Neft
Akademiyasının alimlərinə KİV-in mükafatları
təqdim olundu
Dünən Azərbaycan Dövlət
Neft Akademiyasında bu ali məktəbin bir qrup aliminin Kütləvi
İnformasiya Vasitələri İşçiləri Həmkarlar
İttifaqının mükafatları ilə təltifedilmə
mərasimi keçirildi. Mükafatları KİV
İşçiləri Həmkarlar İttifaqının sədr
müavini Çingiz Qurbanoğlu təqdim etdi.
Onun
sözlərinə görə, ölkəmizin ali təhsil
müəssisələri arasında Azərbaycan Neft
Akademiyasının xüsusi yeri var. Bu ali təhsil
ocağı dünyada neft ölkəsi kimi tanınan və
artıq Avropanın da enerji təhlükəsizliyi sistemində
mühüm rol oynayan Azərbaycan üçün mütəxəssislər
hazırlayır. KİV İşçiləri Həmkarlar
İttifaqının respublikanın mətbuat orqanları
arasında keçirdiy rəy sorğusu nəticəsində
də məlum olmuşdur ki, Neft Akademiyası ali təhsil
müəssisələrimiz arasında öncül yerlərdən
birini tutur. Məhz bu sorğunun nəticələri əsasında
akademiyanın rektorunun və bir neçə prorektorunun
mükafatlandırılması qərara
alınmışdır.
Ç.Qurbanoğlu
bildirdi ki, Neft Akademiyasında savadlı mütəxəssislərin
hazırlanmasında və ümumiyyətlə, bu ali təhsil
ocağının inkişafında xidmətlərinə
görə akademiyanın rektoru, akademik Siyavuş Qarayev
KİV İşçiləri Həmkarlar
İttifaqının təsis etdiyi "Xalqın nüfuzlu
ziyalısı" mükafatına layiq görülür. Akademik
Siyavuş Qarayev, eyni zamanda, bir neçə elmi-texniki jurnalla
yaxından əməkdaşlıq etdiyinə və 550-dən
çox elmi məqaləsi çap olunduğuna görə təşkilatın
"Qızıl qələm" mükafatı ilə təltif
edildi.
Son illərdə Dövlət Neft
Akademiyasının inkişafında fəal rol oynamış
alimlər də KİV İşçiləri Həmkarlar
İttifaqının diqqətindən yayınmayıb.
Akademiyanın tədris işləri üzrə prorektoru Zaur Əliyev,
eləcə də elm və texnika məsələləri
üzrə prorektoru Sakit Rəsulov "Qızıl qələm"
mükafatına layiq görüldülər.
Təlim-tərbiyə işləri
üzrə prorektor Qasım Məmmədov, ümumi işlər
üzrə prorektor Namiq Abdullayev, inzibati və təsərrüfat
işləri üzrə prorektor Nuhbaba Şıxıyev və
beynəlxalq əlaqəlar üzrə prorektor Rafiq Camalov
KİV İşçiləri Həmkarlar
İttifaqının "Azərbaycan Bayrağı"
mükafatı ilə təltif edildilər.
Rektor, akademik Siyavuş Qarayev
mükafatlara görə həmkarlar təşkilatına minnətdarlığını
bildirdi. Onun sözlərinə görə, bu mükafatlar əslində
təkcə hər bir alimin deyil, bütün akademiya
kollektivinin əməyinə verilən yüksək qiymətdir.
Akademiyanın tarixindən söz açan akademik əlavə
etdi ki, bu ali təhsil ocağının bugünkü yüksək
səviyyəyə gəlib çatmasında onların müəllimi
olmuş, vaxtilə ali məktəbə rəhbərlik
etmiş şəxslərin də danılmaz xidmətləri
olmuşdur. Bu yaxınlarda akademiya özünün 90 illik
yubileyini qeyd etmişdir. Rektor neftçi kadrlar yetirən ali məktəbə
dövlətimiz, eləcə də dövlət
başçısı İlham Əliyev tərəfindən
daim diqqət və qayğı göstərildiyini də
xüsusi olaraq qeyd etdi. Məhz bu qayğının nəticəsidir
ki, bu gün Azərbaycan Neft Akademiyasının yetişdirib həyata
atdığı məzunlar heç bir çətinlik
çəkmədən təkcə keçmiş sovet
ölkələrində deyil, dünyanın bir çox
ölkələrində çalışırlar.
Prorektor Qasım Məmmədov və
akademiya həmkarlar təşkilatının sədri Məzahir
Babayev də kollektivin əməyinə verdikləri yüksək
qiymətə görə KİV İşçiləri Həmkarlar
İttifaqına minnətdarlıqlarını bildirdilər.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2011.- 18 yanvar.- S. 7.