Sosial siyasətin
uğurla reallaşdırılması Azərbaycan dövlətinin
əsas məqsədlərindən biridir
Yeni il gələndə,
adətən, ötən ilə nəzər salınır,
görülən işlər, əldə edilən nəticələr
göz önünə gətirilir. Bu baxımdan 2010-cu il Azərbaycan
xalqının həyatında silinməz izlər qoymuşdur.
Bunu hörmətli Prezidentimiz cənab İlham Əliyev 31
dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə Azərbaycan
xalqına təbrikində xüsusi vurğulayaraq demişdir:
- 2010-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. Baxmayaraq ki, 2010-cu ildə dünyada iqtisadi və maliyyə böhranı hələ də davam edirdi, Azərbaycan 2010-cu ildə böyük uğurlara nail olmuşdur. Bizim iqtisadiyyatımız artmışdır, ölkədə bütün sosial proqramlar öz həllini tapmışdır, bütün infrastruktur layihələri icra edilmişdir, bir sözlə, 2010-cu ildə ölkə qarşısında duran bütün vəzifələr şərəflə yerinə yetirildi. İqtisadiyyatımız təxminən 5 faiz, əhalinin pul gəlirləri 12 faiz artmışdır, inflyasiya cəmi 5,7 faiz təşkil etmişdir. Ölkəmizə 15 milyard dollar sərmayə qoyulmuşdur, bizim valyuta ehtiyatlarımız 20 milyard dollardan 29 milyard dollara qalxmışdır. Bütün bunlar, bu nəticələr onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur, Azərbaycanın seçdiyi yol tərəqqi və inkişaf yoludur.
Ötən il ölkəmizdə sosial sahədə böyük işlər görülmüşdür. 45 səhiyyə müəssisəsi, 70-dən çox məktəb tikilmiş və təmir edilmişdir, 5 Olimpiya-İdman Mərkəzi istifadəyə verilmişdir. Əhalinin minimum əməkhaqqı və pensiyalarının baza hissəsi qaldırılmışdır, ünvanlı sosial yardım proqramı uğurla icra edilir. Bu, onu göstərir ki, möhtərəm Prezidentimiz demişkən, bizim siyasətimiz sosialyönümlü siyasətdir. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və iqtisadiyyatımız tam şəkildə bazar iqtisadiyyatı prinsipləri üzərində qurulmuşdur. Ancaq bununla bərabər, güclü sosial siyasət dövlətimizin qarşısında duran başlıca vəzifələrdən biridir.
Yeni il ərəfəsində Oğuz - Qəbələ - Bakı su kəmərinin istifadəyə verilməsi əhaliyə göstərilən sosialyönümlü siyasətin parlaq nümunəsi kimi xüsusi qeyd edilməlidir. Su aydınlıqdır, rahatlıqdır, bərəkətdir, firavanlıqdır, sağlamlıq və təmizlikdir. İnsan həyatında suyun qədir-qiyməti yoxdur. Dünənədək paytaxt əhalisinin 40 faizi daimi, 60 faizi isə fasilələrlə su ilə təmin olunurdusa, Oğuz - Qəbələ - Bakı kəmərinin istismara buraxılması şəhər sakinlərinin 75 faizini Dünya Səhiyyə Təşkilatının standartına tam cavab verən çeşmə suyu ilə fasiləsiz təmin edəcəkdir. Bu, Bakı sakinlərinə ölkə rəhbərliyi tərəfindən ən gözəl Yeni il hədiyyəsidir.
Ümumiyyətlə, möhtərəm Prezidentimiz İlham Əliyev hakimiyyətə gələndən sonra əhalinin yaşayış səviyyəsinin qaldırılması, sosial rifah halının yaxşılaşdırılması istiqamətində hər il möhtəşəm işlər görülüb. Bunu təsdiq edən faktlar istənilən qədərdir. Artıq hər ilin əvvəlində ölkə rəhbərinin sərəncamı əsasında pensiyalar yola salınan ilin inflyasiya dərəcəsinə uyğun olaraq artırılır. Son yeddi ildə təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, sosial təminat və başqa sahələrdə çalışanların əməkhaqları bir neçə dəfə artırılıb. Buraya elm, incəsənət xadimlərini, güc strukturlarında işləyənləri də əlavə etsək böyük bir siyahı alınar.
Dünyanı bürüyən indiki maliyyə böhranı Azərbaycana bir o qədər də mənfi təsir göstərmir. Ona görə ki, təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan iqtisadiyyatımızın hərtərəfli dinamik inkişaf etdirilməsi buna imkan vermir. İqtisadiyyatımız gücləndikcə ölkənin gəlirləri çoxalır, insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaranır. Bundan da səmərəli istifadə edən ölkə rəhbəri insanlara diqqət və qayğını ildən-ilə artırır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ilin ikinci yarısından bəri imzaladığı sərəncamları göz önünə gətirək: "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" 31 avqust 2010-cu il tarixli sərəncama uyğun olaraq, yaşa görə əmək pensiyasının baza hissəsi ötən il sentyabr ayının 1-dən etibarən 85 manat olmuşdur. Bu münasibətlə keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov demişdir:
- Əmək pensiyalarının baza hissəsinin məbləğinin növbəti dəfə artırılması möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qısa müddətdə çox ciddi sosial- iqtisadi islahatların aparılmasının məntiqi nəticəsidir. Ölkəmizdə beynəlxalq standartlara uyğun yeni sosial müdafiə modelinin təşəkkül tapması və həmin modelin mühüm tərkib hissəsi olan sığorta-pensiya sistemində islahatların davam etdirilməsinin dövlət rəhbəri tərəfindən xüsusi diqqət mərkəzində saxlanılması bütün uğurlarımızın başlıca təminatçısıdır. Cənab Prezidentin əmək pensiyalarının baza hissəsinin 13,6 faiz artırılmasına dair sərəncamı təxminən 1 milyon 254 min 200 pensiyaçıya şamil olunacaqdır.
Mətbuat konfransında Səlim Müslümov onu da nəzərə çatdırıb ki, əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün heç bir problem yoxdur. Ölkə rəhbərinin diqqət və qayğısını alqışlayan fond sədri bildirib ki, hazırda Azərbaycanda əmək pensiyalarının orta aylıq baza hissəsi 106 ABŞ dollarına bərabərdir. Bu göstəriciyə görə respublikamız Qazaxıstandan sonra (124,2 ABŞ dolları) MDB ölkələri arasında ikinci yerdə gedir. Rusiyada bu göstərici 90,2, Ukraynada 89,8, Belarusda 82,1, Ermənistanda isə vur-tut 21,6 ABŞ dolları təşkil edir.
Fond sədrinin sözlərinə görə, qeyd olunan artım digər sosial müdafiə tədbirləri üzrə də tətbiq edilir. Məsələn, Prezidentin tapşırığı əsasında "1941 - 1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram"a uyğun olaraq, 2010-cu il yanvarın 1-dən etibarən Böyük Vətən müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyalarının baza hissəsi 30 manat artırılmış, eləcə də 1941 - 1945-ci illər müharibəsi iştirakçılarına dövlət tərəfindən verilən birdəfəlik maddi yardımların ən yüksək məbləği MDB üzrə Azərbaycanda (1941 - 1945-ci illər müharibəsi iştirakçılarına 500 manat, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə isə 200 manat) qeydə alınmışdır. Halbuki Qazaxıstanda bu məbləğ Azərbaycan manatı ilə götürsək, təxminən 357 manat, Rusiya Federasiyasında 138 manat, Belarusda 135 manat, Ukraynada isə 100 manat və sair təşkil etmişdir.
Sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində idarəetməni həyata keçirən Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti beynəlxalq standartlar əsasında tamamilə yenidən qurulmuşdur. İndi fond sistemində görülən işləri, məcburi dövlət sosial sığorta haqlarının toplanmasının avtomatlaşdırılması, pensiya və müavinət təminatının da eyni qaydada aparılmasını qruplaşdırmaq mümkündür. Ümumiyyətlə, DSMF-də yeni fəaliyyət sistemi tətbiq edildiyi vaxtdan indiyədək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev pensiyaçılarla yanaşı, əmək fəaliyyəti ilə məşğul olan müxtəlif peşə sahiblərinin maaşlarının 2010-cu il sentyabr ayının 1-dən etibarən 10 faiz həcmində artırılmasına dair sərəncamlar vermişdir. Onların sırasında Təhsil, Səhiyyə, Mədəniyyət, Gənclər və İdman, Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirliklərinin, Xüsusi Dövlət Mühafizə və Dövlət Sərhəd Xidmətlərinin, habelə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarında çalışan hərbi qulluqçular, xüsusi rütbəsi olan əməkdaşlar və dövlət qulluqçusu olmayan mülki işçilər, sosial təminat müəssisələrində, kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan yüz minlərlə əməkçi vardır. Bunlardan əlavə, cənab İlham Əliyev öz sərəncamları ilə doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, əlillərin və başqa aztəminatlı kateqoriyadan olanlara, məcburi köçkünlərə verilən müavinətlərin məbləği, Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əmək haqları da keçən il sentyabr ayının 1-dən etibarən artırılmışdır. Bütün bunlar onu göstərir ki, ölkə başçısı siyasətə gəldiyi ilk gündən verdiyi sözün ağasıdır, əhalinin sosial-rifah halının daim yüksəldilməsi onun ali məqsədidir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir, iqtisadiyyatımız müxtəlif yollarla inkişaf edir. Biz iqtisadiyyatımızın şaxələndirilməsinə nail ola bilmişik və qeyri-neft sektorunun inkişafı bunun gözəl göstəricisidir.
Ümumi
valyuta ehtiyatlarımız 29 milyard dollardır. Bu, ölkəmizi
daha da gücləndirir, bizi tam şəkildə əmin edir
ki, bundan uzun illər sonra Azərbaycan yalnız inkişaf yolu
ilə gedəcək, daha da zəngin dövlətə
çevriləcək və ölkə qarşısında
duran iqtisadi və sosial problemlər daha da sürətlə həllini
tapacaqdır. Bütövlükdə, bu mənzərə bir
daha onu göstərir ki, Azərbaycan iqtisadiyyatı müstəqil
iqtisadiyyatdır, daxili resurslara söykənir, Azərbaycanda
iqtisadi və sosial məsələlərin həllində
düşünülmüş proqram, strategiya və hər
il üçün konkret layihə paketi vardır.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2011.- 11 yanvar.- S. 3.