Texniki peşə təhsili - 2010-cu ilin uğurları

 

Son illər Azərbaycan təhsilinin bütün sahələrində olduğu kimi, texniki peşə təhsili sahəsində də islahatlar davam etdirilmişdir. Yola saldığımız 2010-cu ildə də peşə təhsilinin inkişafı diqqət mərkəzində olmuşdur. Ölkə Prezidenti İlham Əliyevin bu sahənin inkişafına yönəldilmiş Dövlət Proqramının qəbul edilməsi ilə bağlı sərəncamı texniki peşə təhsilinin sürətli tərəqqisinə stimul yaratmışdır.

 

Bu günlərdə Təhsil Nazirliyində Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov ötən ildə bu sahədə qazanılmış uğurları açıqlamışdır. Namiq müəllim şöbənin strukturu, vəzifə bölgüsü, fəaliyyət istiqamətləri haqqında məlumat vermiş, peşə təhsili müəssisələrinin işçi və şagird kontingenti, elektron peşə təhsili portalının istifadəyə verilməsi, məzunların işlə təmin edilməsi məsələlərinə toxunmuşdur.

O bildirmişdir ki, ötən il Dövlət Proqramı çərçivəsində 4 və 11 nömrəli Bakı peşə liseylərində əsaslı təmir işləri başa çatdırılmış, 13, 16 və 18 nömrəli Bakı peşə liseylərinin əsaslı təmirinə başlanmışdır.

Ümumiyyətlə, ötən il peşə təhsili müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əsaslı işlər görülmüşdür.

2010-cu il aprel ayının 23-də Nazirlər Kabinetinin qərarı ilə "İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartları və proqramı (kurikulum)" qəbul olunmuşdur. Bundan başqa, Təhsil Nazirliyinin 2010-cu il 8 noyabr tarixli qərarı ilə "Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsili üzrə kurikulum və modul hazırlamaq üçün təlimat" sənədi hazırlanmışdır.

Eyni zamanda, ilk peşə-ixtisas təhsili müəssisələrində statistik məlumatların toplanması və elektron bazaya ötürülməsi ilə bağlı Xaçmaz, Lənkəran, Bakı şəhərlərində treninqlər həyata keçirilmişdir.

Son 20 ildə ilk dəfə olaraq müxtəlif peşələr üzrə 9 adda dərslik hazırlanmışdır.

Peşə təhsili üzrə ən çox tələb olunan ixtisasların seçilməsi, əmək bazarının öyrənilməsi istiqamətində mühüm işlərin görüldüyünü qeyd edən şöbə müdiri "Peşə məktəbinin inkişafı", "Peşə təhsilinin təkmilləşdirilməsi" layihələri çərçivəsində də işlərin reallaşdırıldığını bildirmişdir. Qeyd etmişdir ki, "Peşə məktəblərinin inkişafı layihəsi çərçivəsində 2010-cu ildən başlayaraq, Biləsuvar Peşə Liseyində həmin layihənin icrası ilə əlaqədar olaraq tədbirlər həyata keçirilmişdir. Təhsil Nazirliyi tərəfindən həmin peşə liseyinə yeni İKT avadanlıqları verilmişdir. Dekabr ayında liseyin 7 nəfər mühəndis-pedaqoji heyəti "Azərsun Holdinq"in Natural Grenn Land müəssisəsində təlim keçmişdir. Təlimə yerli mütəxəssislərlə yanaşı, Türkiyədən dəvət olunmuş mütəxəssislər də cəlb olunmuşlar. Təlimi uğurla başa vuran şəxslərə şirkət tərəfindən müvafiq sertifikatlar verilmişdir.

Digər layihə - "Peşə təhsilinin təkmilləşdirilməsi layihəsi" çərçivəsində peşə kurikulumlarının və dərsliklərin hazırlanması üçün 2 beynəlxalq ekspert cəlb olunmuşdur. Eyni zamanda, yerli mütəxəssislər üçün treninqlər təşkil olunmuşdur.

Bununla yanaşı, peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası məsələsi də aktuallıq kəsb edən məsələlərdən olmuşdur.

Namiq müəllim bildirmişdir ki, Bakı Metropoliteni ilə əldə edilmiş razılaşmaya əsasən 2010-cu ildən başlayaraq, Dövlət Dəmir Yolu Liseyində sifariş əsasında metropoliten sahəsi üçün müxtəlif kadrların hazırlanması həyata keçirilir. Kadr hazırlığı prosesinin səviyyəsini artırmaq məqsədilə Bakı Metropoliteninin Nərimanov deposunda müasir təlim sinifləri yaradılmışdır.

3 nömrəli Bakı Peşə Liseyi Bakı Tikiş Evi ilə əməkdaşlıq edir. Bu layihə hazırlanan kadrların işlə təmin edilməsində əhəmiyyətli rol oynayacaq.

Son illər beynəlxalq təcrübənin öyrənilməsi sahəsində mühüm işlər görülmüşdür. Bu barədə məlumat verən şöbə müdiri peşə təhsili ilə bağlı qabaqcıl ölkələrin iş təcrübəsinin öyrənilməsini, Təhsil Nazirliyi nümayəndələrinin müxtəlif ölkələrdə peşə təhsili ilə bağlı keçirilən konfrans və seminarlarda iştirakını yüksək qiymətləndirmişdir. Belə ki, Rusiyada, Avstriyada, Türkiyədə, Şotlandiyada, Cənubi Koreyada, Polşada, Sinqapurda, İtaliyada keçirilən belə tədbirlərdə Azərbaycan nümayəndələrinin iştirakı beynəlxalq əlaqələrin inkişafına öz müsbət təsirini göstərməkdədir.

Namiq müəllim son illər həyata keçirilən "Yaşıl texnologiya üzrə kadr hazırlığı" və "Azərbaycan Respublikasında kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı" layihələri barədə də məlumat vermişdir. Bildirmişdir ki, "Yaşıl texnologiya" anlayışının yaradılması istiqamətində işlər aparılmış, dünya iqtisadiyyatında sürətlə inkişaf edən "Yaşıl iqtisadiyyat" tələblərinə müvafiq olaraq ixtisaslı kadr hazırlığı mexanizminin yaradılması üçün tədbirlər həyata keçirilmişdir.

"Azərbaycan Respublikasında kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı" layihəsi barədə söhbət açan şöbə müdiri qeyd etmişdir ki, bu layihə Avropa Birliyi nümayəndəliyinin ayırdığı qrant hesabına reallaşdırılır. 2010-cu ilin dekabr ayında Avropa Birliyinin nümayəndəliyində 4 namizəd ölkənin (Avstriya, Almaniya, Macarıstan və Danimarka) iştirakı ilə tender keçirilmiş və Almaniya hökumətinin təklifi qəbul olunmuşdur. Hazırda bu pilot layihənin reallaşdırılması üçün Təhsil Nazirliyi ilk peşə-ixtisas məktəbini seçməli, beynəlxalq və yerli ekspertlərin fəaliyyəti üçün normal şərait yaradılmalıdır.

Namiq müəllim 2011-ci ildə görüləcək işlər barədə də məlumat vermişdir. Bu il normativ-hüquqi bazanın möhkəmlənməsi istiqamətində işlər davam etdiriləcək, Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin reallaşdırılmasına xüsusi diqqət yetiriləcək. 2011-ci ildə elektron nəşrlər üzrə işlər davam etdiriləcək. 12, 14, 18 nömrəli Bakı peşə liseylərində. Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi, Biləsuvar Peşə Liseyində elektron nəşrlərdən istifadə edilməsi üzrə pilot layihələr həyata keçiriləcək, əmək bazarının öyrənilməsi sahəsində işlər aparılacaq.

Avropa İttifaqı ilə həyata keçirilən layihə çərçivəsində tədbirlərin ümumiləşdirilməsi və yekun konfransın keçirilməsinə hazırlıq işləri sona çatdırılacaq.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 15 yanvar.- S. 8.