Mədəniyyətlərarası dialoqun inkişafında gəncliyin rolu

 

 Azərbaycan gəncliyi hər zaman dövlətimizin müdafiəsində, milli-mənəvi dəyərlərimizin qorunmasında, adət-ənənələrimizin təbliğində yüksək fəallıq göstərib. Dövlət müstəqilliyinin qazanılmasında, qorunub saxlanılmasında, ərazi bütövlüyümüzün müdafiəsində gənclərimiz böyük şücaət göstərmiş, sinələrini sipər etmişlər. Ermənistanın Azərbaycana təcavüzü, həmçinin təpədən-dırnağadək ən müasir silahlarla silahlanmış sovet imperiyasının Azərbaycanın haqq səsini boğmağa, istiqlaliyyət istəyinin qarşısını almağa istiqamətlənmiş qoşununun qarşısına çıxanların da böyük əksəriyyəti gənclərimiz idi. Onlar qorxmadan, çəkinmədən Azərbaycanın haqq işi uğrunda sonadək mübarizə apardılar, doğma Vətənin müdafiəsində canlarını qurban verdilər. Bu gün hər bir azərbaycanlı üçün müqəddəs ziyarətgaha çevrilən "Şəhidlər Xiyabanı"nda uyuyan mərd və qəhrəman gənclərimiz öz hünərləri ilə şəhidlik zirvəsinə ucaldılar.

Ötən payız Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüş Mübariz İbrahimovun şücaəti, torpaqlarımızı işğal edən ermənilərə divan tutması bir daha təsdiqlədi ki, gənclərimiz hər an, hər dəqiqə Vətən uğrunda, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarını qurban verməyə hazırdır.

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra müstəqil Azərbaycanı gələcəkdə də yaşadacaq və möhkəmləndirəcək gənc nəslin formalaşmasına xüsusi diqqət yetirildi. Gənclərin hərtərəfli inkişafı üçün mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsi və bu istiqamətdə tarixi sərəncamların imzalanması, beynəlxalq standartlara cavab verən qanunların qəbul edilməsi Azərbaycan gənclərinin qarşısında böyük perspektivlər açdı. Azərbaycan gəncliyi öz arxasında müdrik şəxsiyyətin və qüdrətli bir dövlətin dayandığını hiss etdikcə daha da qüdrətləndi, yetkinləşdi və beynəlxalq aləmə inteqrasiyasını sürətləndirdi. Ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin gəncliyin inkişafına, beynəlxalq aləmdə fəallığına, dünya miqyaslı tədbirlərə qoşulmasına imkan yaratmaları bugünkü gəncliyin yüksək vətənpərvərlik ruhunda yetişməsinə, özünəinamın artmasına, gələcəyə daha nikbin nəzərlərlə baxmasına stimul yaradıb. Dövlətin diqqət və qayğısı, dərin ictimai etimad, milli mənlik şüurunun inkişafı azərbaycanlı gəncləri ümummilli problemlərin həllində daha fəal iştiraka sövq edən amillərdir.

Bu gün Azərbaycan gəncliyinin qarşısında bir sıra mühüm vəzifələr dayanmaqdadır. Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyona yaxın soydaşımızın bu təcavüz nəticəsində öz doğma ata-baba torpaqlarından didərgin salınması və xalqımızın məruz qaldığı soyqırımı aktları barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, XX əsrin ən dəhşətli bəşəri cinayətlərindən biri kimi tarixin yaddaşına həkk olunmuş Xocalı soyqırımı müəlliflərinin ifşa olunması prosesində gənclərin iştirakı olduqca vacibdir. Yeri gəlmişkən qeyd edək ki, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası iki ildir ki, həyata keçirilir. Bu kampaniyanın əsas məziyyətlərindən biri də odur ki, bir neçə ölkədəki əlaqələndiricilər xarici gənclərdir. Xarici ölkə vətəndaşlarının Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş misli görünməmiş terror aktlarını lənətləməsi, tarixdə analoqu olmayan Xocalı soyqırımını beynəlxalq aləmdə tanıtmaları Azərbaycan gəncliyinin dünya miqyasında nüfuz qazanmasının və dünya miqyaslı hadisələrə təsir göstərmək qabiliyyətinə yiyələnməsinin nəticəsidir.

"Xocalıya ədalət" kampaniyasının fəsləfəsini, qayəsini insan hüquqlarına dəyər vermək və onu ən yüksək səviyyəyə qaldırmaq, Xocalıda tapdanmış insan hüquqlarının dünyaya çatdırılması təşkil edir. Kampaniyanın məqsədi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində zərər çəkmiş insanlar haqqında, xüsusilə də 1992-ci il fevralın 26-da ermənilərin Xocalının silahsız əhalisinə qarşı törətdikləri qətliam haqqında tarixi həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, Xocalı soyqırımının beynəlxalq səviyyədə siyasi-hüquqi cəhətdən tanınmasına nail olmaq, insanların qətliamlara və etnik, dini, irqi ayrıseçkiliyə əsaslanan təmizləmə siyasətinə qarşı mövqeyinin ortaya qoyulmasıdır. Gəncliyin lideri Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyasını beynəlxalq qrup, lokal, milli və qlobal əlaqələndiricilər, könüllülər və digərləri həyata keçirir. Kampaniya çərçivəsində dünya liderlərinə ünvanlanmış müraciətlər onlara ədalət naminə qərarlar qəbul etməyə, Xocalı soyqırımını insanlığa qarşı cinayət kimi tanımağa, dünyada ədalətsizliyə qarşı mübarizə aparmağa çağırır. Müraciətlərin əsas məqsədləri dünya liderlərini xüsusilə özləri üçün ədalət tələb etmək iqtidarında olmayanlara münasibətdə ədalətin bərqərar olmasına yönəlmiş addımlar atmağa, insan ləyaqətinin fundamental prinsiplərini qorumağa və bu istiqamətdə ciddi tədbirlər görməyə, bu dəhşətli cinayəti törədənləri ədalət məhkəməsi qarşısına çıxarmağa çağırmaqdır.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyətlərarası dialoqun inkişafındakı rolu, Azərbaycanın YUNESKO ilə birgə həyata keçirdiyi layihələrin əhəmiyyəti yüksək qiymətləndirilir. Bu mötəbər təşkilatla ölkəmiz arasındakı sıx əməkdaşlıq mədəniyyətlərarası dialoqun yüksək səviyyəyə çatmasına böyük təkan vermiş, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırmışdır. Təsadüfi deyildir ki, YUNESKO-nun baş direktoru İrina Bokova "Azərbaycanı mədəniyyətlərarası dialoqda nümunə" hesab etmişdir. O demişdir ki, son illər dinamik inkişaf edən Azərbaycan maddi və qeyri-maddi mədəni irsin qorunmasını əsas prioritet istiqamətlərdən biri kimi elan etmişdir. İ.Bokova Azərbaycanın YUNESKO-nun bütün orqanları və bölmələri ilə sıx əməkdaşlığını yüksək qiymətləndirmiş, rəsmi Bakının mədəni irs nümunələrinin YUNESKO-nun siyahısına daxil edilməsi üçün göstərilən səylərdən məmnunluğunu bildirmişdir. Baş direktor bildirmişdir ki, birgə fəaliyyətin nəticəsində mədəni irsin qorunması istiqamətində mühüm uğurlar əldə olunmuşdur.

Heydər Əliyev Fondunun mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələrdən bəhrələnən Azərbaycan gəncliyi bu sahədə fəaliyyətini davam etdirmişdir. Mədəni irsimizin, milli adət-ənənələrimizin təbliğ edilməsində, mədəniyyətlərarası dialoqun inkişafında gəncliyin rolu yüksək qiymətə layiqdir. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakıda "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" mövzusunda keçirilən forum bu sahədə irəliyə doğru atılan daha bir qətiyyətli addım oldu. Azərbaycan gəncliyi bununla bir daha təsdiqlədi ki, artıq beynəlxalq səviyyəli tədbirlər keçirməyə və ölkəmizin milli-mənəvi dəyərlərinin dünya miqyasında təbliğinə qadirdir. Forumda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən gəlmiş nümayəndələr Azərbaycanın mədəni irsi, incəsənəti və milli dəyərləri ilə yaxından tanış olmuşdur. Konfransda çıxış edən Leyla xanım Əliyeva qloballaşma mövzusunun aktuallığını vurğulamış və diqqətə çatdırmışdır ki, qloballaşma şəraitində Azərbaycan xalqı adət və ənənələrimizi dərindən qiymətləndirir, eyni zamanda, dünya ölkələrinin bir-birindən fərqli mədəniyyətlərinə böyük hörmət bəsləyirlər. Qeyd olunmuşdur ki, beynəlxalq elmi əlaqələr nəinki elmin inkişafına, habelə, müasir dünyada mədəni dialoqun yaranmasına gətirib çıxarır. Belə bir tədbirin Azərbaycan gəncliyi tərəfindən keçirilməsi xüsusi vurğulanmalıdır. Bu, Azərbaycan gəncliyinin beynəlxalq aləmdə yüksək reytinqinin nəticəsidir.

Mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayan "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" mövzusunda konfransın keçirilməsi dünyanın tanınmış alimləri və ictimai-siyasi xadimləri tərəfinlən çox yüksək dəyərləndirilmişdir. Məsələn, Rusiya Elmlər Akademiyası fəsləfə İnstitutunun direktoru, akademik Əbdülsəlim Hüseynov forumun təşkilinə görə alimlər adından minnətdarlığını bildirərək demişdir: "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" mövzusu yüksək səviyyədə keçirildi. O bildirmişdir ki, belə forumlarda biz mədəniyyətlərimizin rəngarəngliyini dəyərləndiririk və qloballaşma şəraitində onu qoruyub saxlamağa çalışmalıyıq. Forum bu məsələləri müzakirə edib, həlli yollarını tapmaq üçün çox yaxşı imkanlar yaratdı.

Belə faktlar onlarladır. Bütün bunlar Azərbaycan gəncliyinin mədəniyyətlərarası dialoqun inkişafındakı rolundan xəbər verir. Bu, çox əhəmiyyətlidir. Çünki məhz mədəniyyət keçmişi, bu günü və gələcəyi bir-biri ilə birləşdirir. Bu istiqamətdə gənclərin qüvvəsindən səmərəli istifadə olunması ölkəmizin nüfuzunu daha da artırar, beynəlxalq aləmdəki mövqelərini möhkəmləndirər.

 

Sona MƏMMƏDBƏYOVA,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyasının

əməkdaşı, filologiya üzrə fəsləfə doktoru

 

Xalq qəzeti.- 2011.- 13 yanvar.- S. 3.