Gənclər dövlətə, dövlətçiliyə və azərbaycançılığa sədaqət ruhunda böyüyürlər

 

Ölkənin bütün ali məktəblərini əhatə edən ATGTİ-nin "Böyük tənəffüs"ü də həmin amala xidmət edir

 

Ulu öndər Heydər Əliyevin siyasi kursunda özünəməxsus yer tutan gənclərlə iş prinsipləri ölkə gənclərinin təşkilatlanmasında xüsusi rol oynayıb. 1993-2003-cü illərdə yaranmış çoxsaylı gənclər təşkilatları məhz ulu öndərin siyasi kursu ətrafında birləşərək böyük uğurlara imza atıblar. 2003-cü ilin oktyabrından sonra isə tələbə və gənclər daha mütəşəkkil şəkildə birləşərək ölkəmizin inkişafı, dövlət müstəqilliyimizin əbədiləşdirilməsi işində möhtəşəm qüvvəyə çevriliblər. Paytaxtda və respublikamızın bölgələrində fəaliyyət göstərən 39 ali məktəbin tələbə-gənclər təşkilatlarını öz ətrafında birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı da məhz son bir ildə yaradılmış qurumlardandır.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının bir il öncə keçirilmiş təsis qurultayına təbrik məktubu göndərən Prezident İlham Əliyev yazırdı: "Siz gənclər müstəqil Azərbaycanda dünyaya göz açmış nəslə mənsub insanlar olaraq azad ölkənin azad vətəndaşları kimi böyüyüb başa çatmağınızla fəxr etməlisiniz, müstəqilliyin qazanılmasında xidmətlər göstərmiş insanların müasiri olmaqdan qürur hissi keçirməlisiniz". Qətiyyətlə deyə bilərik ki, gənclərimiz həmin fəxr və qürur hissini böyük məmnuniyyətlə yaşayır və müstəqil Azərbaycana öz töhfələrini vermək üçün çox böyük səy nümayiş etdirirlər. Bunu ATGTİ-nin son bir ildə həyata keçirdiyi çoxsaylı tədbirlər, yaddaqalan layihələr və ilin sonunda - bizim hər birimiz üçün əlamətdar gün olan dekabrın 24-də ilk nömrəsi ilə ölkə gənclərinin görüşünə gələn "Böyük tənəffüs" qəzetinin səhifələrindən bir daha görürük.

İlk nömrənin ilk səhifəsində Prezident İlham Əliyevin ATGTİ-nin təsis qurultayına ünvanladığı təbrik verilmiş, ikinci səhifədə isə qəzetin redaktoru Sitarə Cabbarlının "Heydər Əliyev yolu ilə gedirik" adlı geniş məqaləsi özünə yer almışdır: "Biz gənclərin hər birimiz böyük öndərimiz Heydər Əliyevin varisləriyik. Borcumuz isə onun zəngin irsini dərindən öyrənmək, mənimsəmək, təbliğ etməkdir" - deyən redaktor elə üçüncü səhifədə "Kürsü" rubrikasında tələbə-gənclərin Heydər Əliyev irsini nə dərəcədə öyrəndiyinə diqqət çəkmək istəyir. Ölkənin bütün ali məktəblərini təmsil edən tələbələrin "Heydər Əliyev mənim üçün kimdir?" - sualına verdiyi cavablardan ayrılmış ifadələr Azərbaycan bayrağı fonunda, səhifə boyu verilmişdir. Qəzetdə ATGTİ-nin sədri Şahin İsmayılovla müsahibə (müəllif Natiq Cabbarlıdır), bir il ərzində icra edilmiş layihələrin qısa xronologiyası, Milli Qəhrəman Mübariz İbrahimovun şərəfli həyat yolu, 20 Yanvar faciəsinin mübarizə tariximizdəki yeri, qurum üzvlərinin deputatlarla, nazir müavinləri ilə, eləcə də xarici ölkələrdəki həmkarları ilə görüşlərini əks etdirən zəngin materiallar verilmişdir.

Tələbə həyatında böyük tənəffüsün nə demək olduğunu yada salan redaktor qeyd edir ki, biz "Böyük tənəffüs" olaraq tələbələrin həyatına zəng çalmadan gəldik. Sadə və ağıllı bir tələbə qəzeti olan "Böyük tənəffüs"ün bütün tələbələrin mötəbər tribunası olacağına öncə redaktor inanırdı, qəzet universitetlərə çatandan sonra isə həmin fikrə bütün tələbələr şərik çıxdılar. Nəhayət, tələbələrin ümumi və oxunaqlı bir qəzeti olması bizi dövlətçiliyin dəstəklənməsi işində daha mütəşəkkil birləşdirmiş oldu.

 

 

Sadiq QAÇAYEV,

ADMİU Tələbə Gənclər

Təşkilatı sədrinin müavini

 

Xalq qəzeti.- 2011.- 13 yanvar.- S. 4.