2010-cu ildə
regionların inkişafına xüsusi
diqqət yetirilmişdir
Qeyri-neft sahələrinin inkişafı, neft
sektorundan əldə edilən gəlirlərin
səmərəli istifadəsi diqqət mərkəzində
saxlanılan ən mühüm məsələlərdən
biridir. Ölkə Prezidentinin
fərmanı ilə təsdiq olunmuş ikinci "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın icrası məqsədilə idarəetmə
orqanlarının, yerli və xarici investorların diqqəti regionların
inkişafına yönəldilmiş, regional
problemlərin həlli ön plana çəkilmişdir. Məhz elə buna görə də hazırda yerlərdə
infrastruktur təminatının
yaxşılaşdırılması, sosial
obyektlərin inşasının sürətləndirilməsi
ilə əlaqədar nəzərdə tutulan
layihələr uğurla
reallaşdırılır.
Azərbaycanda regionların inkişafı ilə bağlı maliyyə bazarının təkmilləşdirilməsi uğurla davam etdirilir. Burada əsas diqqət maddi resursların iş adamlarının əlində cəmləşməsinə yönəldilir. Bu isə özünü daha çox özəl bölmənin, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək üçün bir sıra mühüm tədbirlərin həyata keçirilməsində göstərir. Prezident İlham Əliyev bununla əlaqədar demişdir: "...Məqsəd ondan ibarətdir ki, bir neçə ildən sonra iqtisadi imkanlarımızın neft amilindən asılılığını tamamilə aradan qaldıraq. Belə imkanlar var və əminəm ki, qeyri-neft sektorunun inkişafı həm dövlət tərəfindən verilən dəstək hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində daha da genişlənəcəkdir... Biz bir neçə il ərzində sahibkarlara kreditlər veririk, bu kreditlər də yaxşı işləyir. Bu kreditlərin hesabına yeni müəssisələr - fabriklər, emal müəssisələri yaradılır, özəl biznes inkişaf edir. İqtisadiyyatımızın ümumi çəkisində özəl biznesin kifayət qədər böyük yeri var. Azərbaycan iqtisadiyyatı 80 faizdən yuxarı özəl sektorun əsasında qurulubdur".
Maddi resursların investisiya layihələrinə istiqamətləndirilməsi baxımından Azərbaycan dünyada və MDB məkanında üstün mövqeyə malikdir. Belə ki, bu, son illər dövlət büdcə xərclərinin bir neçə dəfə artması hesabına iqtisadiyyata sərmayələrin qoyulmasına diqqətin artırılmasında özünü qabarıq büruzə verir. Bunun nəticəsində ölkəmizin prioritet sosial yönümlü infrastrukturunun yaradılması və yenidən qurulması ilə bərabər, fiziki infrastruktur, mədəniyyət, idman təyinatlı layihələrin maliyyələşdirilməsi mümkün olmuşdur.
İqtisadiyyata investisiya qoyuluşu həcminin artması ilə bağlı Prezident İlham Əliyev demişdir: "Azərbaycan 2020-ci ildə investisiyaların cəlb edilməsi sahəsində öz uğurlu siyasətini davam etdirmişdir. Baxmayaraq ki, demək olar ki, bütün maliyyə qurumları, beynəlxalq səviyyəli şirkətlər və ölkələr öz xərclərini kəskin şəkildə azaldırlar, Azərbaycana xaricdən gələn investisiyaların həcmi prosesi davam edir və bu il də biz bunu müşahidə etmişik. Bütövlükdə, ölkə iqtisadiyyatına ötən il 15 milyard dollar sərmayə qoyulmuşdur və bunun müəyyən hissəsi xarici sərmayələrdir. Biz əvvəlki illərdə daha çox xarici investisiyalardan asılı idik. Azərbaycanda yaradılmış gözəl investisiya iqlimi ölkəmizə investisiyaların gətirilməsinə kömək göstərmişdir. Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayənin həcminə görə bütün dövrlərdə bu bölgədə ən qabaqcıl yerlərdə idi".
Ölkəmizdə sahibkarlığın təkmilləşdirilməsi əmtəə və xidmətlərin səviyyəsinə müsbət təsir göstərir. Bu da öz növbəsində məhsuldarlığın, ölkənin rəqabətə davamlılığının artmasına təsir edir. Sahibkarlığın təkmilləşdirilməsi ölkədə sahibkarlar şəbəkəsinin güclənməsinə, ayrı-ayrı sahibkarların səmərəli fəaliyyət göstərməsinə əlverişli şərait yaradır. Məhz bu amilə görə də Azərbaycan dünya ölkələri arasında öncül yer tutur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi məqsədli dövlət proqramlarından irəli gələn tapşırıqlara uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu respublikada, xüsusilə regionlarda iqtisadiyyatın inkişafını stimullaşdıran investisiya layihələrinin, müasir texnologiyaların tətbiqinə əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrinin yaradılmasının güzəştli qaydada maliyyələşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Müasir texnologiyalara cavab verən ətlik istiqamətli quşçuluq (o cümlədən damazlıq broyler) təsərrüfatlarının yaradılması və ya yenidən qurulması üzrə layihələrin reallaşdırılması əhalinin quş ətinə tələbatının ödənilməsində mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu istiqamətdə güzəştli qaydada maliyyələşdirilən 12 iri həcmli investisiya layihəsinin həyata keçirilməsi nəticəsində hər il əlavə olaraq ölkədə 60 milyon ədəd damazlıq yumurta və 16 min ton quş əti istehsalı nəzərdə tutulur.
Abşeron rayonunun Zirə qəsəbəsində "Xəmsə" MMC tərəfindən əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondundan alınmış 1,8 milyon manat güzəştli kredit hesabına inşa edilmiş, ən qabaqcıl texnologiyaya əsaslanan damazlıq yumurta istehsalı ilə məşğul olan quşçuluq müəssisəsi fəaliyyətə başlamışdır.
Artıq müəssisəyə İngiltərədən 90 min baş damazlıq cücə gətirilmişdir. Bu ilin ikinci yarısından etibarən müəssisədə il ərzində 25-30 milyon ədəd damazlıq yumurta istehsalı mümkün olacaqdır. İstehsal ediləcək məhsul respublikanın quşçuluq təsərrüfatlarının tələbatının ödənilməsinə yönəldiləcək, eyni zamanda xarici bazarlara çıxarılacaqdır.
Bu müəssisənin fəaliyyəti respublikanın quşçuluq təsərrüfatlarının damazlıq yumurta ilə təminatının yaxşılaşdırılmasına, ixrac imkanlarının genişləndirilməsinə, həmçinin 108 yeni iş yerinin açılmasına şərait yaradacaqdır.
Zirə qəsəbəsində isə güzəştli kreditlərdən istifadə etməklə sahibkar Firuz Rzayev tərəfindən 200 hektar sahədə yeni zeytun bağı salınır. Əhalinin ildən-ilə bu məhsula olan tələbatının artmasını, eləcə də respublikada fəaliyyət göstərən zeytun emalı müəssisələrinin xammalla təminatını nəzərə alaraq, 200 hektar sahədə zeytun bağının salınması üçün sahibkar Firuz Rzayevə 400 min manat güzəştli kredit ayrılmışdır. Layihədə Zirə qəsəbəsində istifadəsiz və sənaye tullantıları ilə çirklənmiş 200 hektar torpaq sahəsinin təmizlənməsi, aqrotexniki xidmət göstərilməklə əkinə hazırlanması və yüksək məhsuldar zeytun tinglərinin əkilməsi nəzərdə tutulur. Bu məqsədlə Türkiyədən 100 min ədəd xüsusi növ zeytun tingləri gətiriləcək. Artıq tinglərin bir hissəsi gətirilmiş və əkin işlərinə başlanmışdır. Yeni zeytun bağı 3-cü ildən başlayaraq məhsul verəcək. Tam məhsula düşdükdən sonra ildə 2 min tonadək məhsul götürülməsi gözlənilir. Bu layihənin reallaşması 20 yeni iş yerinin açılmasına imkan verəcəkdir.
2010-cu ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Zirədə yerləşən "Proqress" MMC-yə ayrılmış 990 min manat güzəştli kredit hesabına müəssisədə göbələk istehsalı və emalı genişləndirilmiş, illik istehsal gücü 1200 tona çatdırılmışdır. Yeni yaradılmış istehsal sahəsində isə göbələyin bir hissəsi konservləşdiriləcəkdir. İstehsalın genişləndirilməsi nəticəsində 40 yeni iş yeri açılacaq. Müəssisədə istehsalın genişləndirilməsi həm yerli bazarın bütün il boyu bu məhsula olan tələbatının ödənilməsinə, həm də xaricə ixracına imkan yaradacaqdır.
Son illər Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən radikal iqtisadi islahatların əsas istiqaməti olan bazar iqtisadiyyatının formalaşmasının əsasında da sahibkarlıq bölməsinin inkişafı əsas amil kimi durur. Buna görə də Azərbaycan Respublikası XXI əsrə bazar iqtisadiyyatının formalaşdırılması və sahibkarlığın inkişafı sahəsində böyük irəliləyişlərlə qədəm qoymuşdur.
İqtisadi və dövlət idarəetmə aparatında aparılan islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən bazar iqtisadiyyatı mexanizmlərinin bərqərar olmasına şərait yaratmış, yerli və xarici investisiyalar, müasir texnologiyalar və idarəetmə təcrübəsi cəlb etməklə rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, mövcud müəssisələrin yenidən qurulmasına, yeni iş yerlərinin və nəticə etibarilə xalqın maddi rifahının yüksəldilməsinə yönəldilmişdir.
Yeri gəlmişkən, bir məqama da toxunaq. Ötən il dünyanın aparıcı iqtisadiyyatlarında böhrandan sonrakı bərpa proseslərinə diqqət artırılmışdır. "İqtisadi böhranın dünya maliyyə bazarlarına və bütövlükdə qlobal iqtisadiyyata vurduğu təsirin miqyasını təsvir etmək üçün bir neçə misala diqqət yetirək. 2009-cu ildə dünya iqtisadiyyatı 0,6 faiz daralıb. Müqayisə üçün qeyd edək ki, son 30 ildə ayrı-arı ölkələrdə və regionlarda baş vermiş böhranlara baxmayaraq dünya iqtisadiyyatı orta illik 3,3 faiz templə artırdı. İqtisadi böhran daha çox inkişaf etmiş ölkələrin iqtisadiyyatına təsir göstərmişdir. Bu ölkələrdə iqtisadiyyatın artımı 2009-cu il ərzində neqativ olmuşdur. İqtisadi artım 3,2 faiz daralmışdır. İnkişaf etməkdə olan ölkələrə də təsir olmuşdur. İqtisadi artım templəri 3 dəfədən çox aşağı düşərək, 2,5 faizə enmişdir ki, bu da son 30 il ərzində müşahidə olunan orta illik artımın təxminən üçdə ikisi deməkdir.
Bunlara baxmayaraq, 2010-cu ildə iqtisadi bərpa prosesləri davam etmişdir. Xatırladaq ki, inkişaf etmiş ölkələrdə rast gəlinən problemlər inkişaf etməkdə olan ölkələrdən fərqlidir. Birinci qrup ölkələrdə daha çox işsizlik mövcuddur. Bununla əlaqədar olaraq daxili tələbatın və istehlakın azalması, büdcə kəsirləri və onların örtülməsi üçün suveren borcların tarixi maksimumlara çatması kimi çağırışlar və problemlər iqtisadi bərpa proseslərinin sürətinə təsir göstərir. İlkin hesablamalara görə 2010-cu il ərzində dünya iqtisadiyyatı 4,8 faiz artmışdır. İnkişaf etmiş ölkələrdə iqtisadi artım təxminən 2,7 faiz səviyyəsində olmuşdur. İnkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişaf daha yüksək templərlə davam edir. Bu ölkələrdə Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə 2010-cu ildə iqtisadi artım 7,1 faiz, 2011-ci ildə isə 6,4 faiz səviyyəsindədir.
Son dövrlər müşahidə olunan valyuta məzənnələri ilə bağlı debatlar inkişaf etməkdə olan ölkələrin ixrac imkanlarına təsir göstərməkdədir. Bu mənzərə 2010-cu ildə qlobal iqtisadiyyatın mənzərəsidir. Dünya və Azərbaycan maliyyə bazarları beynəlxalq makro və mikroiqtisadi proseslərin təsirindən heç də tam təcrid olunmayıb. Bütövlükdə bu proseslər dünya maliyyə bazarlarına da çox ciddi təsir edir. Bir faktı qeyd edək ki, böhran nəticəsində dünya fond bazarlarında korporasiyaların kapital itkiləri 2009-cu il ərzində 14,5 trilyon dollar təşkil etmişdir. Bu rəqəmin təsir dərəcəsini təsəvvür etmək üçün isə müqayisə gətirək. 2009-cu ildə dünya iqtisadiyyatının həcmi 53 trilyon dollar olmuşdur. Beləliklə, bu itkilərin məbləği dünya iqtisadiyyatının 25 faizindən çox olmuşdur. 2009-cu ildə böyük iqtisadiyyatı olan ABŞ iqtisadiyyatı 14 trilyon dollardan az olmuşdur. Yəni qısa dövr ərzində dünya maliyyə bazarları ABŞ iqtisadiyyatı həcmində itkiyə məruz qalmışdır.
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr qarşılıqlı əlaqələndirilmiş və fərdi iqtisadi dirçəlmə proseslərinə yardım kampaniyaları həyata keçirirlər. Qısa dövr ərzində təxminən 13 trilyon dollar həcmində yardım paketləri həm maliyyə sektoruna, həm də iqtisadiyyata meyilləndirilməyə başlanıb. Bunun nəticəsində maliyyə bazarlarında müəyyən canlanma və bərpa prosesləri müşahidə olunur. Nəticə etibarilə bu gün inkişaf etmiş bazarlarla inkişaf etməkdə olan bazarlar arasında mühüm fərq olmasına baxmayaraq bütövlükdə qlobal maliyyə bazarlarında bərpa prosesləri iqtisadiyyatdan daha sürətli templərlə davam edir. Bu günə olan məlumatlara əsasən deyə bilərik ki, artıq inkişaf etmiş bazarlar öz itkilərinin təxminən 50-60 faizini bərpa ediblər. İnkişaf etməkdə olan bazarlarda, məsələn Türkiyədə, Hindistanda, Braziliyada böhran dövründə məruz qalmış itkilər tam həcmdə bərpa olunub.
Xatırladaq ki, bu ilin ötən aylarında dövlət başçısı İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkədə sosial-iqtisadi inkişaf davam etmiş və bu dövr ərzində makroiqtisadi vəziyyət stabil qalmışdır. Hesabat dövründə iqtisadiyyatda 4,1 faiz, neft sektorunda 2,7 faiz, qeyri-neft sektorunda isə 5,2 faiz artım qeydə alınmışdır.
2010-cu ildə ölkəmizdə əldə edilən iqtisadi artım əsasən qeyri-neft sektorunun inkişafı hesabına baş vermiş və bu, iqtisadiyyatın şaxələndirilməsinə müsbət təsir göstərmişdir. İnvestisiya qoyuluşlarının həcmi artmışdır. Burda iki mühüm amil önə çəkilir. Birincisi, sərmayələrin üçdən ikisi daxili mənbələr hesabına qoyulur, ikincisi isə bu sərmayələrin 68 faizi qeyri-neft sektoruna yatırılır. Yəni sərmayə qoyuluşlarının davamlılığı daxili mənbələr hesabına təmin edilir, ikincisi, iqtisadi şaxələndirmə üçün əlavə zəminlər yaradılır. İl ərzində neft qiymətləri müəyyən zamanlarda sabitləşsə də ölkənin xarici ticarət balansının mövqeyi möhkəmlənməkdədir. Ölkəmizin valyuta ehtiyatları 30 milyard dollara çatıb."
Bütövlükdə bu dövr ərzində iqtisadi proseslər sosial siyasətə də dəstək vermişdir. Bu il ərzində əhalinin pul gəlirləri, orta aylıq əmək haqqının artım templəri inflyasiya səviyyəsini təxminən 2 dəfədən çox üstələmişdir. Bu isə maliyyə vəsaitlərinin sərmayələrə transformasiya olunması üçün imkan yaratmışdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 12 yanvar.- S. 1.