20 Yanvar - tariximizin qəhrəmanlıq səhifəsi

 

Qan yaddaşımız

 

Hər dəfə yanvar ayı gələndə o müdhiş, zülmətli gecə yadıma düşür və mən həmin dəhşətli, faciəli günü xatırlamaqla özümə təskinlik verirəm. Elə bil, dünən olmuşdu. Şəhərdə işıqları söndürmüşdülər. Qonşum Loğman Orucovla gecənin qaranlığında, çətinliklə də olsa, Tbilisi prospektinə gəldik. Biləcəri qəsəbəsinə, şəhərə gedən yolları iri tonnajlı maşınlarla bağlamışdılar. "Şamaxinka" deyilən yerdə çoxlu adam toplaşmışdı. Əksəriyyəti gənclərdən və yeniyetmələrdən ibarət olan bu adamlar tonqal qalayıb qışın şaxtasını ovundurmaq istəyirdilər. Ancaq nə qədər çalışırdılarsa da havadakı sərtliyi yumşalda bilmirdilər.

 

Şimaldan gözlənilən bəla insanları vahimələndirsə də, qorxutmurdu. Bunu meydana toplaşanların sayının getdikcə çoxalması da sübut edirdi. Əliyalın adamlar doğma şəhərlərini təcavüzdən qorumaq üçün canlı sipər olmağa hazırlaşırdılar. Gecə saat 12-yə qalmış evə qayıtdıq. Bir az keçmişdi ki, aləm bir-birinə dəydi. Tankların, zirehli maşınların gurultusu şəhəri başına götürdü. İşıq saçan güllələr, top atəşləri gecəni gündüzə çevirdi. Səmada şaqqıldayan mərmilər ətrafa ölüm saçırdı.

- Öldürdülər, qırdılar, dağıtdılar - deyərək özünü hövlnak evə çatdıran qonşunun oğlunu sakitləşdirmək mümkün deyildi. Gördüklərindən dəhşətə gəlmiş gəncin hönkürtüsü bütün binanı ayağa qaldırmışdı.

Səhərədək çimir alan olmadı. Artıq binamızın həndəvərində əli avtomatlı "soldatlar" dolaşırdı. Radio, televiziya, telefon işləmirdi. Gecə yarısından başlanan hücum əməliyyatı səhər açılanda səngisə də, arabir atəş səsləri eşidilirdi. Şəhərin strateji əhəmiyyət daşıyan obyektləri, küçə və meydanları təcavüzkar ordu hissələri tərəfindən tam nəzarətə götürülmüşdü. Təqvimə görə yanvarın 20-si istirahət günü idi. Fövqəladə vəziyyət, komendant saatı tətbiq edilməsinə baxmayaraq, bütün şəhər əhalisi küçələrə çıxmışdı. Təcavüzə məruz qalaraq həyatlarını itirmiş insanların qanı tökülən ərazilərə al qərənfillər düzülmüşdü. Bunu Bakıətrafı kənd və qəsəbələrdə yaşayan adamlar etmişdilər. Onlar dolanışıq üçün həyətlərində yetişdirdikləri qərənfilləri günahsız həlak olmuş şəhidlərin ruhuna təmənnasız ərməğan edirdilər. 40 gün ölkənin baş şəhəri al qərənfillərə bürünərək şəhidlərə yas saxladı.

Şəhidlərin dəfn gününü xatırlayıram. Dağüstü parkda, Çəmbərəkənddə azadlıq mücahidləri dəfn olunurdu. Paytaxtın Azadlıq meydanından başlanan dəfn mərasimində iştirak etmək üçün Bakı şəhərinin əhalisi ilə yanaşı, Azərbaycanın digər şəhər və rayonlarından, kənd və qəsəbələrindən yüz minlərlə adam gəlmişdi. Bütün xalq matəm içində idi. Belə izdihamlı dəfn mərasimi Azərbaycan Respublikasının tarixində olmamışdı. Dəfn mərasiminin önündə şeyxülislam Hacı Allahşükür Paşazadə, ölkənin görkəmli ziyalıları,adlı-sanlı elm, mədəniyyət və incəsənət xadimləri gedirdilər.

Xalqın başına gətirilmiş müsibətdə, buya digər şəkildə günahı olan respublika rəhbərlərinin dəfn mərasimində iştirak etməmələri müəmmalı söz-söhbətlərə, haqlı suallar yaranmasına səbəb olmuşdu. Axı, bu təcavüz Azərbaycan xalqına qarşı edilmişdi, həlak olanlar Azərbaycanın milli azadlığı uğrunda qurban getmişdilər. Buna görə də əgər onlar xalqın həqiqi rəhbərləri idilərsə, ölkəyə başçılıq edirdilərsə, gərək gəlib mərasimin önündə duraydılar. Ancaq bu, baş vermədi.

Əksinə, şəhidlərin qırxı çıxmamış respublikada hakimiyyət uğrunda qızğın mübarizə getdi. Xalqın başına gətirilmiş müsibətin əsl səbəbkarı olan Mixail Qorbaçov isə ali səlahiyyət imkanlarından istifadə edərək Azərbaycanın yeni rəhbərlərinə 20 Yanvar faciəsini tez bir zamanda unutdurdu.

İyirmi bir il bundan əvvəl baş vermiş 20 Yanvar hadisələrini indi hərtərəfli təhlil edəndə bu nəticəyə gəlmək mümkündür. 1990-cı ilin 20 yanvarından sonra respublikamızda siyasi proseslər Azərbaycan xalqının, ölkəmizin mənafeyinə uyğun getmədiyi üçün hadisələrə doğru-dürüst qiymət vermək bir o qədər də asan deyildi. Elə buna görədir ki, 20 Yanvar hadisələrinə sonrakı illərdə də düzgün, həqiqi siyasi qiymət verilməmişdi. Doğrudur, yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqında bir təlatüm, coşğunluq, həyəcan əmələ gəlmişdi, elə bil vulkan püskürürdü. İnsanların qəlbində güclü hissiyyat oyanmışdı. Məhz bunlara görə, yanvarın 22-də Azərbaycanın o vaxtkı rəhbərlərinin iradəsinə zidd olaraq, ölkəmizin vətənpərvər deputatları, ziyalıları respublika Ali Sovetinin fövqəladə sessiyasını topladılar. Ağır şəraitdə, böyük təzyiqlər, təhlükə qarşısında, qorxu altında bu məsələ müzakirə olundu. Gecə yarısınadək davam edən müzakirələrdə faciənin başvermə səbəbləri araşdırıldı, günahkarların adları çəkildi, kütləvi insan qırğınına gətirib çıxaran bu təcavüzə xalqın qəti etirazı bildirildi.

Ali Sovetin rəhbərliyinin kənarda qaldığı həmin sessiyanı xalq şairi Bəxtiyar Vahabzadə və xalq yazıçısı İsmayıl Şıxlı aparırdılar. Bu işə onlar ikisi rəhbərlik edirdi. Ağır, çox ziddiyyətli bir şəraitdə - sovet ordusunun Azərbaycandakı hökmranlığı zamanı, Sovet İttifaqı Kommunist Partiyasının Azərbaycana təzyiq göstərdiyi bir vaxtda qəbul edilən həmin qərar xalqın böyük kədərinə, qəm-qüssəsinə müəyyən təskinlik verdi. Bu, həqiqətən də yüksək qiymətə layiq bir şücaət, qəhrəmanlıq idi. Ancaq bundan sonra nələr baş verdi? Təəssüf ki, o vaxt Azərbaycanı idarə edən, xalqın etimad göstərdiyi və xalqa xidmət etməli olan adamlar getdikcə bu faciəni ört-basdır etməyə çalışırdılar. Bütün bunların canlı şahidi kimi deyə bilərəm ki, SSRİ Ali Sovetinin sessiyalarında bu məsələnin müzakirəsinə səy göstərmək əvəzinə, respublikamızın deputat rəhbərləri - Əbdürrəhman Vəzirov, Viktor Polyaniçko, Ayaz Mütəllibov və başqaları ağızlarına su alıb susmağı üstün tuturdular.

Ona görə də bu məsələ xeyli vaxt üstüörtülü qaldı, lazımi səviyyədə müzakirə olunmadı, 20 Yanvar faciəsinə həqiqi, geniş hüquqi-siyasi qiymət verilmədi. Yalnız ümummilli liderimiz Heydər Əliyev xalqın təkidi ilə Azərbaycanda hakimiyyətə qayıdandan sonra bu məsələ yenidən gündəmə gətirildi. Yeri gəlmişkən qeyd edək ki, 20 Yanvar faciəsi baş verəndə ulu öndərimiz Heydər Əliyev Moskvada yaşayırdı, heç yerdə işləmirdi, infarkt keçirmişdi. Ağır xəstə olmasına baxmayaraq yanvarın 21-də Moskvada azərbaycanlıların toplaşdığı mitinqdə iştirak edən Heydər Əliyev Kremlin göstərişi ilə törədilmiş Bakı hadisələrini pislədi, öz etirazını bildirdi. Heç nədən, heç kəsdən çəkinmədən, qorxmadan bu ağlasığmaz təcavüzün baiskarlarını ciddi ittiham etdi.

Bundan sonra, Moskvada yaşamağın təhlükəli olduğunu hiss edən ümummilli liderimiz Bakıya qayıtdı. Ulu öndərə burada da yaşamağa imkan vermədilər. Sadiq insanların, həqiqi dostların məsləhəti ilə Heydər Əliyev doğma yurdu Naxçıvana üz tutdu. Böyük xalq coşğusu, sevgisi və məhəbbəti ilə qarşılanan Heydər Əliyev Azərbaycan Ali Sovetinə Naxçıvandan deputat seçildi, 1990-cı ilin sonunda muxtar respublikanın Ali Sovetində,sonralar isə Azərbaycanın Ali Sovetində çıxış edərək 20 Yanvar hadisələrinin səbəbkarlarını aşkara çıxarmağı və bu faciəyə siyasi qiymət verməyi tələb etdi. Lakin respublikanın o vaxtkı rəhbərliyi buna etinasız yanaşdı. Belə laqeydliyə və Azərbaycan xalqına qarşı Moskvanın qərəzli mövqe tutmasına etiraz əlaməti olaraq bəyanat verən Heydər Əliyev Sov.İKP sıralarından çıxdı.

Faciədən iki il keçəndən sonra, hadisənin ikinci ildönümü ərəfəsində, yanvarın 19-da Milli Şura belə bir qərar qəbul etdi ki, bu məsələnin üstü tamamilə örtülsün, basdırılsın və ləğv olunsun. Axı necə ola bilərdi ki, iki il ərzində fəaliyyət göstərən deputat-istintaq komissiyası guya araşdırma, istintaq aparıb, amma heç kimin adını çəkməyib? Qərarda nə qədər qəribə səslənsə də göstərilirdi ki, təhqiqat zamanı keçmiş Sovet İttifaqının və Azərbaycanın rəhbərlərindən bu məsələ üzrə günahkar olan adamların araşdırılıb istintaqa cəlb edilməsinə xüsusi diqqət yetirilsin.

Məlumdur ki, faciədən sonra Azərbaycanda rəhbərlər dəyişdilər, bu cinayətdə günahı olan adamların bəziləri vəzifədən kənarlaşdırıldılar. Ölkənin rəhbərliyinə gələn yeni adamların əksəriyyəti vaxtilə 20 Yanvar faciəsi baş verən dövrdə hakimiyyətdə olanları ittiham edənlər, günahlandıranlar idi. Bəs görəsən nə üçün onlar bu məsələyə yenidən baxmadılar, xalqın başına gətirilən müsibətə lazımi qiymət vermək istəmədilər? Ona görə ki, həmin bu qərarı qəbul etmiş Milli Şuranın 50 faizi müxalifətdə olan adamlar idi. Belə başdansovdu qərarın qəbul olunması onlara da sərf edirdi.

Ancaq bununla ulu öndərimiz Heydər Əliyev barışa bilməzdi. Hakimiyyəti dövründə xalqa sədaqətlə xidmət edən bu dahi şəxsiyyət Azərbaycana ikinci dəfə rəhbər gələndən az sonra, "20 Yanvar faciəsi Vətənini, xalqını sevən hər bir adamın bağlanmamış yarasıdır" - deyən ümummilli liderimiz bu məsələni yenidən gündəmə gətirdi və 1994-cü il yanvarın 5-də xüsusi fərman imzaladı. Həmin fərman iki hissədən ibarət olub. Birinci hissə hadisənin dördüncü ildönümü ilə əlaqədar lazımi tədbirlərin hazırlanması və keçirilməsi, ikinci hissə isə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət vermək üçün Milli Məclisə edilən tövsiyələrdən ibarət idi.

Məhz ulu öndərimizin tapşırığını yerinə yetirən Milli Məclis 20 Yanvar faciəsinin nəticələrini iki-üç ay müddətində geniş müzakirə etdi. Bu müzakirələr televiziya vasitəsilə göstərildi. Təəssüf hissi ilə qeyd edilməlidir ki, o vaxt hakimiyyətdə olanların bir hissəsi də, hətta hakimiyyətə qarşı müxalifətdə olan, milli azadlıq hərəkatında iştirak edən, habelə ona rəhbərlik edən adamlar da bu hadisələrin müzakirə olunmasını istəmirdilər. Bəziləri deyirdi ki, bu məsələyə gərək otuz ildən sonra qiymət verilsin. Bir başqası söyləyirdi ki, müzakirələr 50 ildən sonraya qalsın.

Bütün bunlara baxmayaraq, çətinliklə də olsa müzakirələr aparıldı. Ümummilli liderimiz Heydər Əliyev bir neçə dəfə parlamentin iclasına gələrək öz fikirlərini söylədi. Nəhayət, üstündən dörd ildən çox vaxt keçən 1990-cı ilin 20 Yanvar hadisələrinə geniş, ədalətli, müfəssəl qiymət verilən qərar çıxarıldı. Qeyd olundu ki, Azərbaycan xalqının tarixində qəhrəmanlıq nümunələri çox olmuşdur, xalqımızın başına çox bəlalar gəlmişdir. Əgər təkcə XX əsri götürsək, 1918-1920-ci, 1937-1938-ci, 1949-1950-ci illəri xatırlamaq kifayətdir. Həmin illərdə xalqımızın başına gətirilən müsibətləri unutmaq olmaz. Ancaq 1990-cı ilin yanvarında, əsrimizin sonuna yaxın baş vermiş hadisələr əvvəlkilərin heç biri ilə müqayisə oluna bilməz. Çünki bu dövr Azərbaycan xalqının artıq milli oyanış, öz mənliyini sübut etmək, milli azadlıq hisslərini aşkara çıxarmaq, büruzə vermək mərhələsi idi.

Ona görə də xalqımız 20 Yanvar hadisələrinə bir tərəfdən faciə kimi baxır, digər tərəfdən isə milli azadlıq hərəkatının kulminasiya nöqtəsi, qələbəsi kimi qiymətləndirir. 20 Yanvar faciəsi Azərbaycan xalqının qan yaddaşıdır. Əsrlər ötəcək, 20 Yanvar tariximizdə xalqın mətinliyi, qəhrəmanlığı, mübarizliyi rəmzi kimi qalacaqdır.

 

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2011.- 14 yanvar.- S. 5.