Radikal dindarların onların xarici havadarlarının əsas məqsədi ölkədə sabitliyi pozmaqdır

 

Azərbaycan Prezidenti ilə xalqın sıx həmrəyliyi belə bəd niyyətlərin həyata keçirilməsinə heç vaxt imkan verməyəcək

 

Dünya təcrübəsi göstərir ki, inkişafı şərtləndirən əsas amillərdən biri də ölkədə sabitliyin bərqərar olmasıdır. Bu arqumenti əsaslandırmaq üçün heç də uzağa getmək lazım deyil. 1990-cı illərin əvvəllərində ölkəmizdə gedən proseslər buna ən yaxşı nümunədir. Hər halda yaxşı xatırlayırıq. Azərbaycan həmin illərdə elə bir vəziyyətə düşmüşdü ki, hətta ölkədə ərzaq qıtlığı və aclıq təhlükəsi də var idi. Mağazaların qabağında yaranmış uzun növbələri də unutmamış deyilik. Yaranmış vəziyyətin əsas səbəbi isə naşı iqtidarın səriştəsizliyi ucbatından ölkədə idarəçilik sisteminin bütövlüklə iflasa uğraması və bu səbəbdən sabitliyin bərpa edilə bilməməsi idi. Təsadüfi deyil ki, xalqın təkidli xahişi ilə 1993-cü ilin iyun ayının 15-də yenidən siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyev öncə Azərbaycanda vətəndaş həmrəyliyini təmin etməklə sabitliyə nail olmağa çalışırdı. Xalqımız bu yolda əbədi liderə böyük dəstək verdi. Ölkədə vətəndaş həmrəyliyi, sabitlik təmin olundu və bundan sonra inkişaf strategiyası planlı şəkildə həyata keçirilməyə başlanıldı. Nəticədə Azərbaycan bütün sahələr üzrə Cənubi Qafqazın lider dövlətinə çevrildi.

 

Həmin vaxtdan başlayaraq Azərbaycanda din ilə dövlət arasında da münasibətlər çox sağlam zəmində quruldu. Dövlətçilik tarixi böyük olan ölkələrdə bu münasibətlər əvvəlki əsrlərdə, əvvəlki dövrlərdə artıq təşkil olunmuşdur. Azərbaycanda isə din ilə dövlət arasındakı münasibətlərin tənzimlənməsi ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başlandı. Azərbaycanda əsrlər boyu yaşamış və hazırda bir ailə kimi yaşayan müxtəlif millətlərin nümayəndələrinin həmrəyliyi və birliyi özünü indi də büruzə verir. Bu gün ölkəmizdə din ilə dövlət arasında yaranan münasibətlər uğurla inkişaf edir. Bu münasibətlərin daha da möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi fəaliyyəti dünyanın dini liderləri tərəfindən də yüksək qiymətləndirilir. Məhz bu siyasətin uğurlarıdır ki, hazırda Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bu, bir faktdır ki, bir sıra ölkələrdə dini zəmində qarşıdurmalar, toqquşmalar bəzi hallarda isə müharibələr baş verir. Azərbaycanda isə belə hal baş verməyib. Ölkəmizdəki dinlərin nümayəndələri sərbəst fəaliyyət göstərir, mehribanlıq şəraitində yaşayırlar. Bu da ondan irəli gəlir ki, Azərbaycanda dini münasibətlər yüksək səviyyədə təşkil olunmuşdur.

Azərbaycan xalqı təşəkkül tapdığı dövrdən öz milli dəyərlərinə sadiq olan xalqdır. Biz öz milli-mənəvi dəyərlərimizi hər şeydən uca tutmuşuq. Məhz bu dəyərlər Azərbaycan xalqının formalaşmasında həlledici rol oynayıb. Əsrlər boyu öz mənliyimizi, milli mənsubiyyətimizi, dinimizi, dilimizi və adət-ənənələrimizi qoruya bildik. Müstəqillik əldə etdikdən sonra bu amillər ölkəmizin inkişafı üçün mühüm rol oynadı. Öz dinimizə hörmətlə yanaşmamız, digər dinlərin nümayəndələrinin də Azərbaycanda sərbəst fəaliyyətinə zəmin yaratdı.

Son illər Azərbaycanda bütün dinlərə məxsus olan abidələrdə əsaslı təmir-bərpa işləri aparılmışdır. Yüzlərlə yeni məscid tikilib dindarların istifadəsinə verilmişdir. Bununla yanaşı, digər dinlərin məbədləri də yenidən qurulmuşdur. Bu, onu göstərir ki, Azərbaycanda bu sahədə heç bir ayrıseçkiliyə yol verilmir. Öz millətini, dinini sevən hər bir kəs başqa millətin dininə və dini abidələrinə də hörmətlə yanaşmalıdır. Təsadüfi deyildir ki, artıq Azərbaycan dünya miqyasında dinlərarası dioloqun inkişafında və təşkilində böyük rol oynayır. Ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Bu istiqamətdə mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi də faktı təsdiqləyir. Belə tədbirlərdən biri 2010-cu ilin aprelində Bakıda keçirilmiş dini liderlərin ümumdünya sammiti oldu. Tədbirdə dünyanın 33 ölkəsindən 200-dən çox yüksəksəviyyəli din xadimi iştirak etmişdir. Sammitin ölkəmizdə keçirilməsi Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasından və ölkəmizin dinlərarası dioloqun mərkəzinə çevrilməsindən xəbər verirdi. Sammitdə qeyd olundu ki, Azərbaycan daim dinlərarası dialoqun inkişafına öz töhfəsini verib. Bu, bir daha təsdiqlədi ki, Azərbaycanda əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri qardaşlıq şəraitində yaşayır. Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması da bunun bariz nümunəsidir.

Azərbaycanda tolernatlığın hökm sürdüyünü və dövlətlə din arasında münasibətlərin nümunəvi xarakter daşıdığını ölkəmizdəki müxtəlif dinlərin nümayəndələri də yüksək qiymətləndirirlər. Məsələn, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr Azərbaycanda dövlətlə din arasında münasibətlərin nümunəvi xarakter daşıdığını xüsusi vurğulayır. O, dinlərarası dialoqun Bakıda yüksək səviyyədə təşkilinə, hərtərəfli dəstəyinə və dinlərarası dialoqun daha da möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Prezident İlham Əliyevə Rus Pravoslav Kilsəsinin "Müqəddəs Apostol Varfolomey" qızıl medalını təqdim etmişdir. O, bundan sonra da dinlərarası dialoqun davam etdiriləcəyinə əminliyini ifadə etmişdir. Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov azərbaycanlılarla yəhudilər arasında tarixən dostluq münasibətlərinin olduğunu bildirmişdir. O, respublikamızda bütün millətlərin mehriban ailə kimi yaşadığını, heç bir zaman antisemitizmlə qarşılaşmadıqlarını qeyd etmişdir. Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete diqqətə çatdırmışdır ki, Roma Papası Bakıda keçirilən dünya dini liderlərinin sammitini yüksək qiymətləndirmiş, bunun gələcəkdə dinlərarası dialoqa və əməkdaşlığa böyük töhfə verəcəyini, həmçinin ölkələr arasında dini münasibətləri möhkəmləndirəcəyini bildirmişdir. O, ölkəmizdə tolerantlığın hökm sürməsi ilə bağlı ulu öndər Heydər Əliyevin siyasətinin indi də uğurla davam etdirildiyini bildirmiş və bu istqamətdə Prezident İlham Əliyevin apardığı siyasəti yüksək qiymətləndirmişdir. Son illər ölkəmizdə aparılan uğurlu siyasət nəticəsində milli mənəviyyatımız daha da formalaşmış və İslamın tərəqqisinə nail olmuşuq. Dünyanın dini liderlərinin Bakıya toplaşması və Azərbaycan Prezidenti İlham Əliyevin müsəlman məscid və ziyarətgahları ilə yanaşı, xristian və yəhudi ibadət yerlərini təmir və inşası barədə sərəncamlar imzalaması hər bir azərbaycanlı və dindar üçün qürur mənbəyinə çevrilmişdir. Bu gün mədəni irsimizin qorunmasında, milli-mənəvi dəyərlərin inkişafında dinlərarası sivilizasiyaların təşkilində böyük rolu olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əməyi də yüksək qiymətləndirilir. Xalq belə nəcib amalları ürəkdən bəyənir. Təbii ki, Azərbaycanda vicdan və dini etiqad azadlığının tam təmin olunması, dinlərarası münasibətlərin möhkəmləndirilməsi istiqamətində dövlət başçımızın apardığı uğurlu siyasət beynəlxalq aləmdə də yüksək qiymətə layiq görülüb. Ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq və Azərbaycanı dinlərarası ziddiyətlər meydanına çevirmək istəyən qüvvələr bu uğurlardan bərk sarsılmış və onlar sabitliyi pozmaq üçün yerli radikal dindarlar arasında "alət ovuna" çıxmışlar. Xarici xəfiyyə orqanlarının və Azərbaycanda təxribatlar törətmək istəyən xəyanətkarların çirkli pulları hələ də rəsmi dövlət qeydiyyatında olmayan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov və onun əlaltılarının gözlərini qamaşdırmışdır. Xarici himayədarları tərəfindən təlimatlandırılmış radikal dindarların əsas məqsədi Azərbaycanı sivil, demokratik inkişaf yolundan döndərmək, şəriət qanunlarını tədbiq etməklə bəzi ölkələr kimi, Azərbaycanda da dindar, teokratik cəmiyyət qurmaq, müstəqil dövlətimizi qeyri-stabillik nümunəsinə çevirməkdir. Belə "dindarlar" ibadət əhlindən çox məxfi agentlərə bənzəyirlər. Bunu onların əməlləri də təsdiqləyir. Çünki həmin dindarlar insanları heç bir əsası olmadan cihada çağırır, zorakılıq və qarşıdurma çağrışları etməklə bərabər, öz çirkin niyyətlərini həyata keçirmək üçün həm də silahlanma yoluna əl atıblar. Mövsüm Səmədovun rəhbərlik etdiyi radikal dindarlar ekstremizm fəaliyyətindən əl çəkmir, ölkəmizdəki nailiyyətlərə kölgə salmaqla açıq radikal çıxışlar edir, özlərinə tərəfdar toplayır, sıravi vətəndaşlardan sui-istifadə edərək onları dövlətə qarşı yönəltmək istəyirlər. Radikal islamçılar, guya, dini təbliğ edir, mömin pərdəsi altında hələ dünyagörüşü tam formalaşmamış gəncləri aldadaraq dövlətçiliyə qarşı çıxmağa cəhd göstərirlər. Hətta bu cinayətkar niyyətlərini həyata keçirmək üçün müəyyən qədər silah-sursat da toplamışdılar. Bütün bunların qarşısı hüquq-mühafizə orqanları tərəfindən vaxtında alındı. Xəbər verildiyi kimi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədovun və onun qaynı Firdovsi Məmmədrzayevin yaşadıqları ünvanda axtarış aparılarkən çoxlu sayda silah-sursat aşkarlanmışdır. Məlum olmuşdur ki, İslam Partiyasının üzvlərinin bu silah-sursatı toplamaqda məqsədi iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq və cinayətkar əməllərini həyata keçirmək olub. Ölkəmiz müharibə şəraitində yaşadığı bir vaxtda Mövsüm Səmədovun qohumlarının yaşadıqları mənzillərdən 2 ədəd "Kalaşnikov" avtomatı, 60 ədəd avtomat patronu, 20 ədəd "F-1" əl qumbarası və onlar üçün alışdırıcılar, avtomat silah üçün 4 ədəd daraq tapılmışdır. Firdovsi Məmmədrzayevin evindən və həyətindəki istixanadan isə 10 ədəd "F-1" əl qumbarası və onlar üçün alışdırıcılar, 40 ədəd avtomat patronu və avtomat silah üçün 1 ədəd daraq aşkar edilməsi xəyanətkarlıq deyilmi? Xalqını, millətini və Vətənini sevən bir insanın bu qədər silahı gizlətməsi mümkündürmü? Əsla yox! Belə hərəkətlər yalnız xəyanətkarlara, millətini sevməyənlərə, cinayətkar ünsürlərə xas olan xüsusiyyətdir. Təəssüf edirik ki, bu xüsusiyyət adını din xadimi, islamçı və ibadət əhli qoyanlarda aşkarlanmışdır. Onlar xarici himayədarlarının tapşırıqlarını yerinə yetirmək üçün bu qədər silah-sursat toplamışdılar. Nə yaxşı ki, radikal dindarların bəd niyyətlərinin üstü vaxtında aşkarlandı. XXI qloballaşma əsrində, elm və texnikanın inkişaf etdiyi bir dövrdə Azərbaycan İsam Partiyasının sədri Mövsüm Səmədov və onun əlaltılarının xarici qüvvələrin əlində alətə çevrilmələri təəssüf doğurur. Belələri din amilindən istifadə edən qüvvələrin yağlı vədlərinə və çirkli pullarına aldanaraq ölkəmizi dini cəhalətə sürükləməyə cəhd göstərirdilər. Azərbaycan hüquq-mühafizə orqanları sayıqlıq nümayiş etdirərək radikal dindarların və onların xarici havadarlarının cinayətkar əməllərini ifşa etmiş və müvafiq tədbirlər həyata keçirmişlər.

Qeyd edək ki, ötən illərdə Azərbaycan İslam Partiyasının rəhbərliyi və bəzi funksionerləri Vətənə xəyanətdə günahlandırılmış və cinayət məsuliyyətinə cəlb olunmuşlar. O zaman islamçılar Vətənə xəyanətdə günahlarını səmimi etiraf etdilər. Azərbaycan Prezidenti ötən illərdə Novruz bayramı ərəfəsində yüksək humanistlik nümayiş etdirərək İslam Partiyasının sədrini əfv etdi. Bu gün Mövsüm Səmədov və onun ətrafı bu humanizmin qarşısında yenə də bəd əməllərini davam etdirmiş, sabitliyi pozmağa, əhali arasında çaxnaşma yaratmağa cəhd göstərmişlər. Onlar unutmamalıdırlar ki, din adından istifadə edib öz bəd niyyətlərini həyata keçirə bilməyəcəklər. Çünki Azərbaycanda Prezidentlə xalq arasında sıx birlik və vəhdət var. Xalq müstəqil Azərbaycan dövlətini və onun Prezidentini dəstəkləyir və ölkəmizin hüquqi, demokratik inkişaf yolu ilə sürətlə irəliləməsinə öz töhfəsini verir.

 

 

Əliqismət BƏDƏLOV,

 

Rauf ƏLİYEV

 

Xalq qəzeti.- 2011.- 16 yanvar.- S. 4.