2010-cu ildə ölkədə
turizmin inkişafı diqqət mərkəzində olmuşdur
Məlumdur
ki, son illər Azərbaycanda turizm sahəsi
inkişafımızın prioritet sahələrindən birinə
çevrilmişdir. Buna Azərbaycanın gözəl təbiəti,
qədim tarixi və mədəniyyət abidələrimiz, zəngin
mədəni irsimiz imkan verir.
Ötən il turizm sektoru üçün
ilk növbədə 2010-cu il 6 aprel tarixində "Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin
inkişafına dair Dövlət Proqramı"nın qəbul
olunması ilə yadda qaldı. Hədəfi Azərbaycanda
turizm infrastrukturunun genişləndirilməsi, turizm sahəsində
xidmət səviyyəsinin
yaxşılaşdırılması, ölkə turizminin
dünya turizm bazarına inteqrasiyası və bu yöndə təbliğat,
təşviqat işlərinin aparılması, turizm sahəsində
çalışan mütəxəssislərin peşə
hazırlığı səviyyəsinin artırılması
və s. aktual vəzifələr olan Dövlət
Proqramına müvafiq olaraq il ərzində bir sıra tədbirlər
görülüb.
Ən yaddaqalan tədbirlərdən biri isə
aprelin 28-30-da Heydər Əliyev adına İdman-Konsert
Kompleksində təşkil edilən "AİTF" 9-cu Azərbaycan
Beynəlxalq Turizm və Səyahətlər Sərgisi və
ilk dəfə keçirilən 1-ci Ümumrespublika Daxili Turizm
Sərgisi oldu. Daxili sərgidə Azərbaycanın bölgələr
üzrə 15 şəhəri xüsusi stenddə təqdim
olundu. Burada hər bölgənin tarixi-mədəni abidələri,
adət-ənənələri, mətbəxi, turizm
üçün cəlbedici yerləri, təbii mənzərələri
və s. əksini tapmışdı. Ölkəmizin turizm
potensialı dünyada layiqincə təqdim olundu. Dövlət
Proqramına uyğun olaraq Mədəniyyət və Turizm
Nazirliyinin həyata keçirdiyi işlərdən biri də
"Azərbaycanda yeni marşrutları kəşf edək"
layihəsi oldu. Bu layihə çərçivəsində
turizm şirkətlərinin köməyi ilə bir neçə
turizm marşrutu yaradıldı və təqdim edildi. Şəki
Atçılıq Mərkəzi ilə birlikdə Şəki
və Şəki ətrafında bir günlük atla turizm
marşrutunun təqdimatı məqsədilə infotur təşkil
edildi. Digər yeni marşrut isə ekstremal turizm həvəskarları
üçün xüsusilə maraqlı oldu. Marşrut Quba
rayonundan başlayaraq sərt dağlıq ərazilərdən
keçməklə Şamaxıya, oradan isə Bakıyadək
yolu əhatə edir.
Azərbaycanın turizm potensialının
dünyada təbliği yönündə də geniş tədbirlər
həyata keçirilib. Azərbaycan il ərzində müxtəlif
ölkələrdə keçirilən 13 beynəlxalq sərgidə
təmsil olunub.
Bu
gün Azərbaycanın mövcud turizm potensialının təbliğ
edilməsi məqsədi ilə dünyanın aparıcı
televiziya kanallarında - "CNN", "Euronews",
"Travel Channel", "BBC", "CNBC", "National
Geographic" və s. verilişlər yayımlanır.
"ABTA" jurnalında, "Upper Reach" və
"Forbes" qəzetlərində respublikanın turizm
imkanları haqqında reklam səhifələri yerləşdirilib.
Nazirliyin
mətbuat xidmətindən aldığımız məlumata
görə il ərzində 38 hüquqi və fiziki şəxsə
turizm fəaliyyətinə dair lisenziya, 21 hüquqi və
fiziki şəxsə mehmanxana fəaliyyəti ilə məşğul
olmaq üçün lisenziya verilib. Hazırda respublikada 207
turizm şirkəti, 295 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət
göstərir.
Bu
yaxınlarda mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev turizmin inkişafı ilə bağlı jurnalistlərə
verdiyi açıqlamada bildirmişdir ki,
"Şahdağ" Qış-Yay Turizm Kompleksinin tikintisi
davam edir. Bu qışın sonuna kimi süni qarlaşdırma
sisteminin tamamlanması nəzərdə tutulur. Yay müddətində
isə artıq ilk mehmanxana istifadəyə veriləcək.
Nazir onu da bildirmişdir ki, eksperiment olaraq vəziyyətə
baxılacaq. Gələn il qış üçün
artıq ilk turistlər orada öz vaxtlarını keçirə
biləcəklər. Bu, "Şahdağ" Qış-Yay
Turizm Kompleksinin tikintisi ilə bağlı həyata
keçirilən layihənin ilk mərhələsidir.
Bütövlükdə bu, 10 il üçün nəzərdə
tutulan bir layihədir.
Ümumiyyətlə,
son üç ildə Azərbaycanda turizmin inkişafına
xüsusi diqqət yetirilir. Bu hər şeydən əvvəl
ölkə Prezidenti cənab ilham Əliyevin bu sahəyə
xüsusi önəm verməsi ilə bağlıdır. Cənab
Prezident İlham Əliyevin aprel (2010-cu il) ayında Bakıda
keçirilən daxili turizm sərgisində şəxsən
iştirak etməsi bunun əyani sübutudur.
2011-ci
ildə isə daha əhəmiyyətli layihələrin həyata
keçiriləcəyi gözlənilir. Bunun üçün
ölkədə geniş imkanlar yaradılmışdır.
Son illər inşa edilmiş müasir tipli mehmanxanalar,
yaradılmış milli parklar və qoruqlar, əsaslı təmir
edilmiş mədəni və tarixi abidələrimiz turizmin gələcək
inkişafına əhəmiyyətli dərəcədə
yardımçı olacaq.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-
2011.- 13 yanvar.- S. 3.