişdir. Dövlətimizin başçısı bu məsələ ilə əlaqədar öz fikrini açıqlayarkən demişdir: "Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmamışdır və olmayacaqdır. Bizim mövqeyimiz həm beynəlxalq hüquq normalarına, həm də tarixi ədalətə və real məntiqə əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır".

Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasını yerinə yetirməsinə baxmayaraq, bütün beynəlxalq təşkilatların potensialından səmərəli istifadə edilməsi xarici siyasətimizin qarşıya qoyduğu prioritet vəzifələrdən biri olmuşdur. Bu vəzifələrin layiqincə yerinə yetirilməsinin məntiqi nəticəsi olaraq 2010-cu ildə nüfuzlu beynəlxalq təşkilatlar tanınmış ictimai-siyasi xadimlər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bir daha bəyan etmiş, Ermənistanın işğalçılıq siyasətini pisləmişlər. Azərbaycan tərəfi öz siyasətində tarixi ədalətə, həqiqətlərə əsaslandığından bir-birinin ardınca diplomatik uğurlar qazanmışdır. Artıq dünya hansı ölkənin haqqın, ədalətin, sülhün tərəfində olduğunu açıq-aydın görür və bu istiqamətdə mövqeyini aşkar şəkildə bəyan edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində 2010-cu ildə əldə olunan uğurlardan biri də Avropa Parlamentinin qəbul etdiyi qətnamə oldu. Bu qətnamənin məğzi barədə məlumat verməzdən əvvəl Çexiyanın xarici işlər naziri Yan Koqoutun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar 2010-cu ilin may ayında verdiyi açıqlamanı diqqətə çatdırmaq istərdik. Bu, ona görə maraq doğurur ki, Çexiya 2009-cu ildə Avropa Parlamentinə sədrlik edib. Y.Koqout deyib: "Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə tərəfdarıq". O, sözünə davam edərək vurğulayıb ki, biz münaqişənin sülh yolu ilə nizamlanması üçün beynəlxalq platforma rolunu oynayan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan sülh prosesinin inkişafını diqqətlə izləyirik. Y.Koqout bildirib ki, sabiq Çexoslovakiya ilkin mərhələdə Minsk qrupunun üzvü olub. Əminik ki, Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aparıcı rolunu qorumalıdır. Bu səbəbdən Çexiya Respublikası münaqişənin dinc yolla, Minsk qrupu çərçivəsində irəli sürülən bütün prinsipləri, o cümlədən suverenliyə hörmət, ərazi bütövlüyü və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə tərəfdardır. O, bəyan edib ki, ölkəmiz münaqişənin dinc yolla nizamlanmasına dair bütün səyləri dəstəkləməyə hazırdır. Xarici işlər naziri yenilənmiş Madrid prinsiplərinin münaqişənin birdəfəlik nizamlanması üçün əsas rol oynayacağına əminliyini bildirib.

Avropa Parlamenti tərəfindən ötən il mayın 20-də qəbul edilmiş "Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələb" adlı qətnamənin qəbul edilməsi də Azərbaycanın xarici siyasətinin uğurlarındandır. Çünki həmin qətnamədə Ermənistanın işğalçı dövlət olması birmənalı şəkildə öz əksini tapıb. Parlamentin Bolqarıstandan olan üzvü Yevgeni Kirilovun məruzəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması fikri yer alıb. Bu da Ermənistanın işğalçı dövlət olmasına işarədir. Qətnamədə qeyd edilir ki, Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı kimi təşəbbüslərini dəstəkləyərək, Avropa Parlamenti Cənubi Qafqaz ölkələrinin Avropa siyasətinə inteqrasiyasını sürətləndirmək və Cənubi Qafqazı davamlı sülh, sabit və çiçəklənən regiona çevirmək istiqamətində Avropa İttifaqını daha fəal rol oynamağa çağırır. Bu vacib qətnamə haqlı olaraq regionda həll olunmayan münaqişələri iqtisadi və sosial inkişafa və Cənubi Qafqaz ölkələrində Şərq Tərəfdaşlığının tam reallaşmasına maneə kimi qiymətləndirir və regionda stabillik üçün münaqişələrin dinc yolla həllini zəruri hesab edir.

Avropa İttifaqı tərəfindən Cənubi Qafqaz ölkələrinə münasibətdə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmətə istinad edərək, parlament habelə, Şərq Tərəfdaşlığının məqsədlərindən birinin tərəfdaş ölkələrin dövlətçiliyinin və ərazi bütövlüyünün möhkəmləndirilməsinə real dəstək verilməsinin zəruri olduğunu xatırladır. Avropa Parlamentinin qətnaməsi, həmçinin region ölkələrinin suverenliyi və ərazi bütövlüyünə münasibətdə hər hansı bir şərtin irəli sürülməsini yolverilməz hesab edir. Avropa Parlamentinin münaqişənin həlli cəhdlərinin sürətləndirilməsini, beynəlxalq səviyyədə heç bir əsası olmayan və zor gücünə yaradılmış status-kvonun qorunub saxlanılmasından imtinanı vacib sayması, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb etməsi işğalçı dövlətə ağır zərbə olmuşdur. Bundan başqa, Avropa parlamentariləri Dağlıq Qarabağ münaqişəsi zamanı və ya münaqişə ilə əlaqədar öz doğma yurd- yuvalarından zorla didərgin salınan bir milyona yaxın qaçqın və məcburi köçkünün hüquqlarının bərpa olunmamasına da ciddi narazılıqlarını bildirmişlər. Qaçqın və məcburi köçkünlərin hüquqlarının qeyd-şərtsiz tanınmasının tezliklə reallaşdırılması xüsusi vurğulanmışdır. Avropa Parlamentinin bu qətnaməsi, həmçinin Avropa İttifaqının Dağıq Qarabağda keçirilən parlament seçkilərinin qeyri-konstitusion hesab etməsi barədə mövqeyini təsdiqləyirdi.

Azərbaycan diplomatiyasının uğurları qarşısında çaş-baş qalmış Ermənistanın Avropa Parlamentinin qətnamə qəbul etməsinin qarşısını almaq cəhdləri iflasa uğradı.

2010-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində daha bir nüfuzlu qurumun mövqeyi bəlli oldu. Söhbət ötən il noyabrın 20-də Portuqaliyanın paytaxtı Lissabonda keçirilən NATO-nun zirvə toplantısından gedir. Bu toplantı çərçivəsində Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə töhfə verən ölkələrin dövlət və hökumət başçılarının iclası keçirilən zaman Ermənistan prezidenti Serj Sarkisyanın tədbirə qatılmaması diqqətdən yayınmamışdı. Sarkisyan artıq çox yaxşı dərk edir ki, Ermənistan bütün dünyada işğalçı dövlət kimi tanınır. Ona görə də belə mötəbər tədbirlərə qatıla bilmir və ya həlledici məqamlarda yersiz bəhanələrlə aradan çıxır. Təbii ki, bu aradançıxmalar, yayınmalar heç də Ermənistana işğalçı adını üzərindən götürməyə əsas yaratmır. Azərbaycan Prezidenti isə zirvə toplantısında çıxış edərək NATO ilə əməkdaşlığın hazırkı səviyyəsindən, ölkəmizin Şimali Atlantika Alyansının "Sülh naminə tərəfdaşlıq Proqramın"da və "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"nda, eləcə də, qurumun sülhyaratma əməliyyatlarında Azərbaycan Silahlı Qüvvələrinin fəal iştirakı barədə söhbət açıb. Onu da qeyd edək ki, ölkəmizin bu addımı NATO rəsmləri tərəfindən mütəmadi olaraq yüksək qiymətləndirilib.

NATO-nun zirvə toplantısında qəbul olunan Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəklənməsi bir daha təsdiqləyir ki, qurumun və burada təmsil olunan dövlətlərin mövqeyi ilə Azərbaycan Prezidentinin mövqeyi üst-üstə düşür. Bir daha bəyan oldu ki, NATO Cənubi Qafqazdakı münaqişələrə artıq real mövqedən yanaşır. Yəni bu münaqişələrin nizamlanmasında tarixi faktlara, haqqa, ədalətə, beyqəlxalq hüquqa üstünlük verilir.

Ümumiyyətlə, ötən il keçirilən beynəlxalq səviyyəli tədbirlərdə xüsusi olaraq vurğulandı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütövlükdə bölgənin inkişafına problemlər yaradır. Ona görə də Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi nüfuzlu qurumların əsas tələblərindən biri kimi irəli sürüldü. Hətta bu barədə rəsmi sənədlər də imzalandı. Biz ötən ilin sonunda ATƏT-in Astana sammitinin yekununda Minsk qrupunun həmsədr dövlətlərinin nümayəndələrinin, habelə Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları birgə bəyanatda da bunun şahidi olduq. Həmişə olduğu kimi, bu dəfə də münaqişənin nizamlanmasında dövlətlərin ərazi bütövlüyü və beynəlxalq hüququn normalarına üstünlük verildi.

Göründüyü kimi, 2010-cu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycanın beynəlxalq səviyyəli uğurları ilə yadda qalacaq. Əminik ki, ölkəmizin ildən-ilə artan diplomatik uğurları və Prezident İlham Əliyevin məntiqli xarici siyasəti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında həlledici rol oynayacaq.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2011.- 8 yanvar.- S. 1.