Bölgədə
status - kvo Azərbaycansız dəyişə bilməz
Dünya birliyi artıq bu
reallığı qəbul edir
İstənilən liderin idarəçilik
dövrünün xarakteristikasını verərkən ondan əvvəlki
zamanla müqayisəsinin aparılması, parametrlərin
tutuşdurulması mühüm şərtlərdən
biridir, çünki bunsuz qərar vermək, nəticə
çıxarmaq çətindir. Bu kontekstdə ümummilli
lider Heydər Əliyevdən sonra Azərbaycanın dövlət
başçısı statusunu daşıyacaq şəxsin
üzərinə daha böyük məsuliyyət
düşmüş olur və böyük məharət, səriştə,
bacarıq tələb edirdi.
Çünki
Heydər Əliyev istər sovet dönəmində, istərsə
də müstəqillik dövründə elə nəhəng
işlər görmüşdü ki, özündən sonra gələn
siyasi liderlər üçün bu səviyyəni fəth etmək
o qədər də asan olmayacaqdı.
Lakin
burada bir məsələ oxşarlıq təşkil edirdi. 1993-cü
ildən sonra Heydər Əliyevin xilaskarlıq missiyası nə
qədər önəmli idisə, 2003-cü ildən
sonrakı dövrdə də belə bir gərəklilik ortada
idi. Lakin hadisələrin sonrakı inkişafı göstərdi
ki, Heydər Əliyevdən sonrakı dövr üzərində
ən müxtəlif qeyri-müəyyənliklər ətrafında
fikir yürüdənlər, proqnoz verənlər və buna
yönəlik strategiyalar hazırlayanların ssenarisi tamamilə
iflasa uğradı. Cənab İlham Əliyev xalqın iradəsi
ilə prezident seçildikdən sonra ümummilli liderin əsasını
qoyduğu inkişaf strategiyasını layiqincə davam etdirmək,
onu zamanın tələblərinə uyğun olaraq daha da zənginləşdirmək,
Azərbaycanın sürətli tərəqqi yolunda irəliləməsini
təmin etmək iqtidarında olduğunu sübuta yetirdi. Bu mənada
Prezident İlham Əliyevin missiyası ulu öndərin həyata
keçirdiyi işlərin miqyası qədər vacib xarakter
daşımış və onun lider keyfiyyətlərini təsdiqləmişdir.
2003-cü ildən sonrakı dövrdə də ölkənin
tərəqqisi, vahid bir siyasi xətt üzrə irəliyə
aparılması, milli həmrəyliyin qorunub saxlanması,
çevik manevrlər, regionda həyata keçirilən xarici
siyasətə yönəlik adekvat reaksiyalar və bu qəbildən
olan digər amillər bir daha sübuta yetirdi ki, cənab
İlham Əliyevin malik olduğu keyfiyyətlər onun
böyük lider olmaq imkanlarını özündə
daşıyır.
Məlumdur
ki, siyasi liderin portretində mühüm keyfiyyətlərdən
biri onun iradəliliyidir. Xüsusən də geostrateji cəhətdən
əlverişli mövqedə yerləşən, zəngin
enerji ehtiyatlarına malik Azərbaycan kimi ölkələrdə
liderin bu keyfiyyəti dövlətin müstəqilliyinin
davamı baxımından çox zəruridir. Ərazi və əhalisinin
sayı baxımından kiçik dövlətlərin
taleyinin müəyyən ağırlıqları var və
regionda istənilən küləklər onlara güclü təsir
edir. Belə ölkələrdə lider, ilk növbədə
özünün böyük siyasi iradəsini, immunitetini
göstərməlidir ki, ölkə xarici təsirlər
qarşısında tab gətirə bilsin. Azərbaycanın
dünyada və regionda etibarlı tərəfdaş statusu məhz
bunun hesabına qazanılıb.
Azərbaycanın
dövlət başçısının liderlik keyfiyyətləri
sırasında yer alan vacib məqamlardan biri də onun
qarşıya konkret hədəflər qoyması və
xalqı bu hədəflərə çatdımaq
bacarığıdır. Bu mənada dövlət
başçımızın siyasi idarəçiliyi həm də
proqramlı xarakter daşımışdır.
Regional və
beynəlxalq miqyasda gedən proseslərin düzgün qiymətləndirilməsi
Azərbaycanın uğurunu təmin etdi. Reallıqdır ki,
regional və beynəlxalq layihələr uğrunda mübarizə
hələ də sona çatmayıb, neft və qaz, yanacaq
marşrutları uğrunda qızğın rəqabət
günümüzdə də amansız və antoqonist xarakterdə
getməkdədir.
Yeni
dövrün vacib reallıqlarından biri klassik müharibə
modellərinin dəyişməsi və öz yerini daha
çox iqtisadi, siyasi, diplomatik, mədəni müharibələrə
verməsidir. Dövlət başçımız ölkənin
maraq və mənafelərinin etibarlı müdafiəsini təmin
etmək üçün beynəlxalq əlaqələrin
miqyasını genişləndirmiş, Azərbaycanın tərəfdaşlarının
sayını artıraraq onun daha çox müttəfiq
qazanmasına nail olmuşdur. Bütün bu proseslərə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi kontekstində yanaşıldıqda,
ölkəmizin diplomatik sferada işğalçı dövlət
üzərində nə qədər böyük
üstünlüklərə malik olduğunu görməyə
imkan verir.
Qurduğu
beynəlxalq əməkdaşlıq, həyata keçirdiyi
balanslı və qarşılıqlı maraqlara əsaslanan
siyasət Azərbaycanın nüfuzunun daha da yüksəlməsinə
səbəb olmaqla yanaşı, onu nümunəvi müsəlman
dövlətinə çevirmişdir.
Müxtəlif
beynəlxalq sülhməramlı əməliyyatlarda
iştirak etməklə Azərbaycan, sadəcə bir
qapalı Şərq ölkəsi olmadığını və
dünyaya açıq dövlət kimi çıxış
etdiyini göstərmişdir. Ölkəmizdə daxili
sabitliyin və başqa uğurların əldə edilməsinin
əsas səbəblərindən biri də məhz xarici siyasətin
düzgün qurulmasından irəli gəlir. Çünki
ölkəmiz xarici təsirlərə çox həssasdır.
Azərbaycan ABŞ-ın, Avropanın, eləcə də
regiona yaxın digər ölkələrin sabitliyin bərqərar
olmasını istədikləri bir məkana
çevrilmişdir. Azərbaycanın bütün daxili həyat
parametrləri üzrə vəziyyətini təhlil etdikdə
onun bir Avropa ölkəsi olduğunu görmək
mümkündür və geosiyasətdə də öz rolu
var.
Azərbaycanın
malik olduğu bu üstünlükləri təmin edən
amillərdən biri də onun iqtisadi uğurlara imza
atmasıdır. Dünya təcrübəsi göstərir ki,
iqtisadi cəhətdən yüksəlmədən demokratik
nailiyyətlər əldə etmək mümkün deyil.
Adambaşına düşən gəlir 3500 manat və ya təxminən
5000 dollardan aşağı olan ölkələrdə
böyük demokratik uğurlar əldə etmək asan deyil.
İqtisadi sahədə qazanılan uğurlarda və ölkənin
malik olduğu zəngin təbii ehtiyatların ümumi
inkişafının təmin edilməsində önəmli
rol oynayan amillərdən biri yenə də lider faktorudur. Bu
gün dünyada zəngin təbii sərvətlərə,
böyük neft ehtiyatlarına malik elə dövlətlər
var ki, onların əhalisi olduqca yoxsul səviyyədə
yaşayır. Bu mənada hər bir ölkənin liderinin,
hakimiyyətinin uğuru ondan ibarətdir ki, ölkənin malik
olduğu təbii resursları iqtisadi güc faktoruna
çevirsin, sonra onu təhlükəsizlik amili kimi ortaya
qoysun, ən nəhayət, beynəlxalq proseslərdə ondan
ölkəsinin maraqları üçün istifadə edə
bilsin. Prezident İlham Əliyev bunları məharətlə
bacarır.
Azərbaycan
dövlətinin müstəqillik meydanının geniş
olması, heç şübhəsiz, təkcə daxili milli dəyər
kimi çıxış etmir, eyni zamanda, xarici aləmdə
mühüm bir faktor kimi dəyərləndirilir. Söhbət
azadlığını qazanmış ölkələrin
müxtəlif iqtisadi-siyasi mərkəzlərdən idarə
olunmasından gedir. Politoloji ədəbiyyatlarda satellit, vassal,
forpost və sair kimi məfhumlarla ifadə olunan bu hal postsovet məkanı
ölkələrinin bir çoxunun real həyatına
çevrilmiş, müstəqilliyə formal bir mahiyyət
vermişdir. Ötən dövr ərzində regionda
yaşanan ən ağir proseslər fonunda Azərbaycan hər
hansı bloklara qoşularaq özgürlüyünü onlara
tapşırmadı, taleyini keçmiş Kremlə bənzər
paytaxtlara etibar etmədi. Hətta müəyyən daxili
problemlər məhz bu fonda özünün kəsərliliyini
itirir. Çünki min illik arzuların təcəssümü
olan müstəqil dövlətin qorunub saxlanması faktı
ortadadır. Əlbəttə ki, idarə olunan rəhbər
tipi öz ölkəsini beynəlxalq aləmə müstəqil
siyasi vahid kimi çıxara bilməzdi. Yalnız idarə edən
şəxsiyyətlər fenomeni - Heydər Əliyev -
İlham Əliyev rəhbərliyi təmsil etdiyi xalqın
gücünü nümayiş etdirməklə geosiyasi proseslərdə
hesablaşılan tərəf kimi respublikamıza nüfuz
qazandırdı. Nəzərə alsaq ki, bütün bunlar
Şərq kimi dövlət qurmaq təcrübəsinin
minimallığı şəraitində baş verir, deməli,
çəkilən zəhmətin, sərf olunan enerjinin
miqyasının böyüklüyünü təsəvvür
etmək problem olmur. Bu gün Azərbaycanda sürətlə
yeniləşmə gedir. Şübhəsiz ki, ötən əsrin
sonlarına doğru qurulmuş iqtisadi infrastrukturu müasir
texnoloji sistemlərlə əvəzləmək başlıca
vəzifə idi. Əks halda ölkənin dünya rəqabətinə
tab gətirməsi sadəcə mümkünsüz idi. Lakin
bu, həm də təfəkkür və ideologiyalarda da böyük
inqilabi transformasiyalara yol açır. Dəyərlərin -
yeni siyasi baxışların nəticəsidir ki, vətəndaş-milli
yaşantılar tamam dəyişmişdir və yeni həyat
standartlarını meydana çıxarmışdır.
Cənab İlham Əliyevin siyasi xarakterinin ən mühüm tərəflərindən biri onun səmimiliyi və sadəliyidir. Heç bir seçki-siyasi texnologiya ilə bunu qazanmaq olmazdı. Uzun onilliklər boyu formalaşmış bu keyfiyyət ona imkan verib ki, xalqla daha yaxından ünsiyyət qura bilsin, vətəndaş konsensusu əldə etsin və yürütdüyü siyasi kursa böyük ictimai dəstək qazandırsın. Millətilə arasında hər hansı bir məsafənin olmaması cənab İlham Əliyevi təkcə məmurlar ordusunun, yaxud partiyasının deyil, bütövlükdə xalqın liderinə çevirmişdir. Yüksək insani xüsusiyyətlərin daşıyıcısı olmaq ona bəyan etdiyi "hər bir azərbaycanlının prezidenti olacağam" tarixi kəlamını gerçəkləşdirməyə imkan verdi. Bu, istənilən böhran situasiyalarından çıxış və ya inkişaf modellərinə təsir göstərən başlıca şərtdir. Yaxşı Prezident olmaq sözlə yox, əməllə qazanılır və İlham Əliyev millətinin qəlbində bu adı əldə edə bilmişdir. O, qazanılmış iqtisadi uğurları demokratiya quruculuğunun başlıca qarantiyası sayır. O, öz ölkəsini geosiyasətin obyekti olmaqdan çıxarıb onu bərabər hüquqlu subyektə çevirib. "Bölgədə status-kvo bizsiz dəyişə bilməz" deyilərkən məhz bu nəzərdə tutulur. Deməli, milli mənafelər anlayışı məhz bu halda formalaşa bilir. Cəmi bir müqayisə yetər ki, Azərbaycanın beynəlxalq əhəmiyyəti daha qabarıq görünsün. Sovet rejimi dağılarkən bədxahlarımız istəyirdi ki, Azərbaycan böyük hərbi əməliyyatlar meydanına çevrilsin. İndi tam əksinə, bu regionun sabitllik məkanı olması istənilir. Deməli, Cənubi Qafqazın taleyi Azərbaycanda həll olunur. Regionda qüvvələr nisbəti Qafqazın gələcək iqtisadi-siyasi xəritəsi, o cümlədən Qarabağın istənilən statusu halında təhlükəsizliyi də bilavasitə Azərbaycanla bağlıdır. Bu zəruriyyətlər dövlətimizin siyasəti ilə formalaşmışdır.
Dövlətin siyasi kursunun reallaşmasında birinci xanım fenomeninin də rolunu xüsusi vurğulamaq vacibdir. Siyasətin humanistləşməsində, təhsil və səhiyyə sferasında böyük humanitar aksiyaların keçirilməsində, Azərbaycanın dünya üçün mühüm bir dialoq məkanına çevrilməsində Mehriban xanım Əliyevanın misilsiz xidmətləri vardır. Bəlli səbəblərdən Azərbaycanın keçmiş dönəmində simvollaşmamış birinci xanım statusu indi dövlət idarəçiliyinin ayrılmaz hissəsinə çevrilmişdir. O, bu obrazı ilə Şərq qadınını yeni səviyyəyə qaldırmış oldu və daxili-xarici məkanda böyük etibara sahib etdi.
Əlihüseyn ƏSGƏROV,
"Kənanİnşaat
və Ticarət"
Birgə Müəssisəsinin
baş direktoru
Xalq qəzeti.- 2011.- 11 yanvar.- S. 4.