Oğuz-Qəbələ-Bakı
su kəməri xalqımızın həyatında
mühüm hadisə kimi heç zaman unudulmayacaq
Yeni il ərəfəsində Oğuz-Qəbələ-Bakı
su kəmərinin istifadəyə verilməsi böyük
tarixi hadisəyə çevrildi. Bu münasibətlə
keçirilən mərasimdə Prezident İlham Əliyev
demişdir: "Biz bu gün müstəqil Azərbaycanda
şəhərimiz, ölkəmiz üçün çox
böyük əhəmiyyət kəsb edən bu layihəni həyata
keçirdik. Bu, böyük nailiyyətdir, böyük qələbədir.
Bu onu göstərir ki, Azərbaycan dövləti, müstəqil
Azərbaycan hər şeyə qadirdir. Biz ölkəmizi gücləndirmək,
ölkəmizdə iqtisadi islahatların uğurla
aparılması üçün bütün tədbirləri
görürük, insanların sağlamlığı, rifah
halının yaxşılaşdırılması
üçün əlimizdən gələni edirik".
Məlumdur
ki, Abşeron yarımadası su ehtiyatları az olan ərazidə
yerləşir. Buna görə də Bakı şəhəri
zaman-zaman içməli su problemi ilə
qarşılaşıb. Keçən əsrin əvvəllərində
paytaxtda içməli su ilə bağlı yaranmış
problem Şollar kəmərinin tikintisi ilə aradan
qaldırılıb. 1970-ci illərdə isə Bakının
içməli suya artan tələbatı ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə Kür və Ceyranbatan kəmərlərinin
tikilməsi sayəsində həll edilib. Lakin Bakı tədricən
böyüyən, sakinlərinin sayı artan bir şəhərdir.
Ona görə də onun içməli suya olan tələbatının
getdikcə artması da təbiidir. Odur ki, Oğuz-Qəbələ-Bakı
su kəmərinin istifadəyə verilməsinin paytaxtın həyatında
mühüm hadisəyə çevrilməsi təsadüfi
deyil.
Oğuz-Qəbələ bölgələrində
təmiz su mənbələrinin mövcud olduğu çoxdan
məlum idi. Bu suyun Bakıya gətirilməsi barədə hələ
bir neçə onillik bundan əvvəl məsələ
qaldırılmış, müzakirələr
aparılmış və təkliflər irəli
sürülmüşdü. Lakin uzun illər bu, arzu olaraq
qalmışdı. Çünki Azərbaycanın bu arzunu kənardan
kömək almadan, sərbəst şəkildə gerçəkləşdirilməsi
üçün maddi imkanı çatmamışdı.
2002-ci ilin dekabr ayında ulu öndər
Heydər Əliyev geniş müşavirə keçirərək
Bakı şəhərinə yüksək keyfiyyətli bulaq
suyunun gətirilməsinin vaxtının artıq
çatdığını bildirdi. Ümummilli lider bu məqsədlə
Oğuz-Qəbələ bölgələrinin yeraltı
sularından istifadə edilməsi ilə bağlı göstərişlər
verdi. Bu istiqamətdə işlər ölkə Prezidenti
İlham Əliyev tərəfindən müvəffəqiyyətlə
davam etdirildi və nəticədə bir çox mühüm
infrastruktur layihələri kimi Oğuz-Qəbələ-Bakı
kəməri də reallığa çevrildi.
Oğuz-Qəbələ-Bakı kəmərinin
Dünya Səhiyyə Təşkilatının bütün tələblərinə
uyğun olan suyu hətta yer üzünün bir çox iri
şəhərlərində əhaliyə verilən sudan daha
keyfiyyətlidir. Texniki tələblərə uyğun olaraq kəmər
yeni ilin fevral ayı ərzində tam layihə gücü ilə
işləməyə başlayacaq və şəhərə
saniyədə 15,2 kubmetr su veriləcək.
Kəmər istifadəyə verilənə
qədər Bakıda fasiləsiz su alan sakinlər şəhər
əhalisinin 40 faizini təşkil edirdi. İndi bu rəqəm
75 faizə çatacaq. Bundan əlavə, əvvəl əhalinin
60 faizi cədvəl üzrə su alırdısa, indi
onların sayı 25 faizə enəcək. Eyni zamanda cədvəllərin
müddəti ikiqat uzadılacaq.
Magistral su kəmərinin uzunluğu
262 kilometrdir. Boruların diametri 2 min millimetr, suburaxma qabiliyyəti
saniyədə 5 kubmetrdir. Kəmərdə su
özüaxınlı və təzyiqlidir.
Oğuz-Qəbələ-Bakı su kəmərinin
sonuncu nöqtəsi olan və dəniz səviyyəsindən
190 metr yüksəklikdə yaradılan Abşeron qurğular
kompleksi paytaxtın 17-ci kilometrliyində yerləşir. Burada
kəmərin idarə olunması üçün
bütün infrastruktur müasir səviyyədə qurulub. Kəmərlə
gələn suyun paytaxta qəbul edilməsi üçün
isə şəhərdə 250 kilometrdən çox su xətti,
15 nasos stansiyası, 70 min kubmetr tutumu olan yeni su anbarı
tikilib. Ümumi həcmi 100 min kubmetr olan mövcud su
anbarları yenidən qurulub, 310 kilometrdən çox
kanalizasiya xətti çəkilib və digər işlər
görülüb. Bu istiqamətdə tədbirlər indən
belə də davam etdiriləcək. Dövlətimizin
başçısı bu barədə belə demişdir:
"Bu, bir daha demək istəyirəm ki, böyük maliyyə
vəsaiti, böyük texniki peşəkarlıq tələb
edən layihədir. Biz indiyədək bu ölçüdə,
bu həcmdə su kəmərləri tikməmişik. Ancaq bu
gün biz bunu uğurla həyata keçirə
bilmişik".
Ölkəmiz bu layihəni xaricdən
heç bir kredit almadan, Azərbaycan Dövlət Neft Fondunun vəsaiti
hesabına həyata keçirib. Oğuz-Qəbələ-Bakı
kəmərinin tikintisinə vəsait neft hasilatından, Heydər
Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
istismarından əldə edilmiş gəlirlərdən
ayrılıb. Bütün bunlar müəllifi ümummilli
lider Heydər Əliyev olan yeni neft strategiyasının bəhrələridir.
Bunlar eyni zamanda bu gün neft siyasətinin düzgün
aparılması, neftdən gələn gəlirlərin
ölkədə qeyri-neft sektorunun inkişafına, yeni
infrastruktur layihələrin həyata keçirilməsinə,
insanların rifahına və rahatlığına yönəldilməsi
sayəsində mümkün olub.
Məlumdur ki, Dövlət Neft Fondunun
hesabına ölkənin inkişafı üçün
mühüm əhəmiyyət kəsb edən layihələr
həyata keçirilir. Oğuz-Qəbələ-Bakı su kəməri
də məhz belə layihələr sırasına
salınmışdır. Bu da əhalinin təmiz su ilə təmin
edilməsinin, nəticə etibarı ilə insanların
sağlamlığının dövlət üçün
necə vacib oduğunu bir daha təsdiqləyir.
Bu həqiqəti sübut edən bir
fakt da odur ki, Oğuz-Qəbələ-Bakı kəməri
heç bir kommersiya xarakteri daşımır. Bu,
bütövlükdə sosialyönümlü bir layihədir.
Onu da xatırladım ki, kəmər
"Ekologiya ili" olan 2010-cu ildə istifadəyə verildi.
Bu, ölkəmizdə ətraf mühitin, havanın və
suyun təmizliyinə yönəldilmiş ardıcıl və
məqsədyönlü tədbirlər sırasında önəmli
yer tutur. Ölkə Prezidentinin kəmərin istifadəyə
verilməsi mərasimində "Təmiz içməli su
insanın sağlamlığına verilən ən böyük
töhfədir. Təmiz su, təmiz hava - biz bütün
bunlara nail olmalıyıq" deməsi də bir daha sübut
edir ki, bu sahədə hələ çox yeni işlər
görüləcək.
Vaqif ASLANOV,
geologiya-mineralogiya
elmləri doktoru
Xalq qəzeti.- 2011.- 15 yanvar.- S. 5.