Azər CƏFƏROV:
"Məqsədimiz sığorta ilə bağlı
insanların şüurunda inqilab etməkdir"
Hazırda Azərbaycan
iqtisadiyyatının sığorta seqmenti üçün
gündəmdə olan aktual mövzulardan biri
"İstehsalatda bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
haqqında" Azərbaycan Respublikası Qanunun qəbulu və
bununla bağlı sığorta bazarında müşahidə
olunan canlanmadır. Bu və digər suallara cavab almaq məqsədilə
Azərbaycan sığorta bazarının qocaman mütəxəssisi,
37 illik rəhbər vəzifələrdə iş təcrübəsinə
malik olan, Azərbaycan SSR-in maliyyə nazirinin müavini və
Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində fəaliyyət
göstərmiş Dövlət Sığorta Nəzarətinin
ilk və sonuncu sədri və hazırda Azərbaycan
sığorta bazarının liderlərindən biri olan
"Atəşgah" Sığorta Şirkətində
İdarə heyəti sədrinin müşaviri vəzifəsində
çalışan Azər Məcid oğlu Cəfərova
mürasiət etdik.
-Azər müəllim, ilk olaraq, ölkəmizdə sığorta işinin yaranması və təşəkkülü haqda oxucularımıza qısa məlumat verməyinizi xahiş edirik?
-Ümumiyyətlə, Azərbaycanda sığorta tarixini şərti olaraq 3 mərhələyə bölmək olar:
1917-ci il oktyabr inqilabına qədər
1917-1991- cı illər
1991-cı ildən müasir dövrümüzə qədər
Bir çoxları belə bir qənaətdədir ki, sığorta sahəsi Azərbaycan iqtisadiyyatının gənc seqmentlərindən biridir. Amma, yəqin ki, oxucularımızın çoxu Azərbaycan sığortasının təşəkkül tarixinin hələ çox-çox əvvəl, XIX əsrin ortalarından - 1848-ci ildə Bibiheybətdə ilk neft quyusunun qazılması ilə başladığından xəbərsizdir. Azərbaycan neft sənayesinə xarici investorların cəlbi sığorta işinin inkişafında həlledici rol oynayıb. İlk olaraq Azərbaycanda 1894-cü ildə "Bakı şəhər oddan qarşılıqlı sığorta cəmiyyəti" yaradılmışdır. Elə bu zaman kəsiyində ölkəmizdə ilk neft və gəmiçilik şirkətləri meydana gəlir. Sənayeçilərin qarşılıqlı sığortası, yanğından sığorta, vətəndaşların şəxsi əmlakının sığortası kimi xidmətləri təklif olunmağa başlanılır. 1912-ci ilə olan məlumata görə, I Dünya müharibəsi ərəfəsində Azərbaycanda 31-ə qədər sığorta cəmiyyəti və agentliyi mövcud idi.
O zamanlar Azərbaycanda xarici şirkətlərin filialları da fəaliyyət göstərirdi. Azərbaycanda əsasən dəniz gəmilərinin sığortası üzrə ixtisaslaşmış ingilis şirkəti "Lloyd"un filialları, habelə "Rus Lloyd"un və Almaniyadan olan ingilis şirkətinin iki nümayəndəliyi, Rusiya və İranin sərhəd limanlarına qədər daşınan yüklərin sığortası ilə məşğul olan "Repman və Rust" ticarət evi ilə təqdim edilən "Şimali Alman Lloyd"u, həmçinin gəmilərin və yüklərin sığortasını aparan "Alman, Livantiya xətti" cəmiyyəti fəaliyyət göstərirdi. Maraqlı bir fakt da odur ki, 1912-ci ildə baş sığorta ofisi Peterburqda yerləşən "Avtomobillərin sığortası" şirkətinin nümayəndəliyi də Bakıda fəaliyyət göstərirdi. Görkəmli sənayeçilər Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov və başqaları da bu sığorta xidmətlərindən öz işgüzar fəaliyyətlərində faydalanırdılar. Onu da qeyd edim ki, sığorta cəmiyyətləri və onların nümayəndəliklərinin kifayət qədər peşəkar və etibarlı işçiləri var idi. Onlardan Hənifə Tağıyevin, Abbasqulu Əhmədovun və başqalarının adını çəkmək olar.
I Dünya müharibəsi, ardınca Vətəndaş müharibəsi, Oktyabr inqilabı və bütün bu hadisələrin nəticələri sığorta sahəsinə mənfi təsir göstərdi. Özəl və səhmdar sığorta cəmiyyətləri milliləşdirildi. Sovet hakimiyyəti qurulduqdan sonra isə 1922-ci ildən başlayaraq bütün SSRİ-də sığorta dövlət inhisarına alındı.
1988-ci ilin iyulundan "SSRİ-də Kooperasiya haqqında" qanun fəaliyyətə başladıqdan sonra kooperativlərə və onların ittifaqlarına kooperativ sığorta təşkilatları yaratmaq, sığortanın şərt, qayda və növlərini müəyyən etmək icazəsi verildi. Amma əfsuslar olsun ki, bu qanun Azərbaycanda inkişaf etdirilə bilmədi. Çünki ölkəmiz həmin dövrdə ağrılı olaylar yaşayırdı. Dağlıq Qarabağ hadisələri və torpaqlarımızın 20 faizinin işğalı məhz bu dövrə təsadüf etmişdir. Azərbaycanda sığorta işi 1991-cı ildən sonra artıq müstəqil inkişaf etməyə başladı. 1991-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti yaradıldı. Onu da qeyd edim ki, mən bu struktura yarandığı gündən 2001-ci ilə qədər rəhbərlik etdim. İclaslarda çıxış edərkən hər dəfə bəyan etməli olurdum ki, Azərbaycan dövlət sığorta nəzarəti və sığorta şirkətləri bütöv bir varlıqdır və biz hamımız yalnız bir nöqtəyə istiqamətlənməliyik. Söhbət milli sığorta bazarından, Azərbaycanın dünya sığorta bazarına inteqrasiyasından gedirdi. Vaxtilə 1994-cü ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyev belə bir fikir söyləmişdi: "Sığorta - Azərbaycan üçün nisbətən yeni və sonuna qədər öyrənilməyən bir sahədir. Biz, şübhəsiz ki, sığorta bazarını inkişaf etdirməliyik. Amma bunu savadlı və peşəkarcasına etmək lazımdır."
1993-cü ilin yanvarında mühüm sənəd - "Sığorta haqqında" Azərbaycan Respublikasının Qanununu qəbul edildi. Gələcək illər üçün Azərbaycanda sığortanın inkişafı məqsədilə müvafiq konsepsiya da hazırlandı. Elə həmin il Azərbaycan Respublika Sığorta Cəmiyyətləri İttifaqı da yaradıldı. İttifaqın məqsədi ölkədə sığorta təşkilatlarının səylərini bir araya gətirmək, sığorta bazarının inkişafına yardım, qarşılıqlı fəaliyyətin koordinasiyası, dövlət, beynəlxalq və digər təşkilatlarla münasibətlərdə öz üzvlərinin mənafeyini müdafiə etməkdir. Azərbaycanın bazar iqtisadiyyatına keçid şəraitində sığorta sahəsində faəliyyət göstərmək istəyənlərin sayında artım müşahidə olunmağa başladı. Hətta sığorta ilə heç bir əlaqəsi olmayanlar belə şirkət qurmaq üçün bizə müraciət edirdilər. Biz onlara səlahiyyətimiz çərçivəsində kömək göstərməyə çalışırdıq. Ümumiyyətlə, 90-ci illərdə bu sahəyə kütləvi axın var idi. Əlbəttə, bu, müəyyən mənada ilkin mərhələdə sığorta bazarının yaranmasına, təşəkkülünə gətirib çıxartdı. Lakin sonradan bəzi sığorta şirkətləri fəaliyyətini dayandırmalı oldu. Bunun bir neçə səbəbləri var idi - bəziləri müştərilərlə ortaq məxrəcə gələ bilmədi, digərləri bazarda yerini möhkəmlədə bilmədi.
Onu da deyim ki, o zamanlar siğortalananların da sayı çox deyildi. Bununla belə, o illər əsası qoyulan bəzi şirkətlər də vardır ki, indiyə qədər faəliyyət göstərir. Elə keçən əsrin sonlarında təsis edilən və müasir günlərimizə qədər nəinki fəaliyyətini davam etdirən, həm də lider mövqedə duran şirkətlərdən biri də "Atəşgah" Sığorta Sirkətidir.
-Hazırda cəmiyyətimizdə sığortaya olan münasibət necədir?
-Deyə bilərəm ki, son illər Azərbaycanda sığorta mədəniyyəti yavaş templə də olsa yaxşılığa doğru irəliləyir. Bu, danılmazdır. Amma hələ görüləcək çox iş var. Cəmiyyətimizin problemi bu sahədə bilgilərin az olması və maarifləndirmə işinin zəif aparılmasıdır. Bu sahədə məlumatlılığın aşağı səviyyədə olması sığortaya olan inamı artırmağa imkan vermir. Gəlin bir anlıq düşünək. Vətəndaş mahiyyətini başa düşə bilmədiyi bir xidmətdən necə yararlana bilər? Hesab edirəm ki, bu çox ciddi və həlli vacib tələb edilən məsələdir.
Mənim fikrimcə, bu işə daha çox gənclər cəlb edilməlidir. Çünki məhz onlar XXI əsrdə yaşayıb yaratmalı olanlardır. Maarifləndirmə işi elə ilk olaraq orta məktəbin yuxarı sinif şagirdləri arasında başlanılmalıdır. Həftədə bir dəfə "Sığorta" adlı bir fənnin tədrisi çox məqsədəuyğun olardı. Gənclərimizin ilk növbədə sığorta haqda heç olmasa anlayışı olmalıdır. Eyni işi ali təhsil müəssisələrimizdə də həyata keçirmək olar. Bundan başqa, KİV-də bu sahəyə əhəmiyyətli yer ayrılmalı, bu barədə müxtəlif verilişlər hazırlanıb efirə verilməlidir.
Məsələnin başqa bir tərəfi bu sahədə şəffaflığın vacibliyidir. Əhali sığorta ödəmələri, yığımları və başqa statistik göstəriciləri almaqda əziyyət çəkməməlidir. Burada əsas məqsəd insanların şüurunda inqilab etməkdir. Biz "Atəşgah" Şirkətlər Qrupu olaraq, bu cür tədbirlər keçirmək, iştirak etməkdə hər zaman maraqlıyıq və bölüşməyə də kifayət qədər təcrübəmiz var. Hər zaman əməkdaşlığa açığıq. Fikrimcə, "Atəşgah Həyat" Sığorta Şirkətinin Azərbaycanda həyat sığortası sahəsində fəaliyyət göstərən ilk şirkət olması artıq onun bu sahənin peşəkarı olduğundan xəbər verir.
-Elə növbəti sualımız da həyat sığortası, daha doğrusu, hazırda gündəmdə olan "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanunu ilə bağlıdır. Sizcə, bu qanun nə dərəcədə əhəmiyyətlidir?
-İlk olaraq qeyd edim ki, "Sığorta haqqında" Azərbaycan Respublikası Qanununa əsasən sığortaçılar həyat və qeyri-həyat sığorta sahələri üzrə fəaliyyət göstərə bilər. Həyat sığortası - sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığortadır. Həyat sığortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə sığorta məbləği sığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə sığortaçıya və ya onun varisinə ödənilir. Həyat sığortası xidməti hələ XX əsrin əvvəllərində bir sığorta növü olaraq Azərbaycanda təqdim olunmuşdu. Müasir günlərimizdə həyat sığortası özünün intibah dövrünü yaşamağa doğru gedir. Fikrimcə, adını çəkdiyimiz qanun, sığorta sahəsinin mühüm hüquqi sənədlərindən biridir. Həm sığorta şirkəti və işəgötürən təşkilat, həm də işçinin özü, bu qanundan yalnız qazana bilər. Bir faktı nəzərinizə çatdırım. Bakımız gündən - günə böyüyür, tikilir, qurulur. Hər tərəfdə tikinti - genişləndirmə işləri aparılır. Tikinti sektorunda çalışanların sayı isə get-gedə artır. Lakin cox nadir hallarda görmək olar ki, bu tikinti sahələrində təhlükəsizlik texnikasına riayət edilsin. Analoji hal sənaye obyektlərində də mövcuddur. Məhz bu qanun sadaladığımız problemi həll etməyə kömək edəcək. Bundan sonra işəgötürən - şirkət hər bir işçi üçün məsuliyyət daşıyacaq.
- Belə
olduğu halda nə etmək olar? Qanunun işləkliyini necə
təmin etməli?
-
Sığorta sahəsində kifayət qədər təcrübəsi
olan bir mütəxəssis kimi deyə bilərəm ki,
sığorta şirkətləri bu məsələnin ancaq
texniki tərəflərini yerinə yetirirlər. Lakin bu qanuna
riayət olunmasında əsas işi öz üzərinə Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan
Sığortaçılar Assosiasiyası və ən əsası
işəgöturən təşkilatların rəhbərləri
götürməlidir. Yaxşı olardı ki, Maliyyə
Mazirliyinin Sığorta Nəzarəti Xidməti və Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhz bu qanunun
icrası ilə bağlı birgə kompleks tədbirlər
planı hazırlasın. Hər rüb bu istiqamətdə
fikir mübadiləsi aparılsın və qanunun işləklilik
miqyası müəyyən edilsin.
Hazırda
Azərbaycan sığorta bazarında cəmi 2 həyat
sığortası şirkəti var və onlardan biri də
"Atəşgah Həyat" Sığorta Şirkətidir.
Bizim bu sahədə kifayət qədər təcrübəmiz
var. Hər zaman həm müştərilərimizə, həm
də sığorta şirkətlərimizlə bu istiqamətdə
təcrübə mübadiləsinə hazırıq.
Sadəcə
olaraq, işəgöturən təşkilatlarımıza bir
tövsiyəm var ki, onlar bu məsələyə
böyük diqqətlə yanaşsınlar. Bu xidmətə
oxşar, könüllü sığorta xidmətlərini
(tibbi sığorta, işəgötürənin məsuliyyət
və s.) fərqləndirə bilsinlər. Bu qanun və ondan
irəli gələn sığorta xidməti icbari xarakter
daşıyır və istənilən sığorta şirkəti
bu xidməti təklif edə bilməz. Çünki bunun
üçün şirkət həyat sığortası
istiqamətində ixtisaslaşmış olmalı və
müvafiq icazə əldə etməlidir.
-Qanunun tətbiqi
sizcə, Azərbaycan sığortasında nə kimi dəyişikliklər
edəcək?
-İlk
olaraq, əsas dəyişilik kimi Azərbaycanda sığorta
mədəniyyətinin yüksəlməsini göstərmək
olar. Daha sonra qanunun icrası sığortanın bir sahə
olaraq əhatə dairəsini genişləndirəcək. Ən
vacib məqamlardan biri isə kollektiv qarşısında
işəgötürən təşkilatların məsuliyyətinin
artması olacaq. Sığorta şirkətləri isə tələb
olunan zaman kəsiyində sığorta ödənişini həyata
keçirəcək. İşə qəbul olunan hər bir vətəndaş
üçün isə bu qanunun tətbiqi əlavə stimul
yaradacaq. Bir sözlə, qanun, həqiqətən də, zəruri
və icra edilə biləcək bir hüquqi sənəddir.
Ümumiyyətlə,
bundan sonrakı illərdə Azərbaycan sığorta sahəsinin
inkişaf edəcəyi şübhə doğurmur. Təbii
ki, adını çəkdiyimiz qanun da sığorta
bazarında bir canlanma yaradacaq. Yeni həyat sığorta şirkətləri
təsis ediləcək. Qanunun uğurlu və
düşünülmüş icrası cəmiyyətdə
sığortaya olan inamı yüksəldəcək.
Xalq qəzeti.- 2011.- 12 yanvar.- S. 4.