Goranboy:
bütün imkan və ehtiyat mənbələri hərəkətə
gətirilib
2010-cu il
bütövlükdə ölkəmizin həyatında
olduğu kimi, Goranboy rayonunun sosial-iqtisadi və mədəni həyatında
da əlamətdar və yaddaqalan olmuşdur. Əsas cəhət
odur ki, bütün sahələrdə əvvəlki illərlə
müqayisədə irəliləyiş əldə
edilmiş, aparılan genişmiqyaslı tikinti-abadlıq və
quruculuq işləri daha sistemli və ardıcıl xarakter
almışdır. Bu günlərdə rayonda olduq, idarə,
müəssisə və təşkilatlara baş çəkdik.
Adamlarla danışdıq, onların əhval-ruhiyyəsi,
mövcud mənəvi-psixoloji mühit və s. məsələlərlə
maraqlandıq. Hər yerdə də yüksək əhval-ruhiyyənin,
işgüzar və sağlam mənəvi-psixoloji
ab-havanın, adamların sabaha dərin inam və ümidinin
şahidi olduq.
Bizi daha çox maraqlandıran isə bunlar idi: iqtisadi-sosial və mədəni sahədə əldə edilmiş konkret nəticələr nədən ibarətdir? İşin daha yaxşı təşkili üçün görülmüş və görüləsi tədbirlər, qarşıda duran real vəzifələr hansılardır?
Öyrəndik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının reallaşdırılması respublikanın hər yerində olduğu kimi, Goranboyda da uğurla davam etdirilir. Belə ki, aparılan işlərin miqyası genişləndirilmiş, rayonda tikinti, abadlıq, quruculuq işləri bütün yaşayış məntəqələrini əhatə etmişdir.
Ötən il Goranboy şəhərinin Füzuli, Civəzadə, Ü.Hacıbəyov, C.Cabbarlı, R.Bağırov, M.Nağıyev və E.Bağırov küçələrinə 3,3 kilometr asfalt örtük salınmışdır. Goran və Qızılhacılı qəsəbələri, habelə Şahməmmədli kəndi istiqamətlərində müasir üslubda giriş qapıları inşa edilmişdir. Şəhər ərazisində 14 kilometr uzunluğunda səki yan daşları düzülmüş, 3000 kvadrtmetr səki yenidən tikilmişdir. Vüqar Bayramov küçəsi müasir üslubda yenidən qurularaq 2 tərəfli hərəkət təmin edilmişdir. 3 yolun arasında yaşıllıq yolağı salınmış, müasir işıqlanma sistemi qurulmuşdur. C.Cabbarlı küçəsində yol 2 metr genişləndirilmiş, yaşıllıq salınmışdır. Şəhərin mərkəzi küçələri boyu 900 metr uzunluğunda müasir memarlıq üslubunda yeni hasar tikilmişdir. Hazırda 300 metr hasarın tikinti davam etdirilir. Əsaslı şəkildə yenidən qurulmuş 5800 metr uzunluğunda yolun kənarlarına yaşıllq zolağı salınmışdır. Ümumiyyətlə, "Ekologiya ili" çərçivəsində rayon ərazisində 87 min ədəd ağac və gül kolları əkilmişdir. Qızılhacılı və Goran istiqamətində yol dairələri, Səfikürd istiqamətində isə şəlalə kompleksi tikilmişdir. C.Cabbarlı və R.Mustafayev küçələrinin kəsişməsində 2500 kvadratmetr ərazi təmizlənərək 650 kubmetr torpaq daşınmış, ağac əkilmişdir.
Goran - Goranboy yolunda, C.Cabbarlı, R.Mustafayev, Civəzadə küçələrində müasir üslubda işıqlandırma sistemi quraşdırılmışdır. Şəhərdə 4 ikimərtəbəli və 1 beşmərtəbəli yaşayış binasının dam örtükləri dəyişdirilmiş, fasadlar təmir edilmişdir. 250 metr yeni kanalizasiya xətti çəkilmişdir. Civəzadə küçəsində xeyir-şər evi tikilmiş, mini stadion quraşdırılmışdır. Əraziyə 3000 kvadratmetr asfalt örtük salınmışdır.
Respublika hökumətinin maliyyə dəstəyi ilə Goranboy şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına başlanmışdır. 73 kilometr su, 25,7 kilometr kanalizasiya xəttinin çəkilməsi nəzərdə tutulur. Bu layihə həyata keçirildikdən sonra şəhərin içməli su və kanalizasiya problemi tamamilə aradan qaldırılacaqdır.
Goranboy ənənəvi kənd təsərrüfat rayonudur. Yola saldığımız 2010-cu ildə istər əkinçilik, istərsə də heyvandarlıq məhsulları istehsalı sahəsində yüksək göstəricilər əldə edilmişdir. O da maraqlıdır ki, rayonda məhsul istehsalının artırılması ilə yanaşı, onun dayanıqlı bazarının yaradılıması üçün də müvafiq tədbirlər görülür. Belə ki, yaxın vaxtlarda rayonda 2 soyuducu kameranın və süd qəbulu məntəqəsinin tikintisinə başlanılacaqdır. Süd emalı zavodunun, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi müəssisəsinin, günəbaxan emalı sexinin tikintisi ilə əlaqədar təşkilati işlər aparılır.
Heç şübhəsiz ki, bu uğurların əldə edilməsində ölkə Prezidentinin göstərişinə əsasən, dövlət yardımları, habelə sahibkarlara verilən güzəştli kreditlər müstəsna əhəmiyyət kəsb edir. 15 oktyabr 2010-cu il tarixdə iş adamlarının və müvəkkil kredit banklarının iştirakı ilə "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi"nə dair tədbirin Goranboy rayonunda keçirilməsi bu bölgəyə göstərilən qayğının əyani nümunəsidir. Ümid etmək olar ki, iş adamlarına verilən kreditlər kənd təsərrüfatının inkişafına təkan verəcəkdir.
Ötən il rayon üzrə 10 min 850 hektar sahədə şum aparılmışdır. Bu, ötən ildəkindən 1550 hektar çoxdur. Deməli, cari ildə bol məhsulun əsası qoyulmuşdur.
Goranboyda suvarma suyu nisbətən məhduddur. Əsas ağırlıq subartezian quyularının üzərinə düşür. Hazırda mövcud 751 subartezian quyusandan 726-sı işlək vəziyyətdədir. Əhalinin suvarma suyuna olan tələbatını ödəmək məqsədilə Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti Subartezian Quyularının İstismarı İdarəsinə 30 əlavə nasos vermişdir.
Təəssüf ki, uzun illər rayonda sel sularından mühafizə tədbirləri diqqətdən kənarda qalmışdır. Nəticədə bir çox yaşayış məntəqələri ciddi zərər çəkmişdir. Belə halların aradan qaldırılması üçün ötən il arxlarda 388,9 min kubmetr təmizləmə işləri aparılmış, Qızılhacılı və Balakürd kəndlərinin mühafizəsi üçün 6,5 kilometr uzunluğunda yeni sel arxının çəkilməsinə başlanılmışdır.
Ötən il rayonda təhsil, səhiyyə və mədəniyyət müəssisəsinin fəaliyyəti daha da gücləndirilmiş, sahənin maddi-texniki bazası möhkəmləndirilmişdir. Diqqət ona yönəldilmişdir ki, əvvəlki illərdə yol verilmiş nöqsanlar tezliklə aradan qaldırılsın, sağlam mənəvi-psixoloji mühit yaradılsın. Qısa müddət ərzində Rus Borisi, Qurbanzadə və Azad kəndlərində müasir məktəb binaları, Bəşirli kəndində əlavə tədris korpusu tikilmişdir. Qaradağlı, Əzizbəyov, Qırıqlı, Gürzallar, Sarov, Yuxarı Ağcakənd, Abbasqulular kənd məktəbləri əsaslı təmir edilmişdir. Hazırəhmədli kəndində yeni uşaq bağçası açılmışdır.
Əvvəlki illərdə olduğu kimi, indi də rayonda Heydər Əliyev Fondu tərəfindən məktəb tikintisi davam etdirilir. Hazırda Fondun dəstəyi ilə 440 yerlik şəhər 3 saylı orta məktəbində tamamlama işləri aparılır. Respublika Təhsil Nazirliyi tərəfindən isə 360 şagird yerlik Tatarlı kənd orta məktəbinin tikintisinə başlanılmışdır.
Ötən il Qaramusalı kəndində tibb məntəqəsi tikilmişdir. Mərkəzi xəstəxananın 3 şöbəsi və Qızılhacılı həkim məntəqəsi əsaslı təmir edilmişdir. Yenidən tikilməsinə və əsaslı təmirə ehtiyacı olan tibb müəssisələri isə çoxdur. Mərkəzi xəstəxananın yeni rəhbərliyi bu məsələlər, habelə mövcud xəstəxanaların müasir tibbi avadanlıqlarla təchiz olunması ilə bağlı ciddi tədbirlər görmüşdür.
Mədəniyyət müəssisələrinin maddi bazasının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Borsunlu və Xan Qərvənd kənd uşaq musiqi məktəbləri, Dəliməmmədli şəhər mədəniyyət evi, Şıxlar kənd klubu, Qaramusalı kənd kitabxanası əsaslı təmir edilmişdir.
Əhalinin vacib sosial ehtiyaclarının ödənilməsi, o cümlədən elektrik enerjisi, təbii qaz və içməli su təminatı sahəsində ötən il ardıcıl və sistemli tədbirlər işlənib həyata keçirilmişdir. Nəticədə, Cinli Boluslu kəndi təbii qazla təmin edilmiş, rayon mərkəzindən Aşağı Ağcakənd qəsəbəsinədək 38 kilometr uzunluğunda yeni daşıyıcı qaz xəttinin çəkilişi, o cümlədən Aşağı Ağcakənd, Meşəli yaşayış məntəqələrində küçə xətlərinin çəkilişi başa çatdırılmışdır. Goranboy və Dəliməmmədli şəhərlərinin bir neçə küçəsində köhnə qaz xətləri yenisi ilə əvəz olunmuşdur. Veysli kəndində 14 kilometr kəndarası yeraltı xətt, Aşağı Ballıqaya kəndində 14 kilometr küçə xətləri çəkilmişdir. Börü kəndində isə bu iş davam etdirilir. Bundan başqa, Dəliməmmədli -Fəxralı, Əlirzalı, Tap Qaraqoyunlu, Baxçakürd, Azad, Dəyirmanlar, Şəfəq kəndlərində qaz xətləri yenidən çəkilir. Rayon Qaz İstismarı İdarəsi üçün yeni inzibati binanın tikintisinə də başlanılmışdır.
Payız-qış aylarında əhalini davamlı elektrik enerjisi ilə təmin etmək üçün Kürəkçay, Dəliməmmədli, Azad, Qazanbulaq, Səfikürd, Gülüstan, Çaylı yarımstansiyalarında əsaslı və cari təmir işləri aparılmışdır. Dəliməmmədli və Kürəkçay şəbəkə sahələrinin yenidən qurulması istiqamətində işlər davam etdirilir. Goranboy şəhəri ərazisindəki şəbəkə yenidən qurulmuşdur. Kələk, Xınalı, Əzizbəyov, Səmədabad, Ağamalıoğlu və Qaramusalı kəndlərində elektrik dayaqları və naqillər dəyişdirilmiş, 10 transformator əsaslı təmir olunmuşdur.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev təbiətən narahat adamdır. Onun iş gününün nə vaxt və harada başlandığını müəyyən etmək çətindir. Ona görə ki, rayon ərazisində gedən tikinti-quruculuq və abadlıq işlərinə bilavasitə özü baş çəkir. Müxtəlif kollektivlərə gedir, adamlarla görüşür, işin gedişi ilə yaxından tanış olur. Özü də bu, demək olar ki, hər gün təkrar olunur. Maraqlandıq:
- Belə
gərgin iş qrafiki sizi yormur ki?
- Əsla.
Bilirsinizmi, indi kabinetdən rəhbərlik dövrü deyil.
Bir var ki, işlərin gedişini telefon zəngindən,
hansısa arayışdan, kiminsə məlumatından alasan,
bir də var ki, öz gözlərinlə görüb əmin
olasan. Bu, hər hansı sahədə işlərin
gedişini sürətləndirməklə yanaşı,
adamlarda intizam və məsuliyyət hissini gücləndirir.
Sizə kiçik bir siyahı göstərmək istəyirəm.
Bu, təkcə ötən il tikilib başa
çatdırılmış və hazırda tikintisi davam
etdirilən obyektlərin siyahısıdır. Tikilib: YAP rayon
təşkilatının binası, şəhər 3 saylı
məktəb, Tatarlı kənd orta məktəbi,
Avtovağzal, şahmat məktəbi, qaz idarəsinin inzibati
binası. Tikintisi davam etdirilir: Rus Borisi, Qurbanzadə, Azad kənd
məktəbləri, Bəkirli məktəbinin əlavə
korpusu, Qaramusalı kənd tibb məntəqəsi. Bu
siyahıda C.Cabbarlı, M.Məhərrəmov,
H.Z.Tağıyev küçələrindəki evlərin, mədəniyyət
və turizm şöbəsinin, Milli Təhlükəsizlik
Nazirliyi rayon şöbəsinin, Gurzallar, Qırıxlı, Əzizbəyov,
Qaradağlı kənd məktəblərinin əsaslı təmirini
də əlavə edək. Görürsünüzmü, bu
obyektlərin hər birinin tikintisi, o cümlədən təmiri
vacibdir. Deməli, onlar nəzərdə tutulmuş müddətdə
təhvil verilir. Belə olan halda, əlbəttə, işin
gedişini ciddi surətdə nəzarətdə saxlamaq
lazımdır.
- Goranboy
respublikamızın geniş imkan və potensiala malik
rayonlarından biridir. Sizə elə gəlmir ki, indiyə kimi
həmin imkan və potensialdan tam istifadə olunmayıb?
-
İstifadə olunmamış imkan və ehtiyat mənbələri
istər kənd təsərrüfatında, istər sənayedə,
istərsə də tikintidə kifayət qədərdir. Həqiqətən,
Goranboy havasına, tikintisinə, təbii sərvətlərinə
görə çox zəngindir. Burada müxtəlif istiqamətli
biznes fəaliyyətini inkişaf etdirmək üçün əlverişli
şərait var. Hazırda əsas diqqət və səylər
ona yönəldilməlidir ki, azad sahibkarlığın
inkişafına geniş meydan verilsin. Bu isə nəticə
etibarilə, onlarla yeni emal müəssisəsinin işə
düşməsi, yüzlərlə goranboylunun işlə təmin
olunması deməkdir.
- Uzun illər
müxtəlif rəhbər vəzifələrdə
çalışmısınız. Demək istəyirəm
ki, kadrlarla aparılan iş, onların düzgün
seçilib-yerləşdirilməsi ilə bağlı məsələlər
əvvəllər də aktual olub, indi də. Siz bu zaman daha
çox hansı amillərə üstünlük verirsiniz,
burada başlıca, həlledici meyar nədir?
- Əvvəllər
belə bir deyim vardı: hər şeyi kadrlar həll edir. Həqiqətən,
belədir və bu vacib amil bu gün də öz
aktuallığını saxlamaqdadır. Əlbəttə, hər
kəs tapşırılan iş üçün məsuliyyət
daşımalı, etimadı doğrultmalıdır. Ancaq təəssüf
ki, həmişə belə olmur. Belələri ilə birdəfəlik
xudahafizləşirlər.
Biz
adamları öz ardınca aparmağı bacaran, təcrübəli
və qətiyyətli kadrları cəsarətlə irəli
çəkirik. Bu zaman həlledici amil onların iş və
mənəvi keyfiyyətləri, doğma Vətənə,
xalqa, torpağa, dövlətə, dövlətçiliyə
nə qədər sədaqətli olmasıdır. O yerdə
ki irəli çəkilən kadrlar bu keyfiyyətlərə
cavab verir, orada işlərin gedişi razılıq
doğurur. Bununla belə görüləsi işlərimiz
çoxdur.
Kadrlarla
aparılan işdən danışarkən, əlbəttə,
ilk növbədə ümummilli lider Heydər Əliyevin bizə
miras qoyduğu zəngin irsi, tükənməz xəzinəni,
böyük məktəbi dönə-dönə yada
salmalıyıq. Olduqca fərəhlidir ki, həmin xətt bu
gün ölkə Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Bizim vacib və təxirəsalınmaz
vəzifəmiz bütün sahələrdə olduğu kimi,
burada da həmin zəngin xəzinədən mümkün qədər
çox bəhrələnməkdən ibarətdir. Belə
olarsa, uğurlarımız da artar, insanlar da razı qalar.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2011.- 12 yanvar.- S. 3.