Azərbaycanda reklam bazarına diqqət artırılır

 

Son illər ölkəmizdə reklam işinin inkişafı istiqamətində xeyli nailiyyətlər qazanılmışdır. Dünya reklam bazarının gücləndiyi bir dövrdə Azərbaycanda da bu sahəyə diqqət yetirilməsi təsadüfi deyil. Bu, əslində dövrün tələbidir.

Dünyada və ölkəmizdə reklamın vəziyyəti ilə bağlı suallarımızı Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, Türkdilli Ölkələrin Araşdırmaları Beynəlxalq Akademiyasının, Almaniya Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru Cahid Həsənov cavablandırır.

 

- Cahid müəllim, 2010-cu ildə dünyada və Azərbaycanda reklam bazarının durumu barədə nə deyərdiniz?

- 2010-cu ildə dünya reklam bazarında qismən tənəzzül nəzərə çarpmışdır. Avropa ölkələrində reklam bazarında 30 faizədək enmə müşahidə olundu. Bu da, söz yox ki, reklamın gələcək inkişafına xeyli mənfi təsir göstərmişdir. Reklam bazarının enməsi neçə-neçə beynəlxalq tədbirlərin keçirilməsinə, reklamla bağlı ədəbiyyat nəşrinə müəyyən əngəllər törətmişdir. 430 milyard məbləğində olan dünya reklam büdcəsi xeyli vaxtdır bu səddi keçə bilmir. Bir sözlə, 2010-cu il dünya reklam bazarında kütləvilik hiss olunmamışdır.

Azərbaycan reklam bazarına gəldikdə isə, burada geriləmə tendensiyası olmamışdır. Azərbaycanda gedən iqtisadi inkişaf bu tənəzzülün qarşısını layiqincə ala bilmişdir. Nəqliyyat, bank, turizm, kosmetika, mobil və ərzaq sektorunda reklam öz adəti üzrə hərəkətdə olmuşdur.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında da regionlarda reklam işinin inkişafına diqqət yetirilib. Regional telekanallarda reklam yayımının davam etdirilməsi diqqətdən yayınmayıb.

-2011-ci ildə dünyada, eləcə də Azərbaycanda reklam bazarında hansı yeniliklər gözlənilir?

- Reklamın indiki vəziyyəti onu deməyə əsas verir ki, bu il dünya reklam bazarında inkişaf olacaq. Bu artım 25 - 30 faiz arasında gözlənilir. Dünya iqtisadiyyatında yeni dövrün başlaması və bu dövrdə yeni texnalogiyaların inkişafı reklam bazarında da yeni investisiyaların qoyulmasına gətirib çıxaracaqdır. Dünya bazarında yeni texnologiyaların yaranması dedikdə 3d formatını nəzərdə tuturam. Bildiyimiz kimi 3d formatı artıq neçə illərdir ki, dünyada fəailiyyət göstərirdi. Lakin Amerikanın məşhur kinorejissoru Ceyms Kamerunun ("Titanik" filminin rejissoru) 3d formatla çəkdiyi "AVATAR" filmi 3 milyarddan çox gəlir gətirdikdən sonra, dünya bazarında 3d formatlı fimlərə ehtiyac çoxaldı. Bir sözlə, Ceyms Kamerun 3d formatını uşaq əyləncəsi çərçivəsindən çıxararaq genişmiqyaslı bir formaya saldı. Bu gün dünyada 3d filmlərinin artımı ilə yanaşı beynəlxalq idman tədbirlərinin, teatr tamaşalarının, hətta, teleşirkətlərin çoxalması müşayiət olunur. Ümumiyyətlə, dünya bazarıda 3d kinoteatrlarının artımı, 3d texnikası ilə bağlı yeni sistemli avadanlıqların yaranması 2011-ci ildə reklam bazarında da öz sözünü deyəcəkdir. Nəzərə alsaq ki, 3d texnologiyası ilə əlaqədar olan dünyanın nəhəng şirkətləri - Samsung, LG, Panasonik, Hitaçi, Sony və başqalarıdırlar. Azərbaycanda da bu şirkətlərin 3d formatlı yeni nəsil texnologiyalarının satışı artıq başlamışdır. 3d formatlı televiziyalar, kameralar, fotoaparatlar, filmlər, reklam çarxları, ev kinoteatrları və s. kimi avadanlıqların 2011-ci ilin ilk günlərindən istər şəhər mühitində, istər televiziyalarda, istərsə də qəzetjurnallarda reklamlarının artmasının şahidiyik.

Bu da 2011- ci ildə Azərbaycan reklamının inkişafınada öz rolunu oynayacaqdır. Digər tərəfdən, Azərbaycanın daxili bazarında fəailiyyət göstərən yerli şirkətlərin də reklam marağının artması ona imkan yaradır ki, 2011-ci il Azərbaycan reklam bazarında canlanma baş versin.

- Azərbaycanın reklam bazarı bu gün hansı qayğılarla yaşayır?

- Azərbaycanda açıq hava reklamlarında, daha doğrusu, reklam texnologiyasında son illər bir sıra yeniliklər olmuşdur. Beynəlxalq standartlar səviyyəsində yeni reklam konstruksiyalarının Bakı şəhərində, müxtəlif ərazilərdə yerləşdirilməsi, telekannallarda da reklamların artması tədqirəlayiqdir.

Bizdə reklamla bağlı ən əsas problem, bu mötəbər işdə peşəkarlığın olmamasıdır.

Təsəvvür edin ki, xaricdə 15-30 saniyəlik reklam çarxının istehsalında böyük bir işçi qrupu çalışır. Orada modelyerlərdən tutmuş, dilçi alimlərədək bu işə cəlb olunurlar. Bizdə isə reklam çəkən şəxs reklamın həm rejissorudur, həm modelyeridir, həm də dilçisidir.

Məhz bunun nəticəsində də reklam öz tamaşaçısını bu günədək tam şəkildə toplaya bilməyib. Televiziyalarda gedən verilişlərin reklam fasiləsinə keçidi zamanı hər bir Azərbaycan ailəsində bu sözlərin deyilməsi mütləqdir: reklam başlayır, kanalı dəyiş. Bu da çox acınacaqlıdır. Reklam beynəlmiləl bir sahə olduğundan, hər hansı ölkədə istehsal olunan reklamda gərək millilik hiss olunsun. Reklam obrazlı formada tamaşaçıya çatdırılsın.

Reklamı baxımsız edən digər bir amil də Azərbaycan dilinin zənginliyindən layiqincə istifadə olunmamasıdır. Reklamlarda söz seçimi çox vaxt düzgün olmur. Adi cümlə quruluşunda da səhvlər olur. Ən acınacaqlısı isə xaricdə istehsal olunmuş reklam çarxlaının dublyajıdır. Hərfi tərcümə ilə tam başqa formada səsləndirildiyindən bu reklamlar bəzən gülünc vəziyyətdə tamşaçılara çatdırılır. Çox vaxt səsləndirmədə azərbaycanlı ləhcəsi belə hiss olunmur. Digər bir amil də tanınmış bir aktyorun bir il ərzində bir neçə reklama çəkilməsidir. Tamaşaçı bir aktyoru bir neçə reklamda gördüyündən, həmin aktyorun ifasında müxtəlif əmtəni, hətta bir-birinə qarışdırır. Xaricdə bir aktyoru reklam çəkərkən onunla, heç olmasa, bir il müddətinə digər firmanın reklamına çəkilməməsi üçün müqavilə bağlanır. Bununla da həmin aktyor reklam çəkdirən firmanın reklam simasına çevrilir. Beləliklə, tamaşaçı küçədə belə həmin aktyoru gördükdə onun reklam etdiyi firma gözləri önündə canlanır. Reklamın da ən əsas uğuru bax, bundadır. Azərbaycan mentalitetinə yad olan, xaricdə ishehsal olunan reklamlar da telekanallarda yayımlanmaqdadır. Uşaqlarin tərbiyəsinə mənfi təsir göstərən reklamlar telekanallarda yer almamalıdır.

- Cahid müəllim, ölkədə reklamın inkişafı üçün hansı yolları təklif edərdiniz?

- Bu işə ilk növbədə peşəkar modelyerlər, dilçi alimlər, istedadlı aktyorlar cəlb olunmalıdır. Qoy reklam çarxının istehsalının xərci xeyli artsın. Bu vəsaitin çox olması hər hansı bir formada reklamverici şirkətə gəlir gətirir. Müqayisə üçün onu deyim ki, primitiv, ucuz çəkilən reklam çarxının telekanallarda ardıcıllıqla yayımlanmasına çəkilən xərclərin heç bir mənası yoxdur. Qoy reklamverici şirkətlər bahalı olsa belə, obrazlı bir reklam çarxı istehsal etsinonu teleməkanlarda ardıcıllıqla yox, hərdənbir versinlər (ardıcıllıqla verilən xərclərə qənaət etsinlər). Bu anda tamaşaçıya obrazlı reklam təqdim etməklə, tamaşaçı yaddaşnda o reklam uzun müdddət qalır. Daha dəqiq desək, 100 primitiv reklamdan 1 dəfə göstərilən obrazlı reklam məqsədəuyğundur.

Azərbaycan reklam istehsalında ölkəmizin görməli yerlərindən, memarlıq abidələrindən, Azərbaycan xalq mahnılarından mütləq istifadə etmək lazımdır. Bu gün bir çox abidələrimiz, xalq musiqilərimiz düşmənlərimiz tərəfindən oğurlanaraq mənimsənilir. Buna görə də reklam istehsalında bu, bizim strategiyamız olmalıdır.

Bundan başqa, ümumiyyətlə Yaponiyada istehsal olunan reklam çarxında mütləq yapon mədəniyyəti tərənnüm olunur. Fransa reklamında fransas.

Dünya reklamının təcrübəsindən bəhrələnmək lazımdır. Bunun üçün beynəlxalq reklam festivallarına inteqrasiya vacibdir. Azərbaycanda beynəlxalq miqyaslı reklam festivalları keçirilməlidir. Reklamla bağlı dünyada çıxan kitabların tərcüməsinə diqqət yetirilməlidir.Və bu fonda da Azərbaycanın özünəməxsus reklam məktəbi yaranmalıdır.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 12 yanvar.- S. 4.