"Təbiətimiz tükənməz xəzinədir"

 

..Düz qırx il öncə, ömrünün qırxıncı ilində Elmlər Akademiyasının Zoologiya İnstitutunun qiyabi aspiranturasını bitirən lerikli müəllim Musa Bədəlov dissertasiya işini təqdim edəndə hər kəsi, o cümlədən də, Moskvadan gəlmiş akademiklər İ. Polteyev və A.Gilyarovu özünün qeyri-adi tədqiqat üsulu ilə təəccübləndirmişdi.

 

Məsələ burasındadır ki, o, "Lənkəran zonasının bal arılarında braulyoz xəstəliyi və onunla mübarizə tədbirləri" adlı elmi işini hazırlayarkən arı ailələrini dədə-baba qaydası ilə toxunma səbətlərdə deyil, xüsusi pətək yeşiklərində bəsləmiş və bu zaman yeşiklərin bir üzünə şəffaf şüşə qoymuşdu ki, arıların davranışları ekranda görünən kimi aydın izlənə bilsin. Bu yenilik sayəsində tədqiqatını daha inandırıcı tərzdə əsaslandıran əyalət təmsilçisinin dissertasiya işi birmənalı bəyənilmiş və ona biologiya elmləri namizədi alimlik dərəcəsi verilmişdi.

Musa Bədəlov elmi üsullarla sübut edirdi ki, əgər bioloji qulluq düzgün həyata keçirilsə, hər bir arı ailəsindən mövsüm ərzində rekord miqdarda, yəni 15-20 kiloqram təmiz bal götürmək olar. Çünki cənub bölgəsinin zəngin florası, ərazidə nadir dərman bitkilərinin olması da buna real zəmin yaradır.

Dağlar diyarının alim oğlu sonralar nəzəri "iddia"larını təcrübədə də sübuta yetirmək imkanı qazandı. 1983-cü ildə Lerikdə arıçılıq təsərrüfatı yaradılanda bu quruma rəhbərlik etmək ona tapşırıldı. Burada çalışdığı on ildə arı ailələrinin sayını 1500-ə, bal istehsalını isə 60 tona çatdıra bildi. Bal da ki, nə bal! Məşhur rus alimi Y.Ledkobitov beynəlxalq elmi məcmuədə bu barədə yazırdı: "Zuvand mahalında (indiki Lerik rayonu) istehsal olunan bal başqa yerlərin bu cür məhsullarından daha ləzzətli və ətirlidir". O vaxt Musa Bədəlovun istehsalat nailiyyətləri ona keçmiş sovet hökumətinin "Fədakar əməyə görə" medalını da qazandırdı.

Prezident təqaüdçüsü olan Musa müəllimin elmi araşdırmaları təkcə arıçılıqla məhdudlaşmır. O, təbiətin sirləri, xalq təbabəti ilə bağlı yüzdən çox elmi-publisistik məqalənin, on kitabın müəllifidir. Son illərə kimi Lerik şəhər orta internat məktəbinin direktoru vəzifəsində çalışıb, "Qabaqcıl maarif xadimi" döş nişanına layiq görülüb. Hazırda pensiyada olan ağsaqqal ziyalı, demək olar ki, hər il bir-iki kitab yazıb çap elətdirir. "Arıçılıq", "Lerik diyarının dərman bitkiləri", "Bunları bilmək maraqlıdır", "El təbabəti və türkəçarələr", "Lerikin faunası", "Lerikin florası", "Arıçılara məsləhət", "Göbələklər təbiətin ecazkar aləmidir", "Meyvə və toxumlar müalicə edir" və "Əllərin sirri" kitabları onun dərin biliyindən, müşahidə qabiliyyətindən və yaşının bu çağında belə necə məhsuldar çalışmasından soraq verir.

Lerikdə olarkən Musa Bədəlovla görüşüb onun elmi araşdırmalarını çox bəyənmiş akademik Vahid Hacıyev "Lerik diyarının dərman bitkiləri" kitabına yazdığı ön sözdə göstərirdi ki, kənd şəraitində bu cür dəyərli kitab yazmaq çox önəmli işdir. Əgər bu müəllif bizim institutda olsaydı, bundan da gözəl külliyyat dərc edərdi. Rusiya, Ukrayna, Almaniya, Macarıstan, Polşa, Qırğızıstan alimləri də Musa müəllimin əsərlərinə yüksək qiymət veriblər.

Ağsaqqal ziyalının bir özəlliyi də ondadır ki, kitablarını camaata pulsuz paylayır. Evindəki şəxsi kitabxanasından isə tələbələr, şagirdlər, müəllimlər, həkimlər daim istifadə edirlər. "Kitab üçün qapımı döyən adam gözümün işığıdır"- deyir Musa müəllim. Onun kitabxanasında hələ 1902-ci ildə professor A.Kernerin Sankt-Peterburqda çap olunmuş "Bitkilərin həyatı" adlı 1613 səhifəlik çox nadir ikicildliyi də var.

Mən onu 2005-ci ildən tanıyıram. Həmin vaxt Prezident İlham Əliyevin Lerikə səfərini müşayiət edən televiziya çəkiliş qrupunun tərkibində mən də vardım. Dövlət başçısı yeni sosial obyektlərin açılışında iştirak etdikdən sonra Lerik şəhər orta internat məktəbinə də baş çəkdi. Təlim-tərbiyə prosesi ilə maraqlandı. İnternatın direktoru Musa Bədəlov bu barədə Prezidentə ətraflı məlumat verdi, Azərbaycan rəhbərinin təhsilə və təhsil işçilərinə gündəlik qayğısına görə minnətdarlığını çatdırdı və özünün çap olunmuş kitablarını ali qonağa təqdim elədi. Həmin görüşdə Prezident internat məktəbin xatirə kitabına ürək sözlərini yazdı və söz verdi ki, təmirə ehtiyacı olan məktəbin binası tezliklə ən müasir səviyyədə yenidən qurulacaq. Çox keçmədi ki, internat məktəbi əsaslı təmir olundu, direktor Musa Bədəlov isə Prezident təqaüdünə layiq görüldü. Məktəbin açılışında İlham Əliyevin iştirak etməsi isə bir daha göstərdi ki, ölkə başçısının sözü ilə əməli birdir, o, respublikada təhsil müəssisələrinin tikintisinə, yenidən qurulmasına və təhsilin keyfiyyətcə yeni pilləyə çatmasına böyük önəm verir. İnternatın şagird və müəllimlərinin, xüsusilə də Musa Bədəlovun sevincinin həddi-hüdudu yox idi. Həmin unudulmaz anlarda çoxları direktorun gözlərinin fərəhdən necə yaşardığının şahidi oldu...

Lerikə ötən səfərimdə tələbə dostum, rayon qəzetinin redaktoru, əməkdar jurnalist İdris Şükürlü ilə birlikdəMusa müəllimgilə getdik. Gözəl, səliqəli ev-eşiyi, bağ-bağçası olan qocaman müəllim, cəfakeş alim bizi dadı damaqdan getməyən ləvəngili talış plovuna və ballı çaya qonaq elədi. Xeyli söhbət etdik. Onun güclü yaddaşı, ensiklopedik biliyi, bildiklərini başqaları ilə paylaşmaq istəyi məni heyran qoydu. Məsələn, ballı çay içə-içə dedi ki, balın tərkibində orqanizmə lazım olan 66 müxtəlif maddə var. Arı mumu sənayenin 40 sahəsində işlədilir. Filosof Demokrit həmişə xörəklə birlikdə bal yediyinə görə 100 ildən artıq yaşayıb və s.

Mən Musa müəllimin zəngin daxili aləmi, əsl xəzinə sayıla biləcək kitabxanası ilə tanışlıqdan sonra daha ona: "Bu ucqar yerdə, dağın başında bunca dərin biliyə necə yiyələnmisiniz?" -sualını verməkdən vaz keçdim. Ayrılanda qonaqpərvər ağsaqqal mənə pay kimi bəzi gərəkli dərman otları verərək iltifatla: "Kasıbın olanından" -dedi. Mən də cavabında: "Amma dərin biliyiniz, elminiz, kitabxananız, ali təhsilli övladlarınız, ən əsası isə geniş qəlbiniz çox zəngin bir insan olmağınızı göstərir",-deyərək təşəkkürümü bildirdim. Razılıqla gülümsədi.

...Bir dəfə Amerikadan gəlmiş alimlərin "Nə üçün leriklilər 100 ildən çox yaşayırlar, bunun sirri nədədir?" sualına Musa müəllim o qədər inandırıcı və məntiqli cavab verib ki, onlar ikinci dəfə Lerikə qayıdıb ağsaqqalın bu barədə dediklərini video-lentə almaq fürsətini qaçırmayııblar.

O, arıların təbiətə uçuşu və qayıdışına, güldən-gülə qonub şəhdə-şəkərə batmasına baxmaqdan yorulmur. Arılar yuvalarına qənimətlə dönərkən havada müxtəlif fiqurlar cızmaqla tapdıqları yeni nektar sahələrini digərlərinə nişan verir. Pətəyin uçuş bacası isə bu həşəratların necə ədəbli və zəhmətkeş olduqlarını, "ev"ə əliboş və ya dolu gəldiklərini izləmək üçün ən maraqlı yerdir. Tamaşa etdikcə adamın qəlbi həyat hikmətləri ilə dolur. Gül bağçasında Musa müəllim saatlarla arıların, arılarsa çiçəklərin başına dolanır. Onun qənaətinə görə, insan zəhmətə bağlılığı məhz arılardan, qarışqalardan öyrənməlidir...

Görüşümüzdə o, mənə qeyri-adi herbari kolleksiyalarını da göstərmişdi. Lövhələr əllə toxunan kiçicik xalçalara bənzəyirdi: qurumuş kəpənək qanadlarının əlvan rəngləri təbiətin yaratdığı ecazkar ilmələr kimi göz oxşayırdı. Atəşböcəklərinin, tovuzgözlərin, parabüzənlərin alabəzək naxışları sanki əriş-arğacın xalçada əmələ gətirdiyi çəmən çəhlimləri idi. Bütün bunlar Talış dağlarının, Lerik meşələrinin əsrarəngiz təbiət lövhələrini göz önündə canlandırırdı. "Xalça"lara baxa-baxa tələbə dostumun söylədiyi bir fikri də xatırladım: "Musa müəllim rəssam təbiətli, yaradıcı bir alimdir. Çəkdiyi tablolar çoxlarının heyrətinə səbəb olub".

Bioloq-alim indi də növbəti bir kitabını çapa hazırlayır. Deyir ki, ana təbiət hər mənada tükənməz xəzinədir. Onu daim öyrənmək, səxavətindən bəhrələnmək gərəkdir. Musa müəllimin bu yöndə göstərdiyi yorulmaz səyləri onun ömrünü-gününü yetərincə mənalandırır.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 13 yanvar.- S. 4.