Nurlu xatirələr işığında

 

Bir il də belə keçdi... Cahangir müəllimsiz... İyirmi ilədək çalışdığı kollektivdə elə bir gün olmadı ki, xatırlanmasın, dəyərli məsləhətləri, şux və mənalı zarafatları yada düşməsin, nurlu xatirəsi anılmasın, ruhuna dualar oxunmasın. Sözün həqiqi mənasında, kollektivin ağsaqqalı idi Cahangir müəllim. Xeyirdə-şərdə həmişə öndə olardı, yol göstərərdi, küsülüləri barışdırardı, qan yatırardı, ən çətin problemləri belə yoluna qoyardı. Kollektiv üçün onsuz ağır keçdi bu bir il. İndi gör onun yoxluğu əzizləri, doğmaları - ömür-gün yoldaşı Həbibə xanım, oğlu, qızı, nəvələri, qohum-əqrəbası üçün nələri yaşatmışdır.

 

Ömürlüyə bir nəzər: Cahangir Əliyev 80 il bundan əvvəl Qərbi Azərbaycanın Ağbaba mahalında - Amasiya rayonunun Düzkənd kəndində Həsənəli kişinin ailəsində dünyaya göz açıb. Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra bir müddət Düzkənddə müəllim işləyib. Gənc müəllimin ictimai işlərdə fəallığı diqqətdən yayınmayıb və o, komsomol işinə cəlb olunub. 1952-54-cü illərdə Amasiya Rayon Komsomol Komitəsinin əvvəlcə ikinci katibi, sonra isə birinci katibi vəzifələrində işləyib. Daha sonra 6 il rayon qəzetinin redaktoru olub və raykomun büro üzvü seçilib. Bakı Ali Partiya Məktəbində ali siyasi təhsil aldıqdan sonra əvvəlcə rayonlararası "Şirak" qəzetində redaktor müavini, daha sonra Amasiya Rayon Partiya Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrində çalışıb. 1965-ci ildə Amasiya Rayon Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunub. Dörd il bu vəzifədə işlədikdən sonra Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsində məsul işə irəli çəkilib. 1974-cü ildə Amasiya Rayon Partiya Komitəsinin birinci katibi seçilib və 7 ildən çox bu vəzifədə işləyib.

Cahangir müəllimin idarəetmə bacarığı, təşkilatçılıq qabiliyyəti, təşəbbüskarlığı, habelə yüksək mənəvi-əxlaqi keyfiyyətləri respublikanın o vaxtkı rəhbərliyi tərəfindən də lazımınca qiymətləndirilib. O, iki çağırış (1975-1985-ci illərdə) respublika Ali Sovetinin deputatı seçilib, Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (1982-85-ci illər) və respublika KP MK-nın üzvü olub. 1981-ci ildə Ermənistan KP MK-nın, respublika Ali Soveti Rəyasət Heyətinin və Nazirlər Sovetinin orqanı olan "Sovet Ermənistanı" qəzetinin baş redaktoru vəzifəsinə təyin edilib...

1984-cü ilin dekabrında o, respublikanın rəhbərinə ərizə yazıb işdən azad olunmasını xahiş edir. Mərkəzi Komitənin birinci katibi Karen Dəmirçyan onu qəbul edib soruşur: Bəlkə sizi incidən, sıxışdıran var, səbəbini bilmək istəyirəm.

Cahangir müəllim səbəb kimi yorulduğunu, səhhətində problemlərin yarandığını deyir.

- Yox, bu, bəhanədir, - deyə Dəmirçyan bildirir. - Xəstəsinizsə, müalicə etdirək, dincəlmək istəyirsinizsə ən məşhur sanatoriyalara, istirahət evlərinə göndərək. Sözün doğrusu, sizin kimi kadrı itirmək istəmirəm. Gedin, işinizdə olun, yaxşı fikirləşin, bu barədə bir müddətdən sonra danışarıq. Təkrar görüşdə də Cahangir müəllim işdən azad olunması barədə israrla təkid edir. Bu dəfə səbəb kimi uşaqlarının Bakıda yaşadıqlarını və onlardan ayrı darıxdığını da əlavə edir.

K.Dəmirçyan: "Başa düşdüm, əsl səbəbi indi dediniz, Vətən çəkir", - deyərək əlavə edir: - Bir halda ki, fikriniz qətidir, sizi saxlaya bilmərəm. Amma orada sizi yaxşı tanımırlar, necə kadr olmağınızı bilmirlər, məncə, çətin olacaq... Sabah Moskvaya, MK-nın plenumuna gedirəm, imkan olsa, Kamran Mamedoviçlə sizin barədə danışacağam. Moskvadan qayıtmağımı gözləyin...

K.Dəmirçyan plenumdan qayıtdıqdan sonra Cahangir müəllimi yanına dəvət edib deyir: - Bakıya yola düşün, sabah Kamran Bağırov sizi qəbul edəcək.

Cahangir Əliyev dərhal yola düşür, ertəsi gün Azərbaycan KP MK-ya - birinci katibin qəbuluna gəlir.

Birinci katibin onu necə qəbul etməsini Cahangir müəllimin öz dilindən eşitmişəm:

- Kamran Bağırov, insafən, məni səmimi qarşıladı və dərhal bildirdi ki, Karen Seropoviç sizi çox təriflədi, haqqınızda xoş sözlər danışdı. Dedi ki, buraxmaq istəmirdim, nə illah elədimsə qalmadı...

Bir qədər özüm, fəaliyyətim haqqında məlumat verdim. Birinci katib məni dinlədikdən sonra bildirdi ki, sizi hələlik təbliğat şöbəsinə təlimatçı vəzifəsinə götürürük. Sonrasına baxarıq... Hörmətlə qarşılanmağım nə qədər xoş olsa da, bir məsələ məni məyus etdi. Azərbaycanın o vaxtkı rəhbəri mənimlə doğma dilimdə danışmadı, hətta salamımı da rusca aldı. MK aparatında, demək olar ki, hər şey - həm yazışma, həm də danışıq rus dilində aparılırdı. Sonradan Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun dövründə də heç nə dəyişmədi. Halbuki, Ermənistan KP MK-da hamı erməni dilində danışırdı. Hətta aparatda işləyən kənar millətlərin nümayəndələri, o cümlədən ruslar da məcbur olub erməni dilini öyrənirdilər. - Siz də öyrənmişdiniz?

- Mən həm danışmağı, həm də yazmağı yaxşı bacarırdım. Raykomun birinci katibi işləyirdim. Respublikanın fəallar yığıncağında ilə yekun vurulurdu. Həmişəki kimi, çıxışlar erməni dilində idi. İlk çıxışçı qabaqcadan yazdırdığı mətni höccələyə-höccələyə üzündən oxuyarkən K.Dəmirçyan onu saxladı və xəbərdarlıq etdi ki, heç kəs "şparqalka"dan istifadə etməyəcək. Gördüyünüz işləri siz əzbər bilməlisiniz. Di, buyurun danışın...

Həmişə üzündən oxumağa adət etmiş nazirlər, raykom katibləri və digər çıxışçılar gülünc vəziyyətdə qaldılar. Heç hıqqana-hıqqana da məlumat verə bilmədilər. Psixoloji gərginlik yaranmışdı. Çıxış üçün növbə mənə çatdı. Görülən işlər barədə məlumat verdim, problemləri sadaladım və təkliflərimi dedim. İclasın sədri üzünü yığıncaq istirakçılarına tutaraq qəzəblə dedi: "Heç olmasa, xəcalət çəkdinizmi? Cahangir Əliyev doğma dilinizdə sizə dərs dedi, necə danışmaq nümunəsi göstərdi".

Bu söhbətdə Cahangir müəllimin 50 illik dostu, tanınmış jurnalist Əsgər Əsgərov da iştirak edirdi.

Cahangir müəllim öz kabinetinə keçdi. Söhbəti Əsgər müəllimlə davam etdirdim. O dedi:

- Cahangir müəllim perspektivli kadr kimi, hələ gəncliyindən respublika rəhbərliyinin diqqət mərkəzində idi və müxtəlif vəzifələrdə sınaqdan çıxmışdı. Lakin onun təşkilatçılıq qabiliyyəti, idarəetmə bacarığı daha parlaq şəkildə raykomun I katibi vəzifəsində üzə çıxdı. Əhalisinin 85 faizdən çoxunu azərbaycanlıların təşkil etdiyi Amasiya rayonunda 70-ci illərin əvvəllərində acınacaqlı vəziyyət yaranmışdı: təsərrüfatlar işləmir, planlar daimi olaraq kəsirdə qalır, insanların həyat şəraiti durmadan pisləşirdi. Belə bir vəziyyətdə bu vəzifəni Cahangir müəllimə etibar etdilər. Sözün doğrusu, rayonu düşdüyü böhrandan kiminsə çıxaracağına nəinki başqaları, heç onun özü də inanmırdı. Amma bu kişidə tükənməz enerji və böyük iradə varmış. Bu ağır işin öhdəsindən gələ bildi. İşə mane olan bəzi qüvvələri zərərsizləşdirdi, məsuliyyətsiz rəhbərləri vəzifədən kənarlaşdırdı, təsərrüfatları işgüzar və perspektivli kadrlara tapşırdı. Rayonun inkişafının beşillik planının layihəsini işləyib hazırladı və çətinliklə də olsa, onu qəbul etdirdi. Yuxarı instansiyalarda bəzi şovinist rəhbərlər azərbaycanlıların yaşadığı rayonun inkişafı üçün vəsait ayırmaq istəmirdilər. Lakin Cahangir müəllimin məntiqi və təkidi qarşısında onlar da "yumşaldı". Rayonun uzaq, "perspektivsiz" kəndlərinə yol çəkilişinə qəti şəkildə vəsait ayırmaq istəmirdilər. Cahangir müəllim bu problemi "sərhəd zastavalarına yol çəkdirmək" adı ilə yoluna qoydu. Bir sıra sənaye müəssisələri, o cümlədən 400 nəfər azərbaycanlı qız-gəlinin işlədiyi toxuculuq kombinatını, elektrotexnika zavodunun filialını (300-dən çox iş yeri) və digər istehsal sahələrini işə saldı, 8 orta məktəb binası, xeyli səhiyyə, mədəniyyət ocağı, sosial obyektlər inşa etdirdi, kəndlərə asfalt yol çəkdirdi, avtobus marşrutları açdırdı, körpülər saldırdı və sair. Onun rəhbərliyinin 3-cü ili Amasiya respublikanın ən qabaqcıl rayonlarından birinə çevrildi və həmin ildən etibarən dalbadal sosializm yarışının keçici qırmızı bayrağını aldı. Cahangir Əliyev isə Qırmızı Əmək Bayrağı ordeninə layiq görüldü.

1981-ci ildə Azərbaycan dilində çıxan "Sovet Ermənistanı" qəzetində xoşagəlməz vəziyyət yarandı, redaktor müəmmalı şəkildə intihar etdi. Səkkiz ayadək qəzetə redaktor "axtarışı" getdi. Bəziləri bu vəzifəni tutmaq üçün dəridən-qabıqdan çıxır, nüfuzlu vasitəçilər axtarırdılar. Lakin respublikanın rəhbəri yenə Cahangir müəllimin üzərində dayandı, onu baş redaktor təyin etdi. Bir il sonra isə respublika Ali Soveti Rəyasət Heyəti sədrinin müavini vəzifəsi də ona etibar edildi. Bu vəzifələrdə də o, nümunə göstərdi...

Cahangir müəllimin ömrünün son 25 ili doğma Azərbaycanla bağlı olub. Azərbaycan KP MK aparatında 7 ilədək işlədikdən sonra 1991-ci ildə "Xalq qəzeti" baş redaktorunun müavini vəzifəsinə təyin edilib. Bu barədə danışarkən Cahangir müəllim deyirdi:

- Mən nə qədər vəzifələrdə işləsəm də, həmişə arzulamışam ki, kaş "Kommunist " qəzetində sıravi işçi olaydım, bu redaksiyaya milli mətbuatımızın məbədi kimi baxırdım. Odur ki, o vaxt baş redaktor işləyən, mərhum Tofiq Rüstəmov məni dəvət edəndə həvəslə razılıq verdim. Allahıma şükür edirəm ki, belə bir mötəbər kollektivdə işləməyi mənə qismət etdi.

Uzun müddət rəhbər vəzifələrdə işləmiş Cahangir müəllim son dərəcə sadə insan idi. Onun ibrətamiz məsləhətləri, şirin zarafatları, demək olar ki, hər gün yada düşür, xatırlanır. Kollektivdə ona hörmət və məhəbbət də böyük idi. Baş redaktordan sıravi işçiyə qədər hamı yolunu gözləyir, xətrini əziz tuturdu. Elə bu faktı demək kifayətdir ki, Cahangir müəllimin xatirəsinə hörmət əlaməti olaraq bir il ərzində onun yerinə işçi götürülməmüş, kabinetində kimsə əyləşməmişdir.

İnsanı tanımaq olduqca çətindir, onun qəlbi sirli-soraqlıdır. Nə qədər üzdə büruzə verirsə, bir o qədər gizlində qalır. Müdriklərdən biri bu mənada insanı Aya bənzədir: həm görünən tərəfi var, həm də görünməyən. Görünməyən, başqaları üçün gizli tərəfi barədə insanın əməlləri bələdçilik edir. Cahangir müəllimin belə əməlləri barədə, ötəri də olsa, bəzi məqamlara toxunduq. Hamısını sadalamaq isə qəzet məqaləsinə sığışmaz.

O, mənəvi-əxlaqi cəhətdən kamil insan idi. Daxili təmizliyi, ağayanalığı, alicənablığı, xeyirxahlığı... bütün bu keyfiyyətlər onun çöhrəsini nura qərq edir, üz-gözündə xoş bir ifadə yaradırdı. Bu, onun mənəvi dünyasının işığıydı, xoş aura yaradaraq ətrafa nur saçırdı.

... Artıq bir ildir ki, Cahangir müəllimin nurlu xatirəsi ilə təsəlli tapırıq. Belə xoş xatirələrdə yaşamaq hüququ qazanmaq heç də hamıya nəsib olmur.

 

 

Qüdrət PİRİYEV

 

Xalq qəzeti.- 2011.- 15 yanvar.- S. 7.