Prezident İlham Əliyev: 2010-cu il ölkəmizin inkişafı üçün çox əhəmiyyətli il olmuşdur

 

Nazirlər Kabinetinin iclasında ölkəmizin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur

 

Son illər Azərbaycanda iqtisadiyyatın həm sahəvi, həm də regional baxımdan tarazlı inkişafının təmin edilməsi, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, infrastruktur layihələrinin reallaşdırılması ilə bağlı mühüm uğurlar qazanılmışdır. Ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə ətraflı söhbət getmişdir. Dövlət başçımız giriş nitqində demişdir:

 

"2010-cu il ölkəmizin inkişafı üçün çox əhəmiyyətli il olmuşdur. 2010-cu ildə ölkə iqtisadiyyatı inkişaf etmişdir. Ümumiyyətlə, 2009 və 2010-cu illər tarixdə maliyyə və iqtisadi böhran illəri kimi qalacaq və bu illər bizim üçün də sınaq olmuşdur. Mən çox şadam ki, Azərbaycanda aparılan islahatlar və düzgün iqtisadi siyasət nəticəsində həm 2009-cu ildə, həm 2010-cu ildə ölkə iqtisadiyyatı inkişaf etmişdir. 2009-cu ildə ümumi daxili məhsul 9,3 faiz, keçən il isə iqtisadiyyatımız 5 faiz artmışdır. Əksər ölkələrdə həm 2009-cu, həm də 2010-cu ildə tənəzzül müşahidə olunduğunu nəzərə alsaq, əlbəttə ki, bizim uğurlarımızın əhəmiyyəti daha da artır. Bu böhranlı illər ərzində biz iqtisadi siyasətimizi inamla aparmışıq. Ölkə qarşısında duran bütün vəzifələr icra edildi. Bütün sosial proqramlar öz həllini tapdı. Keçən il minimum əməkhaqqı və pensiyanın baza hissəsi artırıldı. Halbuki, Avropanın bir çox ölkələrində əks istiqamətdə proseslər gedirdi, maaşlar, pensiyaların məbləği aşağı düşürdü.

Əlbəttə ki, bütün bu uğurlarımızın təməlində uzun illər aparılan düşünülmüş iqtisadi siyasət, iqtisadi islahatlar dayanır. Bizim iqtisadiyyatımız artıq çoxşaxəli iqtisadiyyatdır, təkcə bir sektora arxalanmır. Bizim məqsədimiz məhz ondan ibarət idi ki, ölkədə çoxşaxəli iqtisadiyyat yaradaq. Baxmayaraq ki, 2009-cu ildə dünyada neftin qiyməti bir neçə dəfə, demək olar, 4 dəfə düşmüşdü, bizim iqtisadiyyatımız yenə də artmışdır".

Ölkə Prezidenti daha sonra əminliyini bildirmişdir ki, 2011-ci il də ölkə iqtisadiyyatının inkişafı üçün uğurlu olacaqdır. Bunu deməyə bütün əsaslar var. Keçən ilin yekunlarına nəzər salsaq görərik ki, nəinki iqtisadiyyatımız 5 faiz artmışdır, makroiqtisadi vəziyyət də sabit olaraq qalmışdır. 2009-cu ildə bizim bölgəmizdəki ölkələrdə milli valyutanın dəyəri aşağı salınmışdır, devalvasiyaya uğramışdır. Bizdə isə manat sabit olaraq qalır və beləliklə, biz həm əhalinin sosial müdafiəsinə dəyərli töhfələr vermişik, həm də manatın sabit qalması ölkə iqtisadiyyatı üçün çox vacib bir amildir. Makroiqtisadi sabitlik qorundu, inflyasiya cəmi 5,7 faiz təşkil etmiş, əhalinin pul gəlirləri isə 12,3 faiz artmışdır. Bu onu göstərir ki, gəlirlər inflyasiyanı üstələyir. 2010-cu ilin yekunlarına görə, yoxsulluğun səviyyəsi daha da aşağı düşmüşdür və artıq Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar 9,1 faizdir. Hesab edirəm ki, bu, bizim böyük nailiyyətimizdir. Yeddi il ərzində Azərbaycanda yoxsulluq 4-5 dəfə aşağı düşmüşdür. Bu, bir daha göstərir ki, bizim apardığımız islahatlar və iqtisadi artım, ilk növbədə, Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına yönəldilibdir... İclasda çıxış edən iştisadi inkişaf naziri Şahin Mustafayev bildirmişdir ki, 2010-cu il Azərbaycan iqtisadiyyatı üçün uğurlu olmuş və ÜDM 5 faiz artaraq 41 milyard manatı ötmüşdür. Orta illik inflyasiya idarə olunan səviyyədə saxlanılmış və 5,7 faiz təşkil etmişdir. Strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 50 faiz artaraq 29 milyard dollara çatmış və bu da ölkənin dayanıqlı inkişafına möhkəm zəmanətdir. 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilmiş, sənaye 2,6 faiz artmışdır. Bu sahədə ən mühüm nailiyyətlərdən biri də ötən il Dövlət Neft Şirkətinin daxili imkanları hesabına yeni neft və qaz yataqlarının aşkar edilməsi olmuşdur.

Həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı davam etmiş və onun real artım tempi, ümumi artım tempini üstələyərək 7,6 faiz, o cümlədən qeyri-neft sənayesində 6,6 faiz, rabitədə 29,7 faiz, nəqliyyatda yük daşınması 3,1 faiz təşkil etmişdir. Sənayeləşmə siyasəti davam etdirilmiş, yeni və müasir texnologiyalara əsaslanan elektrotexnika, əlvan metallurgiya, maşınqayırma, kənd təsərrüfatı məhsullarının emalı, tikinti materiallarının istehsalı da daxil olmaqla, il ərzində 60 sənaye müəssisəsinin istifadəyə verilməsi və 80-dən çox sənaye müəssisəsinin tikintisinin davam etdirilməsi, eləcə də kosmik sənayenin yaradılması və 2012-ci ildə Azərbaycanın ilk peykinin orbitə çıxarılması istiqamətində görülən işlər ölkənin sənaye potensialını genişləndirmiş və qeyri-neft sektorunun davamlı inkişafına zəmin yaratmışdır.

Əlverişsiz iqlim şəraiti və təbii fəlakətlərlə bağlı dənli bitkilərin istehsalının azalmasına baxmayaraq, intensiv metodların tətbiqinin stimullaşdırılması və kompleks dövlət dəstəyi tədbirləri nəticəsində kənd təsərrüfatının digər sahələrində artım davam etmişdir. Ölkəmiz bir sıra əsas ərzaq məhsulları ilə özünü təmin etmiş, buğdanın qiymət artımının mənfi təsirinin azaldılması məqsədilə Dövlət Taxıl Fonduna tədarük olunan taxılın həcmi 500 min tonadək artırılmış, idxal olunan buğda və un əlavə dəyər vergisindən azad edilmişdir. Əvvəlki illərdə olduğu kimi, aqrar sektora subsidiyaların, vergi güzəştlərinin və güzəştli kreditlərin verilməsi davam etdirilmiş, aqrolizinq və aqroservis xidmətlərinin şərtləri asanlaşdırılmışdır. Ölkənin qeyri-neft sektorunda mühüm rolu olan tranzit potensialı gücləndirilmiş, avtomobil magistrallarının yenidənqurulması davam etdirilmiş, dəmir yol nəqliyyat sisteminin inkişafına dair dövlət proqramı qəbul edilmiş, dəniz limanı kompleksinin tikintisinə başlanmışdır.

Respublikada cəlbedici investisiya mühitinin yaradılmasının nəticəsidir ki, il ərzində ölkəyə bütün maliyyə mənbələri hesabına 15,5 milyard dollar investisiya qoyulmuşdur. Ümumi investisiyalarda həm daxili, həm də qeyri-neft sektorunun payı üstünlük təşkil etmişdir. Təqdirəlayiq haldır ki, ölkədə yaradılmış əlverişli biznes mühiti Azərbaycan şirkətlərinin maliyyə imkanlarının artmasına və onların yalnız ölkə daxilində deyil, eləcə də xarici ölkələrdə investisiya yatırmalarına imkan yaratmışdır. İnfrastruktur və sosialyönümlü Dövlət İnvestisiya Proqramının icrası nəticəsində nəqliyyat, kommunal, su ehtiyatları və irriqasiya, energetika və sənaye, ekologiya, kənd təsərrüfatı, sosial infrastruktur obyektlərinin tikintisi həyata keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası və dövlət başçısının regionlara mütəmadi səfərləri, müvafiq tapşırıqları, il ərzində 170-dən çox yeni müəssisənin açılışı və təməlqoyma mərasimində iştirakı, regionların tarazlı inkişafının təmin edilməsi və əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində müstəsna rol oynamışdır. Ötən il regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi tikilib istifadəyə verilmiş, 200-dən çox müəssisənin tikintisi davam etdirilir. Bu müəssisələrin 112-sində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunur.

Şahin Mustafayev onu da demişdir ki, bu dövrdə regionların potensialı təhlil edilmiş, dəstək tədbirləri müəyyənləşdirilmiş, sahibkarlığın inkişafı ilə bağlı 200-dən çox tədbir keçirilmişdir. İdxal, ixrac prosedurları sadələşdirilmiş, vergi yükü azaldılmış, il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən hamısı regionlarda olmaqla, 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə 115 milyon manat güzəştli kredit verilmişdir.

Aqrar sektorun inkişafında müasir texnologiyanın tətbiqinin daha da genişləndirildiyini, 25 müasir soyuducunun, 14 taxıl anbarı kompleksinin yaradıldığını bildirən Ş.Mustafayev vurğulamışdır ki, xarici investisiyaların cəlb olunması və qeyri-neft ixracının gücləndirilməsi məqsədilə ölkədə və xaricdə 100-ə yaxın biznes forum və konfranslar təşkil edilmişdir. Ötən il Özbəkistanda Azərbaycanın ilk milli sərgisi uğurla keçirilmiş, ölkəmizin nailiyyətləri və potensial imkanları nümayiş etdirilmişdir. Beynəlxalq maliyyə qurumları ilə faydalı əməkdaşlıq davam etdirilmiş və bir sıra mühüm layihələr həyata keçirilmişdir. Bakı şəhərində keçirilmiş İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci illik toplantısında 55 ölkədən minə yaxın nümayəndə iştirak etmişdir.

2010-cu ilin 11 ayı ərzində 145 ölkə ilə ticarət aparılmış, xarici ticarət dövriyyəsi 34,8 faiz artaraq 25,1 milyard dollar təşkil etmiş, 13,7 milyard dollar müsbət saldo yaranmışdır. Xüsusilə əhəmiyyətli olan qeyri-neft ixracında 16 faizdən çox artım qeydə alınmışdır.

İclasda Mərkəzi Bankın sədri Elman Rüstəmov son 10 ilin iqtisadi göstəricilərini sadalayarkən bildirmişdir ki, bu dövrdə real iqtisadi artım 4 dəfə olmuş, ixracın həcmi 15 dəfədən çox, dövlət büdcəsi 15 dəfəyə qədər, investisiya xərcləri 96 dəfə, strateji valyuta ehtiyatları isə 31 dəfə artmışdır. Maliyyə sektoru böyümüş, bank aktivləri 15, əhalinin əmanətləri isə 36 dəfə çoxalmışdır. 2003-2010-cu illərdə Azərbaycanda iqtisadi artım tempi 17 faiz olmuş, bununla da ölkəmiz dünyada lider dövlətə çevrilmişdir.

Azərbaycanda gedən inkişafın özünü bütün sahələrdə göstərdiyini vurğulayan Elman Rüstəmov demişdir: - Bu inkişaf təkcə rəqəmlərlə xarakterizə olunmur. Ölkə keyfiyyətcə yeni - müasir inkişaf mərhələsinə daxil olmuş, onun müasir siması formalaşmışdır. Yüksək inkişaf özünü beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat və telekommunikasiya sisteminin formalaşmasında, modern sosial, təhsil, rabitə və səhiyyə infrastrukturunda, insanların həyat tərzində, müasir informasiya texnologiyalarına çıxış imkanlarında göstərir. Tam əminliklə demək olar ki, bugünkü Azərbaycan 10 il əvvəlki Azərbaycan deyil. Ola bilsin ki, biz burada yaşadığımıza görə bunu az hiss edirik, amma xarici qonaqlar, xaricdə yaşayan soydaşlarımız hər dəfə gələndə bunu heyrətlə qeyd edirlər.

Qeyd olunmalıdır ki, arxada qalmış onillik heç də sadə dövr olmamışdır. O, təkcə "bum dövrü", iqtisadi inkişaf dövrü kimi xarakterizə olunmur. Bu dövrün son 3 ili qlobal maliyyə böhranına təsadüf edir. Qlobal böhran dünyanın qabaqcıl ölkələrində yaranmış və qloballaşma şəraitində qısa müddət ərzində bütün dünyaya sirayət etmişdir. Bu, çox ağır nəticələr vermiş, dünya iqtisadiyyatı resessiyaya məruz qalmış, iri maliyyə institutları iflas etmişdir. Hazırda iqtisadi artım bərpa olunsa da, böhran bəzi ölkələrdə olduqca dərin iz qoymuşdur.

Azərbaycan iqtisadiyyatı isə böhran illərində də öz dayanıqlılığını və inkişafın dinamikasını qorumuşdur. Belə ki, son üç ildə ölkədə real iqtisadi artım orta hesabla 8 faizdən çox olmuş, makroiqtisadi və maliyyə sabitliyi qorunmuşdur. 2008-2010-cu illərdə strateji valyuta ehtiyatlarımız 23 milyard ABŞ dolları artmışdır. Bank sektoru dayanıqlılığını qorumuş və inkişafını davam etdirmişdir. Son üç ildə bank aktivlərinin orta illik artım tempi 25 faiz, əmanətlərin artım tempi 20 faizdən çox olmuşdur.

2010-cu ili isə Azərbaycan üçün qlobal böhranın təsirlərinin tam aradan qaldırılması ili kimi qiymətləndirmək olar. Ölkədə iqtisadi artım davam etmişdir. Artıq qeyd olundu, ölkədə 5 faizlik iqtisadi artım baş vermişdir. Qeyri-neft sektorunda artım qabaqlayıcıdır. Mövcud qlobal fonda və iqtisadiyyatın həcminin əhəmiyyətli artmasını nəzərə alsaq, bu artıma nail olunması yüksək qiymətləndirilməlidir.

Azərbaycan bank sistemi maliyyə dayanıqlılığını qoruyub saxlayır. Ötən ildə əhalinin əmanətləri 23 faiz, bütövlükdə bank aktivləri, kreditlər və məcmu kapital 8 faizdən çox artmışdır. Ölkədə ipoteka mexanizmi də genişlənir. 2010-cu ildə 2435 nəfərə, o cümlədən 473 nəfərə güzəştli şərtlərlə kredit verilmişdir. Bu gün bu imkandan faydalanan ailələrin sayı 6200-ü ötmüşdür.

Mərkəzi Bankın sədri 2011-ci ildə həyata keçiriləcək tədbirlər və qarşıda duran vəzifələrdən də danışmışdır: - Bizim qarşımızda duran başlıca çağırış ölkə iqtisadiyyatında son on ildə əldə olunmuş artım tempini qoruyub saxlamaqdır. Ölkə inamla "Orta gəlirli ölkələr" sırasına daxil olmuşdur. Lakin "Orta gəlirli ölkələr" qrupunun daha yüksək şkalası vardır. Bu, adambaşına düşən milli məhsulun 17-18 min ABŞ dollarına çatdırılmasıdır. Bu gün bizdə bu səviyyə 10 min dollardır. Bunun üçün ölkə iqtisadiyyatının yaxın 10 ildə yenidən ikiqat artması deməkdir. Hesab edirik ki, bu çox real bir vəzifədir. Bu ölkə iqtisadiyyatının ildə təxminən 7-8 faiz artması təmin olunmalıdır. Bundan əvvəl əldə etdiyimiz nəticələr onu göstərir ki, bu, olduqca real bir vəzifədir.

BMT yanında İnkişaf və Artım Komissiyasının son məruzəsində qeyd olunur ki, 1950-ci ildən sonra belə bir inkişafa 13 ölkə nail olmuşdur. Azərbaycanın tam imkanı vardır ki, 14-cü dövlət olsun və iqtisadiyyatın şaxələndirilməsinə nail olsun, bu kursu davam etdirsin.

Prezident İlham Əliyev yekun nitqində nəzərdə tutulmuş və icrada olan bütün infrastruktur layihələrinin 2011-ci ildə davam etdiriləcəyini vurğulamışdır. Dövlət başçısı bildirmişdir ki, 2011-ci il üçün dövlət büdcəmizin xərcləri təxminən 16 milyard dollara bərabərdir, icmal büdcəmiz 19 milyard dollar təşkil edir. Yəni kifayət qədər vəsait var ki, infrastruktur layihələrinin həyata keçirilməsi üçün ondan istifadə edək. Əminəm ki, yaxın vaxtlarda 2011-ci ilin investisiya proqramı da mənə təqdim olunacaq və o proqramda bütün tapşırıqlar öz əksini tapmalıdır. İnvestisiya yönümlü siyasətimiz davam etdirilməlidir. Bu sahədə infrastrukturun yeniləşməsi üçün çox böyük əsaslı işlər görülübdür. Ancaq görüləsi işlər hələ çoxdur: yolların tikintisi, əhalinin içməli su ilə təchiz edilməsi, kanalizasiya sisteminin bərpası, yenidən qurulması, suvarma, meliorasiya işləri, sosial infrastrukturun yaradılması, qazlaşdırma, elektrik xətlərinin çəkilməsi. Ancaq biz bilirik nə vaxt və nəyi etməliyik, biz fəaliyyətimizi konkret proqramlar əsasında qurmuşuq. 2011-ci il də istisna olmamalı və investisiya proqramı tezliklə təsdiq edilməlidir ki, biz vaxt itirməyək. Artıq yanvarın yarısı arxada qalır, investisiya proqramı təsdiq olunmalı və vəsait ayrılmalıdır.

Prezident İlham Əliyev nitqində sosial-iqtisadi həyatın digər sahələrinə də toxunmuş, qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı konkret tövsiyələrini vermişdir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 16 yanvar.- S. 1.