Oğuz-Qəbələ-Bakı
su kəməri paytaxt sakinlərinin sağlamlığı
üçün ən böyük töhfədir
Artıq tarixə çevrilən
2010-cu il Azərbaycan üçün bir sıra siyasi,
sosial-iqtisadi uğurlarla yadda qalmışdır. Həmin
uğurların sırasında ölkəmizin qüdrətinin
artırılmasında mühüm rol oynayan infrastruktur layihələrinin
reallaşdırılması xüsusi önəm
daşıyır. Oğuz-Qəbələ-Bakı su kəmərinin
istifadəyə verilməsi isə mühüm əhəmiyyətə
malikdir.
Bu kəmərin
möhtəşəmliyi barədə aydın təsəvvür
yaransın deyə, onu Bakı-Tbilisi-Ceyhan neft boru kəməri
ilə müqayisə edirlər. Hər iki kəmərin
ölkəmizin bundan sonra uzun müddət ərzində
uğurlu inkişafına xidmət göstərəcəyi
şübhəsizdir. O da məlumdur ki, hər iki kəmərin
layihələrinin reallaşdırıldığı ilk
dövrlərdə qarşıya qoyulan işlərin öhdəsindən
gəlinə bilinməyəcəyi barədə
danışılırdı. İstər neft, istərsə də
su kəmərləri ilə bağlı həmin mülahizələrin
əsassızlığı sübuta yetirilmişdir. Bakı-Tbilisi-Ceyhan
neft boru kəmərinin uğurlu fəaliyyəti
hamımıza məlumdur. Oğuz-Qəbələ-Bakı su
kəmərinin istismarına başlanılması isə ulu
öndərimizin idarəçilik məktəbinin layiqli
yetirməsi İlham Əliyevin xalqa böyük diqqət və
qayğısının təzahürünə
çevrilmişdir. Bununla əlaqədar dövlət
başçımız demişdir: "Bu kəmər
insanlara rahatlıq, sağlamlıq gətirəcək, su
sağlamlıq deməkdir. Təmiz içməli su
insanın sağlamlığına verilən ən
böyük töhfədir. Təmiz su, təmiz hava - biz
bütün bunlara nail olmalıyıq..."
Paytaxt Bakının, ümumilikdə, Abşeron yarımadasının uzun illərdən bəri həllini gözləyən içməli su problemi Yeni il ərəfəsində reallaşdı. Artıq tarixə çevrilmiş Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışı və həmin mərasimdə ölkə başçısının iştirakı Bakının həyat salnaməsinə əbədilik həkk olundu. Belə ki, dekabrın 28-də Böyük Qafqazın bulaq sularının 262 kilometrə yaxın bir məsafədən Bakıya gətirilməsi paytaxt sakinləri üçün əsl Yeni il hədiyyəsi oldu. Bu hadisədən bütün Azərbaycan xalqı, xüsusən də paytaxt sakinləri böyük sevinc və iftixar hissi keçirdilər. Xatırladaq ki, layihə çərçivəsində Bakı şəhərində 250 kilometrdən çox su xətti, 15 ədəd nasos stansiyası, 70 min kubmetr tutumu olan yeni su anbarı tikilmiş, ümumi həcmi 100 min kubmetr olan mövcud su anbarı yenidən qurulmuş, 310 kilometrdən çox kanalizasiya xətti çəkilmiş və digər işlər görülmüşdür. Bir çox iş isə bu gün də mərhələlərlə davam etdirilir.
Yeni su kəməri ilə paytaxta saniyədə 5 kubmetr içməli su daxil olur. İnsanlar gündəlik həyatda müşahidə edirlər ki, bu da Bakıda mənzillərə suyun verilişində yaranan fasilələrin və su qıtlığının aradan qaldırılmasına səbəb olmuşdur.
Bakının su problemindən söhbət düşəndə böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevi xatırlamamaq olmur. Ötən əsrin əvvəllərində şəhərə Quba-Bakı su xəttini - Şollar suyunu H.Z.Tağıyev çəkdirmişdi. İllər ötdükcə şəhərin ərazisi böyümüş, əhalisi çoxalmışdır. Yaxşı məlumdur ki, ulu öndər Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbər seçiləndən sonra Bakıda tikinti-quruculuq işləri daha geniş vüsət almışdır. Paytaxtda yeni-yeni mikrorayonlar, Günəşli və Əhmədli kimi iri yaşayış massivləri salınmış, zavod və fabriklər, çoxsaylı sənaye və istehsal sahələri yaradılmışdır. Münbit sosial şərait şəhər əhalisinin çoxalmasına və təbii olaraq, içməli suya tələbatı daha da artırmışdır. Bu problem ötən əsrin 70-ci illərində Heydər Əliyevin rəhbərliyi ilə Kür və Ceyranbatan su kəmərinin tikilib istifadəyə verilməsi ilə həll edilmişdir. Lakin illər ötdükcə böyüyən və gözəlləşən Bakıda tədricən su qıtlığı yaranmışdı. Taleyin bir qismətidir ki, bu mürəkkəb və ağrılı problemin həlli də uzaqgörən siyasətçi Heydər Əliyevin öhdəsinə düşmüşdür. Ulu öndər paytaxtın içməli su problemini bu dəfə Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsi ilə aradan qaldırmağı məsləhət bilmişdir. 2002-ci ilin dekabr ayında keçirdiyi geniş müşavirədə ölkənin su təsərrüfatı sisteminin yenidən qurulmasından söhbət gedəndə ulu öndər şimal-qərb bölgəsinin saf bulaq sularının paytaxta gətirilməsinin vacibliyini diqqətə çatdıraraq Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə olunması ilə bağlı göstərişlərini vermişdir. "Bakıya bol-bol su gətirəcəyik" deyən ulu öndərin böyük arzularından biri olan bu su kəmərinin tikintisi Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılmışdır.
Bu gün iftixar və qürur hissi ilə demək olar ki, ulu öndərin tövsiyəsi ilə inşa olunmuş Oğuz-Qəbələ-Bakı su kəməri Azərbaycanın öz gücü ilə reallaşdırdığı böyük sosial layihədir. Bu layihə özündə magistral su kəmərini və nəhəng suötürücü qurğular kompleksini birləşdirir. Ölkənin səkkiz rayonunun ərazisindən keçən bu su kəmərinin uzunluğu 262 kilometrdir. Çay və yol keçidləri də daxil olmaqla, kəmərin 55 kilometrlik hissəsi polad borularla çəkilib. Kəmər boyunca 25 metr enində sanitar-mühafizə zonası yaradılıb. Cərgə ilə 100 istismar və 20 müşahidə quyusu qazılıb. 170 metrə qədər dərinlikdə qazılmış hər bir quyudan saniyədə 70-120 litr su çıxarılır. Yeni kəmər vasitəsilə verilən suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının bütün tələblərinə tam uyğundur və dünyanın bir çox iri şəhərlərinə verilən suların keyfiyyət göstəricilərindən üstündür. Bu, paytaxt sakinlərinin sağlamlığının qorunması baxımından böyük əhəmiyyət daşıyır. Belə ki, dəniz səviyyəsindən 400 metrdən çox hündürlükdə yerləşən ərazidən gətirilən təbii bulaq suyu ekoloji cəhətdən tam təmiz və keyfiyyətlidir. Dövrün reallıqlarından biri də budur ki, bu töhfəni Bakı sakinlərinə bəxş etmiş Prezident İlham Əliyev Azərbaycan xalqının yaxşı yaşamasını, sosial şəraitinin yaxşılaşmasını daim diqqətdə saxlamaqla, bu sahəyə xüsusi qayğı göstərir.
Ölkə başçısı Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi mərasimində demişdir: "Azərbaycanda böyük tikinti-quruculuq işləri aparılır. Əlbəttə ki, istər-istəməz bu, havanı çirkləndirir. İnsanların yaşayış səviyyəsi qalxır, hər il Bakıya on minlərlə avtomobil gətirilir. Bu da, əlbəttə, havanın çirklənməsinə ən böyük zərbə vuran amildir. Biz havanı təmizləməliyik. İçməli su keyfiyyətli olmalıdır ki, Azərbaycan vətəndaşları sağlam olsunlar. İdmanla məşğul olmaq - bu da sağlamlıqdır. Yeni xəstəxanaların, diaqnostika komplekslərinin tikintisi - bu da sağlamlığı qoruyan amillərdir. Təmiz içməli su, təmiz hava, təmiz ekologiya - bunlar da sağlamlıqdır. Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar. Elə etməliyik ki, dünyada mövcud olan ən qabaqcıl meyarlar Azərbaycanda bütün sahələrdə, o cümlədən insanın sağlamlığı üçün əsas olan içməli su məsələlərində tətbiq edilsin".
Paytaxt sakinlərinin sağlamlığı üçün ən böyük töhfə və ən böyük sosial layihələrdən olan Oğuz-Qəbələ-Bakı su kəməri paytaxtımıza özü ilə bərabər yeni həyat və sevinc gətirmişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 12 yanvar.- S. 3.