Azərbaycanın
ictimai-siyasi həyatında mühüm tarixi hadisə. Ölkəmizin
Avropa Şurasına tamhüquqlu üzv olmasından on il
keçir
XX əsrin sonunda dünyada baş verən
qlobal proseslər, xüsusilə də SSRİ-nin süqutu
beynəlxalq aləmdə siyasi mühitin ciddi şəkildə
dəyişməsinə səbəb oldu. Bir-birini əvəz
edən proseslər yeni siyasi vəziyyətin yaranmasına gətirib
çıxardı. Belə bir şəraitdə Azərbaycan
ikinci dəfə müstəqillik qazandı.
Müstəqilliyin
ilk illərində hakimiyyətdə olan ölkə rəhbərlərinin
dövlət idarəçiliyindəki təcrübəsizliyi,
siyasi səbatsızlığı Azərbaycanı beynəlxalq
aləmdən təcrid edirdi. Ölkədə yaranmış xaos,
anarxiya və özbaşınalıq yenicə
qazanılmış müstəqilliyi uçuruma
yaxınlaşdırırdı. Belə bir şəraitdə
xalqı arxasınca aparmağa qadir olan müdrik bir şəxsiyyətin
ölkəyə rəhbərlik etməsinə böyük
ehtiyac yaranmışdı. Xalq vəziyyətdən
çıxış yolunu yalnız ulu öndər Heydər Əliyevin
yenidən Azərbaycana rəhbərlik etməsində
gördü. Xalqın çoxsaylı müraciətlərindən
sonra ümummilli lider Heydər Əliyev ömrünün qalan
hissəsini də xalqına həsr etməyi qərara
aldı.
1993-cü ilin ortalarından
başlayaraq Azərbaycanda vətəndaş
sülhünün və siyasi sabitliyin təmin olunmasına,
hüquqi dövlət quruculuğu istiqamətində praktik
addımların gerçəkləşməsinə,
genişmiqyaslı islahatların aparılmasına və beynəlxalq
ictimaiyyətlə əlaqələrin qurulmasına inam
yarandı. Azərbaycana rəhbərlik edən müdrik şəxsiyyət
Heydər Əliyev dünyanın hüquqi-siyasi atmosferinin
müəyyənləşdirilməsində aparıcı rol
oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla
əməkdaşlıq etməyi prioritet vəzifə kimi
qarşıya qoydu. Həmin vaxtdan başlayaraq müstəqil
dövlətimizdə möhkəm təməllər üzərində
ictimai-siyasi sabitliyin təmin olunması, qəbul edilən
qanunların dünya standartlarına
uyğunlaşdırılması, insan hüquq və
azadlıqlarının qorunması istiqamətində
qanunvericilik bazasının yaradılması və
mühüm əhəmiyyətli tədbirlərin həyata
keçirilməsi Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlara
üzvlük istiqamətində real addımlar atmasına imkan
yaradırdı.
Hər bir dövlətin milli
maraqlarının və təhlükəsizliyinin
qorunmasında, regional münaqişələrin və
mübahisələrin dinc yolla nizamlanmasında və ərazi
bütövlüyünün qorunmasında beynəlxalq
hüquq normalarına söykənən, habelə bu
normaların təminatçısı rolunu yerinə yetirən
mötəbər beynəlxalq təşkilatlarla sıx əlaqə
yaratması və həmin təşkilatlara üzv olması
mühüm vəzifələrdən biridir. Ümummilli lider
Heydər Əliyev Azərbaycanı dünya miqyasında
tanıtmaq, ölkəmizin milli-mənəvi dəyərlərinin
geniş miqyasda təbliği, mədəniyyətimizin, incəsənətimizin
tanınması üçün beynəlxalq təşkilatlarla
sıx əməkdaşlıq etməyi xarici siyasətin əsas
prioritetlərindən hesab edirdi. Ulu öndərin fəaliyyəti
sayəsində bu əlaqələr getdikcə genişlənir
və möhkəmlənirdi. BMT, ATƏT, NATO və 55 müsəlman
dövlətini öz sıralarında birləşdirən
İslam Konfransı Təşkilatı kimi qurumlarla əməkdaşlıq
keyfiyyət etibarı ilə yeni mərhələyə qədəm
qoymuşdu. Ümumiyyətlə, müstəqillik əldə
etdikdən sonra Azərbaycan dövləti yaranmış
münaqişənin sülh yolu ilə nizamlanması, bazar
iqtisadiyyatı istiqamətində islahatların həyata
keçirilməsi və dünyaya inteqrasiya prosesinə
sıx cəlb olunmaq üçün beynəlxalq təşkilatların
rolundan yararlanmağa böyük üstünlük verirdi. Bu
mənada BMT, ATƏT, İslam Konfransı Təşkilatı
ilə yanaşı Türk Dövlətləri Birliyi,
Müstəqil Dövlətlər Birliyi, Beynəlxalq Valyuta
Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı,
Parlamentlərarası İttifaq, NATO və digər nüfuzlu
təşkilatlarla qarşılıqlı faydalı əlaqələr
yarandı.
Ümummilli lider Heydər Əliyevin
xarici siyasətinin əsas istiqamətlərindən biri Avropa
dəyərləri, normaları və standartları əsasında
hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu və
vətəndaş cəmiyyətinin
formalaşdırılması idi. Ulu öndərin Azərbaycanın
vahid Avropa ailəsinə daxil olması yönümündə
apardığı məqsədyönlü siyasət getdikcə
özünü daha qabarıq şəkildə göstərirdi.
Uğurlu siyasət Azərbaycanın Avropa Şurasına tam
hüquqlu üzv olmasına zəmin yaradırdı. Belə
bir vaxtda Azərbaycanın Avropa Şurasına tamhüquqlu
üzv olması olduqca vacib və zəruri idi. Azərbaycanın
bu nüfuzlu quruma üzv olmasından sonra beynəlxalq aləmdə
mövqeləri möhkəmlənəcək, nüfuzu
artacaqdı. Ümumavropa məkanında insan
hüquqlarının qorunması və müstəqilliyini
yeni qazanmış dövlətlərdə demokratik proseslərin
inkişaf etdirilməsi istiqamətində, habelə beynəlxalq
münasibətlər sisteminin tənzimlənməsində,
sülhün, təhlükəsizliyin qorunmasında
mühüm əhəmiyyət kəsb edən problemlərin
həllində Avropa Şurasının rolu yüksək qiymətləndirilirdi.
Ona görə də Heydər Əliyev Azərbaycanın
Avropa Şurasına tam hüquqlu üzv olması
üçün bütün imkanlardan istifadə edirdi.
Ölkəmizin demokratik prinsiplərin inkişafına
xüsusi önəm verməsi, Ermənistanla münaqişənin
nizamlanmasında sülh variantına üstünlük verilməsi,
qəbul olunan qanunların Avropa standartlarına
uyğunlaşdırılması, söz və mətbuat azadlığına,
müstəqil mətbuatın inkişafına geniş imkanlar
yaradılması, insan hüquq və azadlıqlarının
qorunması ilə əlaqədar qəbul olunan qanunvericilik
aktlarının qəbul edilməsi bu istiqamətdə həyata
keçirilən mühüm əhəmiyyətli tədbirlərdən
idi. Müstəqil dövlətimizin həyatında demokratik
ictimai və siyasi dəyişikliklərin baş verməsi,
beynəlxalq standartlara uyğun yeni qanunların qəbul
olunması, Konstitusiyada və qanunlarda insan hüquq və əsas
azadlıqlarının təsbit olunması, Azərbaycanın
insan hüquqları və əsas azadlıqlarının
müdafiəsi haqqında Avropa Konvensiyasına
qoşulmağa hazır olmasını bəyan etməsi
ölkəmizi Avropa ailəsinə daha da
yaxınlaşdırırdı. Azərbaycanda qəbul olunan
qanunların Avropa Şurasının ekspertləri tərəfindən
yüksək qiymətləndirilməsi Avropa məkanının
diqqətini ölkəmizə yönəltmişdi.
Azərbaycanın dövlət
başçısı Heydər Əliyevin 1996-cı il 8 iyul
tarixli "Avropa Şurası və Azərbaycan Respublikası
arasında əməkdaşlıq proqramının həyata
keçirilməsi üzrə tədbirlər haqqında"
sərəncamı Avropa Şurası ilə ölkəmiz
arasında əməkdaşlığın
yaradılmasında və növbəti illər
üçün fəaliyyət planı kimi mühüm əhəmiyyət
kəsb etmişdir.
Ulu öndərin Azərbaycanın
vahid Avropa ailəsinə daxil olması istiqamətində
apardığı məqsədyönlü işlər
düşünülmüş şəkildə davam etdirilirdi.
Heydər Əliyevin bu məqsədlə Avropa
Şurasının Baş katibinin adına yazdığı məktub
bu qurumun rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.
Həmin tarixi əhəmiyyətli məktubda ulu öndər
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv kimi
qəbul olmaq və başqa üzv dövlətlər kimi
İnsan hüquqları və əsas azadlıqlarının
müdafiəsi haqqında konvensiyaya qoşulmaq arzusunda
olduğu bildirilirdi. Avropa Şurası Nazirlər Komitəsi
Azərbaycanın bu arzusunu alqışlayaraq Avropa
Şurasının gündəliyinə daxil etmişdi.
1998-ci il yanvarın 20-də "Avropa
Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlığın
dərinləşdirilməsi sahəsində tədbirlər
haqqında", 1999-cu il mayın 14-də "Azərbaycan
Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın
dərinləşdirilməsi və Azərbaycan Respublikasının
Avropada mənafelərinin müdafiə edilməsi sahəsində
tədbirlər haqqında" Prezident Heydər Əliyevin
imzaladığı sərəncamlar ölkəmizin Avropa
Şurasına qəbul edilməsi üçün səylərin
artırılmasına və məqsədyönlü fəaliyyətə
böyük zəmin yaratdı. Bu sərəncamlarda bəzi məsələlərlə
yanaşı, Avropa Şurasının bir sıra konvensiya və
sazişlərinə qoşulması məsələsinin
öyrənilməsi də tövsiyə edilirdi. Dövlət
başçısının qarşıya qoyduğu məsələlər
qısa zamanda öz həllini tapdı və Milli Məclis tərəfindən
dəstəkləndi.
Ulu öndər Azərbaycanın
Avropa Şurasına üzvlük naminə fəaliyyətini
getdikcə gücləndirmiş, bu yönümdə riskli və
prinsipial addımlar atmaqdan belə çəkinməmişdir.
Bu baxımdan 1993-cü ilin ortalarından ölüm
hökmü cəzası üzərində moratoriumun
qoyulmasını, 1998-ci il fevralın 10-da isə bu cəzanın
tam ləğv edilməsi barədə qəti qərar
vermişdir. Qeyd edək ki, insan hüquq və əsas
azadlıqlarının qorunması bu qurumun üzv dövlətlər
arasında müəyyənləşdirdiyi başlıca tələblərdən
biridir. Ölüm hökmünün ləğvi də bu tələblərdəndir.
Xatırladaq ki, Avropa Şurasının 1989-cu ildə qəbul
etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6-cı
protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı
olaraq əksini tapmışdır. Ölüm
hökmünün ləğvi tələbi, şübhəsiz
Avropa Şurasının insan hüquq və azadlıqlarına,
insanın yaşamaq hüququna necə yüksək qiymət
verdiyinin əyani təzahürüdür.
Azərbaycanda ölüm hökmü
cəzası ləğv ediləndə həmin vaxt hətta
Avropa Şurasının üzvü olan bəzi dövlətlər
belə bu addımı hələ atmamışdılar.
Qeyd edək ki, Azərbaycanın əlverişli
geosiyasi mövqeyi və zəngin təbii ehtiyatları
Avropanın beynəlxalq təşkilatlarını daha fəal
əməkdaşlığa cəlb etmişdi. Bununla
yanaşı ölkədə aparılan uğurlu islahatlar,
demokratik inkişaf diqqətdən yayınmırdı. Avropa
Şurasının yardımçı və məsləhətçi
orqanı olan Venesiya Komissiyasının nümayəndələri
Azərbaycanda olarkən ölkə rəhbərliyi, siyasi
partiyalar, qeyri-hökumət təşkilatları ilə
birlikdə müstəqil dövlətimizdə demokratik
inkişaf, azad seçki, seçki qanunvericiliyinin təkmilləşdirilməsi
məsələlərini dəfələrlə müzakirə
etmişlər. Komissiyanın həmin sahələrlə
bağlı tövsiyələrinin Azərbaycanın
qanunvericiliyinə daxil edilməsi yüksək qiymətləndirilmişdir.
2000-ci il noyabrın 30-da Azərbaycanın
Avropa Şurasına qəbul edilməsi ərəfəsində
Venesiya Komissiyasının katibi Conni Bukikkonun
başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan
Prezidenti Heydər Əliyevlə görüşmüş və
həmin görüşdə C.Bukikko Avropa Şurası Nazirlər
Komitəsinin Azərbaycanın üzvlüyü
üçün əhəmiyyətli qərar qəbul etdiyini
bildirmişdi. Ulu öndər isə Azərbaycanın Avropa
Şurasına üzvlüyünün baş tutmasının
həm Avropa, həm də Azərbaycan üçün
faydalı olmasını nümayəndə heyətinin diqqətinə
çatdırmışdır. Müdrik siyasi xadim qeyd
etmişdir ki, Azərbaycan Avropa dəyərlərindən
yararlanmaq üçün imkanlar qazanacaq, Avropa isə
bütün qitə xalqlarını cəmləşdirmək
istiqamətində addım atmağa nail olacaq.
Azərbaycanda demokratik prinsiplərin
inkişafı, insan hüquq və azadlıqlarının
qorunması istiqamətində həyata keçirilən tədbirlər
və bu yöndə qəbul olunmuş qanunvericilik aktları
ilə yaxından tanış olmaq üçün Avropa
Şurasının nümayəndə heyəti 2001-ci il
yanvarın 3-də və 4-də ölkəmizdə rəsmi səfərdə
olmuşdur. Nümayəndə heyətinin tərkibinə
Avropa Şurası Nazirlər Komitəsinin sədri,
Latviyanın xarici işlər naziri İ. Berzinş, Latviya,
Almaniya, Niderland və İsveçin həmin təşkilat
yanında səfirləri daxil edilmişdilər. Nümayəndə
heyəti Azərbaycan Prezidenti Heydər Əliyevlə, Milli Məclisin
sədri, xarici işlər naziri, Konstitusiya Məhkəməsinin
sədri və digər rəsmi şəxslərlə
görüşmüş, aparılan islahatlardan
razılıqlarını bildirmişlər. Bundan bir neçə
gün sonra İtaliyanın Avropa Şurası yanında daimi
nümayəndəsi R.Erkole Aqonun (Aqo qrupu) rəhbərlik
etdiyi və Niderland, İsveç, Türkiyə, Yunanıstan
səfirlərindən təşkil edilmiş digər
nümayəndə heyəti də Bakıda olmuş, dövlət
rəsmiləri və digər şəxslərlə
görüş keçirmiş, Azərbaycanın Avropa
Şurasına layiq ölkə olması barədə yekdil qərara
gəlmişlər. Nəhayət, 2001-ci il yanvarın 17-də
Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr
səviyyəsində keçirilmiş iclasında Azərbaycan
Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul
edilməsinə dair tarixi qərar qəbul olunmuşdur.
Azərbaycanın Avropa Şurasına
tam hüquqlu üzv olmasından artıq on il keçir. Bu illər
ərzində Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın
bu qurumdakı fəaliyyəti çox uğurlu olmuşdur. Azərbaycan
parlamenti nümayəndə heyətinə ilk vaxtlar rəhbərlik
etmiş möhtərəm Prezidentimiz İlham Əliyevin
uğurlu fəaliyyəti nəticəsində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri
dünya ictimaiyyətinə bəlli oldu. Bunun ardınca Ermənistan
AŞPA tərəfindən rəsmən
işğalçı dövlət kimi tanındı.
Nümayəndə heyətimizin rəhbəri İlham Əliyevin
siyasi fəaliyyəti AŞPA rəhbərliyi tərəfindən
yüksək qiymətləndirildi və 2003-cü il yanvarın
27-də Avropa Şurası Parlament Assambleyasının
Büro iclasında Azərbaycan Respublikasının
AŞPA-dakı nümayəndə heyətinin rəhbəri,
Milli Məclisin deputatı İlham Əliyev Büronun
üzvü və bu mötəbər təşkilatın
daxili prosedurasına əsasən, eyni zamanda AŞPA Prezidentinin
müavini seçilmişdir. Göründüyü kimi, Azərbaycan
Avropa Şurasına tamhüquqlu üzv olmasından iki il sonra
böyük inam və etibar qazanmışdır. Azərbaycan
diplomatiyasının Avropa inteqrasiya proseslərinə
qoşulmaq istiqamətindəki siyasi fəaliyyəti yüksək
qiymətləndirilmişdir. Biz 2004-cü ilin aprelində də
bunun şahidi olduq. Bu zaman artıq Azərbaycanın Prezidenti
kimi Strasburqa səfər edən İlham Əliyevə
AŞPA-nın sədri Piter Şider bu nüfuzlu təşkilatın
fəxri üzvü diplomunu və medalını təqdim
etmişdir. Hazırda Azərbaycan parlamenti nümayəndə
heyəti AŞPA-dakı fəaliyyətini uğurla davam
etdirir.
Azərbaycan Respublikasının Avropa
Şurası kimi nüfuzlu bir quruma üzvlüyə qəbul
edilməsi yeni əsrin əvvəllərində
xalqımızın taleyində baş verən tarixi və
çox mühüm hadisə idi.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 16 yanvar.- S. 2.