Azərbaycanda
müxtəlif dini baxışları olan insanlar vahid ailə
kimi yaşayırlar
Xarici dairələrin
dəstəyi ilə dini ekstremizm toxumu səpən radikal
dindarların bəd əməlləri iflasa məhkumdur
Azərbaycan müstəqillik
qazandıqdan sonra ölkədə yaranmış anarxiya, özbaşınalıq
və mənəm-mənəmlik tədricən aradan
qaldırıldı. 1993-cü ilin ortalarından başlayaraq
ölkəmiz hüquqi, demokratik dövlət quruculuğu
yoluna qədəm qoydu, ulu öndər Heydər Əliyevin
uzaqgörən siyasəti və müdrikliyi sayəsində
insanlar arasındakı ayrı-seçkilik aradan
götürüldü. Müdrik şəxsiyyət müstəqil
dövlətimizin başçısı kimi hər bir Azərbaycan
vətəndaşının din, vicdan
azadlığının etibarlı qarantına çevrildi.
1995-ci
ildə müstəqil Azərbaycanın dünya
standartlarına uyğun şəkildə ilk Konistitusiyası
hazırlandı və həmin il noyabrın 12-də
ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul
edildi. Konstitusiyanın qəbulu ilə Azərbaycanda hakimiyyət
bölgüsünün qanuni-hüquqi əsasları bəyan
olundu və bu işin həyata keçirilməsinə
başlanıldı. İnsanların hüquq və əsas
azadlıqlarının qorunmasının geniş təsbit
olunduğu Konstitusiyada dini etiqadla bağlı ayrıca maddə
də öz əksini tapıb. "Din və dövlət"
adlanan həmin maddədə yazılır: "Azərbaycan
Respublikasında din dövlətdən ayrıdır.
Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.
İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik
prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği
qadağandır".
Azərbaycanda davamlı ictimai-siyasi
sabitliyin yaradılması, ölkəmizin Avropaya və
dünya birliyinə sürətli inteqrasiyası bəzi daxili
və xarici ekstremist dairələrin
qısqanclığına səbəb olmuşdur. Belə bəd
niyyətli insanlar Azərbaycanda çaxnaşma yaratmaq,
hakimiyyətin qazandığı uğurlara kölgə salmaq
məqsədilə müxtəlif qanuna zidd hərəkətlərə
əl atırlar. Son vaxtlar həmin dairələr yerli radikal
dindarları dini sabitliyi pozmağa təhrik edir və bu
işdə rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan
İslam Partiaysının sədri Mövsüm Səmədovdan
vasitə kimi istifadə edirlər. Vətəndaş həmrəyliyinə
xələl gətirmək, iğtişaşlar törətmək,
insanları cihada təhrik etmək tapşırığı
alan qeyri-legitim İslam Partiyasının sədri M.Səmədov
və onun Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət
Səmədov, habelə bu partiyanın bir neçə
üzvü, din pərdəsi altında hakimiyyətə,
dövlətçiliyə qarşı fitnə-fəsada
keçmiş, hətta silah-sursat da toplamışlar.
Radikal dindarların xalqa hakimiyyət əleyhinə
çağırışlar etməsi, ölkəni dinlərarası
zidiyyətlər meydanına çevirmək istəkləri,
müstəqil dövlətimizi sivil, demokratik inkişaf
yolundan döndərmək cəhdləri Qafqaz Müsəlmanları
İdarəsinin də ciddi narazılığına və
narahatlığına səbəb olub. Hətta ali dini qurum bu
barədə 2011-ci il yanvarın 8-də bəyanat da
yaymışdır. Bəyanatda Azərbaycan İslam
Partiyasının sədri Mövsüm Səmədov və
onun ətrafındakı radikal dindarların xəyanətkar əməlləri
kəskin pislənilir: "Hesab edirik ki, bu, xalqımıza və
dövlətçiliyimizə qarşı yönəlmiş
təxribatdır və bunda məqsəd milli birliyimizi
sarsıtmaq, sabitiliyimizə xələl gətirmək, cəmiyyət
daxilində qarşıdurma yaratmaqdır. Bu, olduqca təhlükəli
təzahürdür və biz çox təəssüf edirik
ki, bu hal İslam adından sui-istifadə edən üzdəniraq
təəssübkeşlər tərəfindən məqsədli
şəkildə yaradılır".
Təəssüf edirik ki,
adını islamçı, ibadət əhli, din xadimi qoyan
Mövsüm Səmədov və onun ətrafı ali dini qurum
olan Qafqaz Müsəlmanları İdarəsinin tövsiyə
xarakterli bəyanatından ciddi nəticə
çıxarmamış və dinə zidd əməllərini
davam etdirmişlər. Radikal dindarların ictimai təhlükəsizliyi
pozmaq cəhdləri açıq xarakter aldığından
onların qarşısı qanun çərçivəsində
alınmışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla
Mübarizə İdarəsi tərəfindən keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində
Mövsüm Səmədovun birgə iğtişaşlar
törətməyə hazırlaşdığı Quba
rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədovun
evinə və işlədiyi elektrik malları
mağazasına baxış zamanı oradakı seyfin
altından 3 əl qumbarası, yaşadığı evdə
isə 7 avtomat patronu, içərisində dini radikalizmi təbliğ
edən məlumatların olduğu elektron
daşıyıcıları aşkarlanıb
götürülmüşdür. Əsas silah-sursat isə
D.Səmədovun və onun qaynı Firdovsi Məmmədrzayevin
Quba şəhərində yaşadıqları mənzildə
gizlədilibmiş.
Yanvarın 11-də həmin mənzillərdə
axtarış aparılarkən aşkarlanan silah-sursat
adlarını din xadimləri qoyan islamçıların daha
çox silah baronları olmalarını
xatırladırdı. Fikir verin, görün islamçıların
evində nə qədər silah-sursat var imiş: 2 ədəd
"Kalaşnikov" avtomatı, 60 ədəd avtomat patronu,
20 ədəd "F-1" əl qumbarası və onlar
üçün alışdırıcılar, avtomat silah
üçün 4 ədəd daraq. Firdovsi Məmmədrzayevin
evindən və həyətindəki istixanadan isə 10 ədəd
"F-1" əl qumbarası və onlar üçün
alışdırıcılar, 40 ədəd avtomat patronu və
avtomat silah üçün 1 ədəd daraq aşkar edilib
götürülmüşdür. Bu qədər silah-sursat
saxlayan islamçıların milli-mənəvi dəyərlərdən,
adət-ənənələrdən, islam qayda-qanunlarından
danışmağa mənəvi haqları
çatırmı?
Dini tolerantlığın yüksək
səviyyədə olduğu Azərbaycanda müxtəlif dini
baxışları olan insanların vahid bir ailə kimi
sülh və əmin-amanlıq içərisində
yaşamaları göz önündədir. Onu da qeyd edək
ki, son illər Azərbaycan dinlərarası və
sivilizasiyalararası dialoqun mərkəzinə
çevrilmiş, hətta Bakıda dünya dini liderlərinin
sammiti keçirilmişdir. Görünür ölkəmzin
dinlərarası dialoqda da beynəlxalq aləmdə
böyük nüfuz qazanması bir sıra bədxahları və
xəyanətkarları daha da qıcıqlandırıb. Onlar
da aranı qarışdırmaq və ölkəmizin beynəlxalq
adəmdəki nüfuzuna xələl gətirmək
üçün yerli radikal dindarlardan bir alət kimi istifadə
etməyə çalışmış, bu işdə vasitə
kimi qeyri-legitim fəaliyyət göstərən Azərbaycan
İslam Partiyasını və onun sədri Mövsüm Səmədovu
seçmişlər.
Adını islamçı qoyan M.Səmədov
və onun ətrafı unutmamalıdırlar ki, islamın
müqəddəs dəyərlərini uca tutan şəxs
heç bir zaman böhtan, iftira, təfriqə, təhqir kimi
günahlara və zorakılığa,
çağırışa yol verməz.
Radikal dindarlar Pakistanda, Əfqanıstanda
və digər müsəlman ölkələrində bəlkə
də çaxnaşma sala, bu ölkələri dinlərarası
ziddiyyətlər meydanına çevirə bilərlər.
Ancaq bunu Azərbaycanda etmək qeyri-mümkündür.
Çünki bizim ölkəmizdə xalq öz Prezidentinə
inanır, güvənir və onun ətrafında sıx birləşib.
Dövlət başçımızın uğurlu daxili və
xarici siyasəti sayəsində əhalinin həyat tərzi
getdikcə daha da yaxşılaşır. Azərbaycanda vicdan
və dini etiqad azadlığı tam təmin olunub.
Azərbaycan hüquqi, sivil, demokratik
inkişaf yolu ilə sürətlə irəliləyən,
beynəlxalq aləmdə getdikcə nüfuzu artan, əlaqələri
genişlənən müstəqil bir dövlətdir. Ona
görə də hansısa dini qrupların xarici
havadarlarının çirkli pullarının hesabına
sabitliyi pozmaq, əhali arasında çaxnaşma yaratmaq cəhdləri
iflasa məhkumdur.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 15 yanvar.- S. 5.