Ucar: su aydınlıq gətirir, aydınlıq isə tərəqqi

 

Bizim yaşlı nəslə mənsub həmkarlarımız hərdən deyirlər ki, əsl jurnalist üçün mətbuatın bütün sahələri maraqlı, cəlbedicidir gənclik illərində isə bir qədər də romantikdir. Ancaq bölgə müxbiri vəzifəsində çalışmaq qələm sahibinə mövzu seçmək baxımından daha çox sərbəstlik verir. Bu qənaətlə razılaşmamaq mümkün deyil. Öz təcrübəmə əsasən deyirəm, hərdən elə olur ki, getdiyim rayondan konkret bir məsələ ətrafında yazı hazırlamağı planlaşdırıram. Rayonda görüşüb söhbət etdiyim adamların hansınınsa mülahizələrindən sonra mövzu tamamilə dəyişilir. Məsələn, bir dəfə (üç-dörd il əvvəl) sosial-iqtisadi həyatdakı yeniliklər barədə yazı hazırlamaq üçün Şəkiyə getmişdim. Ancaq redaksiyaya "Kiş kəndində açıq dərs" adlı yazı göndərdim. Yaxud, başqa bir vaxt Qəbələdən ilin yekunları barədə yazı hazırlamaq istəyimi dəyişib bu qədim diyarın turizm imkanları haqqında əhatəli söz açmışdım. Belə hallar çox olub və növbəti mövzudəyişmə prosesi - yəni bölgə müxbirinin nümayiş etdirdiyi sərbəstlik Ucarda baş verdi.

 

Ucara gedəndə bu aran rayonunun qış qayğıları barədə söz açmaq istəyirdim. Nə olsun ki, dekabr ayı kimi yanvar da hələlik mülayim keçir. Qış qışdır və hər fəsilin öz qayğıları var və rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədovla görüşdə də bu fikirlər ətrafında söhbət aparmaq istəyirdim. Amma... dedilər ki, başçı Qəzyan kəndindədir. Orada son zamanlar təxminən 19 kilometr uzunluğunda kanal və kollektorlardan 100 kubmetrə yaxın lil təmizlənib. İlin yağmurlu aylarında gələn lilli-palçıqlı suların törətdiyi fəsadlar vaxtında aradan qaldırılır ki, yazda çayların sululuğu artanda problem yaranmasın.

Doğrusu, bu işin rayon üçün bu qədər əhəmiyyətli olmasının fərqinə varmamışdım. İcra hakimiyyətindəki həmsöhbətim qeyd etdi ki, ötən ilin yazında Kür və Araz çayları boyunca yerləşən yaşayış məntəqələrində baş vermiş təbii fəlakətdən sonra həm dövlət, həm də rayon rəhbərliyi bu məsələlərə xüsusi önəm verib.

Rayon rəhbərliyinin bu məsələyə xüsusi önəm verdiyini icra hakimiyyətinin başçısı Yaşar Məmmədovla söhbətdə eşitdiyim fikirlər də sübut etdi:

- Ötən il Azərbaycanın nə qədər inkişaf etdiyini bütün dünya gördü. Oğuz və Qəbələ rayonlarından Bakıya içməli su kəməri çəkildi, sayı onlarla hesablanan sosial və istehsal yönümlü obyektlər tikilib istifadəyə verildi, paytaxtın bütün küçə və meydanları heç zaman olmayan bir şəkildə yenidən quruldu. Bakıda dünyanın ən hündür bayraq dirəyi qaldırılaraq Ginnesin rekordlar kitabına düşən bir meydan qurduq və sairə. Prezident İlham Əliyevin ciddi-cəhdləri, daimi qayğısı ilə reallaşan bu tədbirlər fonunda Kür və Araz çaylarının törətdiyi fəsadların aradan qaldırılması üçün görülən möhtəşəm dövlət tədbirlərinin də şahidi olduq.

Təbii ki, indiyədək heç bir dövlət təbii fəlakətlərin qarşısını almaq iqtidarında deyil. Ancaq fəlakətlərin fəsadlarının azaldılmasına nail olmaq mümkündür və dövlət başçımızın bu barədə xüsusi tapşırıqları var. Ucar həmin məsələlərdən coğrafi baxımdan bir qədər uzaq olsa da - yəni Kür və Araz çaylarını nəzərdə tuturam - yaz və payız aylarında tez-tez daşqınlar olan Türyançay və Göyçay çaylarının törədə biləcəyi fəsadların qarşısını vaxtında almağa çalışırıq. Üstəlik, Yuxarı Şirvan kanalı ilə də rayonumuzun ərazisinə külli miqdarda lil və çöküntü gəlir.

Rayonumuzda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin iki idarəsi fəaliyyət göstərir - Ucar Meliorasiya İdarəsi və Ucar Suvarma Sistemləri İdarəsi. Səhmdar Cəmiyyətin rəhbərliyi ölkənin digər rayonlarındakı qurumlarla yanaşı, Ucardakı idarələrin də maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayır. Təkcə 2010-cu ildə bu idarələrin hər birinə Hyunday markalı ekskavator, Meliorasiya İdarəsinə isə əlavə olaraq bir ədəd DT markalı buldozer verilib. Yəni qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün hər iki idarənin maddi-texniki bazası daim möhkəmləndirilir.

Başçının qeyd edilən məsələyə verdiyi önəm, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti rəhbərliyinin Ucardakı idarələrə göstərdiyi qayğı və diqqət barədə növbəti həmsöhbətlərimdən də kifayət qədər fikirlər eşitdim. Meliorasiya İdarəsinin rəisi İlyas Ağayev danışdı ki, ötən il rayonun Qəzyan, Müsüslu, Küçəkənd, Bağman, Qazqumlaq, Quləbənd, Lək, Məlikballı, Qarabörk, Çiyni kəndlərində və Sarı Su Qobu kollektorunda - ümumi uzunluğu 85,8 kilometr olan qurğularda 402,1 min kubmetr həcmində lildən təmizləmə və torpaqbasma işləri həyata keçirilib.

Ötən il, eyni zamanda, müxtəlif kənd və qəsəbələrin ərazisində 54,4 kilometr uzunluğunda təsərrüfatdaxili kanallar lildən təmizlənərək yerli bələdiyyələrin istifadəsinə verilib. Bütün bu işləri Meliorasiya və Su Təsərrüfatı Açıq səhmdar cəmiyyəti rəhbərliyinin, xüsusən sədrimiz Əhməd Əhmədzadənin bizə göstərdiyi daimi qayğı sayəsində reallaşdıra bilmişik. Məhz həmin qayğının nəticəsidir ki, indi artıq bizim obyektlərdə 8 ekskovator və 3 buldozer işləyir. Doğrudur, biz Səhmdar Cəmiyyətin tabeçiliyində fəaliyyət göstəririk. Ancaq Ucar Rayon İcra Hakimiyyəti ilə daha çox ünsiyyətdə olduğumuza görə və bu rayonun ərazisində fəaliyyət göstərdiyimizə görə rayon rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatələnirik.

Ucar Suvarma Sistemləri İdarəsinin rəisi Həsən Qasımovla söhbətimizdə isə maraqlı bir fikir eşitdik və həmin ifadənin işığında bəzi faktları öyrənmək istədik. Həsən müəllim dedi:

- Ucar Suvarma Sistemləri İdarəsi rayonun 24 min 935 hektar suvarılan torpağına xidmət edir ki, bunun da 22 min 485 hektarı kollektor-drenaj şəbəkəsidir. Suyu Yuxarı Şirvan kanalından, Türyançaydan və Göyçay çaylarından götürürük. 4 ədəd nasos stansiyamız, 1078 hidrotexniki qurğumuz, 163 kilometr təsərrüfatlararası, 1237 kilometr isə təsərrüfatdaxili suvarma kanallarımız var. İstənilən il üçün olduğu kimi, yola saldığımız 2010-cu il üçün də suvarma planları təsdiq olunmuş və hər su mənbəyi üzrə hidromobil qrafiklər tərtib edilmişdi. Biz təkcə su istifadəçilərinə su verməklə öz işimizi bitmiş hesab etmirik. Eyni zamanda, kanalların lildən təmizlənməsi işini də yerinə yetiririk. Təkcə ötən il Yuxarı Şilyan kəndinə vegetasiya suyunun verilməsini təmin etmək üçün 27 min metr məsafədə lildən təmizləmə işləri aparmışıq. Bu fəaliyyətimiz rayonun bütün kəndlərində davam etdirilib.

Mövcud su mənbələrindən səmərəli şəkildə istifadə edilməsi məsələsi daim diqqət mərkəzindədir. Belə ki, ötən il ayırma nöqtəsindən Sudan İstifadəedənlər Birliklərinə105 milyon kubmetr su verilib və həmin su ilə 79 min 100 hektar sahə suvarılıb. Bütün bu işləri yerinə yetirmək üçün il ərzində təxminən 150 min manatlıq əsaslı təmir işləri görülüb. Sudan İstifadəedənlər Birliklərinə verdiyimiz suyun pulunun 98 faizinin toplanması da pis göstərici deyil.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən idarəmizə göstərilən daimi qayğı 2010-cu ildə də davam edib və bizə bir ədəd ekskovator və bir səyyar nasos aqreqatı verilib. Kollektivimiz bu qayğının müqabilində dövlətimizin və səhmdar cəmiyyətimizin adına layiq fəaliyyət göstərir.

Həsən Qasımov dedi ki, su aydınlıq gətirir, aydınlıq isə tərəqqi. Suyun gətirdiyi aydınlığın, Ucardakı tərəqqinin şahidi olduq. Bu tərəqqi haqqında söz açmağına dəyərdi. Elə mövzunu dəyişmək istəyimiz də dəyərli oldu. Onsuz da hələ çox görüşəcəyik.

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2011.- 16 yanvar.- S. 5.