Daha böyük
uğurlar gözlənilir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən
Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına və yeni ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasını srağagün axşam televiziya vasitəsilə
diqqətlə izlədim. Ölkə rəhbərinin həm
giriş, həm də yekun nitqində, digər
çıxışçılar tərəfindən səsləndirilən
faktlar məndə qürur hissi doğurdu. Fərəhləndim
ki, mənim doğma Azərbaycanım müstəqillik
qazandığı qısa bir vaxtda - cəmi 19 il ərzində
belə yüksək iqtisadi və sosial göstəricilər əldə
edib. Hörmətli Prezidentimiz İlham Əliyev dedi ki, 2010-cu
il arxada qalıb. Həmin il ölkəmiz üçün uğurlu
olmuşdur.
2010-cu ildə dünyada iqtisadi və maliyyə böhranı davam
etmişdir. Lakin buna baxmayaraq Azərbaycan 2010-cu ildə böyük
uğurlara nail olmuşdur. Bizim iqtisadiyyatımız artmışdır,
ölkədə bütün sosial proqramlar öz həllini
tapmışdır, bütün infrastruktur layihələri
icra edilmişdir. Bir sözlə,
2010-cu ildə ölkə qarşısında duran
bütün vəzifələr
şərəflə yerinə yetirildi. İqtisadiyyatımız təxminən
5 faiz, əhalinin pul gəlirləri 12 faiz
artmışdır, inflyasiya cəmi 5,7 faiz təşkil etmişdir. Ölkəmizə 15 milyard dollar sərmayə qoyulmuşdur,
valyuta ehtiyatlarımız 20 milyard dollardan 29 milyard dollara qalxmışdır. Bütün
bunlar onu göstərir
ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur, Azərbaycanın
seçdiyi yol tərəqqi və inkişaf
yoludur.
Ötən il sosial sahədə də böyük işlər görülmüşdür. 45 səhiyyə
müəssisəsi, 70-dən çox məktəb tikilmiş və
təmir edilmişdir, 5 Olimpiya-İdman
Mərkəzi istifadəyə verilmişdir.
Minimum əməkhaqqı
və pensiyanın baza hissəsi
qaldırılmışdır, ünvanlı sosial
yardım proqramı uğurla icra edilir. Bu, onu
göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir. Biz bazar iqtisadiyyatı
şəraitində yaşayırıq və
iqtisadiyyatımız tam şəkildə
bazar iqtisadiyyatı prinsipləri üzərində
qurulubdur. Ancaq bununla bərabər, güclü
sosial siyasət
dövlətin qarşısında duran əsas vəzifədir.
2010-cu ildə ölkəmizdə siyasi proseslər müsbət istiqamətdə inkişaf
etmişdir. Azərbaycanda demokratiyanın
inkişafı yolunda böyük
və uğurlu addımlar atılmışdır. Keçən
il Azərbaycanda parlament seçkiləri şəffaf, ədalətli
şəkildə keçirilmişdir. Azərbaycan xalqının
iradəsi parlament seçkilərinin
nəticələrində tam
şəkildə öz
əksini tapmışdır. Bu, onu göstərir ki, Azərbaycan nəinki iqtisadi sahədə çox böyük uğurlara nail olmuşdur, eyni zamanda, siyasi
islahatların aparılması
işində də uğurlu nəticələr qazanır. Bu,
ölkəmizə imkan
verir ki, hərtərəfli
inkişaf etsin, Azərbaycan
sözün əsl mənasında,
müasir dövlətə
çevrilsin və bu
istiqamətdə atılmış
addımlar adamlarımızı daha da ruhlandırır.
Xarici siyasət
sahəsində 2010-cu ildə böyük uğurlara nail olunub. Azərbaycanla
dostluq, əməkdaşlıq etmək
istəyən ölkələrin sayı artır. Ölkəmiz
həm ikitərəfli müstəvidə, həm regional, həm də çoxtərəfli formatda
uğurlu xarici siyasət
aparır. Beynəlxalq təşkilatlarla Azərbaycanın əlaqələri
artıq oturuşmuş əlaqələrdir,
qarşılıqlı hörmət, qarşılıqlı
inam, qarşılıqlı
maraqlar üzərində qurulmuş
münasibətlərdir.
2010-cu ildə Avropa
Parlamenti Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə
dair çox əhəmiyyətli və
ədalətli qətnamə qəbul etmişdir.
Beləliklə, münaqişənin həlli ilə
bağlı gedən işlərdə Azərbaycanın siyasi və diplomatik mövqeləri daha
da möhkəmlənmişdir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həlli ölkəmiz üçün
ən başlıca vəzifədir,
ən böyük problemdir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, biz
çalışırıq ki, məsələni sülh
yolu ilə, danışıqlar yolu ilə həll
edək. Azərbaycan öz tərəfindən bütün
səyləri göstərir ki, bu məsələ tezliklə
həll olunsun. Beynəlxalq
birlik tərəfindən
tanınmış ərazi bütövlüyümüz
bərpa olunsun. Bizim ərazi bütövlüyümüzün bərpası
mütləq baş verməlidir. Azərbaycan
heç vaxt bu vəziyyətlə barışmayacaq, heç vaxt əzəli torpağımız olan Dağlıq Qarabağda ikinci erməni dövlətinin
yaradılmasına icazə verməyəcəkdir. Hamımız yaxşı bilirik
ki, bugünkü Ermənistan
dövləti tarixi Azərbaycan
torpaqlarında yaradılıbdır.
İrəvan xanlığı, Zəngəzur mahalı, digər
bölgələr azərbaycanlıların tarixi
torpaqlarıdır. İkinci erməni
dövlətinin Azərbaycan torpağında
yaradılmasına Azərbaycan dövləti və Azərbaycan
xalqı heç vaxt icazə verməyəcəkdir. Bu münaqişə yalnız beynəlxalq hüquq
normaları əsasında, Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq
Qarabağda yaşayan
əhali və ora qayıdacaq azərbaycanlılar
muxtariyyət statusu çərçivəsində
yaşayacaqlar və bu,
məsələnin həlli
üçün yeganə
variantdır.
Bütün bunları
dinlədikdən sonra
qəti şəkildə
deyə bilərəm ki, Azərbaycan
rəhbərinin yürütdüyü
daxili və xarici siyasət ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi
siyasətin davamıdır. Mən bu yolda möhtərəm Prezidentimiz İlham Əliyevə və Azərbaycan dövlətinə
yeni-yeni uğurlar
arzulayıram.
Telman ƏLİYEV,
Ukrayna İnşaat
Akademiyasının
həqiqi üzvü,
Azərbaycan İnşaat
Mühəndisləri
Universitetinin professoru,
respublika
Ağsaqqallar Şurası
İdarə Heyətinin
üzvü
Xalq qəzeti.- 2011.- 16 yanvar.- S. 2.