Təhsil sistemində müəllimin elmi-tədqiqat
fəaliyyəti
Müasir Azərbaycan
dövlətinin qurucusu və memarı ulu öndər Heydər
Əliyev elmə və təhsilə həmişə
böyük önəm vermiş, müəllim adını hər
şeydən uca tutmuşdur. "Mən müəllim
adından yüksək ad tanımıram" - deyən
ümummilli liderin öz müəllimlərinə yüksək
hörmət və ehtiram nümayiş etdirməsi gənc nəslin
bu ruhda tərbiyə olunmasına yaxşı bir nümunə
olmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin milli elm və
təhsilin inkişafı, bu sahədə mövcud olan problemlərin
həlli istiqamətində həyata keçirdiyi
ardıcıl siyasət də məhz ulu öndərin təhsilə
və elmə göstərdiyi qayğı və diqqətin
davamıdır. Prezident İlham Əliyev dövlət
başçısı seçildikdən sonra müəllimləri
daim diqqət mərkəzində saxlamış, onların şərəfli
bir peşənin keşiyində durduqlarını
bütün çıxışlarında
vurğulamış və bu müqəddəs peşə
sahiblərini cəmiyyətin ən hörmətli təbəqəsi
adlandırmışdır.
Müstəqil
respublikamızın yeni inkişaf mərhələsində Azərbaycan
təhsilinin və bu sahədə çalışan alim və
pedaqoqların üzərinə daha böyük vəzifələr
düşür. Dünyada elmi-texniki tərəqqinin sürətli
inkişafı bu gün klassik maarifçi ənənələrini
qoruyan, indiki qloballaşma şəraitində Avropa təhsilinin
qabaqcıl dəyərlərini mənimsəyən tamamilə
yeni müəllim, təlimçi, pedaqoqlar nəslinin
yetişdirilməsi zərurətini ortaya qoyur.
Yeni
dövrdə təhsilin problemlərini və müasir müəllimin,
pedaqoqun keyfiyyətlərinin təhlili pedaqoji fəaliyyətə
və elmi yaradıcılıq məsələlərinə
kompleks şəkildə yanaşmağı tələb edir.
Bu gün mövcud tədris metodlarının təkmilləşdirilməsi,
yenilərinin isə axtarışı və tətbiqi tədris
prosesi ilə məşğul olan hər bir ziyalının əsas
vəzifəsinə çevrilməlidir. Əlbəttə,
müasir təhsilin inkişafı peşəkar kadrların
elm, təhsil strukturları və eləcə də təcrübə
ilə qarşılıqlı fəaliyyətini, nəzəri-praktik
əlaqəsini tələb edir. Bu əlaqə, eyni zamanda, ali
məktəblərin pedaqoji potensialını inkişaf etdirməyə,
tədris proqram və kurslarının məzmununu, təhsil
texnologiyalarını və metodlarını yeniləşdirməyə
imkan verir.
Bu
gün elmi-texniki potensialı inkişaf etdirmədən, tədqiqatçıların
yeni nəslinin yaradılmasını təmin edən elm və
təhsil strukturlarının bir-biri ilə sıx əlaqəsi,
təhsilin elmlə qarşılıqlı sintezi olmadan
müasir təhsil inkişaf edə bilməz. Bu proses ali məktəblərin
pedaqoji potensialını inkişaf etdirməyə, tədris
proqramlarının təkmilləşdirilməsinə və
kurslarının məzmununun, o cümlədən təhsilin
texnologiyasının və metodunun yeniləşdirilməsinə
də imkan verir. Bunun üçün ilk növbədə elm
və təhsilin inteqrasiyasına nail olmaq, elmi tədqiqatların
ali məktəb, sahə və akademik bölmələrinin
bir sıra sahələrində yaranmış əlaqəsizliyin
aradan qaldırılmasına yönəldilmiş tədbirlərin
hazırlanması və mərhələlər üzrə həyata
keçirilməsi tələb olunur.
2009-cu
ilin 19 iyununda dövlət başçısı "Təhsil
haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiq
etdi. Bu qanun təhsil sahəsində yaranmış bir
çox problemlərin həlli üçün mühüm
hüquqi baza oldu. Qanun vətəndaşların Azərbaycan
Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil
hüququnun təmin edilməsi sahəsində dövlət
siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin
tənzimlənməsinin ümumi şərtlərini müəyyən
edir, təhsilin ayrı-ayrı pillələri üzrə
müvafiq qanunların və digər normativ-hüquqi
aktların qəbul edilməsində baza rolunu oynayır. Azərbaycan
Respublikasında təhsil dünyəvi və fasiləsiz
xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin
və dövlətin maraqlarını əks etdirən strateji
əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Azərbaycan
Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq
konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı digər beynəlxalq müqavilələrə
əsaslanır, təhsil sahəsində milli-mənəvi və
ümumbəşəri dəyərlərin prioritetliyi əsasında
dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir.
Azərbaycan
Respublikasının Təhsil Qanununa əsasən, ali məktəblər
həm təhsil, həm də aparıcı elm mərkəzləridir.
Ali məktəblər elmi ixtisas profilinə uyğun olaraq təhsil
prosesinin daim təkmilləşdirilməsini təmin etməklə
bərabər, dövlət sifarişlərinin, müqavilə
və kontraktlar əsasında xüsusi proqramların, layihələrin
yerinə yetirilməsində də fəal iştirak edir. Elə
bu məqsədlə də ali məktəblərdə
kafedralarla yanaşı, elmi-tədqiqat laboratoriyaları, mərkəzlər,
institutlar, yaradıcılıq kompleksləri və s.
yaradılır. Dövlət milli dirçəlişi təmin
edən elm sahələrində, o cümlədən təhsil
və mədəniyyət sahəsində də problemlərin
əsaslı şəkildə öyrənilməsinə və
aradan qaldırılmasına üstünlük verir. Tədqiqatçının
elmi uğurları və bacarığı nəzərə
alınaraq bir sıra ali məktəblərdə
çalışan bəzi mütəxəssislərin fəaliyyətlərinin
mühüm hissəsi elmi-tədqiqat sahələrində cəmləşdirilir.
Ali
məktəbin professor-müəllim heyətinin işinin həcmi
ali təhsil müəssisələrinin rəhbərləri tərəfindən
təsdiq olunmuş ştata əsasən və 6 saatlıq
iş günü müddətində tutduqları vəzifədən,
tədris planından və elmi-tədqiqat işlərinin
planından irəli gələn tədris, tədris-metodiki və
elmi-tədqiqat işlərinin bütün növlərinin
onlar tərəfindən məcburi yerinə yetirilməsini nəzərə
alaraq müəyyənləşdirilir.
Ştat
cədvəli üzrə işləyən professor, müəllim
heyətinin tədris yükü "Təhsil haqqında"
Qanuna və müvafiq aktlara əsasən 450-500 saat
miqdarında planlaşdırılır. Auditoriya məşğələləri
tədris yükünün 40 faizindən az olmamalıdır.
Bu halda mütəxəssislər ümumi dərs
yükünün azaldılması hesabına ixtisas
kursları, seminarlar, kurs və diplom işlərinin
hazırlanmasına, yüksək ixtisaslı kadrlar
yetişdirilməsinə yaxından cəlb edilirlər. Ali təhsil
müəssisələrində elmi işlərin nəticələrinin
tədris prosesinə tətbiqi getdikcə aktuallaşır, bu
da elmi tədqiqatların keyfiyyətinə daha çox diqqətin
artırılmasını tələb edir. Elmi-texniki nailiyyətlərin
ümumiləşdirilməsi və yayılması, elmi-tədqiqat
işlərinin aparılması və nəticələrinin
istehsalat və təcrübədə tətbiq edilməsi,
innovasiya, patent-lisenziya və ixtiraçılıq fəaliyyəti,
dissertasiyaların, monoqrafiyaların və dərsliklərin
hazırlanması, elmi jurnalların nəşri, elmi məqalə
və tezislərin çap edilməsi sahəsində təhsil
sistemində əhəmiyyətli işlər görülməkdədir.
Ali məktəblərin fəaliyyəti elm və təhsilin
inteqrasiyasına yönəldilib. Professor-müəllim heyəti
kafedralarda aparılan elmi-tədqiqat işlərində fəal
iştirak edir. Tədqiqatların aparılmasına doktorantlar,
aspirantlar, magistrantlar və tələbələr cəlb
olunur.
Respublikamızın
digər ali təhsil müəssisələri kimi Daxili
İşlər Nazirliyinin Polis Akademiyasında da bu sahədə
uğurlu nailiyyətlər əldə olunub. Belə ki, Polis
Akademiyasında hazırda 1 hüquq elmləri doktoru, 19 fəlsəfə
doktoru, 4 əməkdar müəllim, 8 dosent fəaliyyət
göstərir.
Akademiyanın
4 əməkdaşı doktorluq dissertasiyası üzərində,
20 əməkdaş isə namizədlik dissertasiyası üzərində
çalışır.
Akademiyanın
professor-müəllim heyəti tərəfindən bu günə
qədər Azərbaycan Respublikasının Təhsil Nazirliyi
tərəfindən təsdiq edilmiş 95 fənn proqramı,
4 dərslik, 55 dərs vəsaiti, 35 sxemlər albomu, 35
mühazirələr toplusu, 50 metodik tövsiyə, 20-yə
yaxın monoqrafiya, həmçinin birgə müəllifliklə
İnzibati Xətalar və Cinayət Məcəllələrinin
Kommentariyaları hazırlanmışdır. Bunlarla
yanaşı, Akademiyanın əməkdaşları kütləvi
informasiya vasitələrində müxtəlif mövzularda
elmi məqalə və tezislərlə
çıxışlar edir, respublika və beynəlxalq əhəmiyyətli,
o cümlədən Amerika və Avropa ölkələrində
elmi-nəzəri və elmi-praktiki konfranslarda, habelə Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyasının təşkil etdiyi müdafiə
şuralarında və elmi seminarlarda iştirak edir,
aparıcı təşkilat, elmi rəhbər və rəsmi
opponent qismində rəylər hazırlayırlar. Akademiyada tədbirlər
planına əsasən, mütəmadi olaraq elmi-nəzəri,
praktiki və hüquqi əhəmiyyətli müvafiq
mövzularda konfranslar təşkil edilir. Mötəbər
beynəlxalq təşkilatlarda iştirak və nümunəvi
çıxış etdiklərinə görə akademiya əməkdaşlarına
müvafiq sertifikatlar və mükafatlar təqdim edilmişdir.
Bunun nəticəsidir ki, akademiyanın 2 əməkdaşı
Rusiya Hüquq Akademiyasının Elmi Şurasının
üzvü seçilmişdir.
Bütün
bunlar, əlbəttə, Azərbaycan təhsilinin
inkişafına stimul verən amillərdəndir. Təhsil
haqqında qanun və təhsilin inkişafı ilə əlaqədar
qəbul olunmuş digər aktlar müəllim və
pedaqoqların elmi-tədqiqat işinə marağını
daha da artırır və nəticədə pedaqoji işlə
elmi fəaliyyətin vəhdətinin yaradılmasına gətirib
çıxarır. Artıq neçə illərdir ki,
respublikamızda təlimdə elmi-tədqiqat fəaliyyətinin
metod kimi istifadəsi ideyası sistemli tədqiqat
yanaşması konsepsiyasına çevrilməyə
başlayır. Tədqiqat işi insanın elmi və peşəkar
fəaliyyətinin təzahür olunması formasına
çevrilir və bununla da elm və pedaqoji təcrübənin
əlaqəsini yaradır.
Hazırda
təhsilin inkişafında qabaqcıl rol pedaqoqun elmi-tədqiqat
işinə məxsusdur. Açıq informasiya məkanı
şəraitində elmin əhəmiyyəti artır, o, insan
həyatının bütün sahələrinə daxil olur,
uğurlara nail olmaqda zəruri əsasa çevrilir. Elmi-tədqiqat
fəaliyyəti ən nüfuzlu, sosial əhəmiyyətli və
iqtisadi baxımdan ən məqsədəuyğun fəaliyyət
sahələrindən biridir, çünki o, iqtisadiyyatın
inkişafını təmin edir, mədəniyyəti zənginləşdirir,
cəmiyyətin intellektual potensialına davamlılıq gətirir,
sosial tərəqqini müəyyənləşdirir. Elmi
biliyin pedaqoji təcrübədə istifadəsinin həddi isə
onun sosial əhəmiyyəti, praktiki effektivliyi və mənəvi
qiymətilə müəyyən edilir.
Elmi-tədqiqat
fəaliyyəti ilə məşğul olmaqla pedaqoqda - bilik və
tədqiqat işinin əldə edilməsinin pedaqoji nəzəriyyəsi
və üsulları haqqında biliklər sistemi olan
metodologiya, özünün və öz fəaliyyətinin dərk
olunmasına əsaslanan metodoloji mədəniyyət, metodoloji
savad, pedaqoji elm və təcrübə arasında əlaqəni
görmək, təcrübi işdə tədqiqat
metodlarının tətbiqini müəyyən etmək
bacarığı, ayrı-ayrı sahələrdə elmi
işin aparılması məntiqi formalaşır. Bu amillər
pedaqoqun yüksək peşəkarlıq səviyyəsini təmin
edir, onun fərdi yaradıcı şəxsiyyətini xarakterizə
edir. Pedaqoji əmək yaradıcı quruluşa malikdir.
Pedaqoqun peşəkarlıq məharətinin inkişafına təsir
edən faktorların müəyyən edilməsi problemi
üzrə mövqelər müəyyən bilik və
bacarıqlara yiyələnmək vasitəsilə fəal
yaradıcılıq fəaliyyətinin mövcudluğunda birləşir.
Pedaqoji yaradıcılıq kimi elmi-tədqiqat fəaliyyəti
də müasir pedaqoji fəaliyyətin mahiyyətini təşkil
edir. Elmi-tədqiqat fəaliyyəti pedaqoqun işində
peşəkar inkişafı və yaradıcılıq fəallığının
formalaşmasını təmin edən komponentdir.
Müasir
pedaqoqun şəxsiyyətinə pedaqoji problemləri nəzəri-metodoloji
baxımdan başa düşmək qabiliyyəti, yeni təlim,
tərbiyə, idarəetmə, informasiya
texnologiyalarının təhsil müəssisələrində
fəal tətbiqi, pedaqoji tədqiqat metodologiyası əsasında
tədqiqatçı funksiyasının yerinə yetirilməsi
və digər tələblər qoyulur.
Beləliklə,
elmi-tədqiqat fəaliyyəti peşəkar məharət və
yaradıcı fəaliyyətin prosesi və nəticəsi
kimi çıxış edir. Yeni təhsil sisteminin müasir
inkişaf səviyyəsində pedaqoqun elmi-tədqiqat fəaliyyəti
onun məharətinin inkişafı və
yaradıcılıq qabiliyyətlərinin üzə
çıxması üçün effektiv faktora
çevrilir.
Təhsil
prosesində elmin rolunun artması ona gətirir ki, pedaqoqun ənənəvi
funksiyaları ilə yanaşı, təhsilin müasirləşməsi
şəraitində yeni peşəkar funksiyalar da yaranır və
aktuallaşır. Beləliklə, təhsildə müəllimlərin
müasir pedaqoji fəaliyyəti ənənəvi funksiyaların
(təlim, tərbiyə, inkişaf, tədqiqatçılıq)
mürəkkəb kopmleksini təşkil edir.
Pedaqoji
fəaliyyətdə elmi-tədqiqat fəaliyyətinin rolu
haqqında danışarkən, qeyd etmək lazımdır ki,
bu, müəllim və tələbələrin fəaliyyətini
birləşdirir və istənilən təhsil ocağının
metodiki işinin əsasına çevrilir. Bu fəaliyyət
pedaqoji məharətin müxtəlif inkişaf səviyyələrində
təzahür olunur və ayrı-ayrı peşəkar hərəkətlərdə
reallaşır.
Elmi-tədqiqat
fəaliyyəti prosesində müəllimdə - pedaqoqda
inkişaf etmiş təfəkkür əsasında özünün
və həmkarının fəaliyyətini qiymətləndirmək,
başa düşmək və adekvat qavramaq bacarıqları
formalaşır. Elmi-tədqiqat funksiyanın uğurla həyata
keçirilməsi üçün vacib şərt öz
pedaqoji məharətini təkmilləşdirməyə və
inkişaf etdirməyə, metodoloji mədəniyyət və
savada yiyələnməyə təlabatın olmasıdır.
Təhsildə
elmi-tədqiqat işi təlimin mütləq elementidir və tədris
prosesinin təkmilləşdirilməsi işində əsas
müddəadır. Belə ki, pedaqoji kollektivdə
yaradıcı ab-hava yaratmaq məqsəd yox, müəllim əməyinin
məhsuldarlığını artırmaq üçün
vasitə olmalıdır.
Beləliklə,
bu nəticəyə gəlmək olar ki, müasir pedaqoji fəaliyyət
mütərəqqi sosial təcrübəyə əsaslanmalı
və onun gələcək inkişaf yollarını görməlidir.
Pedaqoqun rolu təkcə bilik, bacarıq və vərdişlər
öyrətməkdən ibarət deyil, o, həm də
yetişən nəslin inkişafını modelləşdirməli,
layihəsini qurmalıdır. Buna görə də pedaqoqun
elmi-tədqiqat işi ilə məşğul olması
aktualdır. Pedaqoqun öz inkişafına mükəmməl
yiyələnməsi, qabaqcıl təcrübəni öyrənməsi,
yenilik axtarması, elmi yaradıcı fəaliyyəti və
daim inkişafda olması vacib şərtlərdəndir.
Mahir ƏHMƏDOV,
Polis Akademiyası rəisinin
tədris və elmi işlər üzrə
müavini,
əməkdar müəllim, hüquq elmləri
doktoru, polis polkovniki,
Hikmət EYVAZOV,
Polis Akademiyasının daxili
işlər orqanlarının inzibati fəaliyyəti
kafedrasının dosenti, hüquq üzrə
fəlsəfə doktoru, polis mayoru
Xalq qəzeti.- 2011.- 15 yanvar.- S. 6.