Bərdə: şanlı tarix və şərəfli bu gün etibarlı sabaha aparır

 

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayevlə kabinet söhbətimiz uzun çəkmədi:

- Yaxşı olar ki, işin gedişinə birlikdə baş çəkək - dedi.

Əslində, son illər Bərdə şəhərində, eləcə də ayrı-ayrı yaşayış məntəqələrində aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərinin gedişi ilə yaxından tanış idik. Bununla belə, artıq başa çatmış və hazırda Bərdənin simasını əsaslı şəkildə dəyişən, onu daha da gözəlləşdirən müxtəlif təyinatlı obyektləri yenidən görmək, hər halda, maraqlı idi.

Əvvəlcə şəhərin mərkəzindən, Heydər Əliyev prospektindən başladıq. Onu da deyək ki, bu prospekt öz görkəmini tamamilə dəyişmişdir. Yollar genişləndirilmiş, yeni səkilər salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Şəhərin görkəminə xələl gətirən yararsız köşklər götürülmüş, yaşıllıq zolağı salınmışdır. Rahat və gözəl səkilərlə addımlayırıq. Müasirlik, yüksək zövq və səliqə-sahman hər addımda hiss olunur.

- Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binası bax, buradakı birmərtəbəli, köhnə binada yerləşirdi. İndi isə gördüyünüz kimi, qısa müddət ərzində yerində ikimərtəbəli müasir bina ucaldılmışdır. Rayon İcra Hakimiyyəti Aparatının inzibati binası da, əslində, tamamilə yenidən qurulmuş və əsaslı şəkildə təmir olunmuşdur - icra başçısı görülmüş işlər barədə həvəslə danışır.

600 yerlik yeni şəhər musiqi məktəbi elə bu prospektdə yerləşir. Əks tərəfdə isə tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərir.

Sağa - Sabir küçəsindəki istirahət parkına tərəf addımlayırıq. Bura əvvəllər baxımsız vəziyyətdə idi. İndi isə şəhər sakinlərinin ən çox üz tutduqları məkandır. Burada adamların normal istirahəti, əylənməsi üçün hər cür şərait yaradılmışdır. Körpələr də yaddan çıxmamışdır. Tərtər çayı boyunca uzanan mədəniyyət və istirahət parkında isə son tamamlama işləri gedir. Onu da əlavə edək ki, nəzərdə tutulan tədbirlər başa çatdırıldıqdan sonra bu mədəniyyət və istirahət parkı şəhərin ən gözəl guşələrindən birinə çevriləcəkdir.

Biz həmin gün icra başçısı ilə müalicə-diaqnostika mərkəzinə, avtovağzala, ticarət mərkəzinə də baş çəkdik. Biz bu siyahıya 240 yerlik şəhər internat məktəbini, 624 yerlik Kətəlparaq orta məktəbini, 2 saylı şəhər məktəbinin 240 yerlik əlavə korpusunu, taxıl anbarını, su-kanal idarəsinin inzibati binasını, 14 mənzilli yaşayış evini, bioloji təhlükəsizlik laboratoriyasını, 480 yerlik Qaradırnaq və 360 yerlik Gülgəzli kənd məktəblərini, Bəcirəvan kəndindəki həkim məntəqəsini və s. əlavə edə bilərik. Yeri gəlmişkən, onu da deyək ki, hazırda Bərdə şəhərində və 19 kənddə təbii qaz yanır. Yeni il ərəfəsində daha 2 kəndə - Şatırlı və Mirzalıbəyli kəndlərinə təbii qaz çəkilmişdir. İndi isə Samux və Həsənqaya kəndlərinə qaz xətti çəkilir.

Biz burada təkcə son illər Bərdənin simasını dəyişən, ona sözün əsl mənasında, şəhər görkəmi verən müxtəlif təyinatlı obyektlərin, park və xiyabanların bəzilərinin adlarını çəkməklə kifayətləndik. Maraqlı bir statistika da apardıq: nə qədər yeni müəssisə işə düşüb, neçə nəfər daimi işlə təmin olunub? Burada məsələnin başqa, necə deyərlər, mənəvi-psixoloji mənası da var və İlham müəllim bu barədə daha geniş danışdı:

- Bərdə tariximizin müəyyən bir dövründə ölkənin paytaxtı olub. Ancaq etiraf edək ki, respublikamızın bütün bölgələrini əhatə edən və gündən-günə yeni vüsət alan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri Bərdədə olduqca ləng həyata keçirilirdi. Bu isə, əlbəttə, sakinləri ciddi narahat edirdi. Elə ona görə də Bərdəni Bərdənin keçmişinə, tarixi şöhrətinə layiq şəkildə tikmək, qurmaq və abadlaşdırmaq fəaliyyətimizin əsas istiqamətini təşkil edirdi. Onu da deyim ki, yerli sakinlər başladığımız tikinti və abadlıq işlərində həvəslə iştirak edirlər. Bu, əlbəttə, təbii bir hissdir. Onlar doğulub böyüdükləri şəhəri daha abad, müasir və yaraşıqlı görmək istəyirlər.

- Ümummilli lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində ən çox səfər etdiyi rayon Bərdə idi. Müstəqillik illərində də ulu öndər dəfələrlə Bərdəyə gəlmişdir...

- Elədir. Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin həmin tarixi səfər və görüşləri bu gün də bərdəlilərin qəlbində və yaddaşında unudulmaz xatirə kimi yaşamaqdadır. Olduqca fərəhlidir ki, gözəl ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirlir. Ölkə rəhbəri son dəfə Bərdədə 2009-cu ilin mart ayında olmuşdur. Səfər çərçivəsində respublika Prezidenti Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binasının, diaqnostika mərkəzinin, musiqi məktəbinin, tarix-diyarşünaslıq muzeyinin açılışında iştirak etmiş, rayon ictimaiyyəti nümayəndələri qarşısında çıxış etmişdir. Ölkə rəhbərinin verdiyi məsləhət və tövsiyələr, qarşıya qoyduğu konkret vəzifələr gündəlik fəaliyyətimizin əsasını təşkil edir.

- Son illərdə Bərdədə diqqəti cəlb edən vacib bir cəhət var: bu da iqtisadi, sosial və mədəni sahələrin inkişafına kompleks münasibətdir, insan amilinin, onun vacib sosial ehtiyaclarının daim ön planda olmasıdır...

Başqa cür də ola bilməz. Etiraf edək ki, bir vaxtlar Bərdədə əsas diqqət kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişaf etdirilməsinə yönəldilmişdir. Heç də təsadüfi deyildir ki, bizim rayon nəinki respublikada, eləcə də keçmiş Sovet İttifaqında ən böyük pambıqçılıq rayonu kimi şöhrət qazanmışdır. İndi isə dövran da dəyişib, tələb də. İnsan amili onun qayğı və problemlərinin vaxtında yerinə yetirilməsi - fəaliyyətimizin əsas istiqamətini təkil edir.

Ölkə Prezidenti bütün sahələrdə olduğu kimi, bu sahədə də aydın strateji xətt müəyyən etmiş, qarşıya konkret vəzifələr qoymuşdur. Son illər əldə etdiyimiz uğurların əsas səbəbini də məhz burada axtarmaq lazımdır. Uğurlar isə bütün sahələri əhatə edir. Əsas cəhət odur ki, əvvəlki illərlə müqayisədə istər kənd təsərrüfatında, istər sənayedə, istərsə də tikinti-abadlıq və quruculuq sahəsində irəliləyiş əldə edilmiş, ümumi məhsul istehsalı artmışdır. Rayonda məhsul istehsalı əvvəlki dövrdə olduğundan 9,1 faiz çoxdur. Kənd təsərrüfatında artım 16,5 faiz, tikintidə 14,9 faiz, nəqliyyatda 11,8 faiz, rabitədə 2,3 faiz, ticarətdə 33 faiz olmuşdur.

Bərdə iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Nəticələrin təhlili göstərir ki, əkinçiliyin, xüsusən, taxılçılığın inkişafında dövlət dəstəyi mühüm rol oynamışdır. Yanacağın, sürtkü yağlarının, mineral gübrələrin güzəştli satışı, kreditlər, yarmarkaların təşkili və digər istiqamətlərdə dövlət yardımları sahibkarların fəaliyyətinə ciddi impuls vermişdir. Ötən müddətdə 16 min 787 nəfər istehsalçıya 2 milyon 407 min manat dövlət yardımı, əlavə olaraq banklar və kredit təşkilatları tərəfindən sahibkarlara 12 milyon 537 min manat kredit verilmişdir.

Hazırda 2 min ton meyvə, tərəvəz və bostan məhsullarını saxlamağa imkan verən soyuducu anbar, 10,5 min ton məhsul tutan taxıl anbarı tikilir. Rayonda əkinçilik üzrə 24 toxumçuluq müəssisəsi yaradılmışdır. Həmin təsərrüfatlar 4 min 258 ton toxum hazırlamışlar ki, bu da tələbatı tam ödəyir. İndi işlər elə təşkil edilir ki, istehsalın artımı daha çox elmi nailiyyətlər əsasında təmin olunsun. Ümumiyyətlə, ötən il rayonda 4 min 350 ton kartof, 31,2 min ton tərəvəz, 37,6 min tona yaxın bostan məhsulları, 5,4 min ton meyvə, 15 min ton çuğundur, 1,2 min ton günəbaxan və s. istehsal edilmişdir.

İqtisadi artım heyvandarlıq sahəsində də özünü göstərir. Hazırda rayonda 80,7 min baş iri mal, 12,9 min baş qoyun və keçi var. Orta hesabla iri malın sayı 2 faiz, qoyun və keçilərin sayı 1,3 faiz artmışdır. Ət istehsalı 1,7 faiz, süd 12,4 faiz, yumurta 8,2 faiz, yun 13,8 faiz çoxalmışdır.

Bütün bunlarla yanaşı, hələ istifadə edilməmiş imkan və ehtiyat mənbələri kifayət qədərdir. Elə quşçuluq təsərrüfatını götürək. Hazırda rayonda ötən illərdən qalma 2 müəssisə - quşçuluq fabriki və broyler təsərrüfatı fəaliyyət göstərir. Təəssüf ki, onların fəaliyyəti dayanmışdır. Təhlil və hesablamalar göstərir ki, həmin təsərrüfatların fəaliyyətini bərpa etməklə bu sahədə əsaslı dönüş yaratmaq mümkündür.

Yaxud pambıqçılığı götürək. 2009 - 2013-cü illəri əhatə edən Dövlət Proqramında pambıqçılığın dəstəklənməsi nəzərdə tutulur. Belə olan halda pambıq əkininə diqqət artırılmalıdır. Bu sahədə başlıca əngəl əməyin düzgün stimullaşdırılmamasıdır. Başqa heç bir problem yoxdur. Əkinçi gəlir götürə bilmir. Xərc borcu ödəmir. Ona görə də respublikanın aidiyyəti orqanları müvafiq tədbirlər görməlidirlər. Əlverişli şərtlər olarsa, bərdəlilər yenə də pambıq istehsalında avanqard ola bilərlər.

2010-cu ildə rayonda 4,8 milyon manat dəyərində sənaye məhsulları istehsal edilmişdir. Bunun 61 faizi dövlət, 29 faizi özəl sektorun payına düşür.

Digər sahələrdə, o cümlədən əsaslı tikinti, nəqliyyat, rabitə, istehlak, əmlak bazarı və s. istiqamətlərdə də əsaslı artım müşahidə olunmuşdur. Ümumiyyətlə, iqtisadiyyatın inkişafına 7 milyon 520 min manat investisiya qoyulmuşdur ki, bu da əvvəlki dövrdən 2,1 dəfə çoxdur. Sosial-iqtisadi inkişafın artımı əhalinin məşğulluğuna da şərait yaratmışdır. Belə ki, 850 yeni iş yeri açılmışdır ki, bunun da 749-u daimidir.

Fərəhlə qeyd etmək lazımdır ki, bu illər Bərdənin tarixində yeni yüksəliş dövrü kimi xarakterizə olunur. Az vaxtda çox işlər görülmüşdür. Bərdə əsaslı şəkildə yenidən qurulmuşdur. Uzun illər ərzində yığılıb qalmış bir çox problem öz həllini tapmışdır. Lakin həlli vacib məsələlər hələ də çoxdur. Artıq regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının 2009 - 2013-cü illəri əhatə edən ikinci mərhələsində Bərdə rayonu üzrə də bir sıra ciddi problemlərin həlli nəzərdə tutulmuşdur. Rayonun öz daxili imkanları hesabına görüləcək işlər də müəyyənləşdirilmiş və hazırda bütün qüvvələr bu istiqamətdə səfərbərliyə alınmışdır.

İnsan amili, vacib sosial ehtiyacların vaxtında yerinə yetirilməsi diqqət mərkəzindədir. İndi elektrik enerjisinin verilməsində hər hansı fasilədən danışmağa dəyməz. Əhali 24 saat ərzində normal enerji ala bilir. Əvvəlki illərlə müqayisədə təbii qazdan istifadə edən yaşayış məntəqələrinin sayı artmışdır. Xidmət haqlarının yığılımasına gəlincə, həm elektrik enerjisindən, həm təbii qazdan, həm də içməli sudan istifadə üzrə göstəricilər aydan-aya artır. Məsələn, sərf olunmuş elektrik enerjisinin dəyərinin 79,9 faizi, təbii qazın 92,4 faizi, içməli suyun 82,3 faizi qədər vəsait ödənilmişdir.

Ekoloji sağlamlıq, ətraf mühitin çirklənməsinin qarşısının alınması ən ciddi problemlərdəndir. "Ekologiya ili" çərçivəsində rayonda bu istiqamətdə xeyli iş görülmüşdür. Belə ki, şəhərdə və rayonun müxtəlif ərazilərində 100 minə yaxın ağac və gül kolları əkilmişdir.

Bəli, bu gün Bərdə öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. İnkişaf və irəliləyiş, abadlıq və quruculuq hər addımda hiss olunur, bütün sahələri əhatə edir. Rayonda sağlam mənəvi-psixoloji mühit, yaradıcı və təşəbbüskar ab-hava var. Bərdəlilər hər gün, hər ay dəyişən, abadlaşan, gözəlləşən doğma şəhərləri ilə haqlı olaraq fəxr edirlər. Onlar bu şəraitə, rahatlığa, gündəlik diqqət və qayğıya görə ən əvvəl ölkə Prezidenti İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildirirlər.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2011.- 16 yanvar. – S. 5.