Nəriman Əbdülrəhmanlının ədəbi portretinə töhfə

 

"Yaradıcılığın məqsədi əsl sənət əsəri yaratmaqdır. Əgər həmin əsər yüksək səviyyədədirsə, bütün sənət ölçülərinə cavab verirsə, hər kəs özünün mənəvi inkişafına lazım olan payı götürəcək..." Ədəbiyyat haqqında deyilmiş bu düşüncələr tanınmış və istedadlı nasir, öz dəst-xətti ilə seçilən ziyalı Nəriman Əbdülrəhmanlıya məxsusdur. Daim həyat reallıqlarını bədii boyalar təxəyyüllə nəsr əsərlərində canlandıran N.Əbdülrəhmanlının yaradıcılığı təkcə bir sahə ilə məhdudlaşmır. O, nəsrlə yanaşı, bədii tərcümə, publisistika, eləcə sənədli film ssenariləri müəllifi kimi uğur qazanmışdır. Bu yaxınlarda isə Azərbaycan Yazıçılar Birliyinin üzvü Sabir Bəşirovun işıq üzü görmüş "İşıq adamı: Nəriman Əbdülrəhmanlı" kitabında yazıçının yaradıcılığına müraciət edilir, onun müxtəlif sahələrdə fəaliyyəti və yazıçı olaraq ədəbi-bədii ustalığı təhlil edilir. "Çinar çap " mətbəəsində çap edilmiş kitabda müəllif S.Bəşirov həmçinin yazarın "Yalqız", "Könül elçisi" kimi romanlarının ictimai əhəmiyyətini oxuculara çatdırır.

 

N.Əbdülrəhmanlının mətbuatla tanışlığı tələbəlik illərindən başlayıb. Daha sonra "Ulduz" jurnalı, "Sovet Gürcüstanı", "Kino" qəzetlərində çap edilmiş məqalələri onun həm də istedadlı publisist olmasının göstəricisidir. "Azərbaycanfilm" kinostudiyasının "Yaddaş" sənədli filmlər studiyasında, "Lider" televiziya kanalında çalışdığı illərdə onun ssenarilərinin bir sıra əhəmiyyətli sənədli filmlərin yaradılmasında mühüm rolu olub. N.Əbdülrəhmanlı həm də öz elinə, kökünə. milli kimliyinə bağlı ziyalılardandır. Onun bir çox aşıq və şairlərin yaradıcılığını araşdırması, minillərdən bəri yaddaşlardan süzülüb gələn və dövrümüzə çatmış şifahi xalq ədəbiyyyatı nümunələrini toplayıb çap etməsi türk məfkurəsinə sayğısıdır. Doğulub boya - başa çatdığı qədim türk yurdlarından olan indiki Gürcüstanın (Borçalı) Qaraçöp mahalında yaddaşlarda qalmış folklor, xüsusilə də aşıq şeir nümunələrini toplayıb, "Qaraçöp" etnoqrafik toplu və "Şəbədələr" kitabı meydana gəlmişdir.

Kitabda bir çox yazıçı və tənqidçilərin - Fəxri Xubanlı, Bəsti Əlibəyli, Əlabbas, Fəxri Uğurlu, Tahir Abdin, filologiya elmləri doktoru Cavanşir Yusifli və digərlərinin Nəriman Əbdülrəhmanlı yaradıcılığı haqqında fikirləri yer alıb. Bu fikirlər təkcə onun istedadını, əsərlərinin aktuallığını deyil, həm də onun yüksək insani keyfiyyətlərini xarakterizə edir.

Kitab altı bölmədən ibarətdir. "Dönəlgəsi dönənlər" adlı birinci hissədə yazıçının nəsr sahəsində yaradıcılığından söhbət açılır. Onun "Çıxış", "Dönüm", "Kişi qırığı", "Gecələmə", "İşıqsızlıq", "Kəpənək" hekayələri təhlil edilir, məzmunu barədə oxucuya məlumat verilir. Yazıçının "Dönəlgə" povesti istər məzmununa, istərsə də bədii təsvirinə görə seçilir. Sürgün-repressiya həyatını yaşamağa məhkum edilmiş, mənəvi-fiziki əzablara məruz qalmış günahsız insanlar əsərin əsas qəhrəmalarıdır. Xəstə, əri, xəstənin qızı, ortancıl oğlu, "Osmannı yesirləri", Hacı kimi obrazların bəxtsiz və acı talelərinin uğurlu təsviri və Stalin repressiyasının gerçəkliklərinin təqdim edilməsini təkcə yazıçının istedadı və peşəkarlığına bağlamaq olmaz. Görünür, N.Əbdülrəhmanlının bu mövzuya müraciəti və orada təsvir olunan hadisələrin təsirli alınmasında həm də onun qohumlarının Qazaxıstana sürgün edilməsi, bu ağrılı dövrün ziyalının da həyatından yan keçməməsidir.

Tanınmış tənqidçi Vaqif Yusifli onun yaradıcılığını bu cür qiymətləndirir: " Onun hekayə və povestlərində yekdil nasir nəfəsi duyulur. O, sadəcə müşahidə edir, bu müşahidələri lövhələrə çevirir, mətnə və obrazların dilinə isə heç bir müdaxilə eləmir. "

Kitabın "Könül elçisi" adlı ikinci hissəsi isə yazıçının eyni adlı romanının təhlilinə həsr edilib. Müəllif Səfəvilər dövrünün tanınmış diplomatlarından olmuş, "Don Juan" ləqəbi ilə tanınan Oruc bəy Bayatın həyatına həsr edilmiş əsəri yüksək qiymətləndirməklə yanaşı, digər tənqidçilərin də fikirlərinə yer ayırıb. Əsərin özəlliklərindən biri bədii məzmunu ilə yanaşı, həm də onun Oruc bəy Bayat haqqında ilk tarixi roman olmasındadır. N.Əbdülrəhmanlı bu əsərdəki baş obrazın daxili aləmi haqqında bu fikirdədir: "Könül elçisi"də tənhalığa bir az fərqli yanaşmışam. Burada daha çox məcburi tənhalıq, yəni Vətən nisgili qabardılır. Əsərdə Vətəndən kənarda yaşayan, doğma el-obasından, yurdundan ayrı düşmüş bir insanın məcburi tənhalığı əks olunur. Oruc bəy bu yolu könüllü olaraq seçməyib. Onun missiyası uğursuzluqla nəticələndiyi üçün bu mühitdə məcburən yaşamalı olub."

Yazıçının məşhur "Yalqız" romanı haqqında qeyd və düşüncələr "İntihara aparan yol" bölməsində verilib. Əsərdə Yalqızı əslində minlərlə ziyalının ümimiləşdirilmiş obrazı saymaq olar. Cəmiyyətdəki mənəvi aşınmalar bu ziyalıları mənən sıxır, çarəsiz duruma salır. Romanın müəllifi isə əsərdəki tənhalığı bu cür izah edir: "Tənhalıq yaradıcı insanların taleyi, qaçılmaz xüsusiyyətlərindən biridir."

N.Ədülrəhmanlının publisistikası da nəsri qədər oxunaqlıdır. Onun "Tale kitabı", "Yaddaşlarda yaşayan insan", "Ömrün əlli məqamı" kitabları sənədli nəsrin nümunələridir. Şair V.Səmədoğlu haqında "Darıxan Adam haqqında etüd", Vidadi Paşayev haqqında "Tökülən yarpaqların qoxusu", foto ustası Cavad Axundzadə haqqında "Ağ-qara rəngin sultanı" və.s kimi yazılar onun publisistikasının seçilən örnəklərindəndir. Dünya ədəbiyyatının tanınmış simalarının bir çox əsərləri məhz N.Əbdülrəhmanlının tərcüməsi ilə Azərbaycan oxucusuna təqdim edilib. Orxan Pamukun "Mənim adım qırmızı", Paulo Koelyonun "İşıq savaşçısının kitabı" əsərlərini, Nəcib Fazil Kısakürəyin əlliyə yaxın esse və hekayəsini Azərbaycan türkcəsinə çevirib. Bu sırada Markes, Dostoyevski, Knut Hamsu, Lourens Lokkart, Uilyam Tekkerey və digərləri də var.

N.Əbdülrəhmanlının ssenariləri üzrə çəkilmiş Ceyhun Hacıbəyli haqqında "Paris kədəri", Həsən bəy Ağayev haqqında "İşıq ömrü", Əli bəy Hüseynzadə haqqında "Turan sevgisi" və sənədli televiziya filmləri , eləcə də redaktoru olduğu "Hər şey yaxşılığa doğru", "Narahat adam", "Terra inkoqnito" və digər filmlərin hər biri istər yaradıcılıq, süjet xətti, istərsə də bədii məzmununa görə dəyərli ekran əsərləridir.

Bütün bu gərgin fəaliyyətinə baxmayaraq, N.Əbdülrəhmanlının hələ çap olunmamış əsərləri oxucusunu gözləyir. Yazıçı istedad, səriştə və ustalığı sayəsində yaradıcılıq yolunda inamla addımlayır: "Məncə, bütünlükdə oxucunu fikirləşmək təhlükəli yoldur. Özün olmaqdan çıxırsan. İkinci yol çətin yoldur, amma düzgün olanı da budur. Əgər sənin yazdıqların həqiqi və səviyyəli ədəbiyyatdırsa, gec-tez öz oxucusunu tapacaq..."

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2011.- 8 yanvar.- S. 6.