Prezident İlham ƏLİYEV: Bizim neft-qaz resurslarımız ölkəmizi, ölkə iqtisadiyyatını, beynəlxalq mövqeyimizi gücləndirir

 

Yeni əsrin ilk onilliyi tarixə qovuşdu. Ötən 10 ildə ölkəmiz böyük inkişaf yolu keçdi, həyatın bütün sahələrində əsaslı yüksəlişə nail olundu. Dünyanın ən sabit və davamlı inkişaf edən dövlətinə çevrilmiş Azərbaycan Respublikası bütün sınaqlardan və iqtisadi çətinliklərdən üzüağ və şərəflə çıxdı. Bütün bunlar ölkəmizin beynəlxalq aləmdə nüfuzunun xeyli artmasına səbəb oldu. Son iki ilin maliyyə böhranından cüzi itkilərlə çıxmış Azərbaycanda iqtisadi artım davam etdi, qlobal enerji layihələrinin reallaşdırılması bir qədər də sürətləndirildi. Bu da öz növbəsində Azərbaycanın iqtisadi inkişafın dinamikasına görə regionda liderlik mövqeyinin bir qədər də möhkəmlənməsinə səbəb oldu.

 

Bu baxımdan yenicə yola saldığımız 2010-cu il də ölkəmiz üçün əlamətdar oldu. Belə ki, dünyada gedən iqtisadi proseslərin, nəhəng enerji layihələrinin fəal iştirakçısına və mərkəzinə çevrilmiş Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası ötən il bir qədər də sürətləndi, ölkəmiz dünyanın enerji təhlükəsizliyinin təminatında fəal iştirakı ilə seçildi.

Bütövlükdə isə əsaslı yüksəliş və tərəqqi dövrü kimi xarakterizə olunan 2010-cu ildə Azərbaycan iqtisadiyyatının həcmi təqribən 5 faiz, əhalinin pul gəlirləri isə 12 faiz artmışdır. Bununla yanaşı, ötən il ölkəmizə 15 milyard dollar sərmayə qoyulmuş, nəzərdə tutulmuş bütün ümummilli proqramların, infrastruktur layihələrinin icrası uğurla davam etdirilmişdir. Ümumi inkişafın nəticəsi olaraq ölkənin valyuta ehtiyatlarının həcmi 30 milyard dollara çatmışdır.

Ölkə üzrə əldə olunmuş yüksək iqtisadi artım, neft strategiyasının uğurları, büdcə imkanlarının xeyli genişlənməsi abadlıq-quruculuq işlərinə böyük təkan vermişdir. Təsadüfi deyil ki, indi ölkəmizin elə bir güşəsi yoxdur ki, orada geniş miqyaslı abadlıq-quruculuq işləri həyata keçirilməsin. İl ərzində infrastruktur layihələrinin əksəriyyəti uğurla reallaşdırılmış, ölkədə çoxsaylı sosial obyektlər tikilib istifadəyə verilmişdir. Dekabr ayının son günlərində ən böyük sosialyönümlü layihələrdən sayılan Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi isə, heç şübhəsiz, ölkəmizin iqtisadi qüdrətinin təntənəsi idi.

Yola saldığımız 2010-cu il ölkə iqtisadiyyatının aparıcı sahəsi sayılan neft sənayesi üçün xüsusilə uğurlu olmuşdur. Belə ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin iqtisadi dayaqlarını bir qədər də möhkəmləndirmişdir. Elə ötən il sənayedə qeydə alınmış artım da, əsasən, ölkədə neft hasilatının çoxalması hesabına baş vermişdir. Təkcə onu demək kifayətdir ki, 2010-cu ildə Azərbaycanda 51,5 milyon ton neft çıxarılmışdır ki, bu da ölkəmizin neft sənayesi üçün rekord göstərici hesab olunur. Xatırladaq ki, Azərbaycanda neft hasilatının ən yüksək göstəricisi 1941-ci ildə qeydə alınmışdı (23 milyon 482 min ton). Ölkəmizin yeni neft strategiyasının uğurla reallaşdırılması nəticəsində hasilat sahəsində qeydə alınan rekord nəticə isə qarşıdan gələn növbəti hər bir ildə təzələnərək 60 milyon tonu ötüb keçəcək. Bu da ölkəmizin iqtisadi qüdrətinin artmasında, xalqımızın rifah halının getdikcə yaxşılaşmasında əvəzsiz rol oynayacaq.

Son illər ölkəmizin zəngin qaz potensialının hərəkətə gətirilməsi istiqamətində də geniş miqyaslı işlər həyata keçirilir. Dörd il əvvəl istismarına başlanılmış "Şahdəniz" yatağı Azərbaycanın qaz ehtiyatları ilə zəngin bir ölkə olduğunu bir daha sübut etdi. Bundan əlavə, "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində neftlə yanaşı, çıxarılan səmt qazının həcmi də ildən-ilə artır. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən reallaşdırılan yeni qaz proqramı da ölkədə qaz hasilatının artmasına mühüm töhfələr verir. Məhz bütün bunların nəticəsidir ki, 2010-cu ildə Azərbaycanda 27 milyard kubmetr "mavi yanacaq" hasil olunmuşdur ki, bu da ölkədə yeni qaz strategiyasının uğurla reallaşdırılmasına dəlalət edir.

Bütövlükdə isə 2010-cu il ölkəmizin neft-qaz sənayesi üçün əlamətdar hadisələrlə zəngin olmuşdur. Belə ki, ötən ilin mart ayının 9-da Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişi - "Əsrin müqaviləsi"nin reallaşdırılması istiqamətində daha bir addım atıldı. Adıçəkilən sazişin rəhbər komitəsi tərəfindən yeni "Çıraq" layihəsinə sərmayə qoyuluşuna dair qərar qəbul olundu. Xatırladaq ki, layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti-quraşdırma işlərinə 6 milyard dollar sərmayə yönəldiləcək. Layihəyə əsasən, mövcud "Çıraq" və "Dərinsulu Günəşli" platformaları arasında yeni bir hasilat platforması inşa ediləcək ki, bu da daha dərin qatlardan neft hasilatına imkan verəcək. 2015-ci ildən etibarən buradan gündə 183 min barrel (ildə təqribən 9 milyon ton) neft çıxarılması planlaşdırılır. Bunun da hesabına Azərbaycan əvəzsiz olaraq gündə 4,2 milyon kubmetr (ildə 1,5 milyard kubmetr) səmt qazı almaq imkanı əldə edəcək.

Məlum olduğu kimi, özünün enerji təhlükəsizliyini tam təmin etmiş Azərbaycan artıq bir neçə ildir ki, Avropa ölkələrinin də enerji təminatına mühüm töhfələr verir. Buna isə ölkəmizin zəngin karbohidrogen ehtiyatları imkan yaradır. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində demişdir: "Biz dünyanın enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz töhfəmizi veririk. Azərbaycan çox etibarlı tərəfdaşdır və bizim neft-qaz resurslarımız ölkəmizi, ölkə iqtisadiyyatını gücləndirir, eyni zamanda, bizim beynəlxalq mövqelərimizi də gücləndirir". Xəzərin enerji resurslarına, Azərbaycanın karbohidrogen ehtiyatlarına beynəlxalq maraq getdikcə artır. Təkcə belə bir faktı qeyd etmək yetərlidir ki, Azərbaycan hökumətinin 2010-cu ilin yayında qaz satışına dair sorğusuna 20 xarici şirkət cavab vermişdir. Elə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində il ərzində çıxarılacaq 16 milyard kubmetr qazın alınması üçün bu sayda şirkətin müraciət etməsi də Azərbaycanın karbohidrogen ehtiyatlarına artan marağın məntiqi nəticəsidir. Təsadüfi deyil ki, hazırda XXI əsrin ən iri qaz ixracı marşrutlarından sayılan "Nabukko" layihəsinin iştirakçıları da ən böyük qaz tədarükçüsü kimi məhz ölkəmizi görürlər. Belə ki, onlar "Nabukko" kəmərinin qazla doldurulması üçün "Şahdəniz" yatağının ehtiyatlarına daha çox ümid bəsləyirlər. Bu da Azərbaycanın qlobal enerji layihələrinin əsas iştirakçısı və mühüm tədarükçü ölkə kimi mövqeyini bir qədər də gücləndirir.

Yola saldığımız 2010-cu ilin ən mühüm enerji hadisələrindən biri də, heç şübhəsiz, iyun ayının 7-də İstanbulda Azərbaycanla Türkiyə arasında "Şahdəniz" qazı ilə bağlı paket sazişlərinə dair bir sıra memorandum və bəyannamələrin imzalanmasıdır. Xatırladaq ki, həmin sənədlərə əsasən, Azərbaycan Türkiyəyə əlverişli şərtlərlə "mavi yanacaq" satışı ilə yanaşı, həm də öz qazını qardaş ölkənin sərhədlərində üçüncü tərəflərə ixrac etmək imkanı qazandı.

Ötən ilin iyul ayında Dövlət Neft Şirkəti ilə bp şirkəti arasında Xəzərin Azərbaycan sektorunda yerləşən "Şəfəq" və "Asiman" strukturlarının birgə işlənməsinə dair hasilatın pay bölgüsü sazişi imzalanmışdır. Bunları ölkəmizin karbohidrogen ehtiyatlarının cəlbediciliyini təsdiq edən amillərdən saymaq olar. Xatırladaq ki, dənizin 550-650 metr dərinliyində yerləşən bu strukturların ərazisində 7000-7300 metr dərinliklərdən qaz çıxarılması güman olunur. Bunun isə yaxın beş ildə reallaşdırılması nəzərdə tutulur.

Sentyabr ayında Bakıda II beynəlxalq qaz konfransı çərçivəsində Azərbaycan, Gürcüstan və Rumıniyanın dövlət başçılarının iştirakı ilə AGRİ layihəsi üzrə memorandum imzalandı. Məlumat üçün bildiririk ki, tədbirdə Macarıstanın baş naziri də müşahidəçi qismində iştirak edirdi. Layihənin əsas mahiyyəti isə ondan ibarətdir ki, yaxın gələcəkdə Azərbaycan, həm də öz qazını tankerlərlə dünya bazarına çıxarmaq imkanını əldə edəcək.

Karbohidrogen ehtiyatlarının fəal ixracatçısına çevrilmiş Azərbaycan Respublikasının tranzit ölkə kimi əhəmiyyəti də getdikcə artmaqdadır. Elə 2010-cu ildən etibarən Türkmənistan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəqlinə başlanılması da bunu təsdiqləyir. Eyni zamanda, adıçəkilən kəmərlə Qazaxıstan neftinin ixracına dair saziş də mövcuddur ki, bu da ölkəmizin tranzit imkanlarının genişliyinə dəlalət edir. Yeri gəlmişkən, 2006-cı ilin iyun ayından ötən ilin sonlarınadək Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəməri ilə 143 milyon tondan artıq Azərbaycan nefti nəql olunmuşdur.

Ötən il Azərbaycanın neft-qaz sənayesi üçün ən uğurlu və yaddaqalan hadisələrdən biri də "Ümid" qaz-kondensat yatağının kəşfi olmuşdur. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev xalqımıza ənənəvi Yeni il təbrikində bu hadisənin əhəmiyyətinə toxunaraq demişdir: "2010-cu ildə Azərbaycanda böyük qaz yatağı kəşf edilmişdir. "Ümid" yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf edilmişdir və bu yataq bizim enerji potensialımıza böyük dəstək verəcəkdir. Artıq yatağın aşkarlanması dünyada böyük səs salıb və Azərbaycanın enerji potensialının dünya bazarlarına təqdim edilməsi üçün bu hadisənin böyük əhəmiyyəti olacaqdır". Xatırladaq ki, "Ümid" yatağı Bakıdan 75 kilometr, qurudan isə 40 kilometr aralıda yerləşir. Ötən əsrin ortalarından etibarən burada müəyyən geofiziki və qazma işləri həyata keçirilsə də, lazımi nəticə əldə etmək mümkün olmamışdır. Bir neçə il əvvəl isə yataqda yenidən qazma işlərinə başlamağa dair qərar qəbul olunmuşdur. Bu məqsədlə "Ümid" yatağında ən müasir platforma quraşdırılıb istismara verilmişdir. Azərbaycan neftçilərinin daxili imkanlar hesabına həyata keçirdikləri tədbirlər, nəhayət, öz müsbət nəticəsini vermişdir. "Ümid" yatağında dənizin 170 metr dərinliyində qazılmış ilk quyu burada zəngin qaz və kondensat ehtiyatlarının mövcudluğunu təsdiq etmişdir. Sübut olunmuşdur ki, yataqda 200 milyard kubmetr qaz və 30-40 milyon ton kondensat ehtiyatları mövcuddur...

Göründüyü kimi, ölkəmizin yeni neft strategiyasının uğurları ilbəil artır. Artıq Azərbaycanın gəlirləri getdikcə çoxalır və ölkəmizə böyük həcmdə valyuta daxil olur. Təkcə 2010-cu ildə Azərbaycan mənfəət neftinin və qazının illik gəlirləri 16 milyard dollara çatmışdır. Xatırladaq ki, ölkəmiz buna qədər ən çox neft gəlirini 2008-ci ildə əldə etmişdi - 14,4 milyard dollar. Yeri gəlmişkən, ulu öndər Heydər Əliyev tərəfindən 1999-cu ilin dekabr ayında təsis olunmuş Azərbaycan Respublikası Dövlət Neft Fonduna ötən 11 ildə 46,4 milyard dollar vəsait daxil olmuşdur. Bütün bunlar isə Azərbaycanı investisiya cəlb edən ölkədən investisiya yönəldən ölkəyə çevirmişdir.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2011.- 11 yanvar.- S. 1.