Bir gecənin sehri
Belə bir tədbirin Naxçıvanda
da keçirilməsi alqışlanır
Dünyaya
göz açandan aşıq musiqisinin sehrinə
düşmüşəm. Bu səs ana laylama, beşik nəğməmə
qovuşub. Gəncliyimin qaynar, oynar çağında
aşıq dünyasıyla tilsimlənmişəm. İlk
eşqimi qəlbimdə saz alovlandırıb. Əsrarəngiz
gözəlliklərdən, ilahi gözəllərdən ilham
almışam, min xəyala dalmışam, pərvazxəyal
olmuşam. Mənalı, məzmunlu həyatıma
şam-çıraq tutub, gözlərimə nur, qəlbimə
işıq saçıb. Elə bilmişəm ki, dünyada
aşıq musiqisindən başqa nə musiqi, nə də
şeir var. Varlığımda, sağlığımda elə
hey bu aləmlə fəxr etmişəm, qürur duymuşam. Ürəyimdə
döyünüb, qanıma keçib, iliyimə işləyib...
Başqa bir musiqi dünyamız olan
muğama valeh olmağım ömrümün
düşünüb-daşındığım
çağlarında qəlbimə hakim kəsilib, varlığımı
ovsunlayıb. Muğamlarımızın hər birində hikmət,
heyrət işığı yanır, alovlanır. Dinlədikcə
dinləyir, gah qəm karvanının sarbanı olur, gah
eşq atəşinin zirvəsində əlçatmaz,
ünyetməz oluram. Gah uşaq tək kövrəlirəm,
gah yetim tək boynu bükük, gözü qıpıq
oluram. Eşqlə, sevgiylə, məhəbbətlə
görüşür, durulaşır, saflaşıram...
Əziz oxucular! Sizdən nə gizlədim,
mən bineyi-başdan aşıq havaları, muğamlar və
xalq mahnılarının sehrində olmuşam. Bu qaynaqdan
köklənib, bu hikmətdən heyrətlənmişəm.
Amma simfoniya mənim üçün elə belə də... Eşitsəm
də olar, eşitməsəm də, dinləyərəm də,
dinləməyərəm də. Bu mənim günahım, təqsirim
deyil. Sadəcə olaraq musiqi savadımın olmaması, dərinliklərə
vara bilməməyimdən irəli gəlir. Neyləyim ki, bu,
həqiqətdir, danılmazdır. Sən demə
yanılırammış, simfoniya geniş ərazidə,
dünyanı heyrətə gətirən əvəzsiz mənəvi
zənginlik, kəhkəşanlı bir möcüzəymiş...
Dostum, xalq artisti Tofiq Bakıxanovla
dövri olaraq görüşür, söhbətləşir,
dərdləşirik. Dünəndən, bu gündən mətləb
söyləyir, hal-əhval tuturuq. Hər dəfə də
musiqidən, xüsusilə yaradıcılığından
söz açır, nələr yazacağından
danışır. Lakin onu dinləyir, musiqini başa
düşməməyimdən, sadəcə olaraq, qulaq
asmalı oluram. Qəlbimdə "ay sağ olmuş, mən sənin
yaradıcılığına bələd deyiləm, sənin
mənəvi aləmini ürəyimcə duya bilmirəm. Buna
mənim nə qabiliyyətim, nə hünərim
çatar..." deyə düşünürəm.
Dostum Tofiq müəllim bir gecə bizə
zəng çaldı. Böyük sevinc hissilə "Teymur
müəllim, Sizi 2010-cu ilin dekabr ayının 24-də
Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında 80 illiyimə həsr olunmuş festivalın təntənəli
açılışına dəvət edirəm" - dedi. Əvvəlcədən
təbrik elədim. Mütləq yanında olacam - dedim.
Göz oxşayan filarmoniyanın
zalına respublikanın görkəmli alimlərinin,
tanınmış incəsənət xadimlərinin, gənclərin
axını başlandı. Üzeyir Hacıbəyli adına
Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri
və baş dirijoru, xalq artisti Rauf Abdullayev səhnəyə
daxil olanda gurultulu alqışlar onu salamladı. Dostumun ilk
olaraq türk dünyasının böyük oğlu Mustafa
Kamal Atatürkə həsr etdiyi simfonik əsəri qəlblərə
hakim kəsildi. Dərin məzmunu və siqlətilə
seçilən bu əsərdə türkün böyük
oğlunun yenilməzliyi, əzəməti və vüqarı
musiqi dili ilə aləmə səs-səda saldı. Alqış-alqış
ardınca binanı başına götürdü, bürüdü.
Xalqımızın ulu öndəri Heydər
Əliyevə həsr olunan "Həmişə bizimləsən"
simfonik poeması daha böyük əzəmətlə səsləndi.
Dahilik, dühalıq zirvəsində qərar tutan Heydər Əliyevin
keçdiyi çətinliklər, yenilməzliyi,
qazandığı uğurlar, qələbələr, təntənələr
ürəyimizdə döyündü, gözlərimiz
önündə canlandı, bir daha əbədiləşdi. İlahi,
nə qədər təsirli, nə qədər qəlbə
nüfuzedici hikmət dünyası, heyrət aləmiydi.
Müəllifin yeddi saylı
simfoniyası "Qarabağ haray"ı və Xocalı faciəsinə
həsr olunmuş "Hümayun" simfonik muğamı
möhtəşəm musiqi sarayı, bitkin musiqi möcüzəsidir.
Mənə belə gəlir ki, bu "Hümayun" Simfonik
Muğamı və simfoniya bəstəkarın şah əsərlərindən
biri olmaqla yanaşı, həm də xalqımızın
harayına bənzərsiz töhfədir. Bu əsər
haydı-haraydı, çağırışdı,
şimşək çaxarlı, ildırım lərzəsidi.
Təlatümdü, iniltidi, hayqırıqdı. Ağlaşma
deyil, qəm-ələm deyil, acizlik deyil. Mübarizlikdi, qələbədi,
əzmdi, yenilməzlik simfoniyasıdı, musiqi məbədidi.
Xalqımızı mübarizəyə səsləyən,
inamlı, əqidəli hünərdi. İlahi, insanı od-atəşə
yaxan incə mətləblər, saf duyğular, zərif hisslər
hökmüdü. Gör-götür dünyası, ibrətamizlik,
heyrətamizlik əfsunudu.
Qoy bu musiqini dünya eşitsin. Xalqımıza
qarşı olan haqsızlığı, ədalətsizliyi
musiqi dili ilə dərindən dərk etsin. Kimin kim olduğu
aşkarlansın. Qələbənin lap yaxında olduğunu
hiss etsinlər, haqq səslərini ucaltsınlar. Yaman
günün ömrü az olar - deyiblər.
Bir sevindirici halı da qeyd etməyə
bilmərəm. Böyük dirijor Rauf Abdullayevi səhnədə
görəndə çox sevindim. Ürəyim dağa
döndü. Etiraf edim ki, mən onu çox istəyirəm. Lap
çox. Səbəbi xalqımın doğması, əzizi
olması, bizi dünyaya tanıtdırmasıdır. Tofiq
müəllimin sehirli musiqisi ilə Rauf müəllim də,
sehrlənir, möcüzə yaradırdı. Bütün gecə
boyu dirijor haldan hala düşürdü. Şahanə
görkəmində, əzəmət vardı. Bütün
orkestrin nəzərləri ona zillənir,
tuşlanırdı. Onun bədəni oynayır, qolları
qanadlanır, əlləri açılır, yumulurdu. O, haldan
hala düşdükcə həyəcan keçirir, mən isə
- Tanrı səni qorusun - deyirdim. Bəli, bu sehr onun boyuna
biçilib, alnına yazılıb. İlahi, nə gözəl,
nə heyrətamiz aləmdəydim o gecə.
Orkestrdə iştirak edən
ifaçılar, solistlər də belə. Hamısı
bir-birini tamamlayır, ayrı bir aləm yaradırdılar.
Azər Zeynalovun, Amerikadan gəlmiş
Aleksandria Von Bruseldorffun oxuduqları mahnıları qəlbə
hakim kəsilirdi. Virtuoz tarzən Sahib Paşazadə və
skripkanın mahir ifaçısı Töhfə xanım
Babayevanın ifası heyrət doğururdu. Di gəl valeh olma,
vurulma bu gözəl ifaya. Qarmonçu Zakir Mirzəyev, vokal
solisti Ramil Qasımov, bədii qiraətçi Azad
Şükürov, qalanlar da belə. Eyni həvəs,
eyni sayğı, eyni bənzərsizlik.
Əzizim Tofiq
müəllim, o gecə
bulaq suyu qədər tər-təmiz,
göz yaşı tək dupduru musiqi dünyanıza qovuşdum. Həqiqətlə yoğrulan möcüzələr
aləminə, əfsanəyə,
nağıla büründüm.
Əfsun
içində heyrətləndim,
qürur duydum, fəxr elədim səninlə. Nə sehrli
gecəydi, nə təkrarsız anlardı,
İlahi. Canın sağlam,
ömrün uzun olsun, arzuların üzünə gülsün,
əzizim. Musiqili, sazlı,
sözlü, xalqımız
səni bir övlad kimi çox istəyir, səninlə fəxr edir. Heç şübhəsiz, sən də öz növbəndə bu qədirbilən xalqın övladı olmağınla fəxr edir, nə xoşbəxtəm
deyirsən.
Yeri gəlmişkən, öyrəndim ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbovun təşəbbüsü
ilə dostum Tofiqin 80 illiyi münasibətilə bu qəbildən olan sehirli gecələrdən
biri də yanvarın 15-də məhz
Naxçıvanda keçiriləcək.
Naxçıvan ziyalıları Tofiq
Bakıxanovun 75 illik yubileyini də bu şəkildə qeyd etmişdilər.
Yanvarın 15-də Azərbaycan
Dövlət Teleradiosu
Xalq çalğı
alətləri ansamblının
iştirakı ilə
(bədii rəhbər
xalq artisti Ağasəlim Abdullayevdir)
təşkil olunan konsertdən əvvəl Bəstəkarlar İttifaqının
katibi Ramiz Zöhrabov və həmin təşkilatın
məsul katibi Lalə Hüseynova Tofiq Bakıxanov yaradıcılığı barədə
əhatəli söz açacaqlar.
Əməkdar artistlər Nuriyə Hüseynova, Zakir Mirzəyev, solist-tarzən Sahib Paşazadə,
pianoçu solist Arzu Səfərova, müğənnilərdən Cavad
Hüseyn, Ruzə İbişova və digərləri Tofiq müəllimin əsərlərini
Naxçıvan auditoriyasına
təqdim edəcəklər.
Tədbirdə Süleyman
Rüstəm, Mikayıl
Müşfiq, Tofiq Mütəllibov, Ramiq Muxtar, İttifaq Mirzəbəyli və digər müəlliflərin
sözlərinə yazılmış
musiqilər səsləndiriləcək.
Yeni yazılmış
"Naxçıvanım" və "Minbir kəlam" mahnıları
və Xalq Çalğı Alətləri
Orkestri üçün
yazılmış əsərlərin
lent yazıları Naxçıvan
televiziyasına təqdim
ediləcək. Dostuma və
xalqımızın sevimli
sənətkarına uğurlar
arzulayıram.
Teymur BÜNYADOV,
Akademik
Xalq qəzeti.- 2011.- 14 yanvar.- S. 6