Sumqayıtda
bədii qiraət müsabiqəsi
Xalq
şairi Rəsul Rzanın 100 illik yubileyinin keçirlməsi
haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
imzaladığı 14 yanvar 2010-cu il tarixli sərəncama əsasən
Yazıçılar Birliyinin Sumqayıt şəhər
bölməsi və Mərkəzləşmiş Kitabxana
Sistemi tərəfindən keçirilən bədii qiraət
müsabiqəsinə yekun vurulmuşdur.
Ötən
ilin noyabrında təşkil edilən birinci mərhələdə
MKS-ə daxil olan 20 kitabxananın yüzlərlə oxucusu
iştirak edirdi. Onların ifasında söz sənətimizə
forma və məzmunca yenilik gətirərək novator şair
kimi geniş şöhrət qazanmış R.Rzanın
bir-birindən maraqlı şeirləri dinlənilmişdir.
Bu
günlərdə isə Səməd Vurğun adına Mərkəzi
kitabxanada bədii qiraət müsabiqəsinin yekun turu
keçirildi. Tədbiri Yazıçılar Birliyi Sumqayıt
şəhər bölməsinin sədri Sabir Sarvan açaraq
Azərbaycan dilinin poetik potensialının yeni-yeni
imkanlarını üzə çıxarmış unudulmaz
şairin yarım əsrə yaxın dövr ərzində
yüksək dəyərli bədii nümunələr meydana
gətirməsindən danışdı və müsabiqədə
hansı şərtlərin əsas
götürüldüyünü diqqətə
çatdırdı. Sonra müsabiqədə fəal iştirak
etmiş oxucular elan olundu. Şəhərin ağsaqqal
şairlərindən Əvəz Mahmud Lələdağ və
Əşrəf Veysəlli müsabiqədə fəallıq
göstərmiş 15 oxucuya həvəsləndirici
mükafatları təqdim etdilər.
Əsasən yeniyetmə və gənclərin
cəlb edildiyi müsabiqədə 6 saylı kitabxananın
oxucusu Fatimə Qurbanova Rəsul Rzanın "Baş
küçə" şerinə görə və 9
saylı kitabxananın oxucusu Könül Paşayeva "Mən
bağa yox, ayrı bağa" şeirinə görə 1-ci
yerə layiq görüldülər. 7 saylı kitabxananın
oxucusu Fidan Məmmədova "Göy at", Mərkəzi
kitabxananın oxucusu Günel Mustafayeva "Səhərin
qapısında" , 4 saylı kitabxananın oxucusu Sarıtel
Novruzova "Könlümə yağış
düşdü" şeirinə görə 2-ci yerə, 12
saylı kitabxananın oxucusu Əlyəddin Həmidov "
Sarı dana və balaca qız", 7 saylı kitabxananın
oxucusu Kamran Murtuzlu "Ana qaz", 6 saylı kitabxananın
oxucusu Nisə Cəbrayılova "Yetim küçə",
4 saylı kitabxananın oxucusu İradə Adıgözəlova
isə "Nərgiz" şeirlərinə görə
3-cü yerə çıxdılar.
Qaliblərə Beynəlxalq Rəsul
Rza Fondu tərəfindən ayrılmış, nəfis tərtibatlı
kitablar hədiyyə olundu. Gənc qiraətçilər
hazırladıqları şeirləri bir-bir təqdim etdilər,
münsiflər heyətinin üzvləri ürək sözlərini
söylədilər və beləliklə də bədii qiraət
müsabiqəsi əsl poeziya bayramına çevrildi.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 15 yanvar.- S. 8.