"Bu il seminariyaya dövlət hesabına qəbul olmayacaq"

 

Qori seminariyasının arxivi niyə yandı?

 

1978-ci ilin oktyabrında ikigünlük Qori səfərimi başa vurub Gürcüstan Maarif Muzeyində axtarışları davam etdirdim. Üzümə qapını açan direktor Anna Mixaylovna Samadaşvili salamımı almazdan əvvəl sevincək:

 

-Şəmistan, - dedi, - səni təbrik edirəm, ötən ildən bəri axtardığın 1219 saylı qovluğu tapmışam (Bu qovluğun nömrəsini mənə 1976-cı ildə Gürcüstanın əməkdar müəllimi Məhyəddin Sultanov vermişdi).

Mən təşəkkür edərək qovluğu alıb oxu zalına keçdim. Qovluqda 1915-1916-cı illərdə seminariyanın sinif jurnallarında ibtidai məktəbə imtahan qəbul komissiyasının sənədləri saxlanılırdı. Burada Vəkilovlar nəslindən on altı nəfər haqqında Qazax qəza rəisinin verdiyi müxtəlif arayışlar, ərizələr vardı.

Sənədlərdən dördü Salahlı kənd sakini Səməd ağa Yusif ağa oğlu Vəkilova məxsus idi. Əlli ikinci səhifədəki ərizədə Yusif ağa oğlu Səməd ağa Vəkilovun seminariyanın Azərbaycan şöbəsi nəzdindəki ibtidai məktəbə qəbul olunmasını xahiş edirdi.

Ərizənin üstündə seminariya direktoru Fyodor Antonoviç Smirnovun dərkənarı vardı. Direktor qəza rəisindən xahiş edirdi ki, şəhadətnamələri və sənədləri Salahlı kənd sakini Səməd ağa Vəkilovun valideynlərinə təqdim edib bildirin ki, oğlunun yaşı çatmadığına görə 1915-ci ildə seminariyanın ibtidai məktəbinə qəbul olunmayacaq. Yusif ağa Vəkilovun ərizəsinin altında ərəb əlifbası ilə imzası və mötərizədə rus dilində "Yusif ağa Vəkilov" da yazılmışdı. Bir az aşağıda isə oxuyuruq: "Sın Samed aqa Vekilov rodilsya 10-qo fevralya 1906 qoda".

Həmin qovluğun qırx ikinci səhifəsində (1236 saylı işdə) Yusif ağa 1916-cı ildə ikinci dəfə oğlu Səməd ağa Vəkilovu ibtidai məktəbə dövlət hesabına qəbul etməyi direktordan xahiş edir və ərizəsində bildirir: "kasıbam, oğlumu oxutmaq üçün heç bir maddi vəsaitim yoxdur. Zati-alinizdən acizanə xahişim budur ki, Sizə tapşırılan müəllim seminariyasının Tatar (Azərbaycan - Ş.N.) şöbəsi nəzdində ibtidai məktəbin hazırlıq kursunda oğlum Səməd ağanın püşkatma yolu ilə dövlət hesabına oxuması üçün səsə buraxılmasına icazə verib kömək edəsiniz.

Bir daha ərz edim ki, keçən il, yəni 1915-ci il tarixdə bu məsələ ilə əlaqədar sizə ərizə ilə müraciət etmişdim. Lakin 1915-ci ildə səsə qoymaq qaydası olmadığından zati-aliniz xahişimi rədd etmişdi. Oğlumun aşağıdakı sənədlərini də təqdim edirəm: doğum haqqında 2306 saylı yaş kağızı, 137 saylı çiçək peyvəndi haqqında həkim arayışı və ictimai mənşəyi haqqında 44 saylı şəhadətnamə. Yusif ağa Vəkilov, 27 may 1916-cı il.

Oğlum Səməd ağa Vəkilov 1906-cı il, fevralın 10-da anadan olmuşdur".

Çox təəssüf ki, bu dəfə də ata Yusif ağa Vəkilov arzusuna çata bilməmiş, balaca Səmədin isə bəxti gətirməmişdir. Yusif ağanın birinci ərizəsinə "yaşı çatmır, bu il seminariyaya dövlət hesabına qəbul olmayacaq" dərkənarı qoyan direktor Fyodor Simirnov ikinci ərizənin üstündə yazıb: "Vekilov Samed aqa - sunnit, 10 let, sela Salaxlı Elizavetpolskaya quberniya. Otkazat - pererosşiy".

Onu da xatırladaq ki, Zaqafqaziya Maarif Sərdarlığının 1875-ci ildə Maarif Nazirliyi tərəfindən təsdiqlənmiş Əsasnaməsində qəbul şərtlərindən biri uşaqların yaş fərqləri idi. "Zaqafqaziya maarif Seminariyası yanındakı ibtidai məktəbə uşaqlar 10 yaşından, aşağı hazırlıq sinfinə 14 yaşından, birinci sinfə 16 yaşından (oğlan uşaqları) qəbul olunurlar".

Şübhəsiz ki, qəbula gələn uşağın çox olmasına görə Yusif ağa Vəkilovun hər iki xahişinə əməl etməyən direktor bir bəhanə tapmışdır. 1915-ci ildə ərizəyə doqquz yaşlı Səməd Vəkilovun "yaşı çatmır", 1916-cı il də isə "yaşı ötmüşdür" dərkənarı qoyan direktor onu qəbul etməmişdir. Yuxarıda qeyd etdik ki, yalnız 1915-1916-cı tədris ilində on altı nəfər Vəkilov soyadlı gənc qəbul üçün ərizə vermişdir. Görünür, bir qəzadan və eyni soyaddan qəbula gələn uşaqların çoxluğu da Səmədağa Vəkilovun işinə əngəl törətmişdir. Sənədlərdən məlum olur ki, həmin illərdə Qori Seminariyasının Azərbaycan şöbəsində oxumaq istəyənlərin axını çox güclü olmuşdur. Bunu 1914-cü il üçün qardaşını qəbula aparmaq istəyən Məmmədəli Sidqiyə Firidun bəy Köçərlinin 1913-cü il 14 noyabr tarixli cavab məktubunda əyani görürük. Firidun bəy məktubunun bir yerində Məmmədəli Sidqiyə yazır: "Bu axır vaxtlarda imtahana gələnlərin həddi-hesabı yoxdur. Bir vakansiyanın - boş yerin üstündə yeddi-səkkiz nəfər cəngi-cidal edir".

Firidun bəy Köçərli bu vacib qəbul məsələsinə toxunaraq hələ 1906-cı ildə "İrşad" qəzetində dərc etdirdiyi "Bir darülmüəllimin kifayətdirmi" məqaləsində milli vətəndaş yanğısı ilə qəzəblə yazırdı: "Qafqazın uzaq guşələrindən elm və təhsil dalınca Qoriyə gəlmiş uşaqların beşi qəbul olunur, qırx beşi isə ürəyi qəmli, gözü nəmli geri qayıdırlar. Qəribə haldır ki, elm və bilik axtaranlar elm və bilikdən məhrum və məyus olurlar. Bu isə böyük zülm və ədalətsizlikdir. Bu ona bənzəyir ki, aclara yemək və susuzlara su verməyib məhrum edəsən, cism və bədənə xörək və təam lazım olan kimi, ruhun da qidaya ehtiyacı var. O qida da elm, mərifət və ədəbdən ibarətdir. Beş yerə əlli adamın ərizə verməyi buna şəhadət verir ki, bir darülmüəllim bu halda bizə kifayət etməyir. Ona görə lazımdır ki, hər tövr olsa özgə bir darülmüəllimin də açılmasına çalışıb səy edək və nə qədər bu işə tezcə iqdam etsək, bir o qədər bizim üçün xeyir və səlahdır. Hal-hazırda hər şeydən artıq ehtiyacımız müəllimlərədir".

XIX əsrin səksəninci illərində seminariyanın Azərbaycan şöbəsinin müfəttişi Aleksey Osipoviç Çernyayevski ildə 3500 verst yol qət edib oxutmaq üçün qəzalardan on beş-iyirmi müsəlman balasını zorla toplayırdı. XX əsrin əvvəllərində isə maarifə, təhsilə axın gur sel kimi Azərbaycana yayıldı. Hətta Şimali Qafqazın ayrı-ayrı bölgələrində belə - Acarıstan, Abxaziya, Balkariya və Dağıstanda seminariyanı bitirən azərbaycanlı müəllimlər dərs deyirdilər. Heç şübhəsiz ki, bu Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundov, Soltan Məcid Qənizadə, Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov kimi fədakar maarif xadimlərinin qoyduqları təməl daşının, verdikləri təkanın müsbət təsiri idi.

Diqqətli oxucu əgər fikir verdisə, hər iki ərizədə gələcəyin dahi şairi Səməd Vurğunun atası Yusif ağa oğlunun təvəllüdünü olduğu kimi, 1906-cı il, doğum gününün isə fevralın 10-da olduğunu yazır. Bu faktları 1978-ci ilin oktyabr ayında aşkar etmişdim. O vaxtdan da şəxsi arxivimdə qalır. Səməd Vurğunun anadan olmasının 80, 90 və 100 illiki yubiley günlərində bu barədə söhbət açmaq istədim. Amma keçmiş seminaristlər və vurğunsevənlərin əksəriyyəti bu faktı sovet dövründə üzə çıxartmağı məsləhət bilmədilər. Bəziləri deyirdilər ki, artıq martın 21 Səməd Vurğunun doğum günü kimi dövlət tərəfindən rəsmiləşdirilib. Bu fakt yuxarı təşkilatlarda, xüsusilə MK-da söz-söhbətə səbəb ola bilər. Yuxarıda oturanlar belə başa düşərlər ki, doğum günü fevralın 10-u olduğu halda, Səməd Vurğun nə üçün onu gizlədib, martın 21-i yazıb.

Tarixdə heç nə izsiz, soraqsız qalmır. Hardasa istər yazılı, istərsə də yaddaşlarda əbədiləşən şəxsiyyətlərin bioqrafiyası yaşayır, nəsildən-nəslə keçir. Bu mənada hər şey öz adı ilə çağrılmalı, Səməd Vurğun kimi şairin, şəxsiyyətin bioqrafiyasındakı bütün faktlar dəqiq olmalıdır. Fədakar tədqiqatçı, filologiya elmləri doktoru, mərhum professor Nazim Axundov 1948-ci ildə Səməd Vurğunla görüşmüş və həmin ili ilk dəfə şairin biblioqrafiyasını tərtib etmişdir. Sonralar - 1976-cı ildə "Şuşa" qəzetinin 28, 30 sentyabr və 2, 5 oktyabr saylarında "Səməd Vurğunla görüşlər" adlı silsilə xatirələrini dərc etdirmişdir.

Xatirələrin birincisində "Səməd Vurğun hansı gündə anadan olmuşdur" yazısında Nazim Axundov bildirir: "Mir Cəlal Səməd Vurğunun biblioqrafiyasının əlyazmasını görüb sevindi və zarafatyana sual verdi ki, Səməd Vurğun haqqında ilk sanballı məqaləni kim yazmışdır? Mən cavab verdim ki, əlbəttə, siz! 1932-ci ildə yazdığınız "Özünü yenidənqurma yollarında" adlı məqalə, məncə, Səməd Vurğun haqqında ilk yaxşı məqalələrdən biridir. Mənim sözlərim müəllimim Mir Cəlalı, görünür, həvəsə gətirdi. O, ayağa durdu, qolumdan tutub məni qonşu otaqda əyləşən, Nizami adına Ədəbiyyat İnstitutunun o zamankı direktoru mərhum Məmməd Arif Dadaşzadənin otağına apardı. Biblioqrafiya haqqında Məmməd Arifə ürəkdolusu danışdı. Məmməd Arif isə öz növbəsində biblioqrafiyanı vərəqləyib yarıciddi, yarı zarafat dedi:

-Mir Cəlal, bir halda ki, əsər xoşuna gəlib, götür, redaktə elə, qoy çap olunsun.

Belə də oldu. Lakin əsərin əvvəlində Səməd Vurğunun həyat və yaradıcılığının əsas tarixlərini yazarkən maraqlı müəmma meydana gəlmişdi. Burada Səməd Vurğunun anadan olduğu gün, ay və il göstərilməli idi. Kitablarda olduğu kimi, "Səməd Vurğun 1906-cı ildə baharın əvvəllərində... doğulmuşdur" yazmaq qeyri-dəqiq idi. Bu məqsədlə Mir Cəlala müraciət etdikdə, o, Səməd Vurğunun özü ilə bu mövzuda danışmağı məsləhət bildi.

Mən Yazıçılar İttifaqına getdim. Onun yanında xeyli adam olduğundan oturub gözləyirdim. Mənim çox gözlədiyimi görən katibə içəri girib bir aspirantın onu görmək istədiyini bildirən kimi Səməd Vurğun gözləmə otağına çıxdı. Əl verib görüşdük: divanda yanaşı oturub nə üçün gəldiyimi soruşdu. Mən biblioqrafiyanı ona göstərdikdə sevindi, əlini bığlarına çəkdi və bir növ təəccüblə soruşdu:

-Yəni bunların hamısını mən yazmışam?

-Bəli, Səməd müəllim, ola bilsin ki, hələ mənim nəzərimdən qaçan əsərlər də vardır, - dedim.

-Axı, mən çap edilən əsərlərimin hamısını toplamamışam, sənə bu işdə necə kömək edə bilərəm?!

-Səməd müəllim, mən başqa məqsədlə sizin yanınıza gəlmişəm. Gərək məni bağışlayasınız, sizin anadan olduğunuz günü heç bir kitabdan tapa bilmədim, çox yerdə yazırlar ki, baharın ilk günlərində anadan olmuşsunuz.

-Oğul, doğrusu, mən özüm də hansı gündə doğulduğumla maraqlanmamışam. Əlimdə bir şəhadətnamə də yoxdur.

-Səməd müəllim, tez-gec bu günü dəqiq müəyyən etmək lazım gələcəkdir. Bu biblioqrafiyada isə həmin günü göstərmək çox vacibdir.

O, əlini alnına çəkdi, qartal baxışlarıyla ətrafı süzərək soruşdu:

-Bu gün martın neçəsidir?

Mən cavab verdim ki, bu gün 20 mart 1948-ci ildir. Səməd Vurğun dedi ki, həmişə baharın ilk günlərində doğulduğumu mənə deyərdilər. Bu yerdə dedim:

-Elə isə icazə verin, dəqiq olsun, baharın ilk günlərini deyil, baharın ilk günü - 21 mart 1906-cı ili yazaq.

-Yaz oğlum, hamı bilir ki, mənim bahar bayramından çox xoşum gəlir...

Bir il sonra 1949-cu ildə Mir Cəlalın redaktorluğu ilə mənim "Səməd Vurğun (biblioqrafiya)" kitabım çapdan çıxdı. Kitabın beşinci səhifəsində ilk dəfə olaraq: "21 mart 1906-cı il. Səməd Vurğun Yusif oğlu Vəkilov (Vurğun) Qazax rayonunun Salahlı kəndində doğulmuşdur» sözləri yazılmışdır. Bundan sonra bütün mənbələrdə həmin tarixi işlətmək bir adət şəklini aldı".

 

* * *

 

Az, çox az ömür yaşayan poeziya dahisi Səməd Vurğun cəmi 50 yaşında dünyadan köçdü. İlk gəncliyində yetimlikdən, "37-ci il"in qara tufanlarından minbir əziyyət çəkən, Böyük Vətən müharibəsi illərində gecə-gündüz cəbhələr gəzən və ömrü boyu yetim-yesirə əl tutub qayğı göstərən, xalqını, millətini sevən Səməd Vurğun nə zaman asudə yaşamışdı ki, öz tərcümeyi-halını müfəssəl yazmağa da vaxt tapaydı?! Heç olmasa yetmişinci illərə kimi sağ qalsaydı, atası Yusif ağanın onu oxutmaq üçün Qori Seminariyasına müraciət etməsini, istər-istəməz xatırlar, bu sənədləri də axtarıb Tbilisi arxivindən tapardı.

O vaxtdan 32 il keçir. 1879-cu ildən 1918-ci ilə qədər Qori Seminariyasında təhsil alan üç yüzə yaxın Azərbaycan oğullarının sənədləri indi vaxtilə Tbilisidə yerləşən Gürcüstan Xalq Maarif Muzeyinin arxivində yoxdur. 1999-cu ilin aprel ayında keçmiş sərkərdələrimizlə bağlı Tbilisidə yaradıcılıq ezamiyyətinə getmişdim. Keçmiş hərbçilərimiz haqqında axtarışlarıma yekun vurub, seminariyanın arxivinə də baş çəkmək istədim. Həmin ünvana gəldim, gördüyümə inanmaq istəmirdim. Qədim arxiv binası yerli-dibli yox idi. Yerində gül-çiçək əkilmişdi. Gürcüstan Maarif Nazirliyinə getdim. Orada mənə dedilər ki, 1992-ci ilin dekabr ayında Tbilisidə Xalq Cəbhəsi ilə keçmiş prezident Z.Qamsaxurdiya hakimiyyəti arasında gedən döyüşlər zamanı atılan mərmidən Gürcüstan Xalq Maarif Muzeyinin arxivi yanıb külə döndü.

Arxivinin direktoru Anna Mixaylovna Samadaşvilini axtarıb tapdım. Çavçavadze küçəsində arxiv üçün ona bircə otaq vermişdilər. Otaqda bir kitab rəfi, on beş - iyirmi də dəftər-kitab vardı. Anna Mixaylovna məni görüb balasını itirmiş ana sayağı kövrəldi:

-Yandı, - dedi, Şəmistan, hamısı yandı, külə döndü. Qırx iki min seminariya sənədindən, eksponat və fotoşəkillərdən bircə vərəq belə xilas edə bilmədim. Mənim əlli ilə yaxın qapı-qapı düşüb yığdığım, göz bəbəyi kimi qoruduğum nadir sənədlər gözümün qabağında yanıb kül oldu. Gecə saat 2-də mənə xəbər verdilər. Oğlumun maşını ilə təcili gəldim, alov ərşə qalxmışdı. Kənarda oturub səhərə qədər ağlamışam...

Nə yaxşı ki, vaxtilə arxivdəki bir çox gərəkli faktları aşkar edib özüm üçün götürmüşəm.

 

 

Şəmistan NƏZİRLİ,

tədqiqatçı journalist

 

Xalq qəzeti.- 2011.- 16 yanvar.- S. 6.